Məhkəmə qərarları › İş №1(014)-92/2020

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-92/2020

22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-92/2020 22.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X1, Zərərçəkmiş şəxs oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1987-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2ndəki nömrəsiz evdə yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: ünvan 2ndəki nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs ilə həmin ünvanda yaşayan həyat yoldaşı Zərərçəkmiş şəxs arasında xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 12:00 radələrində yaşadıqları evin yataq otağında şəxsi münasibətlər zəmnində mübahisə baş vermiş,mübahisə zamanı Təqsirləndirilən şəxs şillə ilə bir neçə dəfə həyat yoldaşı Zərərçəkmiş şəxs ağız və baş nahiyələrindən qəsdən vuraraq ona üst dodağın şişkinliyi,səthinin yarası ilə nəticələnən, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildi və 2009-cu ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurduğunu, birgə nikahdan iki oğlan övladının olmasını, həyat yoldaşı Qumrunun və onun heç bir yerdə işləmədiklərini, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər də mübahisə və dava-dalaşın olmasını, mütamadi olaraq spirtli içki qəbul etdiyini, buna görə aralarında tez-tez mübahisə və davadalaın baş verdiyini, sonuncu mübahisənin və dava-dalaşın xx xxxxxx 2020-ci il tarixdə baş verdiyini, xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 12:00 radələrində yaşadığı evə gəldiyini, həyat yoldaşı Qumrunun yataq otağında olmasını, onun Qumruya “sən bu gün harada olmusan?” deyə sualını verdiyini, həyat yoldaşı Qumrunun ona “mən apteke getmişdim” deyə cavabını verdiyini, onun da Qumruya “sən yalan deyirsən ?” deyə söylədiyini, Qumrunun da ona kobud cavab verdiyini, Qumrunun ona nalayiq ifadə işlətdiyini, bunun üstündə Qumru ilə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Qumrunun ona nalayiq ifadələr işlətdiyinə görə sillə ilə bir neçə dəfə Qumrunun ağız və baş nahiyələrindən vuraraq Qumruya xəsarət yetirdiyini, daha sonra çıxıb getdiyini bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında 2009-cu ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurduğunu, birgə nikahdan iki oğlan övladının olmasını, əri Təqsirləndirilən şəxs heç bir yerdə işləmədiyini, aralarında əvvəllər də mübahisə və dava-dalaşın olmasını, əri Tərlanın mütamadi olaraq spirtli içki qəbul etdiyini, buna görə aralarında teztez mübahisə və dava-dalaşın baş verdiyini, sonuncu mübahisənin və dava-dalaşın xx xxxxxx 2020-ci il tarixdə baş verdiyini, xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 12:00 radələrində yaşadıqları evdə olan zaman əri Tərlanın gəldiyini, Tərlanın sərxoş olmasını, Tərlanın ona “sən bu gün harada olmusan?” deyə söylədiyini, onun da Tərlana “mən apteke getmişdim” deyə cavabını verdiyini, bunun üstündə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Tərlanın ona nalayiq ifadələr işlədərək sillə ilə bir neçə dəfə onun ağız və baş nahiyələrindən vuraraq xəsarət yetirdiyini, Tərlanın onu döyəndən sonra yataq otağının qapısını bağladığını və çıxıb getdiyini, onun dərhal DİN-in 102 Xidmətinə zəng vurduğunu, təxminən 10 dəqiqə sonra Tərlanın gəlib qapını açdığını və yaşadığı evin həyətinə düşməsini, hazırda əri Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. İş üzrə Şahid təhqiqat zamanı Zərərçəkmiş şəxs onun doğma qızı olmasını, Təqsirləndirilən şəxs onun kürəkəni olmasını, Qumru ilə Tərlanın 2009-cu ildə ailə həyatı qurduqlarını,onların iki oğlan övladının olmasını, Təqsirləndirilən şəxs heç bir yerdə işləmədiyini, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında əvvəllər də mübahisə və dava-dalaşın baş verdiyini, kürəkəni Tərlanın mütamadi olaraq spirtli içki qəbul etdiyini, buna görə Tərlan ilə qızı Qumrunun arasında tez-tez dava-dalaşın baş verdiyini, xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 14:00 radələrində qızı Qumrunun ünvan 2 ünvanında yerləşən yaşadığı evinə getdiyini, qızı Qumrunun dodağının şişməsini gördüyünü, onun Qumrudan “səni kim döyüb?” deyə soruşduğunu, Qumrunun ona “ana məni ərim Tərlan döyüb” deyə söylədiyini bildirmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 510 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət-üst dodağın şişkinliyi,səthinin yarası, küt ələt təsirindən törənmiş, törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yungül zərər vuran xəsarətlərə aiddir. İş materialları ilə müəyyən olunur ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə zərərçəkmiş şəxslə barışdığı üçün cinayət təqibinə xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə zərərçəkmiş şəxslə barışdığı üçün cinayət təqibinə xitam verildiyi və o Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edildiyi üçün təkrarən cinayət məsuliyyətindən azad edilə bilməz. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində bir azyaşlı olmaqla iki yetkinlik yaşına çatmamış uşaqların olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti,Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir və barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində islah işləri cəzası təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli, cəza çəkməsinin əvvəli hökm icraya yönəldildiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından on beş faiz məbləğində dövlət nəfinə pul tutulmaqla bir il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hökm icraya yönəldildiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar