Məhkəmə qərarları › İş №1(014)-91/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-91/2023

29.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-91/2023 29.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1983-cü ildə Yevlax şəhərində аnadan olmuş, Yevlax şəhəri, Nəbati küçəsi, mənzil 48də qeydiyyatda olmaqla, yaşayan Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-91/2023 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qanunsuz olaraq saxlanc yerinə daxil olaraq özgə əmlakını gizli olaraq talamış, yəni oğurluq cinayətini törətmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 04 radələrində talama məqsədi və tamah niyyəti ilə xx.xx.1978-ci il təvəllüdlü, X3 məxsus Ağdaş rayonu, Ərəbşəki kəndində olan fərdi yaşayış evinin həyətində yerləşən mal tövləsinin küçəyə açılan dəmir giriş qapısını açmaq yolu ilə qanunsuz daxil olaraq, tövlədə olan, 900 (doqquz yüz) manat dəyərində, 1 baş dişi cinsli, diri çəkisi təxminən 150-160 kq, 4 illik olan yerli cins inəyi gizli olaraq oğurlayıb, zərərçəkmiş R.Rəsulova ümumilikdə 900 (doqquz yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində əvvəllər Azərbaycan Respublikası CM-in müxtəlif maddələri ilə təqsirli bilinərək məhkum olunduğunu, xx.xx.2023-cü il tarixdə təxminən saat 22 radələrində Ağdaş rayonu, Ərəbşəki kəndinə-qohumlarıgilə getdiyini, Ağdaş rayonu, Ərəbşəki kəndinə Bakı şəhəri, Yasamal rayonu ərazisində olan adını və ünvanını dəqiq bilmədiyi kirayə maşın şirkətindən götürdüyü avtomobillə getdiyini, lakin həmin avtomobilin markasını, modelini və nömrəsini bilmədiyini, sürücülük vəsiqəsi olduğunu, “BC” kateqoriyalı olmağını, xx.xx.2023-cü il tarixdə saat gecə 04 radələrində qohumlarının evlərindən çıxaraq həmin avtomobillə Yevlax şəhərinə doğru istiqamətləndiyini, bu zaman yolun kənarında uzaq qohumu X3 məxsus evin həyətində yerləşən mal tövləsindən inək heyvanı oğurlamaq qərarına gəldiyini, buna görə də idarə etdiyi avtomobili həmin evin həyətindəki mal tövləsinin küçəyə açılan qapısından təxminən 100 metr kənarda saxlayaraq, yerə düşdüyünü, mal tövləsinin küçəyə açılan dəmir qapısını açdığını, içəridə olan inək heyvanlarından qapıya daha yaxın olanını səs edərək küçəyə istiqamətləndirdiyini, idarə etdiyi avtomobilin yanına çatdıqdan sonra avtomobilin yük yerində olan kəndirlə 1 baş inəyi avtomobilin arxasında olan qoşqu yerinə bağlayaraq avtomobili hərəkət etdirməyə başladığını, yavaş sürətlə, təxmini 10-15 km sürətlə hərəkət edərək Ağdaş rayonu, Ərəbşəki kəndinə yaxın olan yaşadığı ünvana, yəni ünvan 3in qazanc əldə etmək olduğunu, heyvanı yaşadığı evin həyətində bağlayaraq ot və su verdiyini, həmin gün evdə heç kimin olmadığını, xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Ərəbşəki kəndində yaşayan qohumu Şahid2 ona zəng edərək, həmkəndlisi Kamil Rəsulovun qardaşı Ramindən oğurladığı inəyi gətirib qaytarmasını, əks halda şikayət edəcəyini dediyini, həmin heyvanın olmadığını bildirdiyini, daha sonra cəld şəkildə Yevlax şəhəri, “4 yol” deyilən əraziyə getdiyini, bundan sonra Yevlax şəhərində “Qazel” markalı avtomobil ilə yük daşıma işinə baxan bir sürücüyə Ağdaş rayonuna heyvan aparılmalı olduğunu bildirdiyini, daha sonra heyvanı həmin “Qazel” ilə Ağdaş rayonu, Ərəbşəki kəndinə 30 manat müqabilində göndərdiyini, həmçinin Şahid1 Ağdaş rayonuna apardığı heyvanın oğurluq olduğunu bilmədiyini, həmin sürücüyə heyvanın azdığını və onu tapdığını, heyvanın da dayısıgilə məxsus olmasını bildirdiyini, 1 baş inəyi yaşadığı evə aparmağı qərara aldığını, əgər heyvanın sahibi bilməzsə həmin heyvanı sataraq pul əldə etmək, ya da heyvanı kəsmək fikrində olduğunu bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin protokolları, eləcə də işin biridigərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində Ağdaş rayonu, Ərəbşəki kəndində yaşadığı evin həyətində yerləşən mal tövləsində malqara saxlamaqla məşğul olduğunu, ümumilikdə 17 baş iri buynuzlu heyvanları olduğunu, xx.xx.2023-cü il tarixdə təxminən saat 04 radələrində həyətə düşərək, tövləyə baxan zaman, tövlənin küçə tərəfdə olan qapısının açıq olduğunu gördüyünü, heyvanların bir neçəsinin tövlədə bir neçəsinin tövlədən küçəyə çıxmış vəziyyətdə olduğunu, dərhal iri buynuzlu heyvanları tövləyə saldığını, tövlədə heyvanları saydığını və həmin vaxt dişi cinsli, ağ rəngli, təxminən 150-160 kq çəkidə, 4 illik, iri buynuzlu, 1 baş inək heyvanının yerində olmadığını gördüyünü, sonra səhərə qədər küçəni və Ərəbşəki kəndinin ərazisini axtarmağına baxmayaraq heyvanı tapa bilmədiyini, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Azərbaycan Respublikası DİN-in “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək və Ağdaş RPŞ-yə ərizə ilə müracət edərək ona məxsus 1 baş inək heyvanının oğurlanması barədə məlumat verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs X6 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş zərəri ödəyib, onun tutulmasını istəmədiyini, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində xx.xx.2023-cü il tarixdə saat 06 radələrində qardaşı Ramin Rəsulovun ona zəng edərək, yaşadığı evin həyətindəki mal tövləsinə naməlum şəxsin girərək, tövlədən bir baş inəyin oğurlanması barədə məlumat verdiyini, bundan sonra təxminən saat 06 radələrində Raminin yaşadığı evə gələrək, Raminlə birgə küçədə həmin inəyi axtarmağa başladığını, həmin vaxt Raminə məxsus evin qarşısındakı yolda təkər izlərini gördüyünü, həmkəndlilər ilə birgə inəyin kim tərəfindən oğurlanmasını müzakirə edərkən, xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində kənddə tanıdıqları Yevlax şəhər sakini Təqsirləndirilən şəxs məxsus avtomobilin köhnə olduğu üçün, avtomobilinin mühərrikindəki nasazlıq səslərindən avtomobili tanıdıqlarını, Təqsirləndirilən şəxs ilə münasibəti olmadığı üçün qohumu və həmkəndlisi olan Şahid2 Təqsirləndirilən şəxs zəng etməsini xahiş etdiyini, Bəhruza “qardaşı Raminə məxsus inəyi tövlədən o, oğurlayıb, inəyi Raminə gətirib qaytarsın, yoxsa şikayət edəcəm deyə” söylədiyini, aradan bir neçə saat keçdikdən sonra saat təxminən 15 radələrində qardaşı Ramin Rəsulova məxsus evin qarşısında dayanan zaman, tanımadığı **-BL-*** dövlət qeydiyyat nişanlı “Qazel” markalı yük avtomobilinin sürücüsünün avtomobili saxlayıb, “maşında heyvan var”, amma hara düşürdəcəyimi bilmirəm” dediyini, bundan sonra “Qazel”dəki heyvana baxıb dəqiqləşdirdikdən sonra, “Qazel” sürücüsünə avtomobildəki inəyin oğurluq olmasını bildirdiyini, belə olan halda sonradan adını bildiyi Şahid1 “Qazel”dən inəyi düşürtmədiyini, həmin vaxt yaxınlıqdan keçən polis əməkdaşlarına həmin inəyi Yevlax şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanaraq onun sifarişi ilə “Qazel” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Şahid1 tərəfindən qardaşı Ramin Rəsulovun yaşadığı ünvana geri gətirildiyini, məlumat verdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən şahid qismində dindirilmiş Şahid1 ifadəsində özünə məxsus **-BL-*** dövlət nömrə nişanlı, “Qazel” markalı yük avtomobili ilə Yevlax şəhəri, “4 yol deyilən” ərazidə yük daşımaqla məşğul olduğunu, xx.xx.2023-cü il tarixdə saat təxminən 14 radələrində tanımadığı sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsin ona yaxınlaşaraq, bir baş iri buynuzlu heyvan var, həmin heyvanı Ağdaş rayonu, Eymur kəndinə aparmaq lazımdır dediyini, özünün də Bəhruza Ağdaş rayon, Eymur kəndinə heyvanı 30 manat müqabilində aparacağını, daha sonra Bəhruz ondan Eymur kəndinə yaxın Ağdaş rayonu, Ərəbşəki kəndində aparmasını xahiş etdiyini, həmin kəndlərin yaxın olduğundan heç nə deməyərək razılaşdığını, kiminləsə telefonla danışaraq, həmin iri buynuzlu heyvanı həmin şəxsin ünvanına yaxınlaşan zaman onunla əlaqə saxlayıb, heyvanı onun yaşadığı ünvana düşürdəcəyini, bu zaman Bəhruzun “Qazel” markalı yük avtomobilinə əyləşdiyini, avtomobili Yevlax şəhəri, Nəbati küçəsinə sürməyinə göstəriş verdiyini, Yevlax şəhəri, Nəbati küçəsində isə onların həmin 1 baş dişi cinsli, diri çəkisi təxminən 150-160 kq, 4 illik olan yerli cins inək heyvanını “Qazel” markalı yük avtomobilinə çıxardığını, Ağdaş rayonuna yola düşdüyünü, Ərəbşəki kəndində çatandan sonra yolu soruşmaq üçün 2 nəfər şəxsin yaxınlığında avtomobilini saxladığını, onlardan birinin adını sonradan bildiyi X1 avtomobilin yük yerinə baxdıqdan sonra yük yerində olan heyvanının oğurluq olmasını bildiyini, “bu heyvan oğurluqdur, avtomobildən düşürtmə” deyə tapşırıq verməsini söylədiyini, daha sonra K.Rəsulovun polis əməkdaşlarına məlumat verdiyini, bundan sonra avtomobilində olan 1 baş inək heyvanın Yevlax şəhərində yaşayan Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış olduğunu bildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən şahid qismində dindirilmiş Şahid2 ifadəsində xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində Ağdaş rayonu, Ərəbşəki kəndində yaşayan X1 ona zəng etdiyini, zəng əlaqəsi zamanı qardaşı Ramin Rəsulovun həyətindəki mal tövləsindən 1 baş inək oğurlanmasını ona bildirdiyini, həmin oğurluqda tanışı Təqsirləndirilən şəxs şübhələndiyini, Bəhruza zəng edib, oğurladığı inəyi gətirib qardaşı Ramin Rəsulova qaytarsın, qaytaracağı təqdirdə o, yəni Kamilin Təqsirləndirilən şəxs şikayət etməyəcəyini söylədiyini, Təqsirləndirilən şəxs zəng edərək, Kamil Rəsulovun söylədiklərini ona dediyini, lakin, Təqsirləndirilən şəxs cavabında inəyin onda olmadığını bildirdiyini, həmin günü saat 15 radələrində Ramin Rəsulovun yaşadığı evin yerləşdiyi küçədə dayanan zaman adını sonradan öyrəndiyi, Yevlax rayon sakini Şahid1 idarə etdiyi **-BL-*** dövlət qeydiyyat nişanlı, “Qazel” markalı yük avtomobili ilə Təqsirləndirilən şəxs oğurladığı inəyi gətirdiyini gördüyünü, Bəhruz xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Ərəbşəki kəndində olduğunu söylədiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək Təqsirləndirilən şəxs üzərində 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Daha sonra, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 221.2.2 və 315.2-ci maddələri ilə təqsirli bilinib 4 il 4 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 8 ay vaxtından əvvəl azad edilib. Daha sonra, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə həmin hökm dəyişdirilib 4 il azadlıqdan məhrum etmə cəzası təyin edilib, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib və xx.xx.2020-ci il tarixdə cəzanın sonu ilə azad edilib. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İcra və Probasiya şöbəsindən verilmiş 26 aprel 2023-cü il tarixli, 476/2 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində hazırda şöbənin icraatında cəzası çəkilməmiş hökm yoxdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2023-cü il tarixli 9/1432 nömrəli rəyində qeyd olunmuşdur ki, ekspertiza təyini haqqında qərarda göstərilən bir baş dişi cinsli, diri çəkisi təxminən 150-160 kq, 4 illik olan yerli cins inəyin orta bazar qiyməti nəzəri olaraq təxminən 900 manat müəyyən olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhəri İcra Hakimiyyəti 50 nömrəli Evlər komitəsi tərəfindən verilmiş 13 mart 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhəri İcra Hakimiyyəti 50 nömrəli Evlər komitəsi tərəfindən verilmiş 13 mart 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, Nəbati küçəsi 48 nömrəli evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: arvadı xx.xx.1981-ci il təvəllüdlü X4; qızları xx.xx.2002-ci il təvəllüdlü X2 və xx.xx.2005-ci il təvəllüdlü X5. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X15 27 aprel 2023-cü il PHŞ-2695/23 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Yevlax RMX PHŞ-in poliklinika şöbəsində psixo-nevroloji kabinetsdə dispanser müşahidəsində dayanmır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş qəbzdən görünür ki, X6 1 baş dişi cinsli, ağ rəngli, təxminən 150-160 kq çəkidə, 4 illik, təxminən 500 manat dəyərində inəyi təhvil almışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 04 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 15:00da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 06 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 11:40-da tanış edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş rayon Məhkəməsini xx.xx.2023-cü il tarixli 1(014)-91/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində tutularaq Ağdaş RPŞ-yə gətirilərək MSY-yə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ziyanın ödənilməsini və zərərçəkən şəxslə barışmasını, əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, əvvələr dəfələrlə məhkum olunması onun şəxsiyyətini mənfi səciyyələndirən haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla cəmi 2 gün müddət onun cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut 1 baş dişi cinsli, ağ rəngli, təxminən 150-160 kq çəkidə, 4 illik, təxminən 900 manat dəyərində inəyin zərərçəkmiş şəxs X3 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla cəmi 2 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 1 baş dişi cinsli, ağ rəngli, təxminən 150-160 kq çəkidə, 4 illik, təxminən 900 manat dəyərində inəyin zərərçəkmiş şəxs X3 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar