Məhkəmə qərarları › İş №1(014)-94/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-94/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-94/2022 03.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1987-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 3-də qeydiyyatda olan və yaşayan, barəsində 09 yanvar 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum vaxtda, naməlum şəraitdə, naməlum mənbədən əldə etdiyi 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1.192 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış və həmin psixotrop maddə 07 yanvar 2022-ci il tarixdə, saat 21:10-dan saat 21:18-dək ünvan 1 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı onun üzərindən yəni, qəhvəyi rəngli qış gödəkçəsinin iç sol cibindən aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində 07 yanvar 2022-ci il tarixdə, təxminən saat 18:45 radələrində Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Zaur” kafesində dostları Afiq, Samir və Fizuli ilə çörək yeyən zaman mülki geyimli polis əməkdaşlarının kafeyə onların oturduqları otağa gəldiklərini, otaqda onların hamısının üstünə baxış keçirdiklərini, üstlərindən qanunla qadağan olunmuş heç bir şey aşkar olunmadığını, buna baxmayaraq polis əməkdaşlarının onları Ağdaş Rayon Polis Şöbəsinə apardıqlarını, polis şöbəsində baxış keçirilən zaman üstündən «Patı» adlanan psixotrop maddə metamfetamin aşkar olunduğunu, lakin həmin psixotrop maddə olan metamfetaminin ona məxsus olmadığını və üstünə polis əməkdaşları tərəfindən qoyulduğunu bildirdi. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşır, hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə etmək, məsuliyyətdən yayınmaq məqsədi güdür, onun özünün ibtidai istintaq zamanı şübhəli şəxs kimi verdiyi etirafedici ifadəsi, iş üzrə şahidlərin ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə təkzib edilərək yuxarıda qeyd olunan cinayəti törətməsi tam olaraq sübuta yetirilir. Belə ki, iş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 07 yanvar 2022-ci il tarixdə ünvan 3-də qeydiyyatda olan, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində, evində saxlaması və qəbul etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında Ağdaş RPŞ-nin NBQ-nun əməliyyat müvəkkili Şahid2 tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələrin aparıldığını, həmin gün saat 18:45 radələrində Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Zaur” kafedə olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə onlarda məlumat olduğunu bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli qış gödəkcəsinin iç sol cibindən 01 ədəd sellofan bükümün, sağ yan cibindən 01 ədəd 10 qəpik aşkar olunduğunu, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd sellofan bükümün içərisində narkotik maddənin olduğunu, həmin bükümü təxminən 2 gün əvvəl Ağdaş şəhərində yerləşən bazardan tapdığını və həmin bükümü Ağdaş rayon polis şöbəsinə təqdim etmək üçün üzərində saxladığını bildirdiyini, daha sonra aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən ağ rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddənin aşkar olunduğunu, həmin 01 ədəd sellofan bükümün elektron tərəzidə çəkildiyini və qablaşdırıldığını, şəxsi axtarışın video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu, bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evə baxış keçirlidiyini, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman onun yaşadığı evdən iş üçün əhəmiyyət kəsb edən heç nəyin aşkar edilmədiyin bildirdi. İş üzrə Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş şəhəri, M.Ə.Rəsulzadə yerləşən “Zaur” adlı kafedə ofisiant işlədiyini, hər gün səhər 08:00 radələrində işə getdiyini, axşam isə 22-23 radələrində işdən çıxdığını, 07 yanvar 2022-ci il tarixdə, saat təxminən 17:00 radələrində kafedə işdə olduğunu, həmin zaman kafeyə əvvəllər tanımadığı, lakin sonradan kafenin müştərisi kimi tanıdığı Afiq, Samir, Rəşad və Fizuli adlı şəxslərin gəldiklərini, həmin zaman onları qarşılayaraq kafedə otaqda əyləşdirdiyini və onlara qulluq göstərməyə başladığını, onlardan yemək sifarişi götürərək kafenin aşbazına bu barədə bildirdiyini, daha sonra isə kafedə digər müştərilərə qulluq göstərməyə başladığını, təxminən saat 18:45 radələrində kafeyə polis əməkdaşlarının gəldiklərini gördüyünü, həmin polis əməkdaşlarının Rəşadgilin əyləşdiyi otağa daxil olaraq Afiq, Samir, Rəşad və Fizuli adlı şəxsləri Polis Şöbəsinə dəvət etdiklərini və onların da polis əməkdaşlarına heç bir etiraz etməyərək onlarla birlikdə kafedən çıxaraq getdiklərini, polis əməkdaşlarının kafeyə gələrək onların oturduqları otağa daxil olduqdan sonra həmin şəxslərin üzərinə baxış keçirmədiklərini və ya axtarış aparmadıqlarını, polis əməkdaşları gəldikdən sonra həmin şəxsləri polis şöbəsinə dəvət etdiklərini və həmin şəxslərin də onlara heç bir etiraz etməyərək qısa müddət sonra polis əməkdaşları ilə birlikdə getdiklərini bildirdi. İş üzrə Şahid3 məhkəmə iclasında Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs kimi verdiyi ifadəsində 07 yanvar 2022-ci il tarixdə, təxminən saat 18:45 radələrində Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Zaur” kafedə polis əməkdaşlarının ona yaxınlaşaraq üzərində narkotik vastənin olması və qəbul etməyi barədə məlumatlarının olmasını bildirdiklərini, Ağdaş RPŞ-nə dəvət etdiklərini, polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-nə getdiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçinin təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli qış gödəkcəsinin iç sol cibindən 01 ədəd sellofan büküm, sağ yan cibindən 01 ədəd 10 qəpik aşkar olunduğunu, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümün içərisində narkotik maddənin olduğunu, həmin bükümü təxminən 2 gün əvvəl Ağdaş şəhərində yerləşən bazardan tapdığını və həmin bükümü Ağdaş rayon polis şöbəsinə təqdim etmək üçün üzərində saxladığını bildirdiyini, daha sonra üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən ağ rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddənin aşkar olunduğunu, həmin 01 ədəd sellofan bükümün elektron tərəzidə çəkildiyini və qablaşdırıldığını, şəxsi axtarışın video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu bildirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid kimi dindirilmiş X5 bildirdi ki, polis əməkdaşları ilə heç vaxt konflikti, pis münasibəti olmayıb, narkotik satanlara qarşı mübarizə edən şəxslərdən biridir, heç vaxt narkotik qəbul etməmişdir, 07 yanvar 2022-ci il tarixdə Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Zaur” adlı kafedə Rəşad və digərləri birlikdə yemək yeyən zaman 6-7 nəfər mülki geyimli polis əməkdaşları oturduqları otağa daxil olmuş, orada üzərlərinə baxış keçirmiş, lakin heç nə aşkar olunmamış, buna baxmayaraq onları Polis Şöbəsinə aparmış, orada ayrı-ayrılıqda hər birinin üzərinə baxış keçirmiş, polislər tərəfindən üzərlərinə qoyulmuş narkotik vasitəni boyunlarına götürməyi məcbur etmiş, məcbur olub üzərlərindən aşkar olunmuş narkotikin onlara məxsus olduğunu etiraf etmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid kimi dindirilmiş X6 bildirdi ki, 07 yanvar 2022-ci il tarixdə polislər dostlarından birini Ağdaş Rayon Polis Şöbəsinə gətrimiş, onlar, yəni Rəşad, Afiq və başqaları polis şöbəsinin qarşısında onu gözləmiş, aç olduqlarına görə yemək yemək üçün Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Zaur” adlı kayeyə getmiş, orada yemək yeyərkən qəfildən 30-40 nəfər polis gəlmiş, orada hər birinin üzərini axtarmış, heç nə tapmamış, sonra onları Ağdaş Rayon Polis Şöbəsinə apamış, döyərək üzərlərinə qoyduqları narkotikin onlara məxsus olduğunu etiraf etdirmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid kimi dindirilmiş X1 bildirdi ki, dəqiq xatırlamır, 06 yanvar, yaxud da 07 yanvar 2022-ci il tarixdə axşam saatlarında Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Zaur” adlı kafedə dostu ilə birlikdə çörək yeyən zaman səs-küyə əyləşdiyi otağın qapısını açmış, onların əyləşdiyi otaqla üzbəüz otaqda mülki geyimli polis əməkdaşlarının və digər şəxslərin olduğunu görmüş, lakin həmin otaqda çörək yeyən şəxslərin üstlərinə baxış keçirilb-keçirilməməsini görməmişdir, ancaq bir nəfər şəxsin ucadan səslənərək üstümüzdə heçnə tapılmadı, daha nə istəyirsiniz dediyini eşitmişdir. Məhkəmə həmçinin müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid kimi dindirilmiş X2 və X3 ifadələrinə tənqidi yanaşır, hesab edir ki, onlar bu məzmunda ifadə verməklə barələrində olan cinayət işi ilə bağlı həm özlərini, həm də hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiə etməyə çalışırlar, digər şahid X1 isə iş üzrə əhəmiyyət kəsb edə biləcək heç nə bildirmədi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/24 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1.192 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 230 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 2162/K №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilmədi. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik maddələrin təyinatını aparmaq mümkün olmadı. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/494 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” sözləri yazılmış zərfin içərisindəki psixotrop maddə olan metamfetamin, üzərində “Vət. X3 üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər maddə” sözləri yazılmış zərfin içərisindəki psixotrop maddə olan metamfetamin, üzərində “Vət. X4 üzərindən aşkar olunmuş” sözləri yazılmış zərfin içərisindəki psixotrop maddə olan metamfetamin və üzərində “Vət. X2 üzərindən aşkar olunmuş” sözləri yazılmış zərfin içərisindəki psixotrop maddə olan metamfetamin hər biri kimyəvi tərkib komponentlərinə görə fəqlidirlər. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iş üzrə Təqsirləndirilən şəxs üzərində Ağdaş RPŞnin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan rəhvəyi rəngli qış gödəkçənin iç sol cibindən 01 ədəd sellofan büküm, sağ yan cibindən 01 ədəd 10 qəpiklik aşkar edilmiş, aşkar edilmiş sellofan büküm açılan zaman içərilərindən ağ rəngli toz və kristall halında narkotik vasitəyə oxşar maddə aşkar edilmiş, həmin narktotik vasitəyə oxşar maddə tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini və himayəsində iki azyaşlı uşaqların olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, şübhəli şəxs kimi 07 yanvar 2022-ci il tarixdən 09 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 günə 02 gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün, təyin edilmiş cəzadan çıxmağı məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, ərazi narkoloji kabinetdə qeydiyyata götürülməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 71 manat 94 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 1.122 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, 03 ədəd disk cinayət işində saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 07 yanvar 2022-ci il tarixdən 09 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə, cəmi dörd gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71 manat 94 qəpik (yetmiş bir manat doxsan dörd qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 1.122 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin, üç ədəd disk cinayət işində saxlanılsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar