Məhkəmə qərarları › İş №1(014)-85/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-85/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-85/2024 23.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X8 Ənvər oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva Ulduzə Mütdəlif qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Ağdaş Rayon Məhkəməsinin 6 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə, mənbədən və şəraitdə, satış məqsədi olmadan, xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 15,14 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb daşımış, 10 mart 2024-cü il tarixdə saat 13:24 radələrində Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Ləki Qəsəbəsi, Mətləb Mustafayev küçəsində saxlanılaraq Ağdaş rayon Polis Şöbəsinə gətirildikdən sonra üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd siqaret qutusunda ümumi təmiz çəkisi 15,14 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafı, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki narkotik vasitələrdən istifadə edir. 9 mart 2024-cü il tarixdə təxminən saat 19 radələrində yaşadığı Ağdaş rayonu, Ləki qəsəbəsində yerləşən “köhnə hamam” adı ilə tanınan ərazidə gəzərkən yerdə 01 ədəd siqaret qutusu görmüşdür. Həmin siqaret qutusuna təpik vurmuş və içərisinin dolu olmasını hiss etmişdir. Yerdən həmin qutunu götürərək açıb baxdıqda içərisində qurudulmuş marixuana olmasını görmüş və istifadə etməsi üçün cibinə qoymuşdur. 10 mart 2024-cü il tarixdə təxminən saat 13 radələrində yaşadığı Ağdaş rayonu, Ləki qəsəbəsi, Mətləb Mustafayev küçəsində piyada hərəkətdə olarkən Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, Ağdaş rayon Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin olunmuş və üzərində şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Axtarışa başlanmazdan əvvəl o, əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən üzərinə “Sobranie” sözləri yazılmış siqaret qutusunu, sonra həmin gödəkcənin qabaq sol üst cibindən üzərinə “GSS” sözləri yazılmış siqaret qutusunu, özünə aid şəxsiyyət vəsiqəsini, "xxxx" ASC-yə aid plastik kartı və veteranlıq vəsiqəsini masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində polis əməkdaşı tərəfindən axtarış aparılmış, şəxsi axtarış aparılan zaman sadalananlardan başqa üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar olunmuş “Sobranie” siqaret qutusu açılmış, içərisində marixuana aşkar edilmişdir. Həmin marixuana siqaret qutusu ilə birgə polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş və kağız zərfdə qablaşdırılaraq, möhürlənmişdir. Üzərindən aşkar olunmuş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən peşman olmasını bildirib, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 10 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş, məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 10 mart 2024-cü il tarixdə saat 13:24 radələrində Təqsirləndirilən şəxs Ağdaş rayonu, Ləki qəsəbəsi, Mətləb Mustafayev küçəsində saxlanılaraq Ağdaş rayon Polis Şöbəsinə gətirilmişdir. X9 Kazımova seçdiyi müdafiəçi təyin olunmuşdur. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edib, onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edərək üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, eləcə də hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs üstündə ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, o da əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən üzərinə “Sobranie” sözləri yazılmış siqaret qutusunu, sonra həmin gödəkcənin sol üst qabaq cibindən üzərinə “GSS” sözləri yazılmış siqaret qutusunu, özünə aid şəxsiyyət vəsiqəsini, "xxxx" ASC-yə aid plastik kartı və veteranlıq vəsiqəsini cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Sadiqin üzərində polis əməkdaşı tərəfindən axtarış aparılmış, şəxsi axtarış aparılan zaman üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Sadiqin üzərindən aşkar olunmuş üzərinə “Sobranie” sözləri yazılmış 01 ədəd siqaret qutusu açılmış, içərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi aşkar olunmuşdur. Həmin siqaret qutusu narkotik vasitəyə bənzər bitki kütləsi ilə birgə polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilərək kağız zərfə qablaşdırılaraq, möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 10 mart 2024-cü il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən üzərinə “Sobranie” sözləri yazılmış siqaret qutusunu, sonra həmin gödəkcənin sol üst qabaq cibindən üzərinə “GSS” sözləri yazılmış siqaret qutusunu, özünə aid şəxsiyyət vəsiqəsini, "xxxx" ASC-yə aid plastik kartı və veteranlıq vəsiqəsini təqdim edərək həmin əşyaları masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində təhqiqatçı tərəfindən axtarış davam etdirilmiş, lakin göstərilənlərdən başqa Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra üzərinə “Sobranie” sözləri yazılmış 01 ədəd siqaret qutusu açılmış, içərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olmuş, həmin siqaret qutusu narkotik vasitəyə bənzər bitki kütləsi ilə birgə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 saylı möhürü olan kağız parçaları vurulmuşdur. Məhkəmə-bioloji ekspertizasının 11 mart 2024-cü il tarixli, 3-16-16-2-17/258 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaret qutusunda olan narkotik tərkibli bitki kütləsi.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd siqaret qutusunda, təmiz çəkisi – 15,14 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 26 mart 2024-cü il tarixli, 505 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 28 mart 2024cü il tarixli, 18-1-22/2-424/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində “Həşiş qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış 26 mart 2024-cü il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 6 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Amnistiya qərarı tətbiq edilərək cəza müddəti 01 il azaldılmış,10 mart 2023-cü il tarixdə cəzasını tam çəkib qurtarmışdır. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ləki Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 mart 2024-cü il tarixli, 5-32-12/2-199/2024 saylı arayışdan görünür ki, ünvan 2 ünvanda yaşayan xx xxxxxx 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ailə tərkibi – arvadı 2 dekabr 1972-ci il təvəllüdlü X4, övladları 1 aprel 2005-ci il təvəllüdlü X5 və 25 dekabr 2009-cu il təvəllüdlü X2 ibarətdir. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ləki Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 mart 2024-cü il tarixli, 5-32-12/2-200/2024 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası tərəfindən verilmiş M/V № 090251 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 10 mart 2024-cü il tarixli protokoldan və “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” 11 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2024-cü il tarixdə saat 13:47-də şübhəli şəxs qismində tutulmuş, 11 mart 2024-cü il tarixdə, saat 19:05 radələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək , ona həmin maddə ilə ittiham elan edilmiş və həmin tarixdə saat 19:15 radələrində təqsirləndirilən şəxs qismində dindirilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. 5 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 15,14 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 15,04 qramı maddi sübut kimi tanınmış və saxlanması üçün Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diski sübut kimi tanıraraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, 10 mart 2024-cü il tarixli şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokolu, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskini, maddi sübutu, məhkəmə-bioloji ekspert rəylərini, 5 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərarı, istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, işdə olan ekspertiza rəylərini və digər sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə, iş materiallarında olan sübutları, işin yuxarıda qeyd edilən hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir və həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə iş materiallarına istinad edib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, müharibə veteranı olmasını və himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi, müharibə veteranı olması və himayəsində bir yetkinlik yaşına çatmayan övladının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır və onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən və yaxud götürülmədən, qəsdən eyni xarakterli cinayət törətməsi onu göstərir ki, onun barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, o, cinayət qanunvericiliyi ilə qadağan olunmuş ictimai təhlükəli əməli yenidən törətməklə islah olunmadığını nümayiş etdirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 mart 2024-cü il tarixdən 11 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı bir gün müddətin bir günü təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla, həmin cəzadan çıxılmalı və üzərində azadlıqdan məhrum etmə növündə qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı real olaraq çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli hökm çıxarılan gündən, yəni 23 may 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməli, hökm qanuni qüvvəsinə minənədək barəsində “həbs” qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 26 mart 2024-cü il tarixli, 505 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməsinə baxmayaraq, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığını və ərazi narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə 34,55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən, 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 15,14 çəkidə narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı qalığını təşkil edən 15,04 qramı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarında saxlanılmalıdır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. İş materiallarından həmçinin görünür ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 18 iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 108 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 mart 2024-cü il tarixdən 11 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddət ona təyin edilən 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzasdan çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, hökm qanuni qüvvəsinə minənədək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 23 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə 34,55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsində saxlanılan 15,04 qram qurudulmuş marixuana məhv edilsin. 01 ədəd DVD disk hazırki cinayət işi üzrə icraat materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 108 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar