Məhkəmə qərarları › İş №1(014)-90/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-90/2021

06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-90/2021 06.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxxx 1964-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Orta Ləki kəndində qeydiyyatda olan və Ağdaş rayon Orta Qəsil kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, o, 2021-ci ilin aprel ayının əvəllərində yaşadığı Ağdaş rayon Orta Qəsil kəndindəki evinin həyətyanı sahəsindəki mişar daşı ilə ətrafı hörülmüş yarımtikili tövlənin içərisində əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan 4 ədəd, həyətyanı sahəsindən keçən su arxının kənarında 1 ədəd, 2021-ci ilin may ayının əvəllərində yaşayış evinin həyətindən keçən su arxının yaxınlığında 2 ədəd, ümumilikdə 7 ədəd - xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini vahid niyyətlə qanunsuz olaraq əkib becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, 10.05.2021-ci il tarixdə saat 16:50-də Ağdaş RPŞ-nin əməkdaşlarının Ağdaş rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon Orta Qəsil kəndindəki evinin həyətyanı sahəsindən həmin bitkilərdən hündürlükləri 55 sm-dən 100 sm-dək, ümumi təmiz çəkisi 1 kiloqram 30 qram olan 4 ədəd bitki, hündürlüyü 15 sm və 20 sm ümumi təmiz çəkisi 1,34 qram olan 2 ədəd bitki şitilləri, hündürlüyü 55 sm, təmiz çəkisi 5,96 qram yalnız kök və gövdədən ibarət 1 ədəd bitki hissəsi RPŞ əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhiəsəb xəstəliyi olmadığını, narkotik vasitələrin istifadəçisi olduğunu, əvvəllər məhkum olunmadığını, ailəli olduğunu, təxminən bir ay əvvəl Ağdaş rayonu Orta Qəsil kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsindəki yarı tikili tövlənin içərisində 4 ədəd torpağa və 1 ədəd də həyətyanı sahəsində arxın kənarına narkotik tərkibli bitki toxumu əkdiyini, həmçinin yaşadığı evin həyətyanı sahəsində su arxının yanındakı kolluq yerə təxminən 5 gün əvvəl 2 ədəd narkotik tərkibli bitki toxumu əkdiyini, iki-üç gündən bir Ağdaş rayonu Orta Qəsil kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində əkdiyi narkotik tərkibli bitkiləri suvardığını, diblərini yumşaltdığını, 10.05.2021-ci il tarixdə təxminən saat 16:30 radələrində yaşadığı evdə olarkən yoldan onu kiminsə səsləməsini eşitdiyini, həmin vaxt yaşadığı evin qarşısındakı küçəyə çıxarkən polis əməkdaşlarının ona yaxınlaşaraq onlarda yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməyi barədə məlumat olduğunu söylədiklərini, özünün də həmin vaxt onlara həqiqətən də yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməsini söylədiyini, daha sonra yaşadığı evin həyətyanı sahəsinə aqronomun iştirakı ilə baxış keçirildiyini, baxış zamanı yaşadığı evin həyətyanı sahəsində yarım tikilinin içərisindən əkib becərdiyi hündürlükləri 15 sm-dən 100 sm-ə qədər 4 ədəd, tövlədən çıxdıqdan sonra su arıxının kənarında hündürlüyü 50 sm olan 1 ədəd və bundan başqa su arxının kənarından əlavə olaraq 2 ədəd şitillər yerə əkilmiş narkotik tərkibli bitkiyə oxşar bitki kollarnın aşkar olunub kökündən çıxardılıb qablaşdırılaraq götürüldüyünü, daha sonra aşkar edilmiş bütün narkotik tərkibli kolların sintetik torbaya qablaşdırıldığını, kisənin üzərinə imza etdiklərini, daha sonra kisənin üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurulduğunu, daha sonra bu barədə protokol tərtib olunduğunu, video çəkiliş aparıldığını, tərtib olunmuş protokol ucadan oxunduqdan sonra protokola imza etdiklərini, daha sonra Ağdaş RPŞ-də onun dövlət tərəfindən müdafiəçi ilə təmin edilmək hüququ olması izah edildiyini, özünün də Ağdaş RPŞ-yə ərizə ilə müraciət edərək dövlət tərəfindən müdafiəçi təyin olunmasının təmin edilməsini xahiş etdiyini, həmin narkotik tərkibli kolların 5 ədədini təxminən bir ay əvvəl, 2 ədədini isə təxminən 5 gün əvvəl şəxsi istifadə etmək məqsədilə əkdiyini, həmin narkotik tərkibli bitkilərin toxumlarını yaşadığı kəndin yaxınlığında yerləşən meşə sahəsində yabanı halda bitən narkotik tərkibli bitkilərdən yığdığını, heç kimə narkotik vasitə satmadığını, yaşadığı evin həyətindəki yarı tikili tövlənin içərisindəki narkotik tərkibli bitkilərə baxış keçirilən zaman tövləyə əkilmiş 4 ədəd narkotik tərkibli bitkiyə oxşar bitkilərin onun tərəfindən əkilmədiyini bildirməsi barədə həmin vaxt ailə üzvlərinin onun tövlənin içərisinə narkotik tərkibli bitkilər əkməyi barədə bilmələrini istəmədiyi üçün onları özünün əkmədiyini söylədiyini, həmin 4 ədəd narkotik tərkibli bitkiləri tövləyə özü istifadə etməyi üçün əkdiyini, həmin bitkilərin narkotik tərkibli bitki olduğunu, həmin narkotik tərkibli bitkinin yarpaqlarından istfadə etdiyi üçün həmin bitkinin yalnız gövdəsi qaldığını, RPŞ-yə gətirilən zaman ona qarşı hər hansı bir fiziki zor və ya hər hansı bir psixoloji təsir olunmadığını, RPŞ-yə gətirilən zaman üzərində hər hansı bir dəyərli əşya olmadığını, ifadəsinin alınmasında hər hansı bir təzyiq və ya zorakılıq hərəkətləri edilmədiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Ağdaş rayon Polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 10.05.2021-ci il tarixdə xidmətdə olduğunu, həmin gün günorta saatlarında Ağdaş rayonu Orta Ləki kəndində qeydiyyatda olan və Ağdaş rayon Orta Qəsil kəndində yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitki kollarını əkib-becərməsi barədə məlumat daxil olduğunu, həmin məlumatın raportla tərəfindən şöbə rəhbərliyinə məruzə edildiyini və əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunduğunu, bundan sonra həmin gün saat 16:30 radələrində Məmmədin yaşadığı ünvana getdiklərini, Məmmədi küçəyə səsləyib ona həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitki kollarını əkibbecərməsi barədə məlumat olduğunu və həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirdiklərini, Təqsirləndirilən şəxs da buna etiraz etmədiyini və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə ilə Ağdaş RPŞ-yə müraciət etdiyini, bundan sonra videoçəkiliş apararaq aqronomun iştirakı ilə Məmmədin həyətyanı sahəsinə baxış keçirildiyini, baxış zamanı Məmmədin yaşadığı evin həyətyanı sahəsindən yarımtikilinin içərisində əkib becərdiyi hündürlükləri 15 sm-dən 100 sm-ə qədər 4 ədəd yerə əkilmiş, yarımtikilidən çıxdıqdan sonra su arxının kənarından hündürlüyü 50 sm olan 1 ədəd yerə əkilmiş və bundan başqa bir qədər kənarda su arxının yaxınlığında kolların içərisində 2 ədəd şitillər aqrotexniki qaydada qulluq etməklə narkotik tərkibli bitkiyə oxşar bitki kolları aşkar olunub kökündən çıxardılıb qablaşdırılaraq götürüldüyünü, daha sonra aşkar edilmiş bütün narkotik tərkibli kollar sintetik torbaya qablaşdırıldığını, kisənin üzərinə imza etdiklərini, daha sonra kisənin üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurulduğunu, daha sonra bu barədə protokol tərtib olunduğunu, tərtib olunmuş protokol ucadan oxunduqdan sonra protokola imza etdiklərini, əməliyyat zamanı video çəkiliş aparıldığını, Məmmədin narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmadığını, Məmmədi əvvəlllər tanımadığını, onunla da heç bir münasibəti olmadığını, Məmmədin özünün deməsinə görə bitkilərin toxumlarını yaşadığı kəndin yaxınlığında yerləşən meşə sahəsində yabanı halda bitən narkotik tərkibli bitkilərdən yığdığını, həmin narkotik tərkibli kolların 5 ədədini təxminən bir ay əvvəl, 2 ədədini isə təxminən 5 gün əvvəl şəxsi istifadə etmək məqsədilə əkdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, videoçəkiliş apararaq aqronomun iştirakı ilə Məmmədin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı Məmmədin yaşadığı evin həyətyanı sahəsindən yarımtikilinin içərisindən əkib becərdiyi hündürlükləri 15 sm-dən 100 sm-ə qədər 4 ədəd yerə əkilmiş, yarımtikilidən çıxdıqdan sonra su arxının kənarından hündürlüyü 50 sm olan 1 ədəd yerə əkilmiş və bundan başqa bir qədər kənarda su arxının yaxınlığında kolların içərisində 2 ədəd şitillər aqrotexniki qaydada qulluq etməklə narkotik tərkibli bitkiyə oxşar bitki kolları aşkar olunub kökündən çıxardılıb qablaşdırılaraq götürülmüş, daha sonra aşkar edilmiş bütün narkotik tərkibli kollar sintetik torbaya qablaşdırılmış, daha sonra bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan oxunduqdan sonra protokola imza edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 11.05.2021-ci il tarixli, 17/340 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 7 ədəd...” sözləri yazılmış sintetik kisənin içərisindəki: hündürlükləri 55 sm-dən 100 sm-dək, ümumi təmiz çəkiləri - 1 kiloqram 30 qram olan 4 (dörd) ədəd bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Hündürlükləri 15 sm və 20 sm, ümumi təmiz çəkiləri - 1,34 qram olan 2 (iki) ədəd bitki şitilləri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Hündürlüyü 55 sm, təmiz çəkisi – 5,96 qram olan yalnız kök və gövdədən ibarət olan 1 (bir) ədəd bitki hissəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsidir. Aqronom mütəxəssis Şahid3 10 may 2021-ci il tarixli rəyinə əsasən 4 (dörd) ədəd çətənə bitkilərinə, 2 (iki) ədəd çətənə bitkisinin şitillərinə və 1 (bir) ədəd çətənə bitkisinin hissəsinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 25.05.2021-ci il tarixli 5876 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkolji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qülbəndə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 18 may 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qülbəndə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 18 may 2021-ci il tarixli 125 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Qülbəndə kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X1 - arvadı; X2; X4 - oğlu. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 10 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 17:40da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 12 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİİ siyahının 1.2-ci bəndində göstərilmişdir ki, çətənə növlü bitkilərin 3-15 ədəd (6-30 hissə) qanunsuz kultivasiya edilməsi xeyli miqdar hesab olunur. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.6-cı maddəsində göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs 10 may 2021-ci il tarixdən 12 may 2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilən cəzadan çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, 4 ədəd çətənə bitkiləri, 2 ədəd çətənə bitkisinin ştilləri və 1 ədəd çətənə bitkisinin hissəsi məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 manat 55 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 10.05.2021-ci il tarixdən 12.05.2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, 4 ədəd çətənə bitkiləri, 2 ədəd çətənə bitkisinin ştilləri və 1 ədəd çətənə bitkisinin hissəsi məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar