Məhkəmə qərarları › İş №1(014)-87/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-87/2021

02.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-87/2021 02.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1974-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş şəhəri, Üç-Qovaq küçəsi 8 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində 07 may 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu 05 may 2021-ci il tarixdə Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsindən tapdığı şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf sellofan bükümdə, ümumi təmiz çəkisi 1,418 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 05 may 2021-ci il tarixdə, saat 16:40 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdaş şəhəri, Babək küçəsində saxlanılaraq Ağdaş şəhəri, M.İsayev küçəsi 12 saylı ünvanda yerləşən Ağdaş RPŞ-nin növbətçi hissəsinə gətirilmiş və həmin tarixdə, saat 17:08 radələrində üzərində şəxsi axtarış aparılan zaman həmin kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin üzərindən aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxsməhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində 05 may 2021-ci il tarixdə, təxminən saat 16:40 radələrində Ağdaş şəhərində Babək küçəsi ilə piyada yol gedərkən polis əməkdaşlarının ona yaxınlaşaraq narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara-boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan büküm aşkar edildiyini, həmin sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli kristal və toz halında maddə aşkar edildiyini, həmin maddənin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, bundan sonra aşkar olunmuş həmin narkotik maddənin elektron tərəzidə çəkildiyini və zərfə qablaşdırıldığını, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, üzərindən aşkar olunan həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik maddəni 05 may 2021-ci il tarixdə günorta saatlarında Ağdaş şəhərində M.Ə.Rəsulzadə küçəsindən yerdən tapdığını bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 05 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu, daha sonra müvafiq sənədləşmələr aparıldığını, həmin gün, saat 16:40 radələrində CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Şahini Ağdaş şəhəri Babək küçəsində piyada hərəkətdə olduğunu gördüklərini, həmin vaxt Şahinə yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini, bu zaman Təqsirləndirilən şəxs da özünü şübhəli aparmağa başladığını və onlardan uşaqlaşmaq istədiyini, bundan sonra onu Ağdaş RPŞnə dəvət etdiklərini, onun üzərində şəxsi axtarış aparılması üçün raportla rəhbərliyə məruzə edildiyini, raportun araşdırlmasının Ağdaş RPŞ-nin TB-nə həvalə edildiyini, daha sonra Ağdaş RPŞ-nin növbətçi hissəsində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Şahinin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Şahinin əynində olan qara-boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan büküm aşkar edildiyini, həmin sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli kristal və toz halında maddənin aşkar edildiyini, Şahinin həmin maddənin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, aşkar olunmuş həmin narkotik maddənin elektron tərəzidə çəkildiyini və və zərfə qablaşdırıldığını, şəxsi axtarışın videoçəkiliş vasitəsilə aparıldığını, protokol tərtib olunduğunu, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını və həmin narkotik maddəni 05 may 2021-ci il tarixdə günorta saatlarında Ağdaş şəhərində M.Ə.Rəsulzadə küçəsindən yerdən tapdığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini və bu barədə heç bir məlumatının olmadığını bildirdi. İş üzrə Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 06.05.2021-ci il tarixli 17/328 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” sözləri yazılmış zərfin içərisindəki, 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 1,418 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 27.05.2021-ci il tarixli 587 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin əməliyyat müvəkilləri və müdafiəçinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara-boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan büküm aşkar edilmiş, sellofan büküm açıldıqda içərisindən qəhvəyi rəngli toz və kristall halında olan maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə olan heroin olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını demiş, aşkar olunmuş həmin narkotik maddələr elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadəsi, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini və himayəsində iki yetkinlik yaşına çatmamış uşaqların olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli Qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığını göstərməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi, 05 may 2021-ci il tarixdən 07 may 2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə 01 günə 01 gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün, təyin edilmiş cəzadan çıxmağı məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hökm çıxarıldığı tarixdən, yəni 02 iyul 2021-ci il tarixdən hesablanmalı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək məhkəmə iclası zalında həbs edilməli, hökm qanuni qüvvəsinə minənə qədər barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 69 manat 10 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 1, 328 qram olan narkotik vasitə heroin məhv edilməli, hökmün icrası Ağdaş Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 05 may 2021-ci il tarixdən 07 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə, cəmi iki gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 02 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69 manat 10 qəpik (altmış doqquz manat on qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 1,328 qram olan narkotik vasitə heroin məhv edilsin. Hökmün icrası Ağdaş Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. (Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar