Məhkəmə qərarları › İş №1(014)-85/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-85/2022

21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-85/2022 21.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu ildə Ağdaş rayonunda аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, avtomobil ustası işləyən, evli, himayəsində iki azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri İ.Millətoğlu küçəsi 21 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, o, 2022-ci ilin aprel ayının əvvəllərində yaşadığı Ağdaş şəhəri İ.Millətoğlu küçəsi 21 ünvanında yerləşən evinin həyətyanı sahəsindəki istixanada əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan 14 ədəd - xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib becərərək aqrotexniki qaydada qulluq etməklə kultivasiya edib yetişdirmiş, xx.xx.2022-ci il tarixdə saat 17:28-də Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri İ.Millətoğlu küçəsi 21-də yerləşən evinin həyətyanı sahəsindəki istixanadan hündürlükləri 70 sm-dən 2 metr 5 sm-dək, ümumi təmiz çəkisi 3 kiloqram 710 qram olan 14 ədəd çətənə (kannabis) bitkiləri RPŞ-nin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, son zamanlar səhhətində problemlər baş verdiyini, həkimə müraciət etdikdən sonra həkimin ona sakitləşdici həblər yazdığını, lakin həmin həblərin də onu sakitləşdirmədiyini, təxminən 2 ildən çoxdur hərdən bir narkotik vasitə olan marixuana qəbul etdiyini, avtomobil ustası olduğunu, yaşadığı evin həyətyanı sahəsində istixana qurduğunu və əkinçiliklə məşğul olduğunu, hazırda yaşadığı evin həyətyanı sahəsində 2 ədəd istixananın olduğunu, 2022-ci ilin aprel ayının 1-dən başlayaraq istixanalarda pomidor, xiyar, badımcan və bibər şitilləri əkdiyini, tərəvəz şitillərini istixanada əkdikdən sonra gələcəkdə özü istifadə etməsi üçün çətənə bitkisinin toxumlarından da istixanada əkmək qərarına gəldiyini, hazırda dəqiq yadında olmayan tarixdə pomidor şitillərinin arasında 1-ci istixanada 16 ədəd çətənə bitkisinin toxumunu əkdiyini, həmin toxumlardan 13 ədəd çətənə bitkisinin bitdiyini, sonradan 2-ci istixanada özündən 1 ədəd çətənə bitkisinin bitməsini aşkar etdiyini, sonra həmin bitkilərə qulluq etdiyini, belə ki, bitkilərə su verdiyini, diblərini təmizlədiyini, xx.xx.2022-ci il tarixdə təxminən saat 17:20 radələrində yaşadığı evin həyətində olan zaman Ağdaş rayon Polis şöbəsinin əməkdaşlarının onun yaşadığı ünvana gəldiklərini, ona yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitki kolları əkməsi barədə onlarda əməliyyat məlumatının olmasını söylədiklərini, polis əməkdaşlarına yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanada çətənə kolları əkməsini bildirdiyini, bundan sonra polis əməkdaşlarına həmin çətənə kollarını göstərdiyini, 1-ci istixanadan 1 ədəd, digər istixanadan isə 13 ədəd çətənə kolunun aşkar edildiyini, polis əməkdaşları ilə birlikdə gələn aqronomun həmin çətənə kollarına baxdıqdan sonra bitkilərə aqrotexniki qaydada qulluq edilməsini söylədiyini, daha sonra polis əməkdaşları tərəfindən həmin çətənə kollarının kökündən çıxarıldığını, uzunluqlarının və çəkisinin ölçüldüyünü, belə ki, ən kiçik çətənə kolunun 66 sm, ən hündürünün 211 sm, ümumi çəkisinin isə 3,995 kq olduğunu, bundan sonra həmin çətənə kollarının 1 ədəd kisədə qablaşdırıldığını, üzərilərinə DİN-in 111 nömrəli möhürünün vurulduğunu, onun yaşadığı evin həyətinə baxışın videoçəkiliş vasitəsi ilə aparıldığını, baxış keçirilməsi barədə protokol tərtib edildiyini, onun və digər iştirakçıların həmin protokolu imzaladıqlarını bildirmişdir. Həmçinin, o, ifadəsində yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanada əkdiyi çətənə bitkisinin toxumlarını təxminən 2021-ci ilin sentyabr-oktyabr aylarında çöldə yabanı halda bitmiş çətənə kolundan və həmin kolun üzərində olan toxumlardan topladığını, daha sonra həmin çətənə kolunu yarpaqlarından istifadə etdiyini və ağrılarının kəsilməsində kömək etdiyi üçün həmin bitkinin toxumlarını əkmək üçün özündə saxladığını, onun istixanaya əkdiyi çətənə kolları barəsində ailə üzvlərindən heç birinin məlumatının olmadığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Ağdaş rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə icraatına Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri X9 şəhəri İ.Millətoğlu küçəsi ev 31 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarını əkibbecərməsi barədə raportun daxil olduğunu, həmin raport əsasında tərəfindən müvafiq sənədləşmələr aparıldığını və raportla RPŞ-nin rəisinə məruzə olunduğunu, bundan sonra aqronom Şahid1, polis nəfəri Şahid3, təhqiqatçılar Ruhid Yaqublu və Vüsal Əzənmədovun iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri İ.Millətoğlu küçəsi ev 31 ünvanında yerləşən evə getdiklərini, əvvəlcə Təqsirləndirilən şəxs küçəyə dəvət etdiklərini və Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə kolları əkməsi barədə RPŞ-yə əməliyyat məlumatının daxil olduğunu bildirdiklərini, Təqsirləndirilən şəxs həqiqətən də yaşadığı evin həyətyanı sahəsində yerləşən 2 ədəd istixanada narkotik tərkibli çətənə kolları əkməsini bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə və axtarış aparılmasına etirazının olub-olmadığını soruşduqlarını, Təqsirləndirilən şəxs isə yaşadığı evin həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə və axtarış aparılmasına heç bir etirazının olmadığını bildirdiyini və bununla əlaqədar olaraq RPŞ-nin rəisinə ərizə ilə müraciət etdiyini, bundan sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirildiyini və axtarış aparıldığını, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanalardan birində 13 ədəd narkotik tərkibli çətənə koluna oxşar bitki kollarının aşkar edildiyini, aqronom həmin bitki kollarına baxaraq qeyd edilən 13 ədəd bitki kollarına aqrotekniki qaydada qulluq edildiyini, belə ki, suvarıldığını, diblərinin yumuşaldıldığını, alaq otlarından təmizləndiyini bildirdiyini, bundan sonra 13 ədəd bitki kollarının onlar tərəfindən kökündən çıxarıldığını, daha sonra digər istixanaya baxış keçirildiyini, bu zaman həmin istixanadan 1 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kolu aşkar edildiyini, aqronom həmin bitki koluna da baxdığını və qeyd edilən bitki koluna da digər bitki kollarında olduğu kimi aqrotexniki qaydada qulluq edildiyini bildirdiyini, daha sonra həmin bitki kolunun da kökündən çıxarıldığını, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən 2 ədəd istixanadan aşkar edilmiş ümumilikdə 14 ədəd narkotik tərkibli bitki kollarına bənzər bitki kollarının ölçüldüyünü, ən kiçiyinin uzunluğunun 66 sm, ən hündürünün uzunluğunun isə 211 sm olduğunu, daha sonra həmin bitki kollarının 1 ədəd kisədə qablaşdırıldığını və elektron tərəzi vasitəsi ilə çəkildiyini, bitki kollarının ümumi çəkisinin 3,995 kq olduğunu, bundan sonra həmin 1 ədəd torbanın üzərinə DİN-in 111 nömrəli möhürünün vurulduğunu, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən qanunsuz olaraq saxladığı hər hansı əşya və ya predmetin aşkar edilmədiyini, baxış videoçəkiliş vasitəsi ilə aparıldığını, sonda bu barədə müvafiq protokolun tərtib edilərək ucadan oxunduğunu, onun və digər iştirakçıların heç bir etirazları olmadığı üçün protokolu imzaladıqlarını, Təqsirləndirilən şəxs həyətyanı sahəsindən ümumilikdə 14 ədəd çətənə kolunun aşkar edildiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onda heç bir məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid3 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 ifadəsində X11 sertifikatlaşdırma Laboratoriyasında baş aqronom vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri İ.Millətoğlu küçəsi ev 31 ünvanında qeydiyyatda olan xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik vasitələri əkməkdə şübhəli olduğunu və onun evinin həyətinə baxış keçirilməsində mütəxəssis kimi iştirak etməsini xahiş etdiklərini, onun da heç bir etiraz etmədiyini, bundan sonra ona hüquqlarının izah edildiyini, daha sonra polis əməkdaşlarının ona Ağdaş şəhəri İ.Millətoğlu küçəsi ev 31 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əkib becərməkdə şübhəli olduğunu və Sadiqin yaşadığı evin həyətinə baxış keçiriləcəyini bildirdiklərini, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə onun da iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən 2 ədəd istixanada pomidor şitillərinin arasında ümumilikdə 14 ədəd torpağa əkilib becərilmiş narkotik tərkibli şitillərin aşkar edildiyini, həmin bitkilərə tərəfindən baxış keçirilərək bitkilərin aqrotexniki qaydada qulluq edildiyini, diblərinin yumuşaldıldığını və suvarıldığını bildirdiyini, həmçinin bu barədə rəy də tərtib etdiyini, sonra aşkar edilmiş narkotik tərkibli şitillərin polis əməkdaşları tərəfindən kökündən çıxardılaraq hündürlüklərinin ölçüldüyünü, ən kiçik bitkinin hündürlüyünün 66 sm, ən böyüyünün hündürlüyü isə 211 sm olduğunu, daha sonra həmin bitkilərin 1 ədəd kisədə qablaşdırılaraq üzərilərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürünün vurulduğunu və zərfin üzərinə imza etdiklərini, baxış zamanı videoçəkilişdən istifadə edildiyini, daha sonra bu barədə protokol tərtib olunduğunu, tərtib olunmuş protokolun ucadan oxunduqdan sonra protokola imza etdiklərini, Təqsirləndirilən şəxs əkdiyi çətənə kollarına aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə aqronom Şahid1 və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanalardan birində 13 ədəd narkotik tərkibli çətənə koluna oxşar bitki kolları aşkar edilmiş, aqronom həmin bitki kollarına baxaraq 13 ədəd bitki kollarına aqrotekniki qaydada qulluq edildiyini, belə ki, suvarıldığını, diblərinin yumuşaldıldığını, alaq otlarından təmizləndiyini bildirmiş, bundan sonra 13 ədəd bitki kolları onlar tərəfindən kökündən çıxarılmış, daha sonra digər istixanaya baxış keçirilmiş, bu zaman həmin istixanadan 1 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kolu aşkar edilmiş, aqronom həmin bitki koluna da baxmış və qeyd edilən bitki koluna da digər bitki kolların da olduğu kimi aqrotexniki qaydada qulluq edildiyini bildirmiş, daha sonra həmin bitki kolu da kökündən çıxarılmış, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən 2 ədəd istixanadan aşkar edilmiş ümumilikdə 14 ədəd narkotik tərkibli bitki kollarına bənzər bitki kolları ölçülmüş, ən kiçiyinin uzunluğu 66 sm, ən hündürünün uzunluğu isə 211 sm olmuş, daha sonra həmin bitki kolları 1 ədəd kisədə qablaşdırılmış və elektron tərəzi vasitəsi ilə çəkilmiş, bitki kollarının ümumi çəkisi 3,995 kq olmuş, bundan sonra həmin 1 ədəd torbanın üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən qanunsuz olaraq saxladığı hər hansı əşya və ya predmet aşkar edilməmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2022-ci il tarixli, 17/414 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində yapışdırılmış vərəqdə “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunmuş narkotik tərkibli çətənə kollarına oxşar 14 ədəd kol....” sözləri yazılmış 1 ədəd sintetik kisənin içərisində ümumi sayı 14 (on dörd) ədəd, hündürlükləri 70 sm-dən 205 sm-dək olan nəm vəziyyətdə, ümumi təmiz çəkisi 3 kq 710 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Baş aqronom Şahid1 tərəfindən verilmiş 18 may 2022-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 753 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkolji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 25 may 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 25 may 2022-ci il tarixli 1058 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşamaqla ailə tərkibi arvadı X3 və 2013-cü il təvəllüdlü qızı X2 ibarətdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-lİ seriyalı, № 702065 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 xx.xx.2010-cu il tarixdə Ağdaş şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə X1r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-lİİ seriyalı, № 249402 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 xx.xx.2013-cu il tarixdə Ağdaş şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə X1r. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 18 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 17:55-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 20 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİİ siyahının 1.2-ci bəndində göstərilmişdir ki, çətənə növlü bitkilərin 3-15 ədəd (6-30 hissə) qanunsuz kultivasiya edilməsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.6-cı maddəsində göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, ilk dəfə məhkum olunmasını, himayəsində 2 azyaşlı övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs 18 may 2022-ci il tarixdən 20 may 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilən cəzadan çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, 14 ədəd çətənə bitkisinin şitilləri məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 51 manat 6 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin və 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 51,06 (əlli bir manat altı qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, 14 ədəd çətənə kannabis bitkisinin şitilləri məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar