Məhkəmə qərarları › İş №1(014)-83/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-83/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-83/2024 23.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X9 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Ağdaş rayonu, Dəhnəxəlil kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində iki azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Dəhnəxəlil kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, ümumi təmiz çəkisi 17,84 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb, daşımış, 21 mart 2024-cü il tarixdə saat 02:04 radələrində Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, M.İsayev küçəsində saxlanılaraq Ağdaş rayon Polis Şöbəsinə gətirildikdən sonra üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd sellofan paketdə, ümumi təmiz çəkisi 17,84 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, bir müddətdir ki, narkotik vasitə qurudulmuş marixuana istifadə edir. 20 mart 2024-cü il tarixdə səhər saat 10:00 radələrində Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisindən keçən “Şirvan” kanalının kənarında piyada hərəkət edən zaman yerdə 1 ədəd şəffaf sellofan paket və kağız büküm görmüş və içərisinə baxan zaman narkotik vasitə qurudulmuş marixuana, kağız bükümün içərisinə baxan zaman isə narkotik vasitə çətənə bitkisi toxumunun olduğunu görmüşdür.Həmin sellofan paketi və kağız bükümü özü ilə götürmüşdür. 21 mart 2024-cü il tarixdə saat 02:04 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində olarkən Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələri istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində ona dövlət hesabına müdafiəçi təyin olunmuş və üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Axtarışa başlanmazdan əvvəl əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan paket, 3 ədəd 1 manatlıq pul əskinazı, həmin şalvarın sol yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefon, 1 ədəd 5 manatlıq, 1 ədəd 1 manatlıq və 1 ədəd "xxxx"-a məxsus kartı masanın üzərinə qoymuşdur. Təhqiqatçı təqdim etdiyi şəffaf sellofan paketdə olan maddənin nə olduğunu, haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşmuş, o da həmin maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, 20 mart 2024-cü il tarixdə səhər saatlarında Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisindən keçən “Şirvan” kanalının yanından tapdığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra qurudulmuş marixuana sellofan paket ilə birlikdə elektron tərəzidə çəkilmiş və kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs daha sonra törətdiyi cinayət əməlini səmimi etiraf edib əməlindən peşman olmasını bildirərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs şəhər sakini kimi tanıyır. 20 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. Həmin tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri M.İsayev küçəsində saxlanılaraq Polis Şöbəsinə gətirilmiş, X10 Əzizova seçdiyi müdafiəçi təyin olunmuş və ona hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində ola biləcək əşyaları təqdim etməsini təklif etdikdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan paket, 03 ədəd 1 manatlıq pul əskinazı, həmin şalvarın sol yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefon, 01 ədəd 5 manatlıq, 01 ədəd 1 manatlıq və 01 ədəd "xxxx"-a məxsus kartı təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 03 ədəd 1 manatlıq pul əskinazı və 01 ədəd kağız bükülü aşkar olunmuşdur. Təhqiqatçı təqdim etdiyi şəffaf sellofan paketdə və kağız bükülüdə olan maddənin nə olduğunu, haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını Təqsirləndirilən şəxs soruşmuş, Təqsirləndirilən şəxs da şəffaf sellofanda olan maddənin narkotik vasitə qurudulmuş marixuana, kağız paketdə isə çətənə bitkisinin toxumları olduğunu, 20 mart 2024-cü il tarixdə səhər saatlarında Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisindən keçən “Şirvan” kanalının yanından tapdığını və şəxsi istifadə məqsədilə üzəridə saxladığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən narkotik vasitə qurudulmuş marixuana sellofan paket ilə birlikdə elektron tərəzidə çəkilmiş və kağız zərfə qablaşdırılaraq üzəri möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində Şahid2 dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 21 mart 2024-cü il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan paket, 03 ədəd 1 manatlıq pul əskinazı, həmin şalvarın sol yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefon, 01 ədəd 5 manatlıq, 01 ədəd 1 manatlıq və 01 ədəd "xxxx"-a məxsus kartı təqdim etmiş, daha sonra şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 03 ədəd 1 manatlıq pul əskinazı və 01 ədəd kağız bükülü aşkar olunmuşdur. Təqsirləndirilən şəxs yenidən bildirmişdir ki, sellofan bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana “nəşə”dir. Sellofan bükümün təxmini çəkilərinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş və 01 ədəd sellofan büküm 01 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmişdir. Məhkəmə-bioloji ekspertizasının 21 mart 2024-cü il tarixli, 3-16-16-2-17/296 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər bitki kütləsi...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kiçik sellofan paketdə, təmiz çəkisi – 17,84 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş toxum...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, 23 (iyirmi üç) ədəd, ümumi təmiz çəkisi – 0,41 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitəyə aid deyil. Məhkəmə-narkoloji ekspertizasının 27 mart 2024-cü il tarixli, 525 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 2 aprel 2024cü il tarixli, 18-1-22/2-460/2024 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Dəhnəxəlil kəndində yaşayan, xx xxxx 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3 aprel 2024-cü il tarixli, 5-32-12/2-229/1-2024 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3 aprel 2024-cü il tarixli, 5-32-12/2-229/2-2024 saylı arayışdan görünür ki, Ağdaş rayonu, Dəhnəxəlil kənd sakini Təqsirləndirilən şəxs ailə tərkibi – arvadı 1997-ci il təvəllüdlü X5, övladları 2020-ci il təvəllüdlü X6 və 2022-ci il təvəllüdlü X3 ibarətdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı – 25 yanvar 2020-ci il təvəllüdlü X6 və 28 fevral 2022-ci il təvəllüdlü X7 var. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 21 mart 2024-cü il tarixli protokoldan və “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” 22 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 mart 2024-cü il tarixdə saat 02:20-də şübhəli şəxs qismində tutulmuş, 22 mart 2024-cü il tarixdə, saat 15:05-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuş, həmin tarixdə saat 15:35-də təqsirləndirilən şəxs qismində dindirilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. 6 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 17,84 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 17,79 qramı maddi sübut kimi tanınmış və saxlanması üçün Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk sübut kimi tanıraraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə, iş üzrə şahidlərin ifadələrini, 21 mart 2024-cü il tarixli şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokolu, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diski, maddi sübutu, məhkəmə-bioloji ekspertizasının 21 mart 2024-cü il tarixli, 3-16- 16-2-17/296 nömrəli rəyini, ambulator məhkəmə-narkoloji ekspertizasının 27 mart 2024-cü il tarixli, 525 nömrəli rəyini Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnaməni, 6 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərarı, istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri inandırıcı, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, işdə olan ekspertiza rəylərini və digər sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsiAzərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə, işdəki sübutları, işin yuxarıda qeyd edilən hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək törətdiyi əmələ görə cəzalanmalıdır. Əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə iş materiallarına istinad edib himayəsində iki azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi, himayəsində iki azyaşlı övladının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır və onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində iki azyaşlı övladının olmasını, o cümlədən cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 21 mart 2024-cü il tarixdən 22 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, cəmi dörd gün həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 27 mart 2024-cü il tarixli, 525 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığının və ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə “Ağdaş rayon mərkəzi xəstəxanası” X11 göndərilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə 35,97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı X8 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE **********000208 8501 saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin, o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 17,84 çəkidə narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı qalığını təşkil edən 17,79 qramı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk hazırki cinayət işi üzrə icraat materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. İş materiallarından həmçinin görünür ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 18 iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 108 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 21 mart 2024-cü il tarixdən 22 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, cəmi dörd gün həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə 35,97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı X8 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsində saxlanılan 17,79 qram narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 108 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar