Məhkəmə qərarları › İş №1(014)-89/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-89/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-89/2023 13.06.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1994-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq ümumi təmiz çəkisi 1,192 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2023-cü il tarixdə saat 15:20 radələrində Ağdaş RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra həmin tarixdə saat 16:00 dəqiqədən 16:12 dəqiqəyədək ünvan 2 ünvanında yerləşən Ağdaş RPŞ-in inzibati binasında xidməti otaqda üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan gödəkçənin sağ cibindən bir ədəd qırmızı-ağ rəngli kağız bükümdə təmiz çəkisi – 1,192 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Bədənində ağrılar olur, buna görə də narkotik vasitələrdən istifadə edir. Narkotik vasitədən istifadə edəndə rahatlaşır və ağrıları kəsir. Narkotik vasitənin istifadəçisidir. Əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında İ.Qaradağlı küçəsi ilə gedərkən yerdə kağız büküm görmüşdür. Kağız bükümü açanda içindəki maddənin narkotik vasitə olan “kokos” olduğunu görmüşdür. İstifadə etdiyi üçün həmin narkotik vasitəni götürüb istifadə etməsi üçün üzərində saxlamışdır. Təxminən saat 15:20 radələrində Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşmışlar. Ona demişlər ki, onlarda məlumat var ki, o üzərində narkotik vasitə saxlayır və onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona vəkil təyin olunmuş və o şübhəli şəxs kimi tutulmuşdur. Sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərində saxladığı 1 ədəd kağız büküm aşkar olunmuşdur. Həmin kağız büküm açıldıqda içərisində olan narkotik vasitə olan “kokos”, yəni heroin aşkar olunmuşdur. O, həmin maddənin narkotik vasitə heroin olduğunu və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Sonra həmin büküm elektron tərəzidə çəkilmiş, tərəzidə çəkildikdə çəkisi 1,4 qram olmuşdur. Sonra həmin kağız büküm zərfə qablaşdırılmışdır. Üzərinə möhür vurulmuşdur. O və digər iştirakçılar zərfə imza etmişlər. Sonra onun üzərindən aşkar olunmuş mobil telefon da qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşı ona üzərində saxladığı narkotik vasitəni haradan əldə etməsini soruşduqda, o da narkotik vasitəni yerdən tapdığını bildirmişdir. Sonra onun üzərindən aşkar olunmuş 2 ədəd alışqan, 1 ədəd kibrit qutusu və 30 qəpik pul ona qaytarılmışdır. Şəxsi axtarış videokamera vasitəsilə videoqeydə alınmışdır. Sonra da protokol tərtib olunmuşdur. Üzərindən aşkar olunan narkotik vasitə heroini küçədən tapmışdır. Həmin vaxt ətrafda heç kim olmamışdır. Polis şöbəsinə gətirilən və polis şöbəsində olan zaman onun üzərində qiymətli əşya olmamışdır. Ağdaş rayon Polis şöbəsinə gətirilən və polis şöbəsində olan zaman ona polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq və ya zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ağdaş RPŞ-in cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsi 1/15-də qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparılmışdır. xx.xx.2023-cü il tarixdə saat 15:20 radələrində Ağdaş RPŞin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsində hərəkətdə olan zaman Orxanın piyada hərəkətdə olmasını görmüşlər. Həmin zaman ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu bildirmişlər. Bundan sonra Orxanı RPŞ-yə dəvət etmişlər. Orxan da onlarla birlikdə Ağdaş RPŞ-yə gəlmişdir. RPŞ-də Orxana dövlət hesabına müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs kimi tutulmuşdur. Bundan sonra müdafiəçinin də iştirakı ilə Ağdaş RPŞ-in inzibati binasında, xidməti otaqda Orxanın üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Orxanın əynində olan şalvarının sağ yan cibindən 2 ədəd alışqan, 1 ədəd kibrit qutusu, 30 qəpik metal pul, əynində olan gödəkçəsinin cibindən isə 1 ədəd qırmızı-ağ rəngli kağız büküm aşkar edilmişdir. Aşkar edilmiş həmin büküm açılmış və içərisindən qəhvəyi rəngli, toz halında xüsusi qoxuya malik kütlə aşkar edilmişdir. Bundan sonra aşkar olunmuş həmin narkotik vasitə heroinin elektron tərəzidə çəkilmiş və çəkisi 1,4 qram olmuşdur. Sonra həmin büküm zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuşdur. İştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Protokol tərtib olunmuş və tərtib olunmuş protokol iştirakçılar tərəfindən təsdiq edilmişdir. Həmçinin Orxana məxsus 2 ədəd alışqan, 1 ədəd kibrit qutusu, 30 qəpik metal pul istintaq üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Ağdaş şəhəri, İ.Qaradağlı küçəsində piyada hərəkətdə olduğu zaman yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə RPŞ-yə məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs tutulan zaman özü və ya başqa hər hansı bir polis əməkdaşı tərəfindən heç bir güc, zor və ya təzyiqə məruz qalmamışdır. Məhkəmə iclasında Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə Orxanın üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Orxanın əynində olan şalvarının sağ yan cibindən 2 ədəd alışqan, 1 ədəd kibrit qutusu, 30 qəpik metal pul, əynində olan gödəkçəsinin cibindən isə 1 ədəd qırmızı-ağ rəngli kağız büküm aşkar edilmiş, aşkar edilmiş həmin büküm açılmış və içərisindən qəhvəyi rəngli, toz halında xüsusi qoxuya malik kütlə aşkar edilmiş, bundan sonra aşkar olunmuş həmin narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və çəkisi 1,4 qram olmuş, sonra həmin büküm zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, iştirakçılar tərəfindən zərfin üzəri imzalanmış, həmçinin Orxana məxsus 2 ədəd alışqan, 1 ədəd kibrit qutusu, 30 qəpik metal pul istintaq üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Ağdaş şəhəri, İ.Qaradağlı küçəsində piyada hərəkətdə olduğu zaman yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/326 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kağız büküm...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 1 ədəd qırmızı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 1,192 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-сü il tarixli 767 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsindən yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 20 aprel 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 20 aprel 2023-cü il tarixli, 629 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşamaqla ailə tərkibi xx.xx.1965-ci il təvəllüdlü X4, xx.xx.1965-ci il təvəllüdlü X5, xx.xx.1995-ci il təvəllüdlü X6, xx.xx.1994-cü il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 06 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 15:45də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 07 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir və həmin qərar ona saat 17:00-da təqdim edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-66/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, 11 fevral 2023-cü il tarixdən 13 fevral 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddətin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi, məhkəmə iclas zalından həbs edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli həbsə alındığı vaxtdan 03 may 2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi, cəza çəkdiyi müddətdə məcburi müalicə olunması və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınması, iş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan, nəm vəziyyətdə təmiz çəkisi 1,525 qram olan heroinin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilmısi, Təqsirləndirilən şəxs 71 manat 94 qəpik (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut qismində tanınmış 1 ədəd disk cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs göstərilmiş 13 saat hüquqi xidmətə görə 78 (yetmiş səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil X2 "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülməsi hökm edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0,15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş heroinin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində 2 azyaşlı övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs 06 aprel 2023-cü il tarixdən 07 aprel 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı müddət iki gün kimi qiymətləndirilməklə həmin müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilən cəzadan çıxılmalıdır. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-66/2023 sayl hökmünə əsasən ona təyin edilmiş azadlıqdan məhrum cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və onun hazırda Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-66/2023 saylı hökmünə əsasən cəza çəkməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 1,142 qram çəkidə heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 69 manat 10 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 aprel 2023-cü il tarixdən 07 aprel 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-66/2023 sayl hökmünə əsasən ona təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və onun hazırda Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-66/2023 saylı hökmünə əsasən cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 1,142 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 69,10 (altmış doqquz manat on qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar