Məhkəmə qərarları › İş №1(014)-9/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-9/2024

09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-9/2024 09.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1975-ci ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2isin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək üzərində saxlayıb daşımışdır. Belə ki, o istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi 280,91 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb, daşımış, xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhər ərazisində yerləşən Məşəd qəbirstanlığının yaxınlığında saxlanılaraq RPŞ-yə gətirildikdən sonra Ağdaş şəhəri, M.İsayev 12 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 13:41-dən 13:58-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əlində olan sellofan bağlamada ümumi təmiz çəkisi 280,91 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini, əsasən narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyini, narkotik vasitələr qəbul etmədikdə bədənində ağrılar yarandığını, narkotik vasitədən istifadə etdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyini, hal-hazırda cəzasını çəkdiyini, fərdi əməklə məşğul olduğunu, qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin etdiyini, xx.xx.2023-cü il tarixdə saat təxminən 12 radələrində balıq tutmaq üçün Ağdaş rayonu, Gürcuva kəndində yerləşən su kanalının kənarına getdiyini, kanalın kənarına çatdıqdan sonra balıq tutmağa başladığını, bir müddət sonra kanalın kənarına baxan zaman yabanı halda bitən narkotik vasitə çətənə bitkilərinin olduğunu gördüyünü, orada neçə ədəd çətənə bitkisi kolu olmasını dəqiq xatırlamadığını, bədənində ağrılar olduğu üçün həmin narkotik vasitə çətənə bitkisinin qurumuş yarpaqlarını su kanalının kənarında olan qara rəngli sellofan torbaya yığdığını və həmin sellofan torbanı da ağ rəngli sellofan torbanın içərisinə qoyduğunu və özü ilə gətirdiyi skoç ilə sellofan bağlamanı bağladığını və Ağdaş şəhərinə gəlməyə başladığını, xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Ağdaş şəhər Məşəd qəbirstanlığının yaxınlığında olan zaman Ağdaş RPŞ-nin əməkdaşlarının ona yaxınlaşaraq narkotik vasitələri istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək RPŞ-yə dəvət etdiyini, RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin olunduğunu və üzərində şəxsi axtarış keçirilməyə başlanıldığını, təhqiqatçı Elçin Mütəllimovun üzərində qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə varsa təqdim etməyini təklif etdiyini, həmin vaxt sol əlində saxladığı 1 ədəd ağ rəngli sellofan bağlamanı və üzərində olan elektron nəzarət cihazını təqdim etdiyini, bundan sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarışın davam etdirildiyini, lakin qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar olunmadığını, daha sonra təhqiqatçının təqdim etdiyi ağ rəngli sellofan bağlamanı açdığını və həmin bağlamanın içərisindəki qara rəngli sellofan bağlamaya baxış keçiriən zaman narkotik vasitə qurudulmuş marixuana aşkar olunduğunu, həmin narkotik vasitəni Ağdaş rayonu, Gürcuva kəndində yerləşən kanalın kənarında yabanı halda bitən narkotik vasitə çətənə bitkisinin kollarından topladığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirdiyini, daha sonra təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuananın sellofan bağlama ilə birlikdə elektron tərəzidə çəkildiyini və çəkisinin 295 qram olduğunun müəyyən olunduğunu, həmçinin təqdim etdiyi cihazın elektron nəzarət cihazı olduğunu bildirdiyini, bundan sonra təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuananın sellofan bağlama ilə birlikdə kağız zərfə qablaşdırıldığını və üzərinə möhür vurulduğunu, üzərində keçirilmiş şəxsi axtarış barədə protokol tərtib olunduğunu, onun və iştirak edən digər iştirakçılar tərəfindən üzərinin imzalandığını bildirmişdir. Əməlindən peşmandır. Ona həbslə nəticələnməyən cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri işlədiyini, xx.xx.2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və istifadə etməsinin qeyd olunduğunu, həmin məlumat üzrə Təqsirləndirilən şəxs saxlanılaraq Ağdaş RPŞ-yə gətirilməsi ilə bağlı Ağdaş RPŞ-nin CABnin əməliyyat müvəkkili Şahid1 tərəfindən “təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edildiyini, həmin qərar əsasında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 və onun iştirakı ilə Ağdaş şəhər ərazisində yerləşən Məşəd qəbiristanlığının yaxınlığında piyada hərəkət edən zaman saxlanıldığını, həmin vaxtı orada Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və istifadə etməsində şübhəli olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, Təqsirləndirilən şəxs razılaşdığını və onlarla birlikdə Ağdaş RPŞ-yə gəldiyini, Təqsirləndirilən şəxs dövlət hesabına Müdafiəçi təyin edildiyini, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın həyata keçirilməyə başlanıldığını, şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə varsa təqdim etməsinin təklif edildiyini, həmin vaxtı Təqsirləndirilən şəxs sol əlində saxladığı 1 ədəd ağ rəngli sellofan bağlamanı və üzərində olan elektron nəzarət cihazını təqdim etdiyini, bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirildiyini, lakin qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar olunmadığını, daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli sellofan bağlamanı açdığını və həmin bağlamanın içərisindəki qara rəngli sellofan bağlamaya baxış keçirən zaman narkotik vasitə qurudulmuş marixuana aşkar olunduğunu, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Ağdaş rayonu, Gürcuva kəndində yerləşən kanalın kənarında yabanı halda bitən narkotik vasitə çətənə bitkisinin kollarından topladığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirdiyini, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuananın təhqiqatçı tərəfindən sellofan bağlama ilə birlikdə elektron tərəzidə çəkildiyini və çəkisinin 295 qram olduğunun müəyyən olunduğunu, həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi cihazın elektron nəzarət cihazı olduğunu bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuananın sellofan bağlama ilə birlikdə kağız zərfə qablaşdırıldığını və üzərinə möhür vurulduğunu, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış barədə protokol tərtib olunduğunu, onun və iştirak edən digər iştirakçılar tərəfindən üzərinin imzalandığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 13:41-də başlamış və 13:58-də başa çatmış şəxsi axtarış ünvan 5 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında aparılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması, daşıması və istifadə etməsi barədə məlumatın daxil olması izah edilmiş, bundan sonra ona üzərində olan əşyaları birbir masanın üzərinə qoyması təklif edilmiş, Təqsirləndirilən şəxs sol əlində saxladığı 1 ədəd ağ rəngli sellofan bağlamanı və üzərində olan elektron nəzarət cihazını təqdim etmiş, bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli sellofan bağlamanı açmış və həmin bağlamanın içərisindəki qara rəngli sellofan bağlamaya baxış keçirən zaman narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Ağdaş rayonu, Gürcuva kəndində yerləşən kanalın kənarında yabanı halda bitən narkotik vasitə çətənə bitkisinin kollarından topladığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuana təhqiqatçı tərəfindən sellofan bağlama ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 295 qram olduğu müəyyən olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi cihazın elektron nəzarət cihazı olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuana sellofan bağlama ilə birlikdə kağız zərfə qablaşdırılmış və üzərinə möhür vurulmuşdur. Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış barədə protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs və iştirak edən digər iştirakçılar tərəfindən üzəri imzalanmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 01 avqust 2023-cü il tarixli, 17/580 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində yaşıl rəngli narkotik tərkibli bitkiyə oxşar bitki kütləsi olan sellofan paket” sözləri, sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan torbanın içərisində olan digər 01(bir) ədəd sellofan torbada təmiz çəkisi 280,91 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 18 sentyabr 2023-сü il tarixli, № 1567 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyac yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib 3 il 5 ay 26 gün müddətə, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinib 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 1(014)-16/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlığın məhdudlaşıdırlması cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, c/i-24 saylı məktubdan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 1(014)-16/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir gün iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılmış və üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətə azadlığın mıhdudlaşdırılması cəzası saxlanılmışdır. Ağdaş Rayon Məhkəməsinin 1(014)- 16/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına xx.xx.2023-cü il tarixdə icraata daxil olmuşdur. Hal-hazırda xx.xx.2024cü il tarixə kimi çəkilməmiş 01 il 07 ay 19 gün cəzası qalmışdır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X11 15 avqust 2023-cü il tarixli PHŞ-6-22/2-1243/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X11 poliklinika şöbəsində “Həşiş narkomaniyası” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 avqust 2023-cü il tarixli, 96 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 avqust 2023-cü il tarixli, № 890 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında qeydiyyatda olan, ünvan 8 – 1986-cı il təvəllüdlü X2, 2007-ci il təvəllüdlü X3, 2008-ci il təvəllüdlü X4, 2015-ci il təvəllüdlü X5, 2017-ci il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 01 avqust 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 13:30da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 03 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 10:00-da tanış edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Külli miqdar (təmiz halda qramlarla) qurudulmuş marixuana aşağı həddi 500 qram (daxil olmaqla) olduqda təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, himayəsində ikisi azyaşlı olmaqla dörd yetkinlik yaşına çatmayan övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Lakin həmin Məcəllənin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Onun eyni cinayət hadisəsini yenidən törətməsi şəxsiyyətini mənfi səciyyələndirən haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, əvvəllər təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının onun islah olunmamasını, yetərli olmamasını, cəzanı yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir günə bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü kimi azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 1(014)-16/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi iki günə bir gün hesablanmaqla azadlıqdan məhrum etmə cəzası ilə bərabər tutulmalı, həmin cəza Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli, Təqsirləndirilən şəxs 01 avqust 2023-cü il tarixdən 03 avqust 2023cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 09 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut olan və Ağdaş RPŞ-də saxlanılan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 280,81 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 manat 55 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Ağdaş Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 1(014)-16/2023 saylı hökmünə əsasən ona təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 7 (yeddi) ay 19 (on doqquz) gün hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 9 (doqquz) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin. Həmin cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 avqust 2023-cü il tarixdən 03 avqust 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün azadlıqdan məhrum etmə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla cəmi 2 (iki) gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 09 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 280,81 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat, əlli beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar