Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-83/2023 12.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə xx xxxxxx 1988-ci ildə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-83/2023 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117,00 manat sabit pul məbləğində alimentin tutularaq Aslanova (Nəbiyeva) Şəbnəm Sahib qızına verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(060)-12983/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(014)-354/2021 nömrəli qərarı ilə iyirimi gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2021-ci il və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixinədək cəmi 8275,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Aslanova (Nəbiyeva) Şəbnəm Sahib qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində Aslanova (Nəbiyeva) Şəbnəm Sahib qızı ilə rəsmi evləndiklərini, münasibətlərindən xx.xx.2015-ci il təvəllüdlü X4 adında övladlarının doğulduğunu, daha sonra Aslanova (Nəbiyeva) Şəbnəm Sahib qızı ilə yola getmədiklərindən ayrılmaq qərarına gəldiklərini və övladının anası Şəbnəmlə birlikdə yaşadığını, ayrılandan sonra Zərərçəkmiş şəxs (Nəbiyeva) uşağın saxlanılması ilə əlaqədər ona maddi kömaklik göstərilmədiyini və uşağı tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırdığını, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12983/2016 nömrəli, xx.xx.2016cı il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117,00 manat sabit pul məbləğində alimentin tutularaq Aslanova (Nəbiyeva) Şəbnəm Sahib qızına verilməsinin qət edildiyini, qətnamə qanuni qüvvəsini aldıqdan sonra qeydiyyatda olduğu yer üzrə Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərildiyini, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildiyini, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verildiyini, dəfələrlə xəbərdarlıq edildiyini, izahatlarının alınaraq məsuliyyətinin izah edildiyini, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(014)-354/2021 nömrəli qərarı ilə iyirimi gün müddətinə inzibati qaydada həbs edildiyini, bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək cinayət məsuliyyəti barədə xəbərdarlıq edildiyini, aparılmış bütün icra tədbirlərinə baxmayaraq maddi imkanı kifayət qədər olmadığından ödəməli olduğu aylıq alimenti vaxtı-vaxtında ödəmədiyindən təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək 8275,00 manat aliment borcu yarandığını, bu müddət ərzində, yəni səkkiz il ərzində ayrı ayrı vaxtlarda atası tərəfindən cəmi 500,00 manat alimentin ödənildiyini, özünü təqsirli bildiyini, övladına baxmalı olduğunu dərk etdiyini, sadəcə qeyd edilən qətnamədə aylıq aliment məbləğinin çox olduğundan qətnamə ilə razı olmadığını, amma alimentin azaldılması ilə bağlı məhkəməyə müraciət etmədiyini, fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu, yəni fəhlə işlədiyini, günlük 15,00-17,00 manat əmək haqqı ödənildiyini, işlədiyinə görə məşğulluq mərkəzinə müraciət etmədiyini, əməlindən peşman olmadığını, hazırda barəsində başqa cinayət işi də olduğu üçün ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan edilib tədqiq edilən Aslanova (Nəbiyeva) Şəbnəm Sahib qızı ifadəsində Təqsirləndirilən şəxs ilə rəsmi qaydada evləndiyini, el-adəti ilə toy elədiklərini və Sumqayıt şəhərində kirayədə yaşadıqlarını, münasibətlərindən xx.xx.2015-ci il təvəllüdlü X4 adında övladlarının doğulduğunu, birlikdə yaşadıqları müddətlərdə Təqsirləndirilən şəxslə yola getmədiklərindən ayrılmaq qərarına gəldiyini və həmin vaxtdan da övladı ilə birlikdə yaşadığını, ayrılandan sonra Təqsirləndirilən şəxs uşağın saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərmədiyini, uşağı tək başına saxlaya bilmədiyindən ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırdığını, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12983/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinin qət edildiyini, qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərildiyini, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildiyini, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verildiyini, dəfələrlə xəbərdarlıq edildiyini, izahatları alınaraq məsuliyyəti izah edildiyini, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(014)-354/2021 nömrəli qərarı ilə iyirimi gün müddətinə inzibati qaydada həbs edildiyini, bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək cinayət məsuliyyəti barədə xəbərdarlıq edildiyini, aparılmış bütün icra tədbirlərinə baxmayaraq işləməsinə və yetərli qədər pul qazanmasına baxmayaraq Təqsirləndirilən şəxs ödəməli olduğu aylıq alimenti vaxtı-vaxtında ödəmədiyindən təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək 8275,00 manat aliment borcunun yarandığını, bu müddət ərzində aylıq alimenti ödəməməklə yanaşı uşaqla maraqlanmadığını, maddi bir yana, mənəvi köməkliyinin olmadığını bildirmiş, qeyd edilən ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid2 Niyazı oğlu ifadəsində Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12983/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay 117,00 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməli olduğunu, göstərilən icra vərəqəsinin xx.xx.2016-ci il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduğunu və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi rəhbər tutularaq xx.xx.2016-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edildiyini və tərəflərə göndərildiyini, bildirişin borcluya təqdim edildiyini, borclu Təqsirləndirilən şəxs bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etmədiyini, icra sənədinin məcburi icrası üçün görülən tədbirlərin nəticə vermədiyini, borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunaraq, ondan icra sənədinin icrasını təmin etmək məqsədi ilə İcra və Probasiya şöbəsinə gəlməsinin tələb olunduğunu, Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən barəsində xx.xx.2017-ci il tarixdə 731226 saylı axtarış işi açılmış borclu Təqsirləndirilən şəxs saxlanılaraq Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinə təhvil verildiyini, onun icra şöbəsində izahatının alındığını, borclunun icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin 3(014)-354/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək iyirmi gün müddətinə inzibati həbslə tənbeh edildiyini, inzibati tənbehdən sonra ona məsuliyyəti elan olunmaqla tələbi icra etməsi üçün ona yeni müddət verilsə də borclunun tələbi icra etmədiyini, tələbi icra etmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadına əsasən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırıldığını, borclu Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12983/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə tələbkar Aslanova (Nəbiyeva) Şəbnəm Sahib qızına xx.xx.2022-ci il tarixə kimi 8275,00 manat ödənilməmiş aliment borcunun yarandığını, tələbkar Aslanova (Nəbiyeva) Şəbnəm Sahib qızının xx.xx.2022-ci il tarixdə İcra və Probasiya şöbəsinə ərizəylə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmasını xahiş etdiyini, materiallardan göründüyü kimi borclu Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 12983/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsini inzibati tənbeh olunmasına və ona məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etdiyini, onun həm də tələbi icra etməsi üçün ona yaradılmış faktiki imkanlarından istifadə etmədiyini, aparılmış bütün icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs qətnamədə qeyd edilən aliment borcunu zərərçəkən şəxsə ödəmədiyini, ödəniş üçün könüllü olaraq hər hansı bir addım atmadığını, bütün bunlar Təqsirləndirilən şəxs bilərək və istəyərək qeyd edilən qətnamənin icrasından qərəzli yayındığının sübutu olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 Şahid2 Niyazı oğlunun ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12983/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 16 avqust 2016-cı il tarixdən başlayaraq cavabdeh Təqsirləndirilən şəxs hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli, 8(014)-595/2018 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli, 8(014)-748/2017 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(014)-354/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 20 gün müddətinə inzibati həbs edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-83/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtraış elan edilməsi, Təqsirləndirilən şəxs barəsinə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilməsi və barəsində həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində tutularaq Ağdaş RPŞyə gətirilərək MSY-yə təhvil verilmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs övladı xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin Aslanova (Nəbiyeva) Şəbnəm Sahib qızına tutularaq verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 12983/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(014)-354/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 gün müddətində inzibati qaydada həbs edilməsinə və icra sənədi üzrə tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2021-ci il, 05 oktyabr 2021-ci il və 06 dekabr 2022-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun məhkəmə istintaqından yayınmasını, zərəri ödəmək üçün real addımlar atmamasını isə şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 09 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-83/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-83/2023
12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver