Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-89/2021 29.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçilər:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 və fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs1 xx xxxxxx 1985-ci ildə Ağdaş rayonu, Ərəbşəki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Ərəbşəki kəndində yaşayan, barəsində 20 yanvar 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, X4 xx xxxxxxxx 1998-ci ildə Ağdaş rayonu, Ərəbşəki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Ərəbşəki kəndində yaşayan, barəsində 20 yanvar 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 2021-ci ilin yanvar ayının ortalarında naməlum mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 306,13 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitələri 01 ədəd sellofan torba, 02 ədəd kibrit qutusu və 07 ədəd kibrit qutularına bölərək satış məqsədilə üzərində və yaşadığı evində saxlamış, 18 yanvar 2021-ci il tarixdə, saat 21:45 radələrində Ağdaş rayonu, Ərəbşəki kəndində 07 ədəd kibrit qutusunda təmiz çəkisi 27,50 qram narkotik vasitə olan qurudulmuş marixuananı Ağdaş rayonu, Ərəbşəki kəndində yaşayan Təqsirləndirilən şəxs2 210 manata nisyə satmışdır. Həmçinin Təqsirləndirilən şəxs1 19 yanvar 2021-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdaş rayonu, Ərəbşəki kəndində saxlanılaraq polis şöbəsinə gətirilmiş, onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən qanunsuz olaraq satış məqsədilə daşıdığı 02 ədəd kibrit qutusunda təmiz çəkisi 8,63 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmçinin 19 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı Ağdaş rayonu, Ərəbşəki kəndində yerləşən evində axtarış aparılan zaman evinin həyətində yerləşən tövləsinin ban hissəsindən qanunsuz olaraq, satış məqsədilə saxladığı 01 ədəd sellofan torbada təmiz çəkisi 270 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 18 yanvar 2021-ci il tarixdə, saat 21:45 radəsində Ağdaş rayonu, Ərəbşəki kəndində həmkəndlisi Təqsirləndirilən şəxs1 şəxsi istehlak miqdarından artıq miqdarda 7 ədəd kibrit qutularında müvafiq olaraq çəkiləri 3,23 qram, 3,07 qram, 2,07 qram, 4,58 qram, 5,44 qram, 4,35 qram və 4,76 qram, ümumi təmiz çəkisi 27,50 qram narkotik vasitə olan qurudulmuş marixuananı 210 manata nisyə alaraq satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlayıb daşımış, 18 yanvar 2021-ci il tarixdə, saat 22:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Ağdaş rayonu, Ərəbşəki kəndində saxlanılaraq Ağdaş RPŞ-nə gətirilmiş və saat 23:29 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən Ağdaş RPŞ-nin növbətçi hissəsində onun üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitələr aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində həbs edilməmişdən təxminən 7-8 gün əvvəl yaşadığı kəndin yaxınlığından keçən Kür çayının yaxınlığından narkotik vasitə qurudulmuş marixuana tapdığını, həmin narkotik vasitələri özü istifadə etmək qərarına gəldiyini, 18 yanvar 2021-ci il tarixdə, saat təxminən 22:45 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs2 onun yanına gəldiyini, onun üçün narkotik vasitə tapmağını xahiş etdiyini, özündə olan narkotik vasitəni satmaq qərarına gəldiyini, çünki pula ehtiyacı olduğunu, 6 ədəd kibrit qutusunda ona narkotik vasitə olan qurudulmuş marixuananı Hafisə verdiyini, kibrit qutusunun birini 30 manatdan verdiyini, Hafisin də üstündə pul olmadığını, pulunu sonra ona verəcəyini dediyini, narkotik vasitənin ümumi qiymətinin 180 manat etdiyini, daha sonra həmin gün saat təxminən 23:50 radələrində yaşadığı kənddə olan zaman polis əməkdaşlarının gəlib ona yaxınlaşdıqlarını, ona narkotik vasitələrin qanunsuz olaraq satışında şübhəli olduğunu bildirdiklərini və onu polis şöbəsinə dəvət etdiklərini, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldiyini, Ağdaş RPŞ-də şübhəli şəxs qismində tutulduğunu və müdafiəçi təyin edildiyini, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçəsinin sağ iç cibindən 02 ədəd kibrit qutusu aşkar olunduğunu, həmin kibrit qutuları açılan zaman içərisindən narkotik vasitə olan qurudulmuş marixuanalar aşkar edildiyini, bundan sonra onun Ağdaş rayonu, Ərəbşəki kəndində yerləşən yaşadığı evinə baxış keçirildiyini, baxış zamanı yaşadığı evin həyətində olan tövlədən 01 ədəd sellofan torba aşkar edildiyini, həmin torba açılan zaman içərisindən yaşıl rəngli, kəskin iyli bitki kütləsi olan qurudulmuş marixuana aşkar edildiyini, lakin həmin narkotik vasitənin onun olmadığını göstərdi. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsinin yaşadığı evinin həyətində yerləşən tövlənin ban hissəsindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan torbada çəkisi 270 qram olan narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olmaması barədə hissəsinə tənqidi yanaşır, hesab edir ki, onun bu məzmunda ifadə verməsi məsuliyyətdən qaçmaq, özünü müdafiə etmək məqsədi daşıyır, iş üzrə şahidlərin ifadələri və ekspertiza rəyi ilə tam təkzib edilir. İş üzrə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində hərdənbir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, ona görə də bir neçə kibrit qutusunda alıb özündə saxladığını, 18 yanvar 2021-ci il tarixdə özü üçün narkotik vasitə almaq qərarına gəldiyini, əvvəllər Telsonun ona narkotik vasitə lazım olarsa təşkil edə biləcəyini dediyini, buna görə də həmkəndlisi Təqsirləndirilən şəxs1 yanına getdiyini, Telsona ona narkotik vasitə tapmaqda kömək etməsini xahiş etdiyini, Telsonun bir neçə gün əvvəl ona yaxşı mal olduğunu, yəni yaxşı narkotik vasitə olduğunu dediyini, həmin gün saat təxminən 21:45 radələrində Telsonla görüşdüyünü, Telsondan 6 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana istədiyini, həmin kibrit qutularının 01 ədədini 30 manata danışdıqlarını, üzərində pulu olmadığı üçün Telsona pulunu sonra verəcəyini bildirdiyini, Telsonun da razılaşdığını, daha sonra yaşadığı evə gəldiyini, yolda olan zaman onu polis əməkdaşlarının saxladıqlarını, ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlamağı barədə onlarda məlumat olduğunu bildirdiklərini və onu polis şöbəsinə dəvət etdiklərini, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldiyini, polis şöbəsində şübhəli şəxs qismində tutulduğunu və ona dövlət hesabına müdafiəçi təyin edildiyini, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən 04 ədəd kibrit qutusu, sol yan cibindən isə 03 ədəd kibrit qutusu aşkar edildiyini, həmçinin də əynində olan şalvarın sol yan cibindən 01 ədəd mobil telefon aşkar edildiyini, üzərindən aşkar edilmiş 7 ədəd kibrit qutuları açılan zaman içərisindən yaşıl rəngli, kəskin iyli bitki kütlələri aşkar olunduğunu, polis əməkdaşlarına həmin bitki kütlələrinin narkotik vasitə olduğunu dediyini, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün həmkəndlisi Təqsirləndirilən şəxs1 hər birini 30 manat olmaqla, ümumilikdə 210 manata 18 yanvar 2021-ci il tarixdə, saat təxminən 21:45 radələrində yaşadıqları kənddə yolun kənarında satın aldığını söylədiyini, bundan sonra aşkar olunmuş kibrit qutularında olan həmin narkotik vasitələr elektron tərəzidə çəkildiyini, zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, Telsondan 6 qutu narkotik vasitə istədiyini, Telsonun isə ona 7 qutu narkotik vasitə verdiyini, həmin vaxt Telsonun ya onu səhv başa düşdüyünü, ya da ki, ona bir qutu artıq verdiyini fikirləşdiyini, buna görə də üzərindən aşkar olunmuş narkotik vasitələri Telsondan 210 manata aldığını bildirdiyini göstərdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 18 yanvar 2021-ci il tarixdə Ağdaş rayonu, Ərəbşəki kəndində yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələri üzərində saxlaması barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və tərəfindən müvafiq sənədləşmələr aparıldığını, həmin gün, saat 22:00 radələrində CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs2 yaşadığı Ağdaş rayonu, Ərəbşəki kəndində küçədə piyada hərəkətdə olmasını gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini, həmçinin onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə Hafisin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Hafisin əynində olan boz rəngli göçəkçənin sağ yan cibindən 04 ədəd kibrit qutusu, sol yan cibindən isə 03 ədəd kibrit qutusu aşkar edildiyini, həmçinin də əynində olan şalvarın sol yan cibindən 01 ədəd “Xiaomi” markalı mobil telefon aşkar edildiyini, Hafisin üzərindən aşkar edilmiş 7 ədəd kibrit qutuları açılan zaman içərisindən yaşıl rəngli, kəskin iyli bitki kütlələri aşkar olunduğunu, Hafisin həmin bitki kütlələrinin narkotik vasitə olduğunu və həmin vasitəni əsgər yoldaşı Nurlan adlı şəxsə satmaq üçün həmkəndlisi Təqsirləndirilən şəxs1 hər birini 30 manat olmaqla, ümumilikdə 210 manata 18 yanvar 2021-ci il tarixdə, saat təxminən 21:45 radələrində yaşadıqları kənddə yolun kənarında satın aldığını söylədiyini, bundan sonra aşkar olunmuş kibrit qutularında olan həmin narkotik vasitələr elektron tərəzidə çəkildiyini və çəkilərinin müvafiq olaraq 8,38 qram, 9,2 qram, 8,04 qram, 6,66 qram, 6,71 qram, 5,65 qram və 8,19 qram olduğunu, sonra həmin kibrit qutularının zərfə qablaşdırıldığını və möhür vurulduğunu, şəxsi axtarış zamanı video çəkilişdən istifadə edildiyini, daha sonra tərəfindən Ağdaş rayonu, Ərəbşəki kənd sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələri üzərində və yaşadığı ünvanda saxlaması və satması barədə raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu, müvafiq sənədləşmələr aparıldığını, həmin gün, saat 23:50 radələrində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı Ağdaş rayonu, Ərəbşəki kəndində piyada hərəkətdə olmasını gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona Təqsirləndirilən şəxs2 narkotik vasitə satması barədə məlumat olduğunu bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə Telsonun üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Telsonun əynində olan qara rəngli gödəkçəsinin sağ iç cibindən 02 ədəd kibrit qutusu aşkar olunduğunu, həmin kibrit qutuları açılan zaman içərisindən narkotik vasitə olan qurudulmuş marixuanalar aşkar edildiyini, kibrit qutularının elektron tərəzidə çəkilən zaman 7,92 qram və 7,91 qram gəldiyini, həmin kibrit qutularının zərfə qablaşdırıldığını və möhür vurulduğunu,şəxsi axtarış zamanı video çəkilişdən istifadə edildiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan narkotik vasitələrin ona məxsus olduğunu bildirdiyini, bundan sonra iki nəfər hal şahidlərinin, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Telsonun Ağdaş rayonu, Ərəbşəki kəndində yerləşən yaşadığı evinə baxış keçirildiyini, baxış zamanı Telsonun yaşadığı evin həyətində olan tövlədən 01 ədəd sellofan torba aşkar edildiyini, həmin torba açılan zaman içərisindən yaşıl rəngli, kəskin iyli bitki kütləsi olan qurudulmuş marixuana aşkar edildiyini, həmin bitki kütləsinin elektron tərəzidə çəkilən zaman çəkisinin 273 qram olduğunu, lakin Telsonun həmin narkotik vasitənin onun olmadığını bildirdiyini göstərdi. İş üzrə Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində 19 yanvar 2021-ci il tarixdə, saat təxminən 01:30 radələrində Ağdaş rayonu, Ərəbşəki kəndində piyada hərəkətdə olan zaman iki nəfər polis əməkdaşlarının ona yaxınlaşaraq həmin kənd sakini Təqsirləndirilən şəxs1 yaşadığı evinə baxış keçiriləcəyini və həmin baxışda hal şahidi kimi iştirak etməyini təklif etdiklərini, ondan başqa bir nəfər şəxsin də hal şahidi kimi iştirak etmək üçün dəvət edildiyini, bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə onun, digər hal şahidinin və müdafiəçinin iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Telsonun yaşadığı evin həyətində olan tövlədən 01 ədəd sellofan torba aşkar edildiyini, həmin torba açılan zaman içərisindən yaşıl rəngli, kəskin iyli bitki kütləsi olan qurudulmuş marixuana aşkar edildiyini, həmin bitki kütləsinin elektron tərəzidə çəkildiyini və qablaşdırıldığını göstərdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 19.01.2021-ci il tarixli 17/48 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş” bitki kütləsi olan kibrit qutusu” sözləri yazılmış zərfin içərisindəki 07 ədəd kibrit qutularında, ayrı ayrılıqda təmiz çəkiləri 3,23 qram, 3,07 qram, 2,07 qram, 4,58 qram, 5,44 qram, 4,35 qram, 4,76 qram, ümumi təmiz çəkisi 27,50 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş” bitki kütləsi olan 02 ədəd kibrit qutusu” sözləri yazılmış zərfin içərisindəki 02 ədəd kibrit qutularında, ayrı ayrılıqda təmiz çəkiləri 4,36 qram və 4,27 qram, ümumi təmiz çəkisi 8,63 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 evinin həyətində olan tövlənin ban hissəsindən aşkar olunmuş...sözləri” yazılmış sellofan torbanın içərisindəki təmiz çəkisi 270,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş 01 ədəd zərfdəki 07 ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar ilə digər 01 ədəd zərfdəki 02 ədəd kibrit qutusunda və 01 ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 20.04.2021-ci il 414 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 30.04.2021-ci il 478 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin əməliyyat müvəkkilləri və müdafiəçinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən iki ədəd iki ədəd kibrit qutusu aşkar edilmiş, kibrit qutuları açıldıqda içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, Təqsirləndirilən şəxs1 həmin maddələrin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və ona məxsus olduğunu demiş, aşkar olunmuş həmin narkotik maddələr elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır, həmçinin Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin əməliyyat müvəkkilləri və müdafiəçinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən dörd ədəd kibrit qutusu, sol yan cibindən üç ədəd kibrit qutusu aşkar edilmiş, yeddi ədəd kibrit qutuları açıldıqda içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, Təqsirləndirilən şəxs2 həmin maddələrin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, əsgər yoldaşı Nurlan adlı şəxsə satmaq üçün Təqsirləndirilən şəxs1 hər biri 30 manat olmaqla 210 manata nisyə aldığını demiş, aşkar olunmuş həmin narkotik maddələr elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır, Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və X6 əvvəllər məhkum olunmamışlar. Beləliklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X4 yuxarıda qeyd olunan cinayət əməlini törətmələri onların özünün məhkəmə iclasında verdikləri etirafedici ifadələrindən başqa, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə, X4 əməli isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini, himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmamış uşaqların olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, X4 ilk dəfə az ağır cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs1 və X4 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların şəxsiyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli Qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər.Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır.Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığını göstərməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədə müvafiq bilir, X4 cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmsını mümkün hesab edir, barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, 18 yanvar 2021-ci il tarixdən 20 yanvar 2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 günə 02 gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün, təyin edilmiş cəzadan çıxmağı məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 19 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən X2 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer yaşayış yeri hesab olunmalı, həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməli, aparılmış ekspertiza tədqiqatının dəyəri 35 manat 97 qəpik Təqsirləndirilən şəxs1 oğlu və X3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 305,63 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, iş üzrə digər maddi sübut olan 03 ədəd disk cinayət işində saxlanılmalı, hökmün X7 oğluna aid hissəsi onun yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli 19 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X4 18 yanvar 2021-ci il tarixdən 20 yanvar 2021-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti cəza, bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X2 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. X4 cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X6 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. X6 ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer X4 yaşayış yeri hesab olunsun, həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. X4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35 manat 97 qəpik (otuz beş manat doxsan yeddi qəpik) Təqsirləndirilən şəxs1 və X3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 305,63 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, üç ədəd disk cinayət işində saxlanılsın. Hökmün X7 oğluna aid hissəsi Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-89/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-89/2021
29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver