Məhkəmə qərarları › İş №1(014)-82/2025

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-82/2025

17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-82/2025 17.02.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X1 üzrə Şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas, Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, hazırda məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, ümumi təmiz çəkisi 0,610 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, C.Hacıyev küçəsində saxlanıldıqdan sonra həmin tarixdə saat 04:55-dən saat 05:07-dək üstü yoxlanılan zaman əynində olan boz şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,610 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaqda verdiyi ifadəsini polis əməkdaşlarının təsiri və təzyiqi ilə vermişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə gecə saat 01-02 radələrində Ağdaş rayonunda “Bazarın qarşısı” deyilən yerdə ona 2 nəfər, sonradan polis olduqlarını bildiyi şəxslər yaxınlaşaraq avtomobilə mindirmiş, səhər saatlarına qədər onu avtomobildə saxlamış, üzərində narkotik vasitə saxlamasını etiraf etməsini və narkotik vasitəni üzərinə qoymasını tələb etmiş, lakin o, əvvəl razılaşmasa da səhər saatlarında artıq buna razılıq vermiş, bir nəfər tanımadığı şəxs onun üzrərinə içərisində bilmədiyi nəsə olan bükümü qoymuşdur. Sonradan polis əməkdaşlarının təzyiqləri olduğu üçün üzərinə külli miqdar qoyulmasından ehtiyat edərək az miqdarda olan bükümü etiraf etmişdir. Lakin, həmin maddələr ona məxsus olmamışdır. Daha sonra çəkiliş aparılmış və həmin maddələrin guya özünə məxsus olduğunu etiraf etmişdir. İbtidai istintaq zamanı polislərin təzyiqi ilə etiraf etməsi və ya ona təsirlər göstərilməsi ilə bağlı heç bir dövlət orqanına və prokurorluğa müraciət etməmiş, müdafiəçisinə bu barədə heç bir məlumat verməmişdir. İfadələrində ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı əməli etiraf etmiş, elan edilmiş ittihamla özünü təqsirli bilərək qeyd etmişdir ki, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş, həmin vaxtdan sonra narkotik vasitələrdən istifadə etməmiş, lakin tutulduğu vaxtdan əvvəl təxminən 5-6 aydır ki, yenidən narkotik vasitələrdən ara-sıra istifadə etməyə başlamışdır. xx.xx.2025-ci il tarixdə yaşadığı Ağdaş şəhəri, Ş.Şamil küçəsində hərəkətdə olan zaman yerdən bir ədəd siqaret qutusu tapmış, həmin qutunun içərisində siqaret dənəciklərinin olub-olmadığını yoxlamaq üçün yerdən götürüb içərisinə baxmış, həmin vaxt qutunun içərisindən bir ədəd sellofan bükümün içərisində narkotik vasitə kimi tanıdığı “kakos" olduğunu görmüşdür. Siqaret qutusunu yerə atıb sellofan bükümü isə gələcəkdə istifadə etməyi üçün üzərində saxlayıb işə getmişdir. Həmin gün evə qayıtdıqdan sonra həmin narkotik vasitədədən istifadə etmək istəmiş, buna görə də hamı yatdıqdan sonra xx.xx.2025-ci il tarixdə saat 04 radələrində yaşadığı evdən çıxıb şəhər istiqamətində getmişdir. Ağdaş şəhəri, C.Hacıyev küçəsində olan zaman üç nəfər polis əməkdaşı videoçəkilişlə ona yaxınlaşıb üzərində narkotik vasitə olmasında və istifadə etməyində şübhəli olduğunu bildirib üstünü yoxlayacaqlarını bildirmişlər. Ona üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd mobil telefonu, sağ yan cibindən isə şəxsi istifadə etmək üçün üzərində saxladığın içərisində narkotik vasitə olan sellofan bükümü təqdim etmişdir. Polis əməkdaşları ondan həmin sellofan bükümün içərisində nə olduğu soruşmuş, o “kakos” olduğunu bildirmişdir. Bundan sonra həmin sellofan büküm polis əməkdaşı tərəfindən açılmış, içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə olması müəyyən edilmişdir.Tutulduğu vaxt həyəcanlı olduğu üçün həmin narkotik vasitəni bir gün əvvəl Bakı şəhərində tanımadığı şəxsədn aldığını bildirmişdir. Polis əməkdaşları ondan həmin narkotik vasitədən başqa şəxslərə satıb-satmadığını, eləcə də pay verib-vermədiyini soruşmuş, o həmin narkotik vasitədən hər hansı şəxsə satmadığını və pay vermədiyini, onu şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra polis əməkdaşı tərəfindən həmin sellofan bükümün içərisindəki narkotik vasitə elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisi 0.71 qram olmuşdur. Bundan sonra həmin kütlə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanmış, daha sonra isə möhürlənərək polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra polis əməkdaşı tərəfindən onun üstü yoxlanılmış, lakin üzərində yuxarda aşkar olunanlardan başqa hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Polis əməkdaşları baxışı yekunlaşdırdıqdan sonra onu polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra seçdiyi müdafiəçi ilə təmin olunmuş, bundan sonra videoçəkiliş vasitəsi ilə maddi sübutların təhvil-təslimi həyata keçirilmişdir. Təhqiqatçı tərəfindən ona təqdim olunmuş kağız zərf açılaraq təkrar olaraq baxış keçirilmişdir. Bundan sonra müdafiəçisi Müdafiəçi ondan müdafiəçi kimi təqdim edildikdən sonra onunla təklikdə qalıb konfidensial söhbət aparıb-aparmadığını soruşmuş, o da Müdafiəçi onunla təklikdə söhbət apardığını təsdiqləmişdir. Daha sonra təhqiqatçı ondan üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin ona məxsus olub-olmadığını, həmin kütləni hansı məqsədlə üzərində saxladığıı soruşmuş, o bir daha həmin kütlənin özünə məxsus olduğunu və onu istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin NMQ-un əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib daşıyaraq üzərində saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixdə Ağdaş RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Şahid2 və Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 oğlu ilə birlikdə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs həmin tarixdə, saat 04:55-də Ağdaş şəhəri, C.Hacıyev küçəsində saxlanılmış, əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd mobil telefonu, sağ yan cibindən isə şəxsi istifadəsi üçün üzərində saxladığı, içərisində narkotik vasitə olan sellofan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs sellofan bükümün içərisində “kakos” olduğunu, həmin kütləni bir gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən aldığını, kütlədən hər hansı şəxsə satmadığını və pay vermədiyini, onu şəxsi istifadəsi üçün üzərində saxladığını, təxminən 5-6 ay əvvəldən narkotik vasitə istifadə etməyə başladığını bildirmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılması və RPŞ-yə gətirilən zaman hər hansı bir zor və güc tətbiq edilməmişdir. Məhkəmənin suallarına cavab olaraq, Şahid1, Təqsirləndirilən şəxs göstərdiklərinin yalan olduğunu, onun barəsində mötəbər mənbədən əməliyyat məlumatı daxil olduğunu, üzərində aşkar edilmiş maddənin ona məxsus olduğunu, heç bir polis əməkdaşının Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoymadığını, ona qarşı zorakılıq etmədiyini, bunun məsuliyyətdən yayınma cəhdi olduğunu qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nin manqa komandiri Şahid2 və Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Cinayət işi başlamaq və icraata qəbul etmək” haqqında qərardan görünür ki, fakta görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. - xx.xx.2025-ci il tarixli “cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 05:45-də Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli saxlanılaraq azadlığının məhdudlaşdırıldığı vaxtdan, saat 04:55-dən hesablanmışdır. - xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. - xx.xx.2025-ci il tarixli “qətimkan tədbiri seçilməsi və MSY-dən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və həmin gün saat 15:00-da saxlanıldığı Ağdaş RPŞ-nin MSY-dən azad edilmişdir. - xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 04:55-də Ağdaş şəhəri, C.Hacıyev küçəsində saxlanılmış, əynində olan boz rəngli şalvarın sağ yan cibindən şəxsi istifadəsi üçün üzərində saxladığı içərisində narkotik vasitə olan sellofan bükümü təqdim etmiş, büküm polis əməkdaşları tərəfindən açılmış, içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə olması müəyyən edilmiş, elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisi 0.71 qram olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş bükümün içərisində “kakos” olduğunu, həmin kütləni bir gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən aldığını, kütlədən hər hansı şəxsə satmadığını və pay vermədiyini, onu şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Protokola görüntüləri əks etdirən DVD-R disk əlavə edilmişdir. - xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı aşkar edilməklə götürülmüş, 01 ədəd sellofan bükümə yenidən baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki kütlənin özünə məxsus olduğunu, istifadə etmək məqsədilə üzərində saxladığını və onu 1 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Protokola görüntüləri əks etdirən DVD- R disk əlavə edilmişdir. - xx.xx.2025-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində iş üzrə əhəmiyyət kəsb edən başqa hər hansı əşya və predmet aşkar olunmamışdır. Protokola görüntüləri əks etdirən DVD-R disk əlavə edilmişdir. - xx.xx.2025-ci il tarixli, 17/555 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş selleofan büküm." yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-0,610 qram olan maddə kustar üsulla hazıranmış narkotik vasitə- heroindir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 69,10 manat (altmış doqquz manat on qəpik) təşkil edir. - xx.xx.2025-ci il tarixli, 370 nömrəli məhkəmə-tibb ekspertinin rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xx.xx.2025-ci il tarixinə uyğun xəsarət izləri aşkar edilməmişdir. - xx.xx.2025-ci il tarixli, 1237 nömrəli məhkəmə-narkoloji ekspertinin rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Natkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Halhazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməsi məsləhət görülür. - xx.xx.2025-ci il tarixli “maddi sübutun tanınması və təhvil verilməsi haqqında” qərardan görünür ki, iş üzrə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 0,560 qram qalığı maddi sübut kimi tanınmaqla saxlanması üçün Ağdaş RPŞnin maddi sübutları saxlama otağına təhvil verilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdə Qazax Hərbi Məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin 350.1-ci maddəsilə N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə 03 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 02 il sınaq müddəti təyin edilməklə cəzası şərti tətbiq edilmiş, xx.xx.2021-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə barəsində amnistiya aktı tətbiq edilməklə cəzasının çəkilməmiş qalan hissəsindən azad olunmuşdur, məhkumluğu ödənilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2022-ci il tarixli, 17/32-946 nömrəli məktubundan görünür ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(014)-55/2021 saylı hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Şakir oğlu “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan olunması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.4-cü bəndinə əsasən 17 saylı cəzaçəkmə müəssisəsinin amnistiya aktının tətbiq edilməsi barədə qərarı ilə xx.xx.2021-ci il tarixdə cəzasının çəkilməmiş qalan hissəsindən azad olunmuşdur. - xx.xx.2025-ci il tarixli, “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində “Eroin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu" diaqnozu ilə narkoloji qeydiyyatdadır. - xx.xx.2025-ci il tarixli, Ağdaş RİHB-nin Ağdaş Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi, elan edilmiş ittihamla özünü təqsirli bilməməsi, narkotik vasitə olan heroinin ona məxsus olmaması və həmin maddənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə ifadəsini qeyri-səmimi hesab edərək, cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirir və iş materiallarında olan, bir-birini tamamlayan, mötəbər və kifayət qədər əsaslı olan aşağıdakı sübutların məcmusu ilə təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində üzərində aşkar edilən “kokos” kimi adlandırdığı, narkotik vasitə-heroinin ona məxsus olduğunu, şəxsi istifadəsi üçün saxladığını etiraf etmişdir. Məhkəmə iclasında dindirilmiş 3 nəfər şahid ifadə verərək Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra üzərindən narkotik vasitə-heroinin aşkar edildiyini təsdiq edərək, sonuncuya hər hansı təzyiq və ya qanunsuz hərəkətə yol verilmədiyini qəti şəkildə təsdiq etmişlər. Bundan başqa məhkəmədə tədqiq edilmiş, Təqsirləndirilən şəxs üzərinin yoxlanması və baxış protokolları, habelə həmin hərəkətlərin gedişini əks etdirən videogörüntülər təqsirləndirilən şəxsin məhkəmədəki ifadələrini tamamilə təkzib edir. Belə ki, videogörüntülərdən aydın şəkildə görünür ki, Təqsirləndirilən şəxs heç bir məcburiyyət olmadan, könüllü şəkildə cibindəki bükümü çıxararaq polis əməkdaşlarına təqdim edir. Həmçinin, polis idarəsində müdafiəçinin iştirakı ilə aparılan baxış zamanı o, yenidən maddənin ona məxsus olduğunu təsdiqləyir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən, sübutların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Təqsirləndirilən şəxs məhkəmədə polis əməkdaşları tərəfindən ona qarşı təzyiq göstərilməsi barədə iddia irəli sürsə də, bu iddiasını təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. İbtidai istintaq zamanı və ya dərhal sonra o, bu barədə heç bir səlahiyyətli orqana və ya öz müdafiəçisinə müraciət etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 26-cı bəndinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarına əsasən, pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir və məhkəmə bu iddiaları qiymətləndirərkən “əsaslı şübhədən kənar” sübut standartını tətbiq etməlidir. Qeyd olunur ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Hazırkı işdə təqsirləndirilən şəxsin iddiası bu standartın tələblərinə cavab vermir və məhkəmə tərəfindən məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirilir. Bununla da təqsirləndirilən şəxsin ibtidai istintaqdakı etirafedici ifadələri, şahid ifadələri, maddi sübutlar, baxış protokolları və videogörüntülər, habelə ekspertiza rəyləri bir-biri ilə tam uyğunluq təşkil edərək, məhkəmədə Təqsirləndirilən şəxs cinayət əməlini törətməsinə dair heç bir ağlabatan şübhəyə yer qoymayan mötəbər sübutlar məcmusunu yaradır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005 ci il tarixli Qanununa əsasən narkotik vasitə-heroinin 0,15 qramdan artıq miqdarı xeyli miqdar hesab olunur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilən əməl– satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə-heroini əldə etmə, saxlama və daşıma cəmiyyətin sağlamlığı və mənəviyyatı üçün ciddi təhlükə yaradan əməllər sırasına daxil olmaqla obyekt olaraq ictimai təhlükəsizliyə qəsd dən cinayət əməlidir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi fərdlərin həyatını və sağlamlığını təhdid etməklə yanaşı, cinayətkarlığın artmasına və sosial problemlərin dərinləşməsinə də zəmin yaradır. Təqsirləndirilən şəxsin şəxsiyyəti araşdırılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs daha əvvəllər qəsdən cinayət törətməyə görə 3 dəfə məhkum olunmuş, həmin cəzalardan ikisi azadlıqdan məhrumetmə növündə cəza olmaqla, onlardan biri şərti tətbiq edilmiş, digər cəzanın da çəkilməmiş qalan hissəsindən azad edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını əsaslı və qanuni hesab edir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablandığını nəzərə alaraq, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 04:55dən xx.xx.2025-ci il tarixdə saat 15:00-dək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2026-cı il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməklə onun haqqında “həbs” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclası zalından həbsə alınaraq həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkdiyini, lakin məcburi müalicəyə ehtiyacının olmadığını nəzərə alaraq hesab edir ki, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut qismində tanınmaqla Ağdaş Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 0,560 qram olan narkotik vasitə heroin məhv edilməli, iş materiallarına əlavə edilmiş cəmi 04 (dörd) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə xərci qismində ekspertiza tədqiqatının 69,10 manat (altmış doqquz manat on qəpik) məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardıma görə pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabından Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 384- cü maddələrini rəhbər tutub, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cazasından çıxılaraq, üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli xx.xx.2026-cı il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, onun haqqında “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalından həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınmaqla Ağdaş Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 0,560 qram olan narkotik vasitə heroin məhv edilsin. İş materiallarına əlavə edilmiş cəmi 04 (dörd) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə xərci qismində ekspertiza tədqiqatının 69,10 manat (altmış doqquz manat on qəpik) məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən cəmi 19 saat hüquqi yardıma görə 209 manat miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabından Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, (həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar