Məhkəmə qərarları › İş №1(014)-81/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-81/2021

06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-81/2021 06.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Rafiq oğlunun iştirakları ilə xx.xx.1975-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində bir azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 2021-ci ilin aprel ayının ortalarında ünvan 2 ünvanından yerdən tapdığı 4 ədəd gümüşü rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,35 qram, 0,38 qram, 0,50 qram və 0,32 qram və 1 ədəd rəngli sellofan torbada şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 451,55 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan əldə edərək üzərində qanunsuz olaraq saxlayıb daşımış, həmin narkotik vasitə 22 aprel 2021-ci il tarixdə saat 12:36 radələrində ünvan 3 ünvanda yerləşən Ağdaş rayon Polis şöbəsinin inzibati binasında onun üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində ünvan 5 ünvanında ailəsi ilə bir yerdə yaşadığını, ailəli olduğunu, himayəsində biri azyaşlı olmaqla 2 yetkinlik yaşına çatmayan uşağı olduğunu və heç bir yerdə işləmədiyini, heç bir ruhi-əsəb xəstəliyi olmadığını, səhhətində problemlər olduğunu, ona görə də, narkotik vasitə olan qurudulmuş marixuananın istifadəçisi olduğunu, əvvəllər məhkum olunmadığını, 22.04.2021-ci il tarixdə səhər saatlarında yaşadığı Ağdaş rayonunun Ləki qəsəbəsində C.Məmmədov küçəsində zibil qutusunun yaxınlığından keçərkən yerdə sellofan torbanın olduğunu gördüyünü və həmin torbanın özündə maraq yaratdığı üçün həmin torbanı əyilərək yerdən götürdüyünü, torbanı götürdükdən sonra həmin torbanı açıdıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuananın olduğunu gördüyünü, onun istifadəçisi olduğundan 4 ədəd kağız bükümə həmin narkotik vasitədən götürdüyünü, sonra həmin yeri tərk etdiyini, bundan sonra həmin narkotik vasitənin hamısını götürmək qərarına gəldiyini, onu aparıb evdə gizlətmək istədiyini və az-az öz şəxsi istifadəsi üçün istifadə etmək istədiyini, ona görə yenidən həmin zibillik əraziyə qayıtdığını, həmin sellofan torbanı götürüb əynində olan paltarın altında gizlətdiyini və yaşadığı ev istiqamətində gedəndə təxminən saat 11:40 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının ona yaxınlaşdıqlarını və onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, PŞ-də onu tutduqlarını, vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı üzərində saxladığı 1 ədəd sellofan torbada və 4 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuananın aşkar olunduğunu, həmin narkotik vasitəni özü istifadə etmək üçün saxladığını bildirdiyini, sonra həmin sellofan torbadakı narkotik vasitənin elektron tərəzidə çəkildiyini, çəkisinin 459 qram olduğunu, sonra 4 ədəd kağız bükümdəki narkotik vasitələrin elektron tərəzidə çəkildiyini, çəkilərinin müvafiq olaraq 0,50 qr, 0,55 qr, 0,50 qr və 0,69 qr olduğunu, sonra həmin kağız bükümlərdəki narkotik vasitələrin kağız zərfə qablaşdırıldığını, sellofan torbanın da qablaşdırıldığını, üzərlərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, özünün və digər iştirakçıların qablaşmalara imza etdiklərini, sonra protokol tərtib olunduğunu, heç vaxt heç kimə narkotik vasitə satmadığını, hər hansı yerdə başqa narkotik vasitə saxlamadığını, özü narkotik istifadəçisi olduğu üçün ayrı-ayrı vaxtlarda az-az, həmin bükümlərdən şəxsi istifadəsi üçün bir-bir istifadə etmək üçün olduğunu, məqsədinin həmin narkotik vasitədən istifadə etmək olduğunu, başqa heç bir məqsədi olmadığını, həmin narkotik vasitəni özü istifadəçisi olduğu üçün və az-az miqdarda öz şəxsi istifadəsini təmin etmək üçün üzərində saxladığını, RPŞ-yə gətirilən zaman ona qarşı hər hansı bir fiziki zor və ya hər hansı bir psixoloji təsir olunmadığını, RPŞ-yə gətirilən zaman üzərində hər hansı bir dəyərli əşya olmadığını, ona ifadəsinin alınmasında hər hansı bir təzyiq və zorakılıq hərəkətləri edilmədiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 22.04.2021-ci il tarixdə Ağdaş şəhərində xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə RPŞ-yə məlumat daxil olduğunu, məlumat əsasında həmin tarixdə özü tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 11:40 radələrində CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri Ləki qəsəbəsində C.Məmmədov küçəsində piyada hərəkətdə olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞ-yə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Sadiqin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Sadiqin üzərindən 1 ədəd sellofan torbada və 4 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunduğunu, Sadiqin həmin narkotik vasitəni özü istifadə etmək üçün saxladığını bildirdiyini, sonra həmin sellofan torbadakı narkotik vasitə elektron tərəzidə çəkildiyini, çəkisinin 459 qram olduğunu, sonra 4 ədəd kağız bükümdəki narkotik vasitələrin elektron tərəzidə çəkildiyini, çəkilərinin müvafiq olaraq 0,50 qr, 0,55 qr, 0,50 qr və 0,69 qr olduğunu, sonra həmin kağız bükümlərdəki narkotik vasitələrin kağız zərfə qablaşdırıldığını, sellofan torbanın da qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, şəxsi axtarış zamanı Sadiqin üzərindən başqa heç nə aşkar edilmədiyini, şəxsi axtarışın videoçəkiliş vasitəsilə aparıldığını, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin protokollara imza etdiklərini, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəni ilkin sorğu zamanı 22.04.2021-ci ildə Ağdaş şəhərində C.Məmmədov küçəsində piyada yol kənarı ilə gedərkən zibil qutusunun yanından yerdən tapdığını və özü istifadə etmək məqsədi ilə üzərində gəzdirməsini dediyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman orada müdafiəçi və polis əməkdaşlarının olduğunu, həmçinin şəxsi axtarışın videoçəkilişlə aparıldığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis işçilərinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Sadiqin üzərindən 1 ədəd sellofan torbada və 4 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş, Sadiq həmin narkotik vasitəni özü istifadə etmək üçün saxladığını bildirmiş, sonra həmin sellofan torbadakı narkotik vasitə elektron tərəzidə çəkilmiş, çəksi 459 qram olmuş, sonra 4 ədəd kağız bükümdəki narkotik vasitə elektron tərəzidə çəkilmiş, çəkiləri müvafiq olaraq 0,50 qr, 0,55 qr, 0,50 qr və 0,69 qr olmuş, sonra həmin kağız bükümlərdəki narkotik vasitələr kağız zərfə qablaşdırılmış, sellofan torba da qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, şəxsi axtarış zamanı Sadiqin üzərindən başqa heç nə aşkar edilməmiş, şəxsi axtarış videoçəkiliş vasitəsilə aparılmış, protokol tərtib olunmuş və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxs protokollara imza etmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəni ilkin sorğu zamanı 22.04.2021-ci ildə Ağdaş şəhərində C.Məmmədov küçəsində piyada yol kənarı ilə gedərkən zibil qutusunun yanından yerdən tapdığını və özü isitfadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmiş, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını eşitməmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman orada müdafiəçi və polis əməkdaşları olmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 22.04.2021-ci il tarixli, 17/285 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 4 (dörd) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,35 qr 0,38 qr 0,50 qr və 0,32 qr ümumi təmiz çəkiləri - 1,55 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabıs) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Vət. Təqsirləndirilən şəxs üzərindən içərisində narkotik vasitəyə bənzər sözləri və imzalar yazılmış rəngli sellofan torbanın içərisindəki 1 (bir) ədəd şəffaf sellofan torbada təmiz çəkisi - 450,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 4 (dörd) ədəd gümüşü rəngli kağız bükümlərdə və 1 (bir) ədəd şəffaf sellofan torbada qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 18.03.2021-ci il tarixli 547 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkolji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu İcra hakimiyyəti başçısının Ləki qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 17 may 2021-ci il tarixli, 241 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu İcra hakimiyyəti başçısının Ləki qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 18 may 2021-ci il tarixli 240 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Ləki qəsəbəsi, M.Mustafayev küçəsi 22 saylı evdə yaşayır. İşin materiallarında olan AZ-İ № 185702 saylı nikah haqqında şəhadətnamədən, AZE 11181118 saylı və AA2064053 saylı şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2006-cı ildə X1 ilə nikaha daxil olmuş və birgə nikahdan 01.04.2005-ci il təvəllüdlü X2 və 25.12.2009-cu il təvəllüdlü X4 anadan olmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 22 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 12:25-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 24 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağı olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 451,45 qram çəkidə qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 manat 55 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 22.04.2021-ci il tarixdən 24.04.2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 451,45 qram narkotik maddə olan marixuana məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar