Məhkəmə qərarları › İş №1(014)-82/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-82/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-82/2023 14.06.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 iştirakları ilə, 7 iyul 2002-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmayan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri xx xxxx 2001-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmayan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə saat 20 radələrində həmkəndlisi, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Ağdaş rayonu, Yuxarı Qəsil kəndi ərazisindən keçən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin Aran Regional filialının Ağdaş şöbəsinə məxsus, TPP50x2 tutumlu, 220 metr uzunluğunda rabitə kabelini dəhrə ilə dirəkdən kəsərək gizli yolla talayıb, "xxxx" MMC-nin Aran Regional filialının Ağdaş şöbəsinə 1228 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə saat 20 radələrində həmkəndlisi, 7 iyul 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Ağdaş rayonu, Yuxarı Qəsil kəndi ərazisindən keçən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin Aran Regional filialının Ağdaş şöbəsinə məxsus, TPP50x2 tutumlu, 220 metr uzunluğunda rabitə kabelini dəhrə ilə dirəkdən kəsərək gizli yolla talayıb, "xxxx" MMC-nin Aran Regional filialının Ağdaş şöbəsinə 1228 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində bildirmişdir ki, heç bir ruhi əsəb xəstəliyi yoxdur, hal-hazırda işsizdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində həmkəndlisi Nicatla yaşadıqları ünvan 1ində yerləşən evin yerləşdiyi küçədə söhbət etmişlər. Söhbət zamanı Nicatın ona pula ehtiyacı olduğunu, buna görə də kəndin ərazisindən keçən telefon xəttinin bir hissəsini kəsib satmaq istədiyini bildirmiş, həmçinin Nicat ona birlikdə gedərək telefon xəttlərini kəsməyi təklif etmiş, özü də Nicatla razılaşmışdır. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə saat 20-21 radələrində Ağdaş rayonu, Qəsil kənd tam orta məktəbin yaxınlığından keçən telefon xəttlərinin bir hissəsini kəsməyi qərarlaşdırmışlar, buna görə də xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində Nicatla birlikdə Qəsil kənd tam orta məktəbin yaxınlığına telefon xəttlərinin keçdiyi əraziyə getmişlər. Nicat telefon xəttlərini rahatlıqla kəsmək üçün özü ilə dəhrə gətirmişdir. Hava bir qədər qaranlıq olduğundan telefon xəttlərini kəsməyə başlamışlar. Telefon xəttləri aşağıdan keçdiyindən durduqları yerdən dəhrə ilə telefon xəttlərini kəsməyə başlamışlar. Əvvəlcə yol tərəfdən başlamış və üzü məktəbə doğru kəs-kəsə getmişlər. Təxminən 200 metr telefon kabelini kəsmişlər, daha sonra həmin kabelləri hissələrə bölmüş və ümumilikdə 4 topda olan telefon kabellərini Nicatgilə məxsus, Ağdaş rayonu Qarağan-Sədi kəndinin ərazisində yerləşən pay torpaq sahəsinə aparmışlar. Daha sonra həmin kabellərin kənardan görünməməsi üçün üzərinə kol yığmışlar. Bundan bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə təxminən saat 08 radələrində Nicatla birlikdə kabelləri gizlətdikləri yerə getmişlər. Bundan sonra həmin kabelləri orada yandırdıqları tonqalda əridərək kabelin içərisində olan mis hissəsini ayırmış və topa şəkilində un kisəsinə yığmışlar. xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində tanışları olan taksi sürücüsü Elşada zəng edərək onları Mingəçevir şəhərinə apara bilib-bilməyəcəyini soruşmuşlar. Elşad da ona apara biləcəyini və ondan 25 manat pul alacağını bildirmişdir. Bundan sonra isə təxminən 10-15 dəqiqə sonra Nicat da Elşada zəng edərək harada olduğunu soruşmuş, təxminən 1 saat sonra Elşad onların olduqları yerə gəlmişdir. Un kisəsinə yığdıqları misi Elşada məxsus avtomobilin yük yerinə qoymuşlar. Elşad onlardan un kisəsində olan misi haradan əldə etdiklərini soruşduqda Elşada həmin misin özlərinə məxsus olduğunu bildirmişlər. Daha sonra Mingəçevir şəhərinə misi orada satmaq üçün getmişlər. Mingəçevir şəhərində metal qəbul edən şəxsləri maraqlanmış və əvvəllər tanımadıqları Rövşən adlı şəxsin metal qəbul etdiyi yerə getmişlər. Həmin şəxsə özlərinə məxsus satmaq üçün gətirdikləri misin olmasını bildirdiklərində Rövşən onlara misin kiloqramını 10 manata aldığını bildirmiş və onunla razılaşmışlar. Daha sonra satmaq üçün gətirdikləri mis tərəzidə çəkilmiş və çəkisi 25 kiloqram olmuşdur. Rövşən onlara 250 manat pul vermiş, həmin puldan taksiyə 25 manat vermişlər. Qalan puldan 100 manat ona, 125 manat isə Nicata qalmışdır. Daha sonra yaşadıqları evə qayıtmışlar. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində həmkəndlisi Nicatla birlikdə Ağdaş rayonu Qəsil kənd tam orta məktəbin yaxınlığından keçən telefon xəttinin 200 metrlik kabelini kəsərək oğurlamışlar. Nicatla birlikdə kəsərək oğurladıqları telefon xəttlərinin kabellərini xx.xx.2023-cü il tarixdə əritmiş və mis hissəsini xx.xx.2023-cü il tarixdə Nicatla birlikdə Mingəçevir şəhərində metal qəbul edən və əvvəllər tanımadıqları Rövşən adlı şəxsə 250 manata satmışlar. Kabelləri əridərək əldə etdikləri misi satdıqları şəxs həmin misin oğurluq olmasını bilməmişdir. Başqa heç bir yerdə heç bir cinayət hadisəsi törətmədiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində bildirmişdir ki, heç bir ruhi əsəb xəstəliyi yoxdur, hal-hazırda işsizdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində həmkəndlisi Elcanla yaşadıqları ünvan 1ində yerləşən evin yerləşdiyi küçədə söhbət etdikləri zaman pula ehtiyacı olduqlarından kəndin ərazisindən keçən telefon xəttinin bir hissəsini kəsib satmaq qərarına gəlmişlər. Həmçinin Elcan ona birlikdə gedərək telefon xəttlərini kəsməyi təklif etmiş, özü də Elcanla razılaşmış və elə həmin vaxt səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə saat 20-21 radələrində Ağdaş rayonu, Qəsil kənd tam orta məktəbin yaxınlığından keçən telefon xəttlərinin bir hissəsini kəsməyi qərarlaşdırmışlar. Buna görə də xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində Elcanla birlikdə Qəsil kənd tam orta məktəbin yaxınlığına telefon xəttlərinin keçdiyi əraziyə getmişlər. Həmin vaxt telefon xəttlərini rahatlıqla kəsmək üçün özü ilə dəhrə gətirmişdir. Hava bir qədər qaranlıq olduğundan telefon xəttlərini kəsməyə başlamışlar. Telefon xəttləri aşağıdan keçdiyindən durduqları yerdən dəhrə ilə telefon xəttlərini kəsməyə başlamışlar. Əvvəlcə yol tərəfdən başlamış və üzü məktəbə doğru kəs-kəsə getmişlər. Təxminən 200 metr telefon kabelini kəsmişlər, daha sonra həmin kabelləri hissələrə bölmüş və ümumilikdə 4 topda olan telefon kabellərini özlərinə məxsus, Ağdaş rayonu Qarağan-Sədi kəndinin ərazisində yerləşən pay torpaq sahəsinə aparmışlar. Daha sonra həmin kabellərin kənardan görünməməsi üçün üzərinə kol yığmışlar. Bundan bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə təxminən saat 08 radələrində Nicatla birlikdə kabelləri gizlətdikləri yerə getmişlər və bundan sonra həmin kabelləri orada yandırdıqları tonqalda əridərək kabelin içərisində olan mis hissəsini ayırmış və topa şəkilində un kisəsinə yığmışlar. xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində tanışları olan taksi sürücüsü Elşada zəng edərək onları Mingəçevir şəhərə apara bilib-bilməyəcəyini soruşmuş, Elşad da ona apara biləcəyini və ondan 25 manat pul alacağını bildirmişdir. Bundan sonra isə təxminən 10-15 dəqiqə sonra Elşada zəng edərək harada olduğunu soruşmuş, təxminən 1 saat sonra Elşad onların olduqları yerə gəlmişdir. Un kisəsinə yığdıqları misi Elşada məxsus avtomobilin yük yerinə qoymuşlar. Elşad onlardan un kisəsində olan misi haradan əldə etdiyini soruşduqda Elşada həmin misin özlərinə məxsus olduğunu bildirmişlər. Daha sonra Mingəçevir şəhərinə misi orada satmaq üçün getmişlər. Mingəçevir şəhərində metal qəbul edən şəxsləri marqlanmışlar və əvvəllər tanımadıqları Rövşən adlı şəxsin metal qəbul etdiyi yerə getmişlər. Həmin şəxsə özlərinə məxsus satmaq üçün gətirdikləri misin olmasını bildirdikdən sonra Rövşən onlara misin kiloqramını 10 manata aldığını bildirmiş və onunla razılaşmışlar. Daha sonra satmaq üçün gətirdikləri mis tərəzidə çəkilmiş və çəkisi 25 kiloqram olmuşdur. Rövşən onlara 250 manat pul vermiş, həmin puldan taksiyə 25 manat vermişlər, qalan puldan 100 manat Elcana, 125 manat isə özünə qalmışdır. Daha sonra yaşadıqları evə qayıtmışlar. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Elcanla birlikdə Ağdaş rayonu Qəsil kənd tam orta məktəbin yaxınlığından keçən telefon xəttinin 200 metrlik kabelini kəsərək oğurlamışlar. Elcanla birlikdə kəsərək oğurladıqları telefon xəttlərinin kabellərini xx.xx.2023-cü il tarixdə əritmiş və mis hissəsini xx.xx.2023-cü il tarixdə Elcanla birlikdə Mingəçevir şəhərində metal qəbul edən və əvvəllər tanımadıqları Rövşən adlı şəxsə 250 manata satmışlar. Kabelləri əridərək əldə etdikləri misi satdıqları şəxs həmin misin oğurluq olmasını bilməmişdir. Başqa heç bir yerdə heç bir cinayət hadisəsi törətmədiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda zərərçəkmiş hüquqi şəsxin nümayəndəsi qismində verdiyi ifadəsi elan edilib tədqiq edilən zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs "xxxx" MMC-nin Hüquq Departamentinin Hüquq mübahisələrinin tənzimlənməsi şöbəsinin aparıcı hüquqşünası vəzifəsində işlədiyini, cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə verilmiş etibarnaməyə əsasən “Aztelekom MMC”-nin adından nümayəndə kimi çıxış etmək üçün göndərildiyini, xx.xx.2023-cü il tarixdə X2 MMC-yə həmin tarixdə xidməti ərazidən, yəni Ağdaş rayonu, Yuxarı Qəsil kəndindən abonentlər telefon xəttlərinin işləməməsi barədə müraciət etmələri barədə məlumat daxil olduğunu və bundan sonra işçi qrupu əraziyə baxış keçirdiyini, Yuxarı Qəsil kəndi ərazisində olan məktəbin ərazisindən və kənar ərazidən dirəklərdən TPP 50x2 tutumlu, 220 metr, smeta dəyəri 1228 manat olan rabitə kabelinin kəsilərək oğurlanmasının məlum olduğunu, bundan sonra müvafiq sənədlərşdirmə işləri aparılmış və məktub tərtib edilərək Ağdaş RPŞ-yə göndərildiyini, Yuxarı Qəsil kəndi ərazisində olan məktəbin ərazisindən və kənar ərazidən dirəklərdən TPP 50x2 tutumlu, 220 metr, smeta dəyəri 1228 manat olan rabitə kabeli oğurlandığını bildirmişdir. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsini müvəqqəti icra edən Elçin Niyazov tərəfindən, həmçinin "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədə göstərilmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən "xxxx" MMC-yə dəymiş ziyan tam ödənilmişdir. Hazırda hər iki təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirirək onlara yüngül cəza verilməsini xahiş etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, "xxxx" MMC-nin Aran RF-nin XİQ-nun şöbə rəisi, telekom müdiri vəzifəsində işləyir. xx.xx.2023cü il tarixdə xidməti ərazidən, yəni Ağdaş rayonu, Yuxarı Qəsil kəndindən abonentləri telefon xəttlərinin işləməməsi barədə müraciət etmişlər. Bundan sonra özü və işçi qrupu əraziyə baxış keçirmişlər və Yuxarı Qəsil kəndi ərazisində olan məktəbin ərazisindən və kənar ərazidən dirəklərdən TPP 50x2 tutumlu, 220 metr, smeta dəyəri 1228 manat olan rabitə kabelinin kəsilərək oğurlanması məlum olmuşdur. Bundan sonra müvafiq sənədlərşdirmə işləri aparılmış və bu barədə məktub tərtib edilərək Ağdaş RPŞ-yə göndərilmiş və sonra özü RPŞ-yə ərizə ilə müraciət etmiş, əlavə olaraq "xxxx" MMC-yə də məlumat verilmişdir. Onlar isə nümayəndə kimi hüquqşünasın göndəriləcəyini bildirmişlər. Yuxarı Qəsil kəndi ərazisində olan məktəbin ərazisindən və kənar ərazidən dirəklərdən TPP 50x2 tutumlu, 220 metr, smeta dəyəri 1228 manat olan rabitə kabeli oğurlandığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, ifadəsində özünə məxsus olan “VAZ 21011” markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun həmkəndliləridir. Onlara hər hansı düşmənçilik və ədavəti yoxdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində Elcan ona mobil telefonla zəng edərək “Məni Mingəçevir şəhərinə apara bilərsən?” deyə soruşmuş, özü isə yol haqqının 25 manat olacağını ona bildirmişdir. Bundan sonra razılaşmışlar, lakin ona təxminən 1 saata boş olacağını bildirmişdir. Təxminən 1 saat sonra yenidən Elcana zəng etmiş və onun kənd ərazisində dediyi yerə getmişdir. Avtomobildən düşmüş, həmin yerdə Elcanla birlikdə Nicat da olmuşdur. Onlar əlində olan un kisəsini avtomobilin yük hissəsinə (baqajına) qoymuşlar. Həmin vaxt kisənin içində mis olmasını görmüş və həmin misi hardan əldə etmələrini soruşmuşdur. Onların isə misin özlərinə məxsus olmasını demişlər. Daha sonra hərəkətə başlamış və Mingəçevir şəhərinə getmişlər. Onlar yolda telefonla danışaraq metal qəbulu yeri axtarmış və sonda bir metal qəbulu sexinə getmişlər. Avtomobili sexin qarşısına sürmüş, Elcanla Nicat avtomobildən düşərək un kisəsini götürüb aparmışlar, özü də onlarla birlikdə getmişdir. Onlar misi satdıqdan sonra onları gətirib yaşadıqları kəndə düşürmüşdür. Aavtomobilində daşıdığı misin oğurluq olmasından, yəni Elcanla Nicatın həmin misi kənd ərazisində olan kabelləri oğurlayaraq əridib satdığından xəbərdar deyildir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Mingəçevir şəhərində tanışı X1 metal qəbulu məntəqəsi var və həmin məntəqəni ona tapşırmışdır. Həmin məntəqəni özü işlədir. xx.xx.2023-cü il tarixdə təxminən saat 16-17 radələri arasında VAZ 21011 markalı avtomobillə tanımadığı 2 şəxs və 1 avtomobili idarə edən şəxsin məntəqəyə gəlmiş, 2 nəfər şəxs mislərinin olduğunu bildirmiş, özü də mis metalının kilosunu 10 manata götürdüyünü demişdir. Həmin şəxslər 01 ədəd kisənin içərisində yandırılmış halda mis metalını təqdim etdiklərində onlardan misi hardan əldə etmələrini soruşmuş, onlar da ona misin öz həyətlərinin olduğunu, heç bir narahatçılıq olmadığını demişdir. Bundan sonra onlardan şəxsiyyət vəsiqələrini tələb etmiş, onlar isə vəsiqələrinin üstlərində olmadığını demişlər. Özü də onların gəldiyi avtomoilin qeydiyyat nömrəsini, yəni **-SO-***-ni qeyd etmiş, sonra misi tərəzidə çəkmiş və çəkisi 25.5 kq olmuşdur. Onlara 255 manat pul vermişdir. Həmin şəxslərdən əlavə olaraq hardan gəlmələrini soruşmuş, onlar da Ağdaş rayonundan gəldiklərini demişlər. Onlardan misi hansı səbəbə Ağdaş rayonunda deyil Mingəçevir şəhərində satmalarını soruşduqda onların həmin yerdə misin ucuz qiymətə alındığını demişdir. Sonra onlar çıxıb getmişlər. Bundan başqa aldığı mis barədə dəftərçədə də qeydiyyat aparmış və həmin dəftərçənin kseroserətini isə təqdim etdiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qarağan-Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qarağan Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-32-12/2-162/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2002-ci ildə anadan olub, hal-hazırda ünvan 2i ünvanında yaşayır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qarağan-Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qarağan Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-32-12/2-163/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2001-ci ildə anadan olub, hal-hazırda ünvan 2i ünvanında yaşayır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 18:25də Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 30 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 17:00da Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Ağdaş rayon Mərkəzi xəstəxanası tərəfindən verilmiş 21 fevral 2023-cü il tarixli, PHŞ-6-22/2-260/2023 saylı arayışdan görünür ki, ünvan 1ində yaşayan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 “Ağdaş rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyillər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri məhkəmə istintaqı zamanı verdikləri ifadələri, habelə zərərçəkmiş hüquqi şəxsin və şahidlərin ifadələri ilə tamamilə sübuta yetirilir. Onların törətdikləri cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən həm də əməlin ictimai təhlükəliliyini müzakirə edərək nəzərə alır ki, baş vermiş hadisə nəticəsində kəndin rabitə xətti sıradan çıxmış, sakinlər xeyli müddət rabitə xidmətlərindən, o cümlədən təcili tibbi yardım, fövqəladə hallar və s. dövlət orqanlarına telefon vasitəsilə təcili xarakterli müraciətlər etmək imkanlarından məhrum olmuşlar. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs1 28 yanvar 2023-cü il tarixdən 30 yanvar 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin müddətinin əvvəli, 14 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs2 30 yanvar 2023-cü il tarixdən 01 fevral 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin müddətinin əvvəli, 14 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd kisənin içərisində olan yandırılmış vəziyyətdə rabitə kabeli "xxxx" MMC-nin Aran regional filialına qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla cəmi 2 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 14 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla cəmi 2 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 14 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Ağdaş rayon Polis şöbəsində saxlanılan 1 ədəd kisənin içərisində olan yandırılmış vəziyyətdə rabitə kabeli "xxxx" MMC-nin Aran regional filialına qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar