Məhkəmə qərarları › İş №1(014)-89/2020

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-89/2020

29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-89/2020 29.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxxx 1965-ci ildə Ağdaş rayonu, Dəhnəxəlil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Dəhnəxəlil kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx xxx 2020ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən evinin həyətyanı sahəsindən keçən Türyançay sağ birlik kanalının kənarında xeyli miqdar hesab olunan 05 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kollarını 2020-ci ilin mart ayının sonlarında qanunsuz olaraq əkərək həmin tarixdən xx xxx 2020-ci il tarixədək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, xx xxx 2020-ci il tarixdə, saat 12:30 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin 05 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kolları aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində Ağdaş rayonu, Dəhnəxəlil kəndində yaşadığını, yaşadığı evin həyətyanı sahəsinin kənarından Türyançay sağ birlik kanalı keçdiyini, kanalın yanında heyvanların və uşaqların suya düşməməsi üçün dəmir setka çəkdiyini, 2019-cu ilin payızında, dəqiq yadında qalmayan ayında Ağdaş rayonu, Dəhnəxəlil kəndində yabanı şəkildə bitən çətənə kollarından toxumunu yığdığını, 2020-ci ilin mart ayının sonlarından yaşadığı evin həyətyanı sahəsinin yanından keçən Türyançay sağ birlik kanalının kənarında 05 ədəd həmin toxumları əkdiyini, mütəmadi olaraq həmin bitkilərə qulluq etdiyini, həmin bitkilərin dibini yumşaltdığını, su verdiyini və hər cür qulluq göstərdiyini, xx xxx 2020-ci il tarixdə, saat təxminən 12:30 radələrində onu küçədən səslədiklərini, küçəyə çıxdığını, polis əməkdaşlarının olduğunu, həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitki kollarını əkib-becərməyi barədə məlumat olduğunu bildirdiklərini və həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirdiklərini, polis əməkdaşları ilə razılaşdığını, həmçinin həyətyanı sahəsinə baxış keçirilməsi üçün etirazının olmaması barədə ərizə ilə müraciət etdiyini, bundan sonra həyətyanı sahəsinin kənarından keçən Türyançay sağ birlik kanalının kənarında olan 05 ədəd bitki kollarını göstərdiyini, həmin bitki kollarının hündürlükləri 48 sm-dən 88 sm-dək olduğunu göstərdi. İş üzrə şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində xx xxx 2020-ci il tarixdə, saat təxminən 12:30 radələrində polis əməkdaşlarınin ona həmkəndlisi Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirdiklərini və həmin baxışda hal şahidi qismində iştirak etməsini təklif etdiklərini, daha sonra həmkəndlisi Vasifi hal şahidi qismində iştirak etməsi üçün dəvət etdiklərini, həmçinin baxış keçirilməsində aqronomun iştirak etdiyini, bundan sonra baxış zamanı Əliağanın həyətinin yanından keçən Türyançay sağ birlik kanalının kənarında aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş 05 ədəd tərkibində narkotik maddələr olan bitki kollarına oxşar kollar aşkar edildiyini, həmin kolların hündürlükləri 48 sm-dən 88 sm-ə qədər olduğunu bildirdi. İş üzrə Şahid6 Həmdiyyə oğlu məhkəmə iclasında Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində xx xxx 2020-ci il tarixdə Ağdaş rayonu, Dəhnəxəlil kənd sakini Təqsirləndirilən şəxs həyətyanı sahəsində qanunsuz olaraq tərkinində narkotik maddələr olan bitki kollarını əkib-becərməsi barədə məlumat daxil olduğunu, həmin məlumatın raportla onun tərəfindən şöbə rəhbərliyinə məruzə edildiyini və əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunduğunu, bundan sonra həmin gün, saat 12:30 radələrində Əliağanın yaşadığı ünvana getdiklərini, Əliağanı küçəyə səsləyib ona həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitki kollarını əkib-becərməsi barədə məlumat olduğunu və həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirdiklərini, Təqsirləndirilən şəxs da etiraz etmədiyini və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə ilə Ağdaş RPŞ-nə müraciət etdiyini, bundan sonra Əliağanın həyətyanı sahəsinə baxış zamanı həyətinin aşağı hissəsindən keçən Türyançay sağ birlik kanalının kənarında 05 ədəd tərkibində narkotik maddələr olan bitki kollarını qanunsuz olaraq aqrotexniki qaydada qulluq etməklə yetişdirməsi müəyyən olunduğunu, həmçinin baxışda iştirak edən aqronom Şahid1 həmin kollara baxaraq onlara aqrotexniki qaydada qulluq olunmasını təsdiq etdiyini və bu barədə arayış yazdığını, daha sonra həmin kolların hündürlüklərinin 48-88 sm arasında olması müəyyən olunduğunu, Əliağanın özünün deməsinə görə bitkilərin toxumlarını 2019-cu ilin payız ayında yaşadığı kənddə yabanı halda bitmiş kollardan yığdığını, daha sonra 2020-ci ilin mart ayının sonlarında yaşadığı evin həyətinin yanından keçən Türyançay sağ birlik kanalının kənarında əkib-becərdiyini, Əliağanın deməsinə görə həmin bitki kollarını özü istifadə etmək məqsədilə əkib-becərdiyini, Əliağanın narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmadığını bildirdi. İş üzrə şahidlər Şahid4 və Şahid3 məhkəmə iclasında Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 17/319 №-li rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində yapışdırılmış ağ kağızda “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinin yanında yerləşən Türyançay sağ birlik kanalının kənarından aşkar edilmiş 5 ədəd” sözləri yazılmış sellofan torbanın içərisində hündürlükləri 40 sm-dən 75 sm-dək, ümumi təmiz çəkisi 180,16 qram olan 05 ədəd bitkilər əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom mütəxəssis Şahid1 xx.xx.2020-ci il tarixli aqronom rəyinə əsasən ümumilikdə 05 ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizanın xx.xx.2020-ci il tarixli 709 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-istifadə narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Təlnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs il dəfə az ağır cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, şübhəli şəxs kimi xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün, təyin edilmiş cəzadan çıxmağı məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata götürülməli, müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan çəkisi 179,91 qram olan 05 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməli, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı bir gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə, cəmi iki gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata götürülsün. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik (otuz dörd manat əlli beş qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan çəkisi 179,91 qram olan beş ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar