Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-85/2021 25.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X2 iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxx 1994-cü ildə Ağdaş rayonu, Ağzıbir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu ödənilmiş, Ağdaş rayonu, Ağzıbir kəndində qeydiyyatda olan və yaşayan, barəsində 04 may 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu yaşadığı Ağdaş rayonu, Ağzıbir kəndindəki evinin həyətyanı sahəsində əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan cəmi 03 ədəd xeyli miqdarda, ümumi təmiz çəkisi 0,98 qram olan 03 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitillərini 2021-ci ilin aprel ayının axırlarında həyətyanı sahəsində politilen materialdan olan su qabında, qanunsuz olaraq əkib becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, həmin bitkilər 02 may.2021-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşlarının Ağdaş rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 16:30-da yaşadığı Ağdaş rayonu, Ağzıbir kəndindəki evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində, 25 aprel 2021-ci il tarixdə yaşadığı kənd ərazisində yol ilə gedərkən narkotik tərkibli çətənə kollarının toxumunu tapdığını, həmin toxumların kiçik ölçülü sellofan bükümdə olduğunu, həmin bükümü açanda içərisindən 03 ədəd xırda toxum olduğunu gördüyünü və həmin toxumların narkotik tərkibli çətənə bitkilərinin toxumu olduğunu tanıdığını, həmin toxumları evə gətirib bir gün müddətində suda saxlayandan sonra həmin toxumları yaşadığı evin həyətində bir ədəd politilen materialdan olan su qabının içərisində əkdiyini, həmin toxumu suvardığını, tez çıxması üçün ona qulluq etdiyini, 02 may 2021-ci il tarixdə, təxminən 16:30 radələrində yaşadığı evin həyətində olarkən Ağdaş RPŞ-nin əməkdaşlarının onun yaşadığı ünvana gəldiklərini, ona özlərində onun narkotik tərkibli çətənə bitkisi əkməyi barədə məlumat olduğunu və onun yaşadığı evin həyətinə baxış keçirmək istədiklərini bildirdiklərini, onlara razılıq verdiyini və həyətdə üç ədəd çətənə bitkisinin toxumunu əkdiyini bildirdiyini, bundan sonra polis əməkdaşlarının aqronomun iştirakı ilə onun yaşadığı evin həyətinə baxış keçirdiklərini, həmin vaxt yaşadığı evin arxa tərəfində bir ədəd su qabında əkdiyi üç ədəd çətənə bitkisinin ştilini onlara göstərdiyini, polis əməkdaşlarının həmin çətənə bitkisinin ştillərinə baxış keçirdiklərini, aqronomun da həmin bitkilərə və əkildiyi yerə baxıb öz rəyini bildirdikdən sonra həmin üç ədəd bitki polis əməkdaşları tərəfindən əkildiyi yerdən çıxarıldığını, kağız zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, bundan sonra polis əməkdaşalrı ilə birlikdə Ağdaş RPŞ-nə gəldiyini, özü narkotik vasitə olan qurudulmuş marixuananın istifadəçisi olduğunu, həmin bitki toxumlarını da becərib, sonra yarpaqlarını qurudub və özü istifadə etmək üçün əkdiyini bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, Ağdaş RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini, 02 may 2021-ci il tarixdə Ağdaş rayonu, Ağzıbir kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitələri əkib-becərməsi və saxlaması barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, bununla bağlı olaraq rayon polis şöbəsinin rəhbərliyinə tərəfindən raportla məruzə olunduğunu, həmçinin həmin gün tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunduğunu və bu barədə müvafiq sənədləşmələr aparıldığını, bundan sonra həmin gün, saat 16:30 radələrində Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmək üçün Ağdaş rayon polis şöbəsinin əməkdaşları və aqronom Şahid3 ilə birlikdə onun yaşadığı ünvana getdiklərini, həyət qapısından Ramazanı çağırdıqılarını, Ramazanın qapıya çıxdığını və ona həyətində narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi barədə məlumat olduğunu və həyətinə baxış keçirmək istədiklərini bildirdiklərini, Ramazanın da buna etiraz etmədiyini və həmçinin də ərizə ilə müraciət edərək yaşadığı evin həyətinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdiyini, bundan sonra Ramazanın yaşadığı evin həyətinə aqranom Şahid3 və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Ramazanın yaşadığı evin həyətinin arxa tərəfində bir ədəd su qabında əkdiyi üç ədəd çətənə bitkisinin ştili aşkar olunduğunu, həmçinin aqronomun da həmin bitkilərə və əkildiyi yerə baxıb öz rəyini bildirdikdən sonra həmin üç ədəd bitki ştilləri əkildiyi yerdən çıxarıldığını, sonra həmin bitkilərin zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, baxış zamanı Ramazanın evinin həyətindən başqa heçnə aşkar edilmədiyini və götürülmədiyini Təqsirləndirilən şəxs həmin narkotik tərkibli bitkilərin toxumlarını yaşadığı Ağdaş rayonu, Ağzıbir kəndində yol ilə gedərkən 25 aprel 2021-ci il tarixdə tapdığını bildirdiyini göstərdi. İş üzrə Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə Şahid3 İkram oğlu məhkəmə iclasında verdiyi ifadəsində X6 sertifikatlaşdırma labaratoriyasında baş aqranom işlədiyini, 02 may 2021-ci il tarixdə onu Ağdaş RPŞ-nə dəvət edərək Təqsirləndirilən şəxs adlı bir nəfər şəxsin həyətində narkotik vasitələri əkməkdə şübhəli olduğunu və onun evinin həyətinə baxış keçirilməsində mütəxəsis kimi iştirak etməyini xahiş etdiklərini, buna etiraz etmədiyini, daha sonra Ağdaş rayonu, Ağzıbir kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evinə getdiklərini, orada polis əməkdaşlarının Ramazana onun narkotik vasitələri əkib becərməkdə şübhəli olduğunu və yaşadığı evin həyətinə baxış keçiriləcəyini bildirdiklərini, bundan sonra Ramazanın yaşadığı evin həyətinə onun və polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Ramazanın yaşadığı evin həyətinin arxa tərəfində bir ədəd su qabında əkdiyi üç ədəd çətənə bitkisinin ştili aşkar olunduğunu, həmin bitkilərə baxaraq bu barədə rəy verdiyini, sonra həmin ştillərin kağız zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, baxış zamanı Ramazanın evinin həyətindən başqa heçnə aşkar edilmədiyini və götürülmədiyini, Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin toxumlarını yaşadığı Ağdaş rayonu, Ağzıbir kəndində yol ilə gedərkən 25 aprel 2021-ci il tarixdə tapdığını bildirdiyini göstərdi. İş üzrə şahid X1 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs onun əri olduğunu, birgə nigahlarından iki azyaşlı övladlarının olduğunu, ailə qurduqdan sonra Ramazan və onun atası ilə birlikdə Ağdaş rayonu, Ağzıbir kəndində yerləşən evdə yaşadıqlarını, Ramazanın atası xəsətə olduğu üçün ona özünün baxdığını, evdə bağ hissədə yalnız Ramazanın özü işlədiyini, 02 may 2021-ci il tarixdə Ağdaş rayon polis şöbəsinin əməkdaşların onlara gəldiklərini, Ramazanın evin həyətində narkotik vasitələri əkib-becərməsi və saxlaması barədə məlumat daxil olduğunu bildirdiklərini, Ramazana evin həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirdiklərini, Ramazan da razı olduğunu və bu barədə yazılı ərizə verdiyini, bundan sonra polis əməkdaşlarının evin həyətinə baxış keçirdiklərini, yaşadıqları evin arxa hissəsində Ramazanın bir ədəd su qabında əkdiyi üç ədəd çətənə bitkisinin ştili aşkar olunduğunu, həmin üç ədəd bitki ştillərinin əkildiyi yerdən çıxarıldığını, kağız zərfə qablaşdırıldığını, baxış zamanı evin həyətindən başqa heçnə aşkar edilmədiyini və götürülmədiyini, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkilərin toxumlarını nə vaxt, haradan və hansı məqsədlə əldə etməsi barədə heç bir məlumatının olmadığını, narkotik tərkibli bitki ştilləri əkməyi barədə məlumatı olmadığını bildirdi. İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 02.05.2021-ci il tarixli 17/321 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “vət. Təqsirləndirilən şəxs yaşadığı evinin həyətindən aşkar olunmuş” sözləri yazılmış zərfin içərisindəki hündürlükləri 3 sm, 8 sm və 11 sm, ümumi təmiz çəkiləri 0,98 qram olan üç ədəd bitki ştilləri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin ştilləridir. Aqronom Şahid3 02 may 2021-ci il tarixli rəyinə əsasən 03 ədəd çətənə (kannabis) bitkisinin ştillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 27.05.2021-ci il tarixli 589 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlu narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu, Ağzıbir kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən bir ədəd dibçəkdə üç ədəd narkotik tərkibli bitkilər aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli bitkilər olduğunu bildirmiş, aqronom Şahid3 tərəfindən həmin bitkilərə və bitkilərin əkildiyi yerə baxaraq öz rəyini bildirmiş, bundan sonra həmin bitkilər yerən çıxarılmış, bitkilərin uzunluğu ölçülmüş, onların uzunluqları müvafiq olaraq 3 sm, 8 sm və 11 sm olmuş, sonra həmin bitkilər zərfə qablaşdırılmış və zərfin üzəri imzalanmışdır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 25.10.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il sınaq müddəti müəyyən edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmişdir, 14.11.2018-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır, məhkumluğu ödənilmişdir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini, himayəsində iki azyaşlı uşaqların olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli Qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər.Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır.Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığını göstərməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, 02 may 2021-ci il tarixdən 04 may 2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün, təyin edilmiş cəzadan çıxmağı məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer onun yaşayış yeri hesab olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata götürülməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbir hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi 0,98 qram olan 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin ştilləri məhv edilməli, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 02 may 2021-ci il tarixdən 04 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə, cəmi dörd gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun, həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yeri üzrə İcra və Probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik (otuz dörd manat əlli beş qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi 0,98 qram olan üç ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin ştilləri məhv edilsin. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-85/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-85/2021
25.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver