Məhkəmə qərarları › İş №1(014)-8/2025

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-8/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-8/2025 13.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X15 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1966-cı il tarixdə Ağdaş rayonu, Ağcayazı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, pensiyaçı, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Ağcayazı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin iyul ayının əvvəllərində Ağdaş rayonu, Yuxarı Ağcayazı kənd ərazisində yerləşən Ağdaş rayonu Dəhnəxəlil bələdiyyəsinin mülkiyyətində olmaqla bələdiyyənin ehtiyat fonduna daxil olan kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr uqodiyalı 0.025 hektar torpaq sahəsindəki meşə fonduna daxil olmayan köküstə yaş halda bioloji inkişafda olan 01 ədəd 12 sm diametrli 120 manat dəyərində əncir, 02 ədəd 16 sm diametrli hər biri 150 manat olmaqla ümumilikdə 300 manat dəyərində qovaq, 01 ədəd 18 sm diametrli 180 manat dəyərində qovaq, 07 ədəd 20 sm diametrli olan hər biri 180 manat olmaqla ümumilikdə 1260 manat dəyərində qovaq, 04 ədəd 22 sm diametrli hər biri 200 manat olmaqla ümumilikdə 800 manat dəyərində qovaq, 01 ədəd 24 sm diametrli 200 manat dəyərində qovaq, 04 ədəd 26 sm diametrli hər biri 250 manat olmaqla ümumilikdə 1000 manat dəyərində qovaq, 04 ədəd 28 sm diametrli hər biri 250 manat olmaqla ümumilikdə 1000 manat dəyərində qovaq, 02 ədəd 30 sm diametrli hər biri 300 manat olmaqla ümumilikdə 600 manat dəyərində qovaq, 01 ədəd 34 sm diametrli 350 manat dəyərində qovaq, 02 ədəd 36 sm diametrli hər biri 350 manat olmaqla ümumilikdə 700 manat dəyərində qovaq, 01 ədəd 04 sm diametrli 80 manat dəyərində heyva ağacını kök boğaz hissəsindən cinayətdən xəbərsiz istintaqa məlum olmayan şəxslər vasitəsi ilə qanunsuz kəsdirərək təbiətə ümumilikdə 6590 (altı min beş yüz doxsan) manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, Ağdaş rayonu, Ağcayazı kəndində ailə üzvləri ilə birlikdə atasından ona qalmış hazırda yaşadığı fərdi yaşayış evi və fərdi yaşayış evinin qarşısında həyətyanı torpaq sahəsi var. Həmin torpaq sahəsinin kənarında kiçik ölçülü boş torpaq sahəsi olmuş, həmin torpaq sahəsini almaq üçün 2007-ci il tarixdə kənd bələdiyyəsinə müraciət edib torpaq sahəsini satın almış, lakin sənədləşməsini tam görməmişdir. 2024-cü ilin iyul ayının əvvəllərində yaşadığı evin qarşısında olan zaman sonradan adının Şakir olduğunu öyrəndiyi şəxs, tanımadığı başqa bir kişi ilə gəlmiş, lakin Şakirin yanında gələn həmin şəxs 2-3 dəqiqə sonra çıxıb getmişdir. Şakir ona odun kimi istifadə üçün ağaclar lazım olduğunu, həmin ağaclardan onun yaşadığı həyətdə olubolmadığını, əgər varsa ağaclara baxmaq istədiyini bildirmişdir. O, ağacları əvvəlcədən də satmaq istədiyindən Şakirə həyətində bir sıra ağacların olduğunu bildirərək, birlikdə ağaclara baxmışlar. Ağaclara baxdıqdan sonra Şakir həmin həyətin ona məxsus olubolmamasını, sənədlərinin olub-olmamasını soruşmuşdur. O da həyətin özünə məxsus olmasını, sənədlərinin olmasını bildirmişdir. Daha sonra Şakir ağacları satın almaq istəmiş, lakin konkret olaraq hansı növ və sayda ağacın kəsilib-kəsilməməsi barədə razılaşmamışlar. O, Şakirə oğlu Malikə də məsləhət etmək istədiyini bildirib Şakirlə birlikdə oğlu Malikin iş yerinə getmişlər. Şakir oğlu Malikə odun kimi istifadə üçün ağaclar lazım olduğunu, həyətlərində olan ağacları almaq istədiyini bildirmiş, Malik də ağacların atasına, yəni ona məxsus olmasını bildirib onunla razılaşmasını təlkif etmişdir. Bundan sonra Şakir beh olaraq 100 manat pulu ona vermiş, daha sonra isə ağacların kubunu 30 manata satacağını Şakirə bildirmişdir. Bir neçə gündən sonra Şakir adını bilmədiyi fəhlə ilə birlikdə onun həyətinə gəlmiş və həmin fəhlə motorlu mişarla eyni sırada olan köküstə yaş halda 28 ədəd qovaq, 01 ədəd heyva və 01 ədəd əncir ağaclarını kökboğaz hissədən kəsmiş, daha sonra isə müxtəlif hissələrdə doğramışdır. Səhəri gün təxminən saat 16-17 radələrində Şakirlə əlaqə saxlayaraq kəsilmiş ağacların gəlib aparmasını istəmiş, Şakir də işlərinin olmasını deyib, ağacları aparması üçün oğlu Sarvanı, yük avtomobili sürücüsünü və 3 nəfər fəhlə yollamışdır. Həmin 3 nəfər fəhlə kəsilmiş və doğranmış yaş halda 28 ədəd qovaq, 01 ədəd heyva və 01 ədəd əncir ağaclarının doğranmış hissələrini yük avtomobilinə yığmışlar. Daha sonra isə Sarvan hesablayıb 180 manat verməli olduğunu bildirib həmin məbləği ona verib getmişdir. 2024-cü ilin iyul ayının ortalarında, xatırlamadığı tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Şahid4, Şahid6, Şahid8 və kənd bələdiyyəsi Şahid5 yaşadıqları ünvana gələrək ağacların kəsilməsini aşkar etmişlər. Təqsirləndirilən şəxs daha sonra törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını nəzərə alıb, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, 17 iyul 2024-cü il və 18 iyul 2024-cü il tarixlərdə ETSN-nin əməkdaşları Şahid4, Şahid6, Şahid8 və Ağdaş rayonu, Yuxarı Ağcayazı bələdiyyəsi Şahid5 iştirakları ilə Ağdaş rayonu, Yuxarı Ağcayazı kənd ərazisində keçirilən nəzarət tədbirləri zamanı köküstə yaş vəziyyətdə 28 ədəd qovaq, 1 ədəd heyva və 1 ədəd əncir ağacının kök boğazından kəsilərək məhv edilməsi faktı aşkar edilmişdir. İlkin araşdırma zamanı həmin ağacların kənd sakinləri Təqsirləndirilən şəxs və oğlu Şahid1 tərəfindən kəsilməsi müəyyən edilmişdir. Həmin şəxslər ərazinin özlərinə aid həyətyanı sahə olduğunu iddia etsələr də, təqdim etdikləri sənədlərin təhlili zamanı həmin əraziyə aid çıxarışların olmadığı məlum olmuşdur. Həmin şəxslərdən ağacları kəsmələri barədə yazılı izahat tələb olunsa da, onlar izahat verməkdən imtina edərək sadəcə şifahi olaraq ağacları Şakir adlı şəxsə satdıqlarını bildirmişlər. 18 iyul 2024-cü il tarixdə Yuxarı Ağcayazı bələdiyyəsi tərəfindən arayış tərtib edilərək Təqsirləndirilən şəxs kəsmiş olduğu bir neçə ədəd ağacın yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyəti hesab edildiyi göstərilmişdir. Həmçinin sonrakı müddətdə həmin ağacların Təqsirləndirilən şəxs tərəfindən kəsdirilərək satılması müəyyən edilmişdir. 28 ədəd qovaq, 1 ədəd heyva və 1 ədəd əncir ağacının qanunsuz kəsilməsi nəticəsində təbiətə 6590 manat məbləğində maddi ziyan dəymiş, hazırda dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs ifadəsinə uyğun ifadə verərək bildirdi ki, 2024-cü ilin iyul ayının əvvəllərində Şakir adlı bir nəfər şəxsin atası Mayıl ilə birlikdə onun iş yerinə gələrək ona ağac lazım olduğunu və həyətlərində olan ağacları almaq istədiyini, bununla bağlı atası ilə danışıb-razılaşdığını bildirmişdir. O, həyətin atasına məxsus olmasını və atası ilə razılaşmasını təklif etmişdir. Bundan sonra Şakir atası Mayıla beh olaraq 100 manat pul vermiş, daha sonra atası ağacların kubunu 30 manata satacağını Şakirə bildirmiş və onlar razılaşmışlar. Bir neçə gündən sonra Şakir bir nəfər fəhlə gətirmiş və həmin şəxs motorlu mişarla 28 ədəd qovaq, 01 ədəd heyva və 01 ədəd əncir ağaclarını kökboğaz hissədən kəsərək müxtəlif hissələrdə doğramışdır. Bundan bir gün sonra Şakir oğlu Sarvanı və digər tanımadığı şəxsləri göndərərək ağaclarının doğranmış hissələrini yük avtomobilinə yığıb aparmışlar. Həmin vaxt Sarvan 180 manat məbləğində pulu atasına vermişdir. 2024-cü ilin iyul ayının ortalarında, xatırlamadığı tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və kənd bələdiyyəsi yaşadıqları ünvana gələrək ağacların kəsilməsini aşkar etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ağdaş rayonu, Ləki qəsəbə ərazisində qohumlarının məcburi köçkün kimi məskunlaşdığı ferma ərazisi var. 2024-cü ilin iyul ayının əvvəllərində həmin yerə qışa hazırlıq məqsədi ilə odun lazım olduğu üçün odun axtarmağa başlamışdır. Ağdaş rayon sakini olan tanışı Xalədddin adlı şəxs ona Ağcayazı kəndində fəhlə işlədiyini, orada olan zaman qonşuluqda yaşayan şəxsin ağac satmaq istədiyini bildirmişdir. Bu səbəblə Xaləddinlə birlikdə Ağcayazı kəndinə yaşayan Mayıl adlı şəxsin yaşadığı evə gedib Mayıl ilə danışan zaman Mayıl özünə məxsus həyətyanı sahədə müxtəlif növlü ağaclar olduğunu, ağacların kölgəsinin xurma ağaclarına ziyan verdiyini, həmçinin ağacların meyvə verməməsi səbəbi ilə yerində yeni meyvə ağacları əkmək istədiyini bildirmişdir, bundan sonra birlikdə ağaclara baxmışlar. Mayıldan həyətyanı torpaq sahəsinin sənədlərinin olub-olmamasını soruşmuş, Mayıl da ona həyətyanı torpaq sahəsinin özünəməxsus olmaqla sənədlərinin olmasını bildirmişdir. Mayılla ağacları almağa razılaşmış, lakin konkret olaraq hansı növ və sayda ağacın kəsilib-kəsilməməsi barədə razılaşmamışlar. Həmçinin Mayıl ona hər bir halda oğlu Malikə də məsləhət etməsini demişdir. Bundan sonra Mayılla birlikdə Mayılın oğlu Malikin yanına gedib odun kimi istifadə üçün ağaclar lazım olduğunu, həmin ağaclardan yaşadıqları evin həyətində olduğunu bildirərək ağacları almaq istədiyini, bununla bağlı atası Mayılla danışıb razılaşdığını bildirmişdir. Malik də atası Mayıla “öz yerindi, özün bilərsən” demişdir. Daha sonra beh olaraq 100 manat pulu Mayıla vermiş və ağacların kubunu 30 manata almağı razılaşmışlar. Təxminən bir gün sonra rayon ərazisindən ağacları kəsmək üçün fəhlə tapmış və həmin fəhləni özünə məxsus olan motorlu mişarla birlikdə 2024-cü ilin iyul ayının əvvəllərində Mayılın yaşadığı evə aparmışdır. Həmin zaman Mayıl və Malik həyətdə olmuşlar. Şəxsi işləri olduğuna görə özü çıxıb getmiş, Mayıl isə fəhlənin yanında duraraq kəsilməli olan ağacları fəhləyə göstərmişdir. Səhəri gün təxminən saat 16-17 radələrində Mayıl onunla əlaqə saxlayaraq ağacların kəsilib doğrandığını, gəlib aparmasını bildirmişdir. Bundan sonra oğlu Şahid3 zəng edərək yük maşını və fəhlələrlə danışdığını, onları götürüb izah edəcəyi ünvana aparmasını tapşırmışdır. Sarvan da yük maşını və fəhlələri Mayılın yaşadığı evə aparmış, orada fəhlələr kəsilib-doğranmış ağac parçalarını yük avtomobilinə yığmış, oğlu Sarvan da hesablayaraq Mayıla 180 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 15 yanvar 2020-ci il tarixdən etibarən Ağdaş rayonu, Dəhnəxəlil bələdiyyəsinin sədri vəzifəsində işləyir. 17 iyul 2024-cü il və 18 iyul 2024-cü il tarixlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Şahid6, Şahid4, Şahid8 iştirakları ilə Ağdaş rayonu, Yuxarı Ağcayazı kənd ərazisində keçirilən nəzarət tədbirləri zamanı köküstə yaş vəziyyətdə 28 ədəd qovaq, 1 ədəd heyva və 1 ədəd əncir ağacının kök boğazından kəsilərək məhv edilməsi faktı aşkar edilmişdir. İlkin araşdırma zamanı həmin ağacların kənd sakinləri Təqsirləndirilən şəxs və oğlu Şahid1 tərəfindən kəsilməsi müəyyən edilmişdir. Həmin şəxslər ərazinin özlərinə aid həyətyanı sahə olduğunu iddia etsələr də, təqdim etdikləri sənədlərin təhlili zamanı həmin əraziyə aid çıxarışların olmadığı məlum olmuşdur. Həmin şəxslərdən ağacları kəsmələri barədə yazılı izahat tələb olunsa da, onlar izahat verməkdən imtina edərək sadəcə şifahi olaraq ağacları Şakir adlı şəxsə satdıqlarını bildirmişlər. Həmçinin Təqsirləndirilən şəxs kəsmiş olduğu bir neçə ədəd ağacın yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyəti olması səbəbi ilə 18 iyul 2024-cü il tarixdə tərəfindən arayış tərtib edilərək təqdim edilmişdir. Sonrakı müddətdə həmin ağacların Təqsirləndirilən şəxs tərəfindən kəsdirilərək satılması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 02 noyabr 2022-ci il tarixdən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X8 Nəzarət və X3 məsləhətçi müfəttişi vəzifəsində işləyir. 17 iyul 2024-cü il və 18 iyul 2024-cü il tarixlərdə ETSN-nin əməkdaşları Şahid4, Şahid8 və Ağdaş rayonu, Yuxarı Ağcayazı bələdiyyəsi Şahid5 iştirakları ilə Ağdaş rayonu, Yuxarı Ağcayazı kənd ərazisində keçirilən nəzarət tədbirəri zamanı köküstə yaş vəziyyətdə 28 ədəd qovaq, 1 ədəd heyva və 1 ədəd əncir ağacının kök boğazından kəsilərək məhv edilməsi faktı aşkar edilmişdir. İlkin araşdırma zamanı həmin ağacların kənd sakinləri Təqsirləndirilən şəxs və oğlu Şahid1 tərəfindən kəsilməsi müəyyən edilmişdir. Həmin şəxslər ərazinin özlərinə aid həyətyanı sahə olduğunu iddia etsələr də, təqdim etdikləri sənədlərin təhlili zamanı həmin əraziyə aid çıxarışların olmadığı məlum olmuşdur. Həmin şəxslərdən ağacları kəsmələri barədə yazılı izahat tələb olunsa da, onlar izahat verməkdən imtina etmişlər. Həmçinin xx.xx.2024-cü il tarixdə Yuxarı Ağcayazı bələdiyyəsi tərəfindən arayış tərtib edilərək Təqsirləndirilən şəxs kəsmiş olduğu bir neçə ədəd qovaq ağacının yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyəti hesab edildiyi göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X8 Nəzarət və X3 məsləhətçi müfəttişi Şahid4 və aparıcı məsləhətçisi Şahid8 Şahid6 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Ağdaş rayonu ərazisində müxtəlif kəndlərdə şəxslərin həyətində və bağında olan işlərdə işləyir. 2024-cü ilin iyul ayının əvvələrində xatırlamadığı tarixdə Ağdaş rayonu, Ağcayazı kəndi ərazisində fəhlə işləyən zaman qonşuluqda yaşayan, adının sonradan Mayıl olduğunu öyrəndiyi kənd sakininin yaşadığı evin həyətində ağaclar olmasını, həmin ağacları satmaq istədiyini eşitmişdir. Daha sonra tanışı olan Şahid2 ilə aralarında olan söhbət zamanı sonuncunun fermaya odun axtardığını bildikdə Ağcayazı kənd sakinin yaşadığı evin həyətində ağaclar olmasını, ev sahibinin həmin ağacları satmaq istədiyini Şakirə demiş və Şakirlə birlikdə Ağdaş rayonu, Ağcayazı kənd ərazisində yerləşən Mayılın qapısının qarşısına getmişlər. O, Şakirlə Mayılı tanış etdikdən sonra mağazaya getmiş, onların arasında hansı danışıqların aparılmasından xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 18 iyul 2024-cü il tarixli, 84730 saylı aktdan və akta əlavə olunmuş cədvəldən görünür ki, 17 iyul 2024-cü il və 18 iyul 2024-cü il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Ağdaş rayonu, Yuxarı Ağcayazı kəndi ərazisində monitorinq aparılan zaman Ağdaş rayon Dəhnəxəlil bələdiyyəsinin inzibati ərazisinə aid olan Yuxarı Ağcayazı kənd ərazisində köküstə yaş halda diametrləri 22 sm, 26 sm, 16 sm, 20 sm, 28 sm, 28 sm, 26 sm, 36 sm, 22 sm, 20 sm, 20 sm, 34 sm, 36 sm, 22 sm, 26 sm, 20 sm, 20 sm olan 28 ədəd qovaq ağacı, diametri 4 sm olan 1 ədəd heyva ağacı və diametri 12 sm olan 1 ədəd əncir ağacının kökboğazından Təqsirləndirilən şəxs tərəfindən kəsilərək məhv edilməsi faktı aşkar edilmiş, Təqsirləndirilən şəxs tərəfindən təbiətə 6590 manat məbləğində ziyan dəymişdir. Ağdaş rayon Dəhnəxəlil bələdiyyəsinin 18 iyul 2024-cü il tarixli, 70 saylı məktubundan görünür ki, Ağcayazı kənd sakini Təqsirləndirilən şəxs kəsmiş olduğu bir neçə ədəd qovaq ağacının yerləşdiyi torpaq sahəsi 2007-ci ildə Yuxarı Ağcayazı bələdiyyəsinin qərarına əsasən vətəndaşa satılmış, lakin vətəndaş həmin torpaq sahəsinə öz mülkiyyətini tanımadığı üçün torpaq sahəsi bələdiyyə mülkiyyətində hesab edilir. 19 avqust 2024-cü il tarixli baxış protokolu və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Ağdaş rayonu, Yuxarı Ağcayazı kənd ərazisində müxtəlif diametrli 28 ədəd qovaq, 1 ədəd heyva və 1 ədəd əncir ağaclarının kəsildiyi ərazidir. Baxış zamanı kəsilmiş ağacların ağ qovaq cinsinə aid olmaqla diametrlərinin 16-36 sm, heyva cinsinə aid olan ağacın diametrinin 4 sm, əncir ağacının diametrinin isə 12 sm olması müəyyən olunmuşdur. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılmış araşdırma zamanı qeyd edilən torpaq sahəsinin Ağdaş rayonu, Yuxarı Ağcayazı kənd bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi olması müəyyən edilmişdir. Şahid6 17 iyul 2024-cu il tarixdə Ağdaş rayonu, Yuxarı Ağcayazı kəndində müxtəlif diametrli 28 ədəd qovaq, 1 ədəd heyva və 1 ədəd əncirin kəsilməsini aşkar etdiyini, həmin vaxtı yanında iş yoldaşı Şahid4 olduğunu, bu barədə Ağdaş rayonu, Dəhnəxəlil kənd bələdiyyəsinin sədri Şahid5 dəvət etdiyini, Təqsirləndirilən şəxs bu barədə soruşduqda ağacların Qəbələ rayon sakini Sarvan adlı şəxsə satdığını və həmin şəxs tərəfindən kəsildiyini bildirmiş və bütün bunları Şahid4 də təsdiq etmişdir. Həmçinin Şahid5 Ağdaş rayonu, Yuxarı Ağcayazı kəndində müxtəlif diametrli ağacların kəsilməsindən məlumatsız olduğunu, əraziyə baxış keçirilərkən bu halı bildiyini, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Ağdaş rayonunda operativ reyd zamanı həmin ağacların kəsilməsi faktının aşkar edildiyini, ağacların kənd sakini Təqsirləndirilən şəxs tərəfindən Qəbələ rayon sakini Sarvan adlı şəxsə satdığını və həmin şəxs tərəfindən kəsildiyini dediyini bildirmişdir. Həmçinin o, həmin torpaq sahəsinin bələdiyyə mulkiyyətinə aid olmasını bildirmişdir. 09 mart 2007-ci il tarixli, 04 nömrəli protokol və 19 mart 2007-ci il tarixli aktın surətindən görünür ki, Ağdaş rayonu, Yuxarı Ağcayazı kənd sakini Təqsirləndirilən şəxs ev tikmək üçün Yuxarı Ağcayazı bələdiyyəsinə məxsus 0.15 hektar torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin 05 noyabr 2024-cü il tarixli, 3-21-3-35/2-4550/2024 saylı məktubundan görünür ki, Elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu, Dəhnəxəlil bələdiyyəsinin “X4 X11”ndəki xəritəsinə əsasən baxış keçirilmiş torpaq sahəsi Ağdaş rayonu, Yuxarı Ağcayazı kəndi ərazisində yerləşməklə 0.025 hektar təşkil edir. Sözügedən torpaq ahəsi Dəhnəxəlil bələdiyyəsinin mülkiyyətinə aid, kənd təsərrüfatı təyinatlı bələdiyyənin ehtiyat fondu torpaq sahəsi olmaqla, çoxillik əkmələr uqodiyalı torpaq sahəsidir və üzərində mülkiyyət hüququ tanınmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin 15 oktyabr 2024-cü il tarixli, 3-21-3-35/2-4074/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 adlarına JN-089F nörməli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də Ağdaş rayonu, Ağcayazı kəndində 5 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ ilə 0.27 hektar yaşayış məntəqələrinin torpaqları təyinatlı (həyətyanı) torpaq sahəsi qeyd edilmişdir. JN-089F nömrəli KOD 90306038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli, 20 saylı qərarı ilə X9 və ailə üzvləri Təqsirləndirilən şəxs, X5, Şahid1, X6 mülkiyyətinə Ağdaş rayonu, Yuxarı Ağcayazı kəndində təyinatı fərdi yaşayış evinin tikilməsi, həyətyanı sahə, bağçılıq təsərrüfatı olmaqla 0.27 ha torpaq sahəsi verilmişdir. 09 dekabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərarın nəticə hissəsindən görünür ki, Şahid1, Şahid2, Şahid3, şəxsiyyətləri istintaqa məlum olmayan ağacları motorlu mişarla kəsən, onları yük avtomobilinə yükləyən və yük avtomobilinin sürücüsünün barələrində Cinayət Məcəlləsinin 32.5, 259.1, 259.3-cü maddələri ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 noyabr 2024-cü il tarixli, 7/1756-9/9273 saylı rəyindən görünür ki, Ağdaş rayonu, Yuxarı Ağcayazı kənd ərazisində köküstə yaş vəziyyətdə 01 ədəd diametri 12 sm olan əncir, 02 ədəd diametri 16 sm olan qovaq, 01 ədəd diametri 18 sm olan qovaq, 07 ədəd diametri 20 sm olan qovaq, 04 ədəd diametri 22 sm olan qovaq, 01 ədəd diametri 24 sm olan qovaq, 04 ədəd diametri 26 sm olan qovaq, 04 ədəd diametri 28 sm olan qovaq, 02 ədəd diametri 30 sm olan qovaq ,01 ədəd diametri 34 sm olan qovaq, 02 ədəd diametri 36 sm olan qovaq, 01 ədəd diametri 04 sm olan heyva ağaclarının kökboğazından kəsilməsi müəyyən edilmişdir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış bioloji ekspertizanın tədqiqatı nəticəsində göstərilən müxtəlif diametrli, müxtəlif cinsdən olan ağacların qanunsuz götürülməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən təbiətə dəymiş maddi ziyanın ümumi məbləği 6590 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 22 oktyabr 2024-cü il tarixli, 18-1-22/2-1455/2024 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Ağcayazı kəndində yaşayan, xx xxx 1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində “Şəxsiyyət pozuntusu, emosional davamsız tip” diaqnozu ilə qeydiyyatdadır. Narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator məhkəmə psixiatrik ekspertizasının 14 noyabr 2024-cü il tarixli, 851 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi aşkar edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki verilmiş ifadələr, tibbi sənədlər (Ağdaş RMX-dan verilmiş xx.xx.2024-cü il tarixli arayış), anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı onda az ifadəli emosional davamsızlıq aşkar edilməsi, bir qədər hövsələsiz olması, onda əsəbiliyə meyillilik müşahidə edilməsi, yaddaş, təfəkkür, tənqid və intellektual pozuntu aşkar edilməməsi, psixoproduktiv simptomatika müəyyən olunmaması, törətdiyi əmələ qarşı tənqidi münasibət söyləməsi və etdiyi hərəkətdən peşiman olduğunu bildirməsi və s.) sübut edir. Təqsirləndirilən şəxs EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri kompensasiya (yaxşılaşma) mərhələsində olması səbəbindən o, cinayət törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs hazırda EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri kompensasiya (yaxşılaşma) mərhələsində olması səbəbindən o, istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 oktyabr 2024-cü il tarixli, 5-32-12/2-221/2024 saylı arayışdan görünür ki, Ağdaş rayonu, Yuxarı Ağcayazı kəndində yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi – arvadı X5 və oğlu Şahid1 ibarətdir. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 oktyabr 2024-cü il tarixli, 5-32-12/2-220/2024 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin tədqiq edilmiş ifadələrini, 19 avqust 2024-cü il və 02 sentyabr 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokolları, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılmasına dair istintaq hərəkəti keçirilən zamanı qeydə alınmış fotoşəkilləri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini dinləyib, işdə olan digər sübutları tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alıb, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan köküstə yaş halda bioloji inkişaf edən müxtəlif ölçülərdə və növdə olan cəmi 30 ədəd ağacları qanunsuz kəsərək təbiətə xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəlləsi) 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsmə, yəni ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda Cinayət Məcəlləsinin 259.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddənin Qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 259.1-ci və 260.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə iyirmi min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, 259.4-cü, 260.1-2-ci və 260.4-cü maddələrində isə “xüsusilə külli miqdar” dedikdə əlli min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə, işdəki sübutları, işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin tərkibi vardır. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 259.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək törətdiyi əmələ görə cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, iş materiallarına istinad edib törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsində cinayətin tamah məqsədi ilə törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halların olmaması qənqətinə gəlmiş və qeyd edilən hal təqsirləndirilən şəxsin barəsində tərtib edilmiş ittiham aktında göstərilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini tamah niyyəti ilə törətməsini nəzərdən qaçırmaqla yanlış nəticəyə gəlmişdir və məhkəmə cəza təyin edərkən onun bu əməli Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi nəzərə almalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumu 7 iyun 2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə baxışının hədlərini müəyyən edən Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsi cəzanı ağırlaşdıran halların müəyyən edilməsi məsələsində məhkəməni ibtidai araşdırmanı aparmış orqanın mövqeyindən asılı etmir və məhkəmə cəzanı ağırlaşdıran halları, o cümlədən cinayətlərin residivini ittiham aktında göstərilib-göstərilməməsindən asılı olmayaraq cəzanı ağırlaşdıran hal qismində müəyyən edə və cəzanın təyin edilməsi zamanı nəzərə ala bilər. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin sanksiyasında cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X12 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin, o cümlədən 197.1.4cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 24 saat vaxt sərf edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 144 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş və Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X12 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmün icrası məhkumun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 144 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar