Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-82/2022 14.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1977-ci ildə Ağdaş rayonunun Bulaqotağı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkət qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri H.Əliyev prospekti ilə Ağdaş şəhər istiqamətində 60 km/saat sürətlə hərəkətdə olan zaman, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunlara əməl etməyərək maksimum hərəkət sürəti 3.24 “Maksiumum sürət məhdudlaşdırılması” qadağan nişan ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 60 km/saat sürətlə hərəkət etdirərək, Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən Ağdaş rayon Dövlət Sosial Müdafiə Fondunun qarşısında yolu soldan sağa doğru keçmək istəyən piyada Ağdaş rayon Aral-İki kənd sakini xx.xx.1958-ci il təvəllüldü Zərərçəkmiş şəxs vuraraq ona ağır qapalı kəllə beyin travması, beynin sərt qişası altına beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə təpə nahiyəsində qansızma, təpə nahiyəsinin yarası, sağ budun yuarı 1/3-nin qapalı sınığı, sağ diz oynağının ön səthinin sıyrığı xəsarətlərini yetirmiş və sonuncu aldığı xəsarətlərlə bağlı Ağdaş RMX-yə aparılan zaman X19 avtomobilində ölmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində heç bir ruhi əsəb və.s. xəstəliyinin olmadığını, onun özünə məxsus “Hyundai Sonata” markalı 90-BS-70 dövlət qeydiyyat nişanlı avtomobilinin olduğunu, həmin avtomobili idarə etmək üçün müvafiq sənədlərinin olduğunu, xx.xx.2022-ci il tarixdə yaşadığı Ağdaş rayonunun Bulaqotağı kəndindən Ağdaş şəhərinə gəldiyini, avtomobilində tək olduğunu, Ağdaş şəhəri Beynəlxaq Bank istiqamətindən üzü bazar istiqamətinə hərəkətdə olduğunu, həmin zaman avtomobilini təxminən 60 km/saat sürətlə idarə etdiyini, DSMF-nin Ağdaş rayon şöbəsinin qarşısına çatanda qəfildən yolun sağında bir nəfər qadının dayandığını və həmin qadına yaxınlaşanda qadın yolu keçmək istədiyini gördüyünü, avtomobilin sürətini yavaşlatdığını və həmin qadına yol verdiyini, lakin sonra həmin qadın yolu keçməyə tərəddüd etdiyini, onun yoluna davam etdiyi zaman həmin qadın da yolu keçmək istədiyini, dərhal əyləci basdığını, lakin avtomobilin bir neçə metr sürüşdüyünü və onun avtomobilinin sağ qabaq tərəfi həmin qadına dəydiyini, qadının zərbədən sonra bir dəfə fırlanaraq onun avtomobilinin qabaq sağ güzgüsünə dəyib yerə yıxıldığını, bundan sonra onun avtomobilindən yerə düşdüyünü, həmin vaxt orada olan və ona kömək edən yaşlı bir kişi ilə qadını onun avtomobilinə əyləşdirib Ağdaş RMX-yə apardığını, hadisə xx.xx.2022-ci il tarixdə saat 11:30 radələrində Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən DSMF-nin Ağdaş rayon filialının qarşısında baş verdiyini, hadisənin baş verməsinə səbəb həmin qadının yolu gözləmədən keçmək istəməsi olduğunu, təhlükəni təxminən 10 metr məsafədən hiss etdiyini, hadisə vaxtı yaxınlıqda tanıdığı kiminsə olmadığını, hadisədən əvvəl spirtli içki qəbul etmədiyini, avtomobilində heç bir yükün olmadığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs hüquqi varisi X3 ifadəsində Zərərçəkmiş şəxs onun həyat yoldaşı olduğunu, xx.xx.2022-ci il tarixdə yoldaşı Həqiqətlə birlikdə Ağdaş Poçtuna getdiklərini, poçtdan çıxdıqdan sonra DSMF-nin Ağdaş Filialının qarşısına getdiklərini, həmin yerdə avtomobili yolun sağında saxladığını, həmin vaxt arvadının avtomobildən düşdüyünü və DSMF-yə girdiyini, özünün də maşınını düzəltdiyini, daha sonra arvadı Həqiqətin DSMF-dən çıxdığını və üzü ona doğru gəlməyə başladığını, özünün də həmin vaxt başını aşağı salıb avtomobilini düzəltdiyini, arvadının isə yolu keçdiyini, arvadı Həqiqətin dizlərində problemin olduğunu, ona görə də tez-tez gəzə bilmədiyini, yolu yavaşyavaş getdiyini, arvadının yolu keçərkən birdən əyləc səsi eşitdiyini, həmin vaxt dərhal yola baxdığını və Səməd Vurğun məktəbi istiqamətindən sürətlə hərəkət edən “Hyundai” markalı avtomobilin arvadı Həqiqəti yolun ortasında vurduğunu gördüyünü, zərbədən Həqiqətin qarşı tərəfə yerə yıxıldığını, avtomobilin isə bir neçə metr qarşıda dayandığını, tez Həqiqətə tərəf getdiyini və onu yerdən qaldırdığını, Həqiqətin başının arxa tərəfində xəsarətin olduğunu gördüyünü, daha sonra Həqiqəti onu vuran avtomobilin sürücüsü ilə birlikdə xəstəxanaya apardıqlarını, daha sonra onu Mingəçevir şəhərinə göndərdiklərini, yolda Həqiqətin vəfat etdiyini, hadisənin xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri H.Əliyev prospektində üzü Mədəniyyət evi istiqamətinə DSMF-nin Ağdaş rayon Filialının qarşısında baş verdiyini, həmin avtomobilin sürücüsünün avtomobili təxminən 80-90 km/saat sürətlə idarə etdiyini, həmin sürücüdə sərxoşluq hiss etmədiyini bildirmişdir. Bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını bildirmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ Yevlax RQİTBŞ tərəfindən 26 may 2015-ci ildə verilmiş AE seriyalı 217441 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 26 may 2025-ci il tarixədək qüvvədə olan “B” dərəcəli sürücülük hüququ vardır. İşin materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 21 aprel 2022ci il tarixli, 77 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə sərxoş olmamışdır. İşin materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AD seriyalı 525941 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2002-ci il, “X17” markalı, **-BS-*** dövlət qeydiyat nişanlı avtomobilin sahibi X9r. İşin materiallarında olan X13 tərəfindən verilmiş ƏN-Vİİİ № 143592 saylı etibarnamədən görünür ki, “X17” markalı, **-BS-*** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti 09 yanvar 2022-ci il tarixdən 11 iyul 2022-ci il tarixədək sürücü Təqsirləndirilən şəxs verilmişdir. İşin materiallarında olan 01 may 2022-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs əri X3 zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X15-Təcrübi Birliyinin 21 aprel 2022-ci il tarixli, 15 saylı meyitin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşkar olunan xəsarətlər - ağır qapalı kəllə beyin travması, beynin sərt qişası altına beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə təpə nahiyəsində qansızma, təpə nahiyəsinin yarası, sağ budun yuxarı 1/3-nin qapalı sınığı, sağ diz oynağının ön səthinin sıyrığı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından birlikdə sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddilər. Zərərçəkmiş şəxs ölümünə səbəb ağır qapalı kəllə beyin travması beyin sərt qişası, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar olmuşdur. Zərərçəkmiş şəxs ölümü meyitin müayinəsindən ən azı 1, ən çoxu 4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni hərəkətdə olan avtomobillə piyadanın toqquşması zamanı əmələ gələ bilərlər. İşin materiallarında olan məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin 17 iyun 2022-ci il tarixli, 8/1414 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundai markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum sürəti 3.21 “Maksimum sürətin məhdudlaşıdırılması” qadağan nişan ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 60 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. İşin materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri ümumilikdə 85 (səksən beş) manat müəyyən edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs hüquqi varisi əri X1 təqdim etdiyi ərizədən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qəsil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 06 iyul 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qəsil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 05 iyul 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonunun Qəsil kəndində yaşamaqla, ailə tərkibi anası xx.xx.1954-cü il təvəlüdlü X4, həyat yoldaşı xx.xx.1981-ci il təvəllüdlü X5, qızı xx.xx.1999-cu il təvəllüdlü X7, qızı xx.xx.2003-cü il təvəllüdlü X2 və oğlu xx.xx.2007-ci il təvəllüdlü X6 ibarətdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10- cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin İ hissəsinə əsasən üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayətin hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan baş verməsini, baş vermiş yol-nəqliyyat hadisəsində dərhal sonra zərərçəkmiş şəxsə yardım göstərərək onu xəstəxanaya çatdırmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona qarşı şikayətinin və tələbinin olmamasını, ilk dəfə və ehtiyatsızlıqdan cinayət törətməsini, himayəsində biri yetkinlik yaşına çatmamaqla 3 övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və sonuncu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 85 (səksən beş) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa getməmək haqqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-82/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-82/2022
14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver