Məhkəmə qərarları › İş №1(014)-81/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-81/2023

12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-81/2023 12.06.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1975-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, H.Əliyev prospekti 21 ünvanında qeydiyyatda olan və Ağdaş rayonu, Dəhnəxəlil kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib satış məqsədi olmadan üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 35,07 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək üzərində daşımaqla saxlamış, həmin narkotik vasitə olan qurudulmuş marixuanadan 1 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 20,89 qramını əvəzsiz olaraq tanışı X2 vermiş, qalan 14,18 qram qurudulmuş marixuananı isə 1 ədəd ağ rəngli kağız bükümdə üzərində daşımaqla saxlamış, xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, Məşəd küçəsində saxlanılaraq Ağdaş RPŞ-yə gətirildikdən sonra həmin tarixdə saat 04:20-dən 04:32-dək ünvan 3 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasının Növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sağ iç cibindən 1 ədəd kağız bükümdə təmiz çəkisi 14,18 qram olan həmin narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhiəsəb xəstəliyi olmadığını, evli olduğunu, təxminən 1 həftə əvvəl Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisində yol kənarında piyada hərəkətdə olan zaman 1 ədəd ağ rəngli sintetik kisə gördüyünü, həmin kisənin içərisinə baxan zaman plastik qablar və 1 ədəd kağıza bükülmüş bitki kütləsi olmasını gördüyünü, həmin bitki kütləsinə baxan zaman qurudulmuş marixuana olmasını bildiyini, əvvəlcə kənara baxaraq heç kimin olmadığını görüb 1 ədəd kağız bükümü götürərək gödəkçəsinin cibinə qoyaraq oradan uzaqlaşıb yaşadığı evə getdiyini, yaşadığı evdə olan vaxtlarda isə tapdığı 1 ədəd içərisində “marixuana” kimi tanıdığı narkotik vasitəni gödəkçəsinin cibində evdə heç kimin bilməməsi üçün saxladığını, daha sonra həmin narkotik vasitə olan marixuanadan istifadə etdikdən sonra yenidən həmin kağız bükümdə olan narkotik vasitəni gödəkçənin cibində sonralar yenə də istifadə etmək üçün saxladığını, özü şəxsi təsərrüfatda həm heyvana həm də bağa baxdığını, xx.xx.2022-ci il tarixdə təxminən saat 03:40 radələrində Ağdaş şəhəri Qəbələ Dördyolu adlanan yerdən üzü Məşəd küçəsi istiqamətində gedəndə Ağdaş RPŞ-nin əməkdaşlarının ona yaxınlaşdıqlarını və onu polis şöbəsinə dəvət etdiklərini, Polis şöbəsinə gələndən sonra orada ona vəkil təqdim edib onun şübhəli şəxs kimi tutulduğunu, sonra üzərində Növbətçi hissədə şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı üzərindən 1 ədəd kağız bükümün aşkar olunduğunu, həmin kağız bükümün açıldıqda içərisindən yaşıl rəngli xüsusi iyə malik qurudulmuş halda narkotik vasitəyə oxşar bitki kütləsinin aşkar olunduğunu, həmin kütlənin narkotik vasitə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını, həmin bükümlərdəki narkotik vasitəni də yolun kənarından çoxdan tapdığını bildirdiyini, sonra həmin kağız bükümün elektron tərəzidə çəkildiyini, çəkisinin 17,60 qram olduğunu, həmin kağız bükümün kağız zərfə qablaşdırıldığını, bundan sonra zərfin üzərinə möhür vurulduğunu, özünün və digər iştirakçıların zərfə imza etdiklərini, şəxsi axtarışın videokamera vasitəsilə videoqeydə alındığını, sonra da protokol tərtib olunduğunu, özünün Qədir Hacıyevə narkotik vasitə olan qurudulmuş marixuananı xx.xx.2022-ci il tarixdə təxminən axşam saatlarında 1 ədəd ağ rəngli kağız bükümdə verdiyini, əvəzində heç bir şey almadığını, narkotik vasitəni Qədirə verən zaman Qədirin əlində 1 ədəd “Go” içkisi olduğunu, o da içmək üçün Qədirdən istədiyini, Qədir də həmin içkini ona verdiyini və Qədirə narkotik vasitə satmadığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Təbriz oğlu ifadəsində Ağdaş RPŞ-nin PPXB-nin manqa komandiri vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatının daxil olduğunu, həmin məlumat əsasında tərəfindən həmin tarixdə raportla rəhbərliyə məruzə olunduqdan sonra müvafiq sənədləşmə işlərinin aparıldığını, xx.xx.2022-ci il tarixdə saat 03:40 radələrində Ağdaş RPŞ-nin CAB-nin sabiq əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Tehranı Ağdaş şəhəri, Məşəd küçəsi adlanan ərazidə piyada hərəkətdə olduğunu gördükülərini, həmin zaman ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə onlara məlumat daxil olduğunu bildirdiklərini, bundan sonra Tehranı RPŞ-yə dəvət etdiklərini, Tehranın da onlarla birlikdə Ağdaş RPŞ-yə gəldiyini, RPŞ-də Tehrana dövlət hesabına müdafiəçi təyin edildiyini və onun şübhəli şəxs kimi tutulduğunu, bundan sonra müdafiəçinin də iştirakı ilə RPŞ-nin növbətçi hissəsində Tehranın üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Tehranın üzərindən 1 ədəd kağız bükümün aşkar olunduğunu, həmin kağız bükümün açıldıqda içərisindən yaşıl rəngli xüsusi iyə malik qurudulmuş halda narkotk vasitəyə oxşar bitki kütləsinin aşkar olunduğunu, Tehranın həmin kütlənin narkotik vasitə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını, həmin bükümlərdəki narkotik vasitəni də yolun kənarından çoxdan tapdığını bildirdiyini, sonra həmin kağız bükümün elektron tərəzidə çəkildiyini, çəkisinin 17,60 qram olduğunu, bundan sonra həmin kağız bükümün kağız zərfə qablaşdırıldığını, daha sonra zərfin üzərinə möhür vurulduğunu, Tehranın və digər iştirakçıların zərfə imza etdiklərini, şəxsi axtarışın videokamera vasitəsilə videoqeydə alındığını, sonra da protokol tərtib olunduğunu, həmin protokolun Tehran və digər iştirakçıların imzaladıqlarını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 Təbriz oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edən analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda Ağdaş RPŞnin əməkdaşları və müdafiəçinin iştirakı ilə Tehranın üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Tehranın əynində olan gödəkçəsinin sağ iç cibindən 1 ədəd kağız büküm aşkar edilmiş, aşkar edilmiş kağız büküm açılan zaman içərisindən yaşıl rəngli, xüsusi iyə malik qurudulmuş halda narkotik vasitəyə oxşar bitki kütləsi aşkar edilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş həmin maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və istifadə etmək üçün üzərində saxladığını bildirmiş, bundan sonra onun üzərindən aşkar olunmuş həmin narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, çəkisi 17,60 qram olmuş, sonra həmin kağız büküm zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, iştirakçılar və Tehran həmin zərfə imza etmişlər, şəxsi axtarış zamanı video çəkiliş aparılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2022-ci il tarixli, 17/831 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış zərfin içərisindəki 1 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 14,18 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 08 dekabr 2022-ci il tarixli, 1861 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə təqsirli bilinib, Ağdaş Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə əmlakı müsadirə olunmaqla 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 14 dekabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli, 2459 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev prospekti 21 ünvanında qeydiyyatda olmaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: arvadı – X1 (xx.xx.1979-cu il təvəllüdlü), oğlu – X6 (xx.xx.2005-ci il təvəllüdlü), qızı – X3 (xx.xx.2008-ci il təvəllüdlü). İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 10 noyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 04:10da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin qərar ona saat 17:10-da təqdim edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Külli miqdar (təmiz halda qramlarla) qurudulmuş marixuana aşağı həddi 500 qram (daxil olmaqla) olduqda təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 14,13 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış 5 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 manat 97 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 10 noyabr 2022-ci il tarixdən 11 noyabr 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 14,13 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 5 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar