Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-78/2023 23.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1972-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmuş, Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 39 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayətini törətmişdir. Belə ki, o istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 1,44 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb, daşımış, həmin narkotik vasitənin bir hissəsini, yəni, 0,53 qramını xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadığı, Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsində yerləşən evinin həyətində Şahid5 20 (iyirmi) manat müqabilində satmış, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Ağdaş şəhəri, M.İsayev küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra RPŞ-nin Ağdaş şəhəri, M.İsayev küçəsi, 12 ünvanında yerləşən inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 18:42-dan 18:57-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd siqaret qutusunun içərisində olan 2 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,24 və 0,29 qram, ümümi təmiz çəkisi 0,53 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tədbirlərin davamı kimi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 20:09-dan 20:26-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən 1 ədəd sellofan paketin içərisində olan 3 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,27 qram, 0,33 qram və 0,31 qram, ümumi təmiz çəkisi 0,91 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində əvvəllər Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə məhkum edildiyini, təxminən 10-15 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə təxminən saat 19 radələrində yaşadığı küçədə olan zaman polis əməkdaşlarının onun yanına gəldiklərini, özlərini təqdim etdiklərini, daha sonra onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, RPŞ-də ona Şahid5 üzərində narkotik vasitə saxlamasında şübhəli olduğu üçün saxlandığını və üzərindən aşkar edilmiş narkotik vasitəni Taleh adlı şəxsdən 20 manata aldığını söylədiyini, həmçinin ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs qismində tutulduğunu, bundan sonra onun üzərində RPŞ-nin növbətçi hissəsində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı onun əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən 1 ədəd sellofan paketin içərisində olan 3 ədəd kağız bükümün aşkar olunduğunu, daha sonra həmin kağız bükümlərin açıldığını, içərisindən yaşıl rəngli, xüsusi iyə malik bitki kütləsinin aşkar edildiyini, polis əməkdaşının həmin bitki kütləsinin nə olmasını soruşduğunu, polis əməkdaşına həmin bitki kütləsinin “nəşə”, yəni marixuana olmasını bildirdiyini, daha sonra həmin kağız bükümlərin elektron tərəzidə çəkildiyini və çəkilərinin müvafiq olaraq 1,5 qram, 0,3 qram, 0,2 qram olduğunu, üzərindən aşkar edilmiş bükümlərin kağız zərfdə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, həmçinin polis əməkdaşının ona xx.xx.2023-cü il tarixdə üzərində narkotik vasitə saxlamasında, daşımasında və istifadəsində şübhəli şəxs qismində tutulmuş Şahid5 üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər bitki kütləsini xx.xx.2023-cü il tarixdə ondan 20 manat müqabilində satın aldığını bildirdiyini, polis əməkdaşına Şahid5 həqiqətən də xx.xx.2023-cü il tarixdə narkotik vasitə olan qurdulmuş marixuana verdiyini, lakin həmin narkotik vasitəni pul müqabilində satmadığını, sadəcə olaraq Vüqara pay kimi verdiyini, bu barədə protokol tərtib edildiyini, polis əməkdaşı tərəfindən onun yaşadığı evə baxış keçirilməli olduğunu bildirdiyini, buna etiraz etmədiyini və evinə baxış keçirilməsinə etirazı olmamasına dair ərizə yazdığını, daha sonra polis əməkdaşları və müdafiəçinin iştirakı ilə yaşadığı Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 39 ünvanında yerləşən yaşayış evinə baxış keçirildiyini, baxış zamanı yaşadığı evdən qanunsuz olaraq saxlanılan hər hansı əşya, predmet və ya maddə aşkar edilmədiyini, üzərinə şəxsi axtarış və yaşadığı evə baxışın videoçəkiliş vasitəsi ilə aparıldığını, baxışın keçirilməsinə dair protokol tərtib edildiyini, özünün və digər iştirakçıların həmin protokola imza etdiklərini bildirmişdir. Həmçinin ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə yaşadığı evin yerləşdiyi küçədən, yolun kənarından tapdığını, həmin narkotik vasitəni üzərində saxlamaqda məqsədi həmin narkotik vasitədən istifadə etmək olduğunu, ona qarşı heç bir güc və ya psixoloji təzyiq tətbiq edilmədiyini bildirərək ona bəraət verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin şübhəli şəxs qismində vermiş olduğu ifadəsi, üzləşdirmə istintaq hərəkətinin protokolu, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, məhkəmə-bioloji ekspertizasının rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri, A.Heydərov küçəsi 1/7-də qeydiyyatda olan və yaşayan Şahid5 qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatının daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2023-cü il tarixdə 18 radələrində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 ilə birlikdə Ağdaş şəhəri, M.İsayev küçəsində olan Şahid5 yaxınlaşdığını, özlərini təqdim etdiklərini, üzərində narkotik vasitələr olması barədə onlarda əməliyyat məlumatı olmasını söylədiklərini, onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, Ağdaş RPŞ-yə gəldiklərini, RPŞ-də Vüqara dövlət hesabına müdafiəçi təyin edildiyini, şübhəli şəxs qismində tutulduğunu, bundan sonra onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Vüqarın əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd siqaret qutusunun içərisində olan 2 ədəd kağız büküm, ona məxsus avtomobilin açarı, 4 ədəd bir manatlıq pul əskinasları, 1 ədəd “Samsung” markalı mobil telefon və 4 ədəd alışqan aşkar edildiyini, daha sonra onun üzərindən aşkar edilmiş kağız bükümlərin açıldığını, həmin bükümlərin içərisindən yaşıl rəngli, kəskin iyə malik bitki kütləsinin aşkar edildiyini, onun üzərindən aşkar edilmiş kağız bükümlərin elektron tərəzidə çəkildiyini, çəkilərinin müvafiq olaraq 0,3 qram və 0,3 qram olduğunu, polis əməkdaşının ondan həmin kağız bükümlərdəki bitki kütləsinin nə olmasını soruşduğunu, Vüqarın da həmin kağız bükümlərdəki kütlənin narkotik vasitə olan və “nəşə” adlandırılan marixuana olmasını bildirdiyini, bundan sonra polis əməkdaşının ondan həmin narkotik vasitəni haradan, nə vaxt və hansı məqsədlə əldə etdiyini soruşduğunu, Vüqarın da polis əməkdaşına üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Ağdaş şəhər sakini Taleh adlı şəxsdən 20 manat müqabilində satın aldığını söylədiyini, daha sonra üzərindən aşkar edilmiş 2 ədəd kağız bükümün və 1 ədəd mobil telefon qablaşdırılaraq götürüldüyünü, protokol tərtib edildiyini, bütün iştirakçılar tərəfindən imzalandığını, Vüqarın üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Ağdaş şəhər sakini Taleh adlı şəxsdən 20 manat müqabilində satın aldığını, həmin narkotik vasitəni üzərində saxlamaqda məqsədi sonra da həmin maddədən istifadə etmək olduğunu, Şahid5 tutulan zaman özü və ya başqa hər hansı bir polis əməkdaşı tərəfindən heç bir güc, zor və ya təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid4 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə təxminən saat 19 radələrində ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 ilə birlikdə Ağdaş şəhəri C.Məmmədquluzadə küçəsində Talehi saxladığını, özlərini təqdim edərək ona üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu bildirdiklərini, bundan sonra Talehi RPŞ-yə dəvət etdiklərini, Talehində onlarla birlikdə Ağdaş RPŞ-yə gəldiyini, Talehə Şahid5 üzərində narkotik vasitə saxlamasında şübhəli olduğu üçün saxlanıldığını və üzərindən aşkar edilmiş narkotik vasitəni ondan, yəni Talehdən 20 manata aldığını deməsini polis əməkdaşının söylədiyini, həmçinin ona dövlət hesabına müdafiəçi təyin edildiyini, şübhəli şəxs qismində tutulduğunu, bundan sonra onun üzərində RPŞ-nin növbətçi hissəsində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı onun əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən 1 ədəd sellofan paketin içərisində olan 3 ədəd kağız büküm aşkar olunduğunu, daha sonra həmin kağız bükümlərin açıldığını və içərisindən yaşıl rəngli, xüsusi iyə malik bitki kütləsinin aşkar edildiyini, polis əməkdaşının həmin bitki kütləsinin nə olmasını soruşduğunu, Talehin də polis əməkdaşına həmin bitki kütləsinin “nəşə”, yəni marixuana olmasını bildirdiyini, daha sonra həmin kağız bükümlərin elektron tərəzidə çəkildiyini, çəkilərinin müvafiq olaraq 1,5 qram, 0,3 qram, 0,2 qram olduğunu, üzərindən aşkar edilmiş bükümlərin kağız zərfdə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, həmçinin polis əməkdaşı ona xx.xx.2023-cü il tarixdə üzərində narkotik vasitə saxlamasında, daşımasında və istifadəsində şübhəli şəxs qismində tutulmuş Şahid5 üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər bitki kütləsini xx.xx.2023-cü il tarixdə 20 manat müqabilində satın aldığını bildirdiyini, Talehin də bu barədə Şahid5 həqiqətən də xx.xx.2023-cü il tarixdə narkotik vasitə olan qurdulmuş marixuana verdiyini, lakin həmin narkotik vasitəni pul müqabilində satmadığını, sadəcə olaraq Vüqara pay kimi verdiyini bildirdiyini, bu barədə protokol tərtib edildiyini, bundan sonra ona onun yaşadığı evə baxış keçirilməli olduğunu, onun da buna etiraz etmədiyini və evinə baxış keçirilməsinə etirazı olmamasına dair ərizə yazdığını, daha sonra polis əməkdaşları və müdafiəçinin iştirakı ilə onun yaşadığı Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 39 ünvanında yerləşən yaşayış evinə baxış keçirildiyini, baxış zamanı onun yaşadığı evdə qanunsuz olaraq saxlanılan hər hansı əşya, predmet və ya maddə aşkar edilmədiyini, onun üzərinə şəxsi axtarış və yaşadığı evə baxışın videoçəkiliş vasitəsi ilə aparıldığını, baxışın keçirilməsinə dair protokol tərtib edildiyini, bütün iştirakçıların həmin protokola imza etdiklərini bildirmişdir. Məhkəmə iclasında Şahid3 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində təxminən 2-3 aydır ki, hərdən bir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində olan zaman polis əməkdaşlarının ona yaxınlaşdıqlarını, özlərini təqdim etdiklərini, üzərində narkotik vasitə saxlamaq barədə onlar da əməliyyat məlumatı olmasını və onlarla birlikdə Ağdaş RPŞ-yə getməli olduğunu bildirdiklərini, buna görə də polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-yə gəldiyini, RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini, şübhəli şəxs qismində tutulduğunu, bundan sonra üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd siqaret qutusunun içərisində olan 2 ədəd kağız büküm, özünə məxsus avtomobilin açarı, 4 ədəd bir manatlıq pul əskinasları, 1 ədəd “Samsung” markalı mobil telefon və 4 ədəd alışqan aşkar edildiyini, daha sonra üzərindən aşkar edilmiş kağız bükümlərin açıldığını, həmin bükümlərin içərisindən yaşıl rəngli, kəskin iyə malik bitki kütləsinin aşkar edildiyini, üzərindən aşkar edilmiş kağız bükümlərin elektron tərəzidə çəkildiyini, çəkilərinin müvafiq olaraq 0,3 qram və 0,3 qram olduğunu, polis əməkdaşının ondan həmin kağız bükümlərdəki bitki kütləsinin nə olmasını soruşduğunu, həmin kağız bükümlərdəki kütlənin narkotik vasitə olan və “nəşə” adlandırılan marixuana olmasını bildirdiyini, bundan sonra polis əməkdaşının həmin narkotik vasitəni haradan, nə vaxt və hansı məqsədlə əldə etdiyini soruşduğunu, Vüqarın da polis əməkdaşına üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Ağdaş şəhər sakini Taleh adlı şəxsdən 20 manat müqabilində satın aldığını söylədiyini daha sonra üzərindən aşkar edilmiş 2 ədəd kağız bükümün və 1 ədəd mobil telefonun qablaşdırlaraq götürüldüyünü, protokol tərtib edildiyini, iştirakçıların imza etdiyini bildirmişdir. İşin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin təhqiqatçısı polis kapitanı X4 Əhmədovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Şahid5 üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Şahid5 üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Şahid5 əynindəki qış gödəkçəsinin sol yan cibindən 1 ədəd siqaret qutusunun içərisində olan 2 ədəd kağız büküm, şalvarın sağ yan cibindən mobil telefon, sol yan cibindən alışqan, sol arxa cibindən 4 ədəd 1 manatlıq əskinas, sağ arxa cibindən açar və alışqan aşkar olundu. 2 ədəd kağız büküm açıldıqda içərisindən yaşıl rəngli xüsusi iyə malik bitki kütlələri aşkar olunmuş, həmin bitkilər elektron tərəzidə çəkilmiş, hər birinin şəkisi 0,3 qram olmuş, sonra bitkilər zərfə qablaşdırıldı, üzərinə DİN-in 111 №li möhürü vurulmuş, zərf imzalanmış, Şahid5 həmin bükümlərdə olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və onları Ağdaş şəhər sakini Taleh adlı şəxsdən 20 manata satın aldığını bildirmiş, Şahid5 üzərindən aşkar olunan mobil telefon da qablaşdırılaraq götürülmüş, qalan əşyalar – alışqan, pul, siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. İşin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin təhqiqatçısı polis kapitanı X5 Əzizovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qış gödəkcəsinin sol iç cibindən 1 ədəd sellofan paketdə 3 ədəd kağız büküm siqaret qutusu, sol yan cibindən mobil telefon, yaylıq, pul əskinasları və barmağında da üzük aşkar olunmuş, sellofan büküm açıldıqda içərisindən 3 ədəd kağız çıxmış, onlarında içərisindən yaşıl rəngli xüsusi iyə malik qurudulmuş bitki kütləsi aşkar olunmuş, kağız bükümlər elektron tərəzidə çəkilmiş, çəkiləri 1,5 qram, 0,3 qram və 0,2 qram olmuş, sonra həmin bükümlər zərfə qablaşdırılmış, üzərinə DİN-in 111 №li möhürü vurulmuş, siqaret qutusunun içərisindən 2 ədəd içi boş papiros dənələri aşkar olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefon(NOKİA) qablaşdırılaraq götürülmüş, digər əşyalar 07 ədəd 1 manatlıq əskinaslar, siqaret qutusu yaylıq və üzük özünə qaytarılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bitki kütlələrinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu Şahid5 həmin narkotik vasitədən pay verdiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin xx.xx.2023-cü il tarixli, 17/13 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Şahid5 üzərindən aşkar olunmuş 2 ədəd kağız büküm. 1/imza/ V. Əhmədov..” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 2 (iki) ədəd ağ rəngli kağız bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri – 0,24 qram., 0,29 qram., ümumi təmiz çəkisi - 0,53 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin xx.xx.2023-cü il tarixli, 17/14 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 3 ədəd kağız bükümdə bitki kütləsi. 1/imza/ Təqsirləndirilən şəxs....” sözləri, adlar və imzalar yazılmış 1 (bir) ədəd zərfin içərisindəki: - 2 (iki) ədəd ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,27 qram., 0,33 qram., ümumi təmiz çəkisi - 0,60 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. -digər 1 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,31 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmçinin həmin bükümdəki, təmiz çəkisi- 0,48 qram olan digər bitki mənşəli kütlə narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim olunmuş, 1 (bir) ədəd zərfin içərisindəki 3 (üç) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar ilə digər 1 (bir) ədəd zərfin içərsindəki 2 (iki) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 112 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respbulikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.2-ci bəndinə əsasən cəzadan azad edilib. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərarın surətindən görünür ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, c/1-598 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında hökm yoxdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli PHŞ/6-22/2- 78/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində “Epizodik həşiş qəbulu” diaqnozu ilə profilaktik qeydiyyatdadır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və ya şifahi olaraq ərizə, şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 39 ünvanında yaşamaqla, aşağıdakı tərkibdə ailə üzvləri vardır: arvadı – xx.xx.1976-cı il təvəllüdlü X1. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 03 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 20:05də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 19:00-da tanış edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməməsini bildirməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələr münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşır, həmin ifadəni cinayət məsuliyyətindən yayınmaq cəhdi, özünü müdafiə üçün gətirdiyi dəlillər olaraq qəbul edir və hesab edir ki, istintaq zamanı toplanmış şahid ifadələrin məcmusu və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. İşin bütün halları ilə Şahid5 verdiyi ifadə üst-üstə düşür. Belə ki, iş üzrə ibtidai istintaq zamanı Şahid5 təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı üzünə qarşı bildirmişdir ki, ondan 20 manata 2 ədəd kağız bükümdə “nəşə” adlandırılan marixuana almışdır. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən evli olmasını və ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətini müsbət və mənfi səciyyələndirən hallar mövcud deyil. Təqsirləndirilən şəxs 03 yanvar 2023-cü il tarixdən 05 yanvar 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli 23 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 1,76 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 4 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71 manat 94 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 03 yanvar 2023-cü il tarixdən 05 yanvar 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji proflaktiki kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 71,94 (yetmiş bir manat, doxsan dörd qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 1,76 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 4 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-78/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-78/2023
23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver