Məhkəmə qərarları › İş №1(014)-94/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-94/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-94/2021 07.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1995-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xüsusi karantin rejimini pozmaqla yeni növ koronavirus infeksiyasının (COVİD-19) yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, 01.04.2021-ci il tarixdə Ağdaş RMX-da “COVİD-19” virusu ilə bağlı vermiş olduğu yaxma analizinin nəticəsinin 02.04.2021-ci il tarixdə “pozitiv” çıxmasına, ona həkim nəzarəti altında ev şəraitində 14 gün müddətində müalicə təyin olunaraq ev karantinində olması və evi tərk etməməsi ilə bağlı təlimatlandırılmasına baxmayaraq, o, ev şəraitində müalicə aldığı dövrdə, müalicə müddəti bitməmiş, yəni “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydalari”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 №-li Qərarının 4.5.5 və 4-1.2-ci bəndlərinə zidd olaraq 05.04.2021-ci il tarixdə, saat 11:00 radələrində ünvan 2 ünvanında yaşadığı evi qəsdən tərk edərək küçənin girişində yerləşən ərzaq mağazasına piyada getmiş və bununla da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozaraq “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, həmin gün saat 11:04 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində evdə müalicə alan koronavirus xəstələrinin vəziyyətinə dair keçirilən reyd zamanı yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu halda xüsusi karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığı aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində subay olduğunu və hazırda rayonlararası yükdaşıma ilə bağlı işlədiyini, 01.04.2021-ci il tarixdə koronavirusa qarşı test verdiyini, həmin vaxt xəstəxanada ondan mobil nömrə istədiklərini və özü istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəni qoyduğunu, 02.04.2021-ci il tarixdə xəstəxanadan ona zəng gəldiyini və ona COVİD-19 xəstəsi olduğunu və testinin nəticəsinin pozitiv çıxdığını, 14 gün müddətində evi tərk etməməli olduğunu, əks halda karantin qaydalarını pozmuş sayılacağını və buna görə onu inzibati və ya cinayət məsuliyyətinə cəlb olunacağını və daha sonra ASM-dən də onunla əlaqə saxlanılacağını, lakin özündə ciddi bir narahatlıq hiss etmədiyini, buna görə də 05.04.2021-ci il tarixdə saat 11:04 radələrində yaşadığı evdən çıxaraq yaşadığı Ağdaş şəhəri Ş.Şamil küçəsinin girişində yerləşən mağazadan özünə siqaret almaq qərarına gəldiyini, daha sonra evdən çıxıb küçədə olan zaman ona zəng gəldiyini və özlərini polis əməkdaşları kimi təqdim edən şəxslərin ondan harada olduğunu soruşduqlarını, özünün də onlara yaşadığı küçədə olduğunu və mağazaya siqaret almaq üçün getdiyini bildirdiyini, daha sonra bir az getdiyini və polislərin onu gözlədiklərini gördüyünü, həmin vaxt polislərin ona koronavirus xəstəsi olduğunu bildirdiklərini, özünün də onlara dükana siqaret almaq üçün getdiyini bildirdiyini, həmin vaxt videogörüntüsünü çəkdiklərini və ona evdən çıxmağının cinayət məsuliyyət olması barədə izahat verdiklərini və evdən bir daha çıxmamağını tapşırdıqlarını, ona xəstəxanada iltizam sənədinə qol çəkdirdiklərini, testinin nəticəsinin pozitiv çıxması barədə Ağdaş RMXdən Nüşabə həkim məlumat verdiyini və onu təlimatlandırdığını, özündə heç bir narahatlıq hiss etmədiyi üçün 05.04.2021-ci il tarixdə yaşadığı küçədə yerləşən mağazadan siqaret almaq üçün yaşadığı evdən çıxdığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işlədiyini, mütəmadi olaraq xidmət əməkdaşları ilə birlikdə Ağdaş şəhəri ərazisində karantin rejimi qaydasını pozan şəxslərin aşkar edilməsi və onların məsuliyyətə cəlb edilməsi ilə bağlı reydlər keçirildiyini, bununla bağlı hər gün xəstəxanada verdikləri testin nəticələri pozitiv çıxan şəxslər barədə RPŞ-yə siyahı üzrə məlumat verildiyini və həmin siyahının müvafiq olaraq polis əməkdaşlarına verildiyini, bundan sonra həmin siyahı üzrə COVİD-19 testinin nəticələri müsbət çıxmış şəxslərin yaşayış yerini tərk edib-etməməsi onlar tərəfindən yoxlanıldığını, 05.04.2021-ci il tarixdə saat təxminən 11:04 radələrində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid1 və Şahid2 ilə birlikdə reyd keçirərkən Ağdaş şəhəri Ş.Şamil küçəsi ev 21-də yaşayan 01.04.2021-ci il tarixdə verdiyi COVİD-19 testinin nəticəsi pozitiv çıxmış xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yerini tərk etdiyini müəyyən etdiklərini və onunla əlaqə saxladıqdan sonra onun yaşadığı küçədə olmasını müəyyən etdiklərini, bundan sonra Təqsirləndirilən şəxs videogörüntüsü çəkildiyini və Bəxtiyarın yaşadığı küçədə yerləşən dükana siqaret almaq üçün getdyini və bu səbəblə də yaşayış yerini tərk etdiyini bildirdiyini, Təqsirləndirilən şəxs bir daha xəbərdarlıq edildikdən sonra evlərinə yola salındığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 ifadəsində Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid4 ifadəsində Ağdaş rayon xəstəxanasının TTTY-nin müdiri vəzifəsində işlədiyini, pandemiya ilə əlaqədar vətəndaşlardan COVİD-19 test nümunələrinin götürülməsinin onlara həvalə olunduğunu, bununla əlaqədar onlara müraciət edən vətəndaşlardan test nümunəsi götürdüklərini və nəticəsinin müəyyən edilməsi üçün müvafiq laboratoriyayaya göndərdiklərini, həmçinin vətəndaşların test verən zaman onların ünvanını və əlaqə nömrəsini qeyd etdiklərini və testin nəticələri çıxdığı zaman onlarla əlaqə saxlayıb lazımi məlumat verdiklərini, onları ilkin olaraq təlimatlandırdıqlarını, daha sonra evdə müalicə alan xəstələrin müayinəsi və onların səhhətinin diqqət mərkəzində saxlanması üçün həmin şəxsin adını və ünvanını ailə sağlamlıq mərkəzinə (ASM) və həmin şəxlərin karantin rejimi qaydalarını pozmasının nəzarət edilməsi üçün RPŞ-yə göndərdiklərini, bundan əlavə testin nəticələri pozitiv çıxmış şəxslərin evlərinin dezinfeksiya edilməsi üçün GEM-ə də məlumat verildiyini, 01 aprel 2021-ci il tarixdə Ağdaş şəhəri, Ş.Şamil küçəsi, ev 21-də yaşayan Təqsirləndirilən şəxs COVİD-19 pandemiyasının yoxlanılması ilə bağlı test verməyə gəldiyini və özünü narahat hiss etdiyini bildirdiyini, Təqsirləndirilən şəxs test nümunəsi götürdüklərini, bundan sonra Təqsirləndirilən şəxs götürülmüş testin nəticələrini laboratoriyaya göndərdiklərini, 02.04.2021-ci il tarixdə laboratoriyadan testin nəticələri gəldiyini və nəticələrə əsasən Təqsirləndirilən şəxs COVİD-19 virus infeksiyası olduğu aşkar edildiyini, həmin gün 02.04.2021-ci il tarixdə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs ilə əlaqə saxlamaq üçün xəstəxanada qoyduğu ***-***-**-** saylı mobil nömrəyə zəng etdiyini və ona testin nəticəsinin pozitiv olduğunu və 14 gün ərzində yaşayış yerini tərk etməməyini, müalicəsi ilə bağlı ASM tərəfindən onunla əlaqə saxlanılacağını bildirdiyini, həmçinin Təqsirləndirilən şəxs evdə müalicə aldığı təqdirdə yaşadığı yeri tərk etməməsini, əks halda cinayət və ya inzibati məsuliyyət daşıyacağını izah etdiyini bildirmişdir. İşin materiallarından görünür ki, Azərbaycan Respublikası DİN Baş İnformasiya və Kommunikasiya İdarəsindən Təqsirləndirilən şəxs telefon məlumatları əldə edilmişdir. Telefon məlumatlarına baxış keçirən zaman Ağdaş RMX-nin PHŞ-nin həkimi Nüşabə Hacıyevanın istifadəsində olan ***-***-**-** nömrəli telefon vasitəsilə 02.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla əlaqəsi saxlaması müəyyən edilmişdir. İşin materiallarında olan Ağdaş RMX-nin PHŞ-nin 10.04.2021-ci il tarixli, 477 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 2 saylı evdə yaşayan Təqsirləndirilən şəxs 01 aprel 2021-ci il tarixdə Ağdaş Rayon Mərkəzi X6 Şəxsdə COVİD-19 infeksiyasına görə analiz alınmış, nəticə pozitiv olduğu üçün ev şəraitində ambulator müalicəyə götürülmüşdür. Ağdaş RMX-nin PHŞ-nin həkimi Nüşabə Hacıyeva test nəticəsinin cavabını şəxsən vətəndaşın özü ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq məlumat verdiyini bildirmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs evdən çıxmaması, əgər çıxarsa barəsində inzibati və ya cinayət qaydasında tədbir görüləcəyi barədə SMS gəlib-gəlməməsi soruşulmuş, Kamil Ağayev ona COVİD-19 xəstəliyi ilə bağlı vermiş olduğu testin müsbət çıxması barədə, eləcə də evi tərk etməməsi barədə ona SMS gəldiyini, lakin yaşadıgı küçənin əvvəlində olan mağazaya getdiyini bildirmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 13 aprel 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş ayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 13 aprel 2021-ci il tarixli, 1203 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 saylı evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X2 – (1968-ci il təvəllüdlü); X1 – (1974-cü il təvəllüdlü); X3 – (1993-cü il təvəllüdlü). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 22 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xəstəliyin yayılması üçün real təhlükə yaratmaqla epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi əməli könüllü etiraf edib səmimi peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – cərimə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cərimə cəzası təyin etmək qənaətinə gələrkən onun hazırda rayonlararası yükdaşıma ilə bağlı işlədiyini, barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər cəzalar tətbiq ediləcəyi təqirdə iş yerini itirəcəyini və bunun ailəsinin həyat şəraitinə mənfi təsir edəcəyini əsas götürür. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinsin və 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar