Məhkəmə qərarları › İş №1(014)-79/2025

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-79/2025

24.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-79/2025 24.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X7 Ənvər oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1996-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhər, Xəzər Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 02 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 may 2025-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talama məqsədi və tamah niyyəti ilə 31 dekabr 2024-cü il tarixdə saat təxminən 11:40 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi sərnişin qismində əyləşdiyi “Chevrolet” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobildən Ağdaş rayonu, Yuxarı Ləki kənd ərazisində “Halal” marketin qarşısında sonuncunun avtomobildə olmadığı müddətdə ona məxsus “Oppo A40m” markalı 200 (iki yüz) manat dəyərində mobil telefonu gizli olaraq oğurlamış, bundan sonra həmin tarixdə saat 12:08 - 12:10 aralığında Ağdaş rayonu, Yuxarı Ləki kənd ərazisində həmin mobil telefonda olan “ABB - mobile” proqramını silərək telefonun qalereya bölməsində olan Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsi və bank kartı məlumatları ilə yenidən həmin proqramdan qeydiyyatdan keçməklə daxil olaraq Zərərçəkmiş şəxs məxsus **********611239 nömrəli əmək haqqı kartındakı 500 (beş yüz) manat məbləğində pul vəsaiti, daha sonra **********622544 nömrəli “Tam kart” kredit kartındakı sonuncuya məxsus 4675 (dörd min altı yüz yetmiş beş) manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 5175 (beş min bir yüz yetmiş beş) manat pul vəsaitini qeyd olunan proqram vasitəsi ilə özünə məxsus "xxxx" ASC-dən alınmış **********893187 nömrəli kart hesabına gizli olaraq köçürüb şəxsi ehtiyaclarına xərcləməklə özgənin əmlakını informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talayıb zərərçəkmiş şəxsə vahid niyyətlə xeyli miqdarda 5375 (beş min üç yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi özünün səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, o, 31 dekabr 2024-cü il tarixdə Mingəçevir şəhərinə yeni il bayramını qeyd etmək üçün getmək qərarına gəlmişdir. Həmin gün saat təxminən 09 radələrində piyada Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən dairəvi yola getmiş, Mingəçevir şəhərinə gedən taksi axtaran zaman “Chevrolet” markalı avtomobilin dayanmasını görmüşdür. Yaxınlaşıb hara getdiyini soruşmuş, avtomobilin sürücüsü də Ağdaş rayonuna getdiyini bildirmiş və onlar 15 manat qarşılığında razılaşmışlar. Bundan sonra Arif avtomobilinə tanımadığı 2 nəfər şəxsi də mindirərək yola çıxmışlar. O, avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Avtomobildə olan tanımadığı 2 nəfər şəxs Kürdəmir rayonu ərazisində avtomobildən düşmüşlər. Ağdaş rayonuna qədər maşında Ariflə ikisi olmuşdur. Onlar yol gedən zaman Arif mobil telefonunda olan "xxxx" ASC-yə məxsus mobil tətbiqə giriş etdikdə o, həmin vaxtı Arifin kart hesablarında 500 manat və 4675 manat pul olmasını görmüşdür. Arif mobil tətbiqə tez girib-çıxdığına görə o təhlükəsizlik şifrəsini görə bilməmişdir. Həmin günü saat təxminən 11:40 radələrində onlar Ağdaş rayonu, Yuxarı Ləki kənd ərazisinə çatmışlar. Zərərçəkmiş şəxs avtomobilini “Halal” marketin qarşısında saxlayaraq marketə girəcəyini və özünə siqaret alacağını demiş, o da heç bir problem olmadığını, avtomobildə gözlədiyini bildirmişdir. Arif avtomobildən düşən zaman özünə məxsus “Oppo” markalı mobil telefonu da avtomobildə qoyaraq düşüb getmişdir. Arif avtomobildən təxminən 20-25 metr uzaqlaşdıqdan sonra artıq Arifin onu görmədiyinə əmin olmuş və Arifin mobil telefonunu götürərək oradan uzaqlaşmışdır. Bundan sonra o, sürətlə piyada üzü Bakı- Qazax avtomagistralına doğru hərəkət etmişdir. Arifin geri qayıdıb onu axtaracağını güman etdiyi üçün ara küçələrlə hərəkət etmişdir. O, Bakı-Qazax avtomagistralına çatan zaman orada olan Ağdaş rayonu, Yuxarı Ləki kəndindən üzü Ağdaş şəhəri istiqamətində hərəkət edən avtobusların birinə minmişdir. Avtobusa minməkdə məqsədi Arifin kart hesablarında olan pulları ələ keçirmək üçün vaxt qazanmaq olmuşdur. Daha sonra Arifin mobil telefonunda təhlükəsizlik şifrəsi olmadığından asanlıqla telefonu açmış, “ABB” mobil tətbiqinə daxil olmuş, lakin təhlükəsizlik şifrəsi olduğuna görə mobil tətbiqdə əməliyyat apara bilməmişdir. Daha sonra Arifin mobil telefonunda olan qalareyaya daxil olub Arifin şəxsiyyət vəsiqəsinin şəkilini tapmışdır. Bundan sonra Arifin telefonunda olan “ABB”-yə məxsus mobil tətbiqi silmiş və yenidən yükləmişdir. Arifin şəxsiyyət vəsiqəsində olan məlumatlar mobil telefonunda olduğuna görə “ABB”-yə məxsus mobil tətbiqdə yenidən qeydiyyatdan keçmiş və “ABB”-yə məxsus mobil tətbiqə daxil olmuşdur. Arifin biri əmək haqqı, digəri isə tam kart kredit kartı olmaqla iki kart hesabına daxil olmuşdur. Əvvəlcə Arifin əmək haqqı kartında olan 500 manat pulu, daha sora 4675 manat pulu öz istifadəsində olan 5522-0993-6789-3187 saylı kart hesabına köçürmüşdür. O, pulları tam oğurladıqdan sonra avtobusla Ağdaş rayonu, Yuxarı Ləki kəndinə qayıdaraq Bakı-Qazax avtomagistralının yaxınlığında avtobusdan düşmüş və Arifə məxsus mobil telefonu yolun kənarına kolluğa tullamışdır. Daha sonra Bakı avtobuslarının birinə minərək Bakı şəhərinə doğru yola çıxmışdır. Arifin kart hesablarından ələ keçirdiyi pullları hissə-hissə şəxsi ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs daha sonra əməlindən peşman olmasını bildirib, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, o, Bakı şəhərində işləyir və orada yaşayır. Ağdaş rayonu, Aşağı Ağcayazı kəndində yerləşən evinə bayramlarda bir-iki günlük gəlir. 31 dekabr 2024-cü il tarixdə saat təxminən 09 radələrində Bakı şəhərindən çıxıb Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən dairəvi yoldan keçən zaman yolun kənarında bir nəfər tanımadığı şəxs görmüş, avtomobili yolun sağ kənarında saxlamış və həmin şəxsdən hara getməsini soruşmuşdur. Həmin şəxs ona Ağdaş rayonuna getdiyini bildirmiş və ona avtomobilin qabaq oturacağında əyləşməsini demişdir. Həmin şəxsdən başqa avtomobilə iki nəfər də əyləmiş, lakin onlar Kürdəmir rayonuna qədər getmiş və orada avtomobildən düşmüşlər. Təxminən saat 11:40 radələrində o, Ağdaş rayonu, Yuxarı Ləki kəndi ərazisinə çatmış, siqareti qurtardığı üçün Ağdaş-Ləki yolunun kənarında yerləşən “Halal” marketin qarşısında avtomobili saxlayıb mağazaya girmişdir. Bu zaman həmin şəxs avtomobildə qalmışdır. Geri qayıdan zaman həmin şəxsin avtomobildə olmadığını görmüş və onun mağazaya getməsini fikirləşmişdir. Geri qayıdıb mağazanın içərisinə baxmış, lakin tapa bilməmişdir. Avtomobilə əyləşdikdən sonra mobil telefonunun avtomobildə olmadığını görmüş, daha sonra o, həmin şəxsin oğurluq etdiyini başa düşmüş və Bakı şəhərinə gedəcəyini düşündüyü üçün idarə etdiyi avtomobillə Bakı-Qazax avtomagistralına getmiş, lakin həmin şəxsi tapa bilməmişdir. Həmin vaxt oğurluq edən şəxs istifadə etdiyi mobil telefonda mövcud olan "xxxx" ASC-yə məxsus mobil tətbiqdən kart hesablarında olan nağd pulları oğurlayacağını düşünmüşdür. Belə ki, onun mobil tətbiqində ona məxsus biri "xxxx" ASC-yə məxsus əmək haqqı kartı və digəri də "xxxx" ASC-yə məxsus tam kart kredit kartı olmaqla iki ədəd kart mövcud olmuşdur. Onlarda olan pulları həmin şəxsin oğurlayacağını düşündüyü üçün dərhal qardaşı X5 yaşadığı Ağdaş rayonu, Aşağı Ağcayazı kəndində yerləşən fərdi yaşayış evinə getmiş, qardaşına baş verənləri izah etdikdən sonra qardaşı qızı Ayşən Mollayevanın istifadə etdiyi mobil telefonla "xxxx" ASC-nın qaynar xəttinə yığaraq ona məxsus telefonunun oğurlandığını və kartındakı pulların oğurlanmasının qarşısını almaq üçün kartları bloklamalarını xahiş etmişdir. Onlar da həmin gün saat 12:46-da hər iki kartını bloklamışlar. 31 dekabr 2024-cü il tarixdə saat 12:08-də həmin şəxs tərəfindən onun kartında olan pulları oğurlaması məlum olmuşdur. Belə ki, yeni il bayramına görə ölkədə qeyri-iş günləri olduğu üçün o, 06 yanvar 2025-ci il tarixə qədər gözləmişdir. Daha sonra o, 06 yanvar 2025-ci il tarixdə "xxxx" ASC-nin Bakı şəhəri, Yasamal rayonu Şərifzadə filialına yaxınlaşaraq yenidən "xxxx" ASC-yə məxsus əməkhaqqı kartı və tam kart kredit kartı əldə etmək istəyən zaman ona 31 dekabr 2024-cü il tarixdə saat 12:08-də əməkhaqqı kartından 500 manat pul, tam kart kredit kartından isə 4675 manat pulun oğurlanmasını bildirmişlər. O da "xxxx" ASC-nın filialından ona məxsus pulların hansı kart hesabına yönləndirildiyini soruşduqda onlar da ona 16 rəqəmli kart nömrəsini vermişdir. Bundan sonra o, Azərbaycan Respublikası DİN-in “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra ona Ağdaş rayon Polis Şöbəsindən onun avtomobilindən və kart hesablarından oğurluq edən şəxsin Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs olması bildirilmişdir. Zərərçəkmiş şəxs daha sonra ifadəsində hazırda təqsirləndirilən şəxslə barışmadığını, ona dəymiş ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: "xxxx" Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş 6-2-41/2-11161/2025 nömrəli məktubdan görünür ki, 31 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus 4127-2081- 0561-2544 saylı plastik kartdan 500 (beş yüz) manat, 5490-2641-0162-2544 saylı plastik kartdan 4600 (dörd min altı yüz) manat və 5 (beş) manat məbləğində pul vəsaitləri "xxxx" ASC müştərisi, xx.xx.1996-cı il təvəllüdlü, Mingəçevir şəhəri qeydiyyatlı, ********** saylı mobil nömrənin istifadəçisi Təqsirləndirilən şəxs (AA*******) məxsus 5522-0993-6789-3187 saylı plastik karta köçürülmüşdür. xx.xx.2024-cü il tarixdə plastik karta köçürülmüş pul vəsaitləri sonradan "xxxx" ASC və "xxxx" KB ASC-yə məxsus müxtəlif plastik kartlara və "xxxx" MMC-yə aid “M 10” mobil tətbiqi vasitəsilə digər hesablara köçürülərək məxaric edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 22 avqust 2025-ci il tarixli, ƏQ-13/2025 nömrəli rəydən görünür ki, 2023-cü ildə alınmış 01 ədəd Oppo A 40 markalı telefon 31 dekabr 2024-cü il tarixinə 150 manat dəyərində olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Mərkəzi Xəstəxanası Rayonlararası Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş 26 avqust 2025-ci il tarixli, 1033 nömrəli arayışdan görünür ki, Məmmədli X4 Psixo-Nevroloji Dispanserdə qeydiyyatda durmur və müraciət etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş 24 avqust 2025-ci il tarixli, 4927 nömrəli arayışdan görünür ki, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 15, mənzil 19 ünvanında qeydiyyatda olan xx xxxxxxx 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 30 yanvar 2021-ci il tarixdən X2 qeydiyyatdadır. Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsi 1 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 24 avqust 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Məmmədli X4 şəhəri, 20 Yanvar küçəsi 15, mənzil 19 ünvanında yaşamır. Həmin ünvanda yaşadığı müddətdə Təqsirləndirilən şəxs barəsində şikayət daxil olmamışdır. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini, 31 dekabr 2024-cü il tarixli “baxış keçirilməsi və götürmə” haqqında protokolu, Təqsirləndirilən şəxs ifadəsinin yoxlanılması istintaq hərəkəti keçirilən zamanı qeydə alınmış videogörüntüləri və fotoşəkilləri, istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, işdə olan digər sübutları tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alıb, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını vahid niyyətlə xeyli miqdarda gizli olaraq talayıb oğurluq cinayətini törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəlləsi) 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Oğurluq, yəni elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə Cinayət Məcəlləsinin 177.2.3-1, xeyli miqdarda ziyan vurmaqla törədildikdə Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə, işdəki sübutları, işin yuxarıda qeyd edilən hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 177.2.3-1-ci və 177.2.4-cü maddələrinin tərkibi vardır. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin 177.2.3-1-ci və 177.2.4cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək törətdiyi əmələ görə cəzalanmalıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1106/2025 nömrəli, 07 may 2025-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2025-ci il tarixdən hesablanmış və həmin hökmlə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1106/2025 nömrəli, 07 may 2025-ci il tarixli hökmü 29 may 2025-ci il tarixdə qanuni qüvvəsini almışdır. Təqsirləndirilən şəxs hazırki iş üzrə Cinayət Məcəlləsinin 177.2.3-1-ci və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamdan görünür ki, o, informasiya texnologiyalarından istifadə edilməklə özgənin əmlakını vahid niyyətlə xeyli miqdarda gizli olaraq talayıb oğurluq etməklə törədiyi cinayət əməlini 31 dekabr 2024-cü il tarixdə, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 may 2025-ci il tarixli hökmündən əvvəl törətmişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 16-cı bəndində göstərilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1106/2025 nömrəli, 07 may 2025-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2025-ci il tarixdən hesablanmalı və həmin hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniyadan məcburi müalicə tədbirləri davam etdirilməlidir. Məhkəmə, həmçinin Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli hökmünə münasibətdə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olubolmamasına da münasibət bildirməyi zəruri hesab edir. Belə ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və həmin Məhkəmənin 23 iyun 2021-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 10 ay 11 gün hissəsinin əvəz olunduğu 11 ay 5 gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 12 (on iki) gün hissəsi həmin hökmlə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan və yuxarıda qeyd olunan məhkumluqlar istisna olmaqla, onun digər məhkumluğu olmamışdır. Həmin tələbnamə ilə həmçinin müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş qəti cəzadan Salyan Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli qərarına əsasən 01 ay 01 gün müddətə vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edilmişdir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qəti olaraq 02 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli qərarına əsasən cəzadan 01 ay 01 gün müddətə vaxtından əvvəl şərti azad edilmiş, cəzanı çəkib bitirsə də, məhkumluğu ödənilmədən və ya götürülmədən 31 dekabr 2024-cü il tarixdə hazırki iş üzrə yenidən qəsdən Cinayət Məcəlləsinin 177.2.3- 1-ci və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmiş, bununla da cinayətin residivinə yol vermişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, iş materiallarına istinad edib törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi, eyni zamanda onun əvvəllər (Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli hökmünə münasibətdə) qəsdən az ağır cinayət törətməyə görə təqsirli bilinərək azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən az ağır cinayət törətməsini, yəni cinayətin residivini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.3-1-ci və 177.2.4cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlində cinayətin residivinin olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və qeyd edir ki, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur və o, təyin ediləcək cəzanı real olaraq çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müəyyən edildiyi gündən, yəni 06 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 may 2025-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və hazırda həbsdə olması nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, iş üzrə Zərərçəkmiş şəxs yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir və bu hüquq ona izah olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs müdafiəçi tələb etdiyini, lakin maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə müdafiəçiyə xidmət haqqı ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin xidmət haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Müdafiəçi tərəfindən təqdim edilmiş müvafiq arayışdan görünür ki, Ağdaş rayon vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 21 saat vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 231 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və digər məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1106/2025 nömrəli, 07 may 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2025-ci il tarixdən hesablansın. Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 may 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniyadan məcburi müalicə tədbirləri davam etdirilsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 may 2025-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və hazırda həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 231 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar