Məhkəmə qərarları › İş №1(014)-90/2025

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-90/2025

18.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-90/2025 18.02.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi - Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1978-ci ildə Ağdaş rayonunun Maşad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib daşıyaraq yaşadığı evdə saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, təmiz çəkisi 28,69 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq ünvan 1 ünvanında yerləşən yaşadığı evdə saxlamış, xx.xx.2025-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan evə həmin tarixdə saat 10:59-dan 11:24-dək baxış keçirilən zaman evin yataq otağındakı dolabdan 01(bir) ədəd kağız bükümdə qeyd olunan təmiz çəkisi 28,69 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq araşdırılmış və o, ibtidai istintaq zamanı ifadəsində göstəmişdir ki, 2018-ci ildən narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. 2025-ci ilin aprel ayının əvvəllərində Ağdaş şəhəri, Məşəd küçəsində hərəkətdə olarkən yerdən 01 ədəd çətənə (kannabis) bitkisinin toxumunu və az miqdarda qurudulmuş marixuana tapmış, evə qayıtdıqdan sonra həmin toxumu gələcəkdə istifadə etmək məqsədilə həyətyanı sahədə torpağa əkmiş, marixuananı isə istifadə etmişdir. Təxminən 20 gün əvvəl əkdiyi çətənə bitkisinə qulluq edərək yetişdirdikdən sonra yarpaqlarını yığmış, həyətyanı sahənin kənarında qurutmuş, daha sonra həmin yarpaqları kağız bükümə yığıb heç kimin görməməsi üçün yataq otağındakı dolabda gizlətmiş və həmin narkotik vasitədən az miqdarda istifadə etməyə başlamışdır. 04 oktyabr 2025-ci il tarixdə saat 10 radələrində ünvan 1 ünvanında yerləşən yaşadığı evdə olarkən qapı döyülmüş, qapıya yaxınlaşaraq küçəyə çıxmış, bu zaman üç nəfər polis əməkdaşı videoçəkiliş vasitəsilə özlərini təqdim etmişlər və yaşadığı evdə narkotik vasitə saxlamağı, eləcə də əkib-becərməyi ilə bağlı RPŞ-yə məlumat daxil olduğunu bildirmişlər. Polis əməkdaşları tərəfindən Ağdaş Rayon Məhkəməsinin qərarı əsasında ünvanda baxış keçiriləcəyinin bildirilmiş, buna etiraz etməmiş, məhkəmə qərarı ilə tanış olmuş, müdafiə hüququ və digər hüquq və vəzifələri izah edilərək bu barədə ona bildiriş verilmişdir. Sonra polis əməkdaşları ondan üzərində və ya yaşadığı ünvanda narkotik vasitə və ya iş üçün əhəmiyyət kəsb edən digər əşyaların olub-olmamasını soruşmuşlar, evdə narkotik vasitə olduğunu, üzərində isə mobil telefon və alışqan olduğunu bildirmişdir. Həyətə daxil olduqdan sonra polis əməkdaşı tərəfindən üzərinə baxış keçirilmiş, baxış zamanı göy rəngli qısaqol köynəyin sol döş cibindən 01 ədəd alışqan, göy rəngli cins şalvarın sağ yan cibindən içərisində siqaret dənəcikləri olan 01 ədəd “Black” markalı siqaret qutusu, sol yan cibindən isə 01 ədəd “Samsung A30” markalı mobil telefonun aşkar olunmuş, alışqan və siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən geri qaytarılmış, mobil telefon isə qablaşdırılaraq götürülmüşdür. Daha sonra həyətyanı sahəyə baxış keçirilmiş, lakin hər hansı maddə və ya narkotik tərkibli bitki aşkar edilməmişdir. Polis əməkdaşları narkotik vasitəni təqdim etməsini tələb etdikdə, o, yataq otağındakı dolabdan ağ rəngli kağız bükümün içərisində olan bitki kütləsini təqdim etdim. Polis əməkdaşları həmin kütləni hansı məqsədlə saxlandığını soruşduqda, o, istifadə etmək məqsədilə saxladığını, heç kimə pay vermədiyini və satmadığını qeyd etmişdir. Həmin büküm açılaraq elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 34 qram olduğu müəyyən edilmişdir. Baxış başa çatdıqdan sonra polis şöbəsinə aparılmış, növbətçi hissəyə təhvil verilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidin ifadəsi, ekspertiza rəyləri, video görüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik tərkibli bitkilərin əkibbecərilməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra həmin evə və həyətyanı sahəyə baxış keçirilməsi üçün vəsatət və təqdimat verilmiş, Ağdaş Rayon Məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib daşıyaraq üzərində və yaşadığı ünvanda saxlaması barədə məxfi məlumat daxil olmuş, bu barədə RPŞ rəhbərliyinə raportla məruzə etmiş və məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilmişdir. 04 oktyabr 2025-ci il tarixdə saat 10:59-da Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 və polis serjantı X9 ilə birlikdə videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısına gedib, qapını döydükdə Təqsirləndirilən şəxs qapını açmışdır. ona məhkəmə qərarları əsasında yaşadığı evə baxış keçiriləcəyini və üstünün yoxlanılacağını izah edilmiş, sonra ona hüquq və vəzifələri, müdafiə hüququ, öz vəsaiti hesabına və ya maddi imkanı olmadığı halda dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş və bu barədə bildiriş verilmişdir. Daha sonra ondan üzərində və ya yaşadığı ünvanda narkotik vasitə və ya sübut əhəmiyyətli əşyaların olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs evdə narkotik vasitə olduğunu, üzərində isə mobil telefon və alışqan olduğunu bildirmişdir. Onun üzərinə baxış keçirilərkən göy rəngli qısaqol köynəyin sol döş cibindən 01 ədəd alışqan, göy rəngli cins şalvarın sağ yan cibindən içərisində siqaret dənəcikləri olan 01 ədəd “Black” markalı siqaret qutusu, sol yan cibindən isə 01 ədəd “Samsung A30” markalı mobil telefon aşkar edilmişdir. Alışqan və siqaret qutusu geri qaytarılmış, mobil telefon isə qablaşdırılaraq götürülmüşdür. Həyətyanı sahəyə baxış zamanı hər hansı maddə və ya narkotik tərkibli bitki aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitəni saxladığı yeri göstərməsi bildirilmiş, onun yataq otağındakı dolabdan ağ rəngli kağız bükümdə olan bitki kütləsini təqdim etdiyini göstərmişdir. Sorğu zamanı həmin bitki kütləsini öz istifadəsi üçün saxladığını, heç kimə pay vermədiyini və satmadığını bildirdiyini qeyd etmişdir. Büküm açılarkən içərisində yaşıl rəngli, spesifik iyə malik, qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olduğu müəyyən edilmiş, şəffaf sellofan bükümə qablaşdırılaraq elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 34 qram olduğu müəyyən olunmuşdur. Həmin kütlə ekspertizaya təqdim edilmək üçün qablaşdırılaraq Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür. Evin digər otaqlarına baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni həyətyanı sahədə əkdiyi 1 ədəd çətənə bitkisinin yarpaqlarını qurudaraq əldə etdiyini, bitkini yaz fəslində əkdiyini bildirmişdir. Baxış yekunlaşdırıldıqdan sonra o, rayon polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2025-ci il tarixdə saat 10:59-dan 11:24-dək keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunmuş narkotik vasitə və 01 ədəd “Samsung A30” markalı mobil telefonun qablaşdırıldığı ümumilikdə 02 ədəd kağız zərf, həmçinin müvafiq protokol və DVD disk təhqiqatçıya təqdim olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, mənzilinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:59-da ünvan 1 ünvanında yerləşən yaşadığı evinin qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkibbecərməsi və saxlaması ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdə Ağdaş Rayon Məhkəməsi tərəfindən binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsi barədə qəbul edilmiş qərara, eləcə də onun qanunsuz olaraq narkotik vasitələri əldə edib daşıyaraq üzərində saxlaması ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qəbul edilmiş qərara əsasən yaşadığı evə baxış keçiriləcəyi, eyni zamanda üstünün yoxlanılacağı bildirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri, müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah olunaraq hüquq və vəzifələri barədə bildiriş verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində və ya yaşadığı ünvanda narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olduğunu, üzərində isə mobil telefon və alışqan olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncunun əyinində olan göy rəngli qısa qol köynəyin sol döş cibindən 01 ədəd alışqan, əyinində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində siqaret dənəcikləri olan 01 ədəd “Black” markalı siqaret qutusu, həmin şalvarın sol yan cinindən isə 01 ədəd “Samsung A30” markalı mobil telefon aşkar olunmuşdur. 01 ədəd alışqan və 01 ədəd “Black” markalı siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə geri qaytarılmış, 01 ədəd “Samsung A30” markalı mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı maddə, predmet, eləcə də narkotik tərkibli bitki aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitəni saxladığı yeri göstərməyi bildirilmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni yaşadığı yataq otağında saxladığını bildirdikdən sonra göstərdiyi yolla hərəkətə başlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs yataq otağına daxil olaraq həmin otaqdakı dolabdan ağ rəngli kağız bükümün içərisindəki bitki kütləsini polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bitki kütləsini hansı məqsədlə evdə saxlaması soruşulmuş, o, həmin bitki kütləsini özünün istifadə etməsi üçün evdə saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin bitki kütləsindən hər hansı şəxsə pay verib-verməməsi, eləcə də satıb-satmaması soruşulmuş, o, həmin bitki kütləsindən heç kimə pay vermədiyini və satmadığını bildirmişdir. Bundan sonra həmin büküm Şahid1 tərəfindən açılmış, içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması müəyyən edilmişdir. Daha sonra həmin narkotik vasitə qurudulmuş marixunaya bənzər bitki kütləsinin çəkisini müəyyən olunması üçün şəffaf sellofan bükümə qablaşdırılıb elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 34 qram olmuşdur. Sonra həmin kütlə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər otaqlarına baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı maddə, predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsini haradan əldə etdiyi soruşulmuş, o, həmin narkotik vasitəni yaşadığı evin həyətyanı sahəsində əkdiyi 1 ədəd narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını qurudaraq əldə etdiyini bildirmişdir. Sonuncudan həmin narkotik vasitəni nə vaxt əkdiyi soruşulmuş, o, həmin çətənə bitkisini yaz fəslində əkdiyini bildirmiş və bundan sonra baxış sonlandırılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 10:59-dan saat 11:24-dək olan müddət ərzində Ağdaş RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən yaşadığı evin yataq otağındakı dolabdan aşkar olunmuş narkotik vasitə qururdulmuş marixuanaya bənzər bitki kütləsi olan 01 ədəd sellofan bükümün, eləcə də sonuncunun üzərindən aşkar olunmuş 01 ədəd “Samsung A30” markalı mobil telefonun qablaşdırıldığı ümumilikdə 02 ədəd kağız zərf, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün, mənzilinin yoxlanılması və əşyaların götürülməsi haqqında protokol və ona əlavə olunan bir ədəd DVD disk CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən təhqiqatçıya təqdim olunmuşdur. Əvvəlcə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər birki kütləsi olan zərf təhqiqatçı tərəfindən açılaraq təkrar baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs həmin bitki kütləsinin nə olduğu soruşulmuş, o, həmin bitki kütləsinin marixuana olduğunu bildirmişdir. Daha sonra ondan həmin bitki kütləsini hansı məqsədlə yaşadığı evdə saxlaması soruşulmuş, o, özünün narkotik vasitə istifadəçisi olduğunu, aşkar olunmuş bitki kütləsini də istifadə etmək məqsədilə yaşadığı evdə saxladığını bildirmişdir. Bundan sonra yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi əvvəlcədən qablaşdırıldığı kağız zərflə birlikdə təhqiqatçı tərəfindən təkrar kağız zərfə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra içərisində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd “Samsung A30” markalı mobil telefonun qablaşdırıldığı kağız zərf təhqiqatçı tərəfindən açılaraq təkrar baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin mobil telefonun kimə məxsus olması soruşulmuş, o, həmin mobil telefonun özünə məxsus olmasını bildirmişdir. Bundan sonra həmin mobil telefon da əvvəlcədən qablaşdırıldığı kağız zərflə birlikdə təhqiqatçı tərəfindən təkrar kağız zərfə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Niyaz Ələkbərov ondan müdafiəçi kimi ona təqdim edildikdən sonra onunla təklikdə qalıb konfidensial söhbət aparıb-aparmadığını soruşmuş, Təqsirləndirilən şəxs müdafiəçinin onunla təklikdə qalaraq konfidensial söhbət apardığını bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, videogörüntüdən ibarət 01 ədəd DVD disk “HP” markalı kompyuterin DVD-Romuna yerləşdirilmiş, daha sonra «My computer» pəncərəsində «VLC media player» proqramı vasitəsi ilə açılmışdır. 25 dəqiqə 22 saniyədən ibarət olan “VİD_20251004_105921.mp4” adlı videogörüntünün 03 dəqiqə 18 saniyəsində Təqsirləndirilən şəxs əyinində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd mobil telefon aşkar olunmuş və həmin mobil telefon iş üçün əhəmiyyət kəsb edəcəyindən Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən kağız zərfə qablaşdırılaraq götürülmüşdür. Videogörüntünün 11 dəqiqə 32 saniyəsində Təqsirləndirilən şəxs ağ rəngli kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsini polis əməkdaşlarına təqdim etmişdir. Videogörüntünün 15 dəqiqə 58 saniyədə həmin bitki kütləsi elektron tərəzidə çəkilmiş və qablaşdırıldığı şəffaf sellofan bükümlə birlikdə çəkisinin 34 qram olması müəyyən olunmuşdur. Bundan sonra həmin kütlə də, Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən kağız zərflərə qablaşdırılaraq götürülmüşdür. Daha sonra video görüntüyə sona qədər baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir xüsusat aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 04 oktyabr 2025-ci il tarixli 17/766 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş narkotik....” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki sellofana bükülmüş 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi- 28,69 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16 oktyabr 2025-ci il tarixli 1648 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X13 daxil olan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin poliklinika şöbəsində narkoloji və ruhi-əsəb xəstəlikləri üzrə qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Xalq Məhkəməsinin 15 avqust 2000-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 93-3 M.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib qazancından dövlət nəfinə 20% məbləğdə pul tutulmaqla 2 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası xx.xx.1952-ci il təvəllüdlü X2, arvadı xx.xx.1983-cü il təvəllüdlü X5, qızı xx.xx.2001-ci il təvəllüdlü X6, oğlu xx.xx.2002-ci il təvəllüdlü X7 və oğlu xx.xx.2004-cü il təvəllüdlü X8 ibarətdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-32-12/2-B-3065/2025 nömrəli 29 oktyabr 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan və “Qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 04 oktyabr 2025-ci il tarixdə saat 10:59-dan 05 oktyabr 2025-ci il tarixə saat 13:00-dək həbsdə saxlanılmışdır. İş materiallarında olan vəsiqələrin surətlərindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamına əsasən X10 «Qubadlının azad olunmasına görə» medalı ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli sərəncamına əsasən “Vətən müharibəsi işirakçısı” medalı ilə təltif olunmuşdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqdavə məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2025-ci il tarixdə saat 10:59-dan 05 oktyabr 2025-ci il tarixə saat 13:00-dək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın iki günə 4 gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığından ona narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut - Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edildikdən sonra qalıq qalmış 28.67 qram qalığı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 87 (səksən yeddi) manat 14 (on dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 21 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASCnin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 231 (iki yüz otuz bir) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 oktyabr 2025-ci il tarixdə saat 10:59-dan 05 oktyabr 2025-ci il tarixə saat 13:00-dək kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığı məhdudlaşdırılması cəzasına iki günə dörd gün hesabı ilə hesablanmaqla və ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 87 (səksən yeddi) manat 14 (on dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) İş üzrə maddi sübut - Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edildikdən sonra qalıq qalmış 28.67 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 21 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 231 (iki yüz otuz bir) manat pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar