Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-94/2023 03.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X3 iştirakları ilə xx xxx 1984-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində iki azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 1,299 qram kustar üsulla hazırlanmış narkotik vasitəni heroini əldə edərək üzərində saxlayıb, daşımış, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, Azadlıq küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra, həmin tarixdə saat 20:07-dən 20:27-dək ünvan 2 ünvanında yerləşən RPŞ-nin inzibati binasında, xidməti otaqda üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 1 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 1,299 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində təxminən bir ilə yaxındır ki, narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyini, lakin narkotik vasitələrdən asılı vəziyətdə olmadığını, xx.xx.2023-cü il tarixdə təxminən saat 14 radələrində Ağdaş şəhəri, Azadlıq küçəsində olan zaman həmin küçənin kənarı ilə keçən və “Güəşən” arxı deyilən su kanalının kənarında siqaret qutusu olmasını gördüyünü, həmin vaxt ayağı ilə siqaret qutusunu vurduğunu, bu zaman siqaret qutusunun dolu olmasını hiss etdiyini, buna görə də həmin siqaret qutusunu götürərək açdığını və içərisindən qəhvəyi rəngli maddə olmasını gördüyünü, həmin maddənin narkotik vasitə olmasını düşündüyünü və marağını çəkdiyi üçün üzərində saxladığını, bundan təxminən 4- 5 saat sonra taksi axtarmaq üçün “Ləki dörd yolu” deyilən yerə gedərkən Ağdaş şəhəri, Azadlıq küçəsində olan zaman polis əməkdaşlarının ona yaxınlaşdığını və özlərini təqdim etdiklərini, həmçinin ona üzərində narkotik vasitə saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirərək onu poliş şöbəsinə dəvət etdiklərini, özünün də polis əməkdaşları ilə razılaşdığını və polis əməkdaşları ilə birlikdə Ağdaş rayon Polis şöbəsinə gəldiyini, rayon polis şöbəsində maddi imkanı olmadığı üçün ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs qismində tutulduğunu, bundan sonra RPŞ-nin inzibati binasında, xidməti otaqlardan birində onun üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı polis əməkdaşının üzərində olan əşyaları masanın üzərinə qoymasını ona təklif etdiyini, buna görə də özünün həmin vaxt əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən “Maqna” markalı siqaretin qutusunu və həmin cibin üzərində olan kiçik cibdən 1 ədəd sarı rəngli kağız bükümü masanın üzərinə qoyduğunu, daha sonra həmin kağız bükümün açıldığını və içərisindən qəhvəyi rəngli, toz halında maddə aşkar edildiyini, polis əməkdaşının ondan həmin maddənin nə olmasını soruşduğunu, özünün də həmin maddənin “kakos” adlanan narkotik vasitə olmasını bildirdiyini, bundan sonra həmin kağız bükümün elektron tərəzidə çəkildiyini və çəkisinin 1,6 qram olduğunu, polis əməkdaşının ondan həmin kağız bükümdə olan narkotik vasitəyə bənzər maddəni haradan, nə vaxt və hansı məqsədlə əldə etdiyini soruşduğunu, özünün də polis əməkdaşına həmin kağız bükümdəki narkotik vasitəni tutulmazdan təxminən 4-5 saat əvvəl Ağdaş şəhəri, Azadlıq küçəsində su kanalının kənarından tapdığını, istifadə etmədiyini, sadəcə olaraq maraqlı gəldiyi üçün üzərində saxladığını bildirdiyini, bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitənin kağız zərfə qablaşdırıldığını və üzərinə möhür vurulduğunu, həmçinin ona məxsus mobil telefonun da kağız zərfdə qablaşdırılaraq üzərinə möhür vurulduğunu, bundan sonra şəxsi axtarışın başa çatdığını, şəxsi axtarışın videoçəkiliş vasitəsi ilə qeydə alındığını və bu barədə protokol tərtib edildiyini, heç vaxt heç kimdən narkotik vasitə almadığını və heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ifadəsində ona Ağdaş rayonunda əvvəllər “Ruslan trenajor” deyə müraciət edildiyini, buna səbəb isə onun idman zalı işlətməsi olduğunu, ***- ***-**-** saylı mobil nömrənin rəsmi olaraq onun adına qeydiyyatda olmasa da, bir neçə müddət həmin mobil nömrədən istifadə etdiyini, İlham Məmmədovun istifadəsində olan mobil telefona baxış keçirilən zaman “Whatsapp” yazışmalarından aşkar edilmiş “yari vardi gör uwaqlar isteyirse verek? Ozenede olsun nece cekmeye”, “Torpaq deyirdina istesen emele getirmek olar”, “Ozude and icirler super maldi? Ancaq yari qram zad, cetofka yoxdu.”, “superde kiv var”, “hele ele dadli kiv qabagina cixmayib belke, gucude neyi var”, “cox pis hallandirir”, “ama paketdi, 100 satilir”, “mene 80e verirler”, “qacirilasi kiv deyil”, “denenden prob ucun 10luq alib vere bilerem sene, kivi, he alinar, balaca 1 neferlik vererem sene torpaga gelsen”, “Siqarete yigib dadina tamina baxardin”, qaqam, ozumde olsa bele sene qurbandi, ama ozumde deyilaxi, inanma oda razi ola”, “ok, qaqa 12 ye eliyerik, gec duranam bilirsen, yaxwi vererme kivde”, “ozumde var balaca qirib vererem ozun tek baxarsan, gor deyir deymir. Paketde temiz 5-di”, “20 lik edek, dцzelene getmek lazimdi”, “gec olaz, pul veresiyem, ona gore deyirem.” məzmunlu mesajların özünün tərəfindən yazılmadığını, buna görə də həmin mesajlarda nə nəzərdə tutulmasını bilmədiyini, İlham Məmədovun ona “Qaqa kiv demisdine yesik var yoxsa”, “Ko tapaq olar bir ceke olsa yaxin qaqamiz”, “biraz verseydi beynimi acardim”, “balaca, beynimi acardim”, “torpaq alinmasa yox”, “neceye, 05, qiymeti nedi qa”, “Qaqa, 2.3 deyqa gozde usax var gorum gerlir sene deqiq deyim ogul bel o gelmese sabaha kimi oz telefonumu qoyub gotre bilem seher saat 11 de pulu verib teli goturum eger usax gelmese, telefonumda markasini bilsenda a33 du, qaqa bunu oxu, bidene, gor ne der”, “qaqa bele mende dedim ona razi deyil sadece xayis edmisem deye mene gore edib bunu pul vermey lazimdi, dedi gozde sene tam deqiq soz derem”, “qaqa pul duzelmir der 20 manati var”, “helemi, seliqelidi hecolmuya qa” məzmunlu mesajlar yazmadığını, həmin mesajların İlham Məmmədov tərəfindən kimin ünvanına yazılması və hansı məqsədlə yazılması barədə heç bir məlumatının olmadığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində ***-***-**-** saylı mobil nömrənin istifadə olunduğu smartfon xüsusiyyətli mobil telefonu pula ehtiyacı olduğu üçün təqribən 2022-ci ilin fevral ayında satdığını, satarkən telefonun yaddaşında olan heç bir proqramı alan şəxsin özünün siləcəyini güman etdiyi üçün silmədiyini, sonradan özünün aldığı mobil telefonda isə “Whatsapp” proqramı olmadığını və indiyə kimi “Whatsapp” proqramından istifadə etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində Ağdaş RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 15 fevral 2023-cü il tarixdə ona ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olduğunu, buna görə də tərəfindən müvafiq sənədləşmələr aparıldığını və əməliyyat qrupu yaradıldığını, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Ağdaş rayon Polis şöbəsinin Post Patrul Xidməti Bölməsinin polis nəfəri Şahid2la birlikdə Ağdaş şəhəri, Azadlıq küçəsində piyada hərəkətdə olan zaman Ruslanın piyada hərəkətdə olmasını gördüyünü, həmin zaman Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək sonuncuya üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə onlara məlumat daxil olduğunu bildirdiklərini, bundan sonra Ruslanı rayon polis şöbəsinə dəvət etdiklərini, Ruslanın da onlarla birlikdə Ağdaş rayon Polis şöbəsinə gəldiyini, rayon Polis şöbəsində Ruslana dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, bundan sonra müdafiəçinin də iştirakı ilə Ağdaş rayon Polis şöbəsinin inzibati binasında Ruslanın üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Ruslanın əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən “Maqna” markalı siqaret qutusu və həmin cibin üzərində olan kiçik cibdən 1 ədəd sarı rəngli kağız bükümün aşkar edildiyini, daha sonra həmin kağız bükümün açıldığını və içərisindən qəhvəyi rəngli, toz halında maddə aşkar edildiyini, Ruslanın həmin maddənin “kakos” adlanan narkotik vasitə olmasını bildirdiyini, bundan sonra həmin kağız bükümün elektron tərəzidə çəkildiyini və çəkisinin 1,6 qram olduğunu, Ruslanın həmin narkotik vasitəni təxminən 4-5 saat əvvəl Ağdaş şəhəri, Azadlıq küçəsində su kanalının kənarından tapdığını, istifadə etmədiyini, sadəcə olaraq maraqlı gəldiyi üçün üzərində saxlamasını söylədiyini, bundan sonra aşkar edilmiş narkotik vasitənin kağız zərfdə qablaşdırıldığını və üzərinə möhür vurulduğunu, həmçinin Ruslana məxsus mobil telefonun da kağız zərfdə qablaşdırıldığını və üzərinə möhür vurularaq götürüldüyünü, bundan sonra şəxsi axtarışın başa çatdığını, şəxsi axtarışın videoçəkiliş vasitəsi ilə aparıldığını və bu barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalandığını, həmçinin Təqsirləndirilən şəxs ilkin sorğu zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni Ağdaş şəhəri, Azadlıq küçəsində su kanalının kənarından tapdığını, istifadə etmədiyini, sadəcə olaraq maraqlı gəldiyi üçün üzərində saxlamasını söylədiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə rayon polis şöbəsinə mütəmadi olaraq məlumatlar daxil olduğunu, lakin həmin müddət ərzində bu məlumatları realizə etməyin mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişdir. Müdafiəçinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, əvvəllər münasibətlərinin yaxşı olduğunu, Ruslandan heç vaxt narkotik vasitə almadığını, Ruslanın narkotik vasitə satması barədə heç vaxt heç kimdən heç bir söz eşitmədiyini, Ruslanın nömrəsini bildiyini, Ruslanın “Whatsapp” proqramında istifadə etdiyi mobil nömrəsindən ona şübhəli mesajlar gəldiyini, həmin mesajları yazan şəxsin kimliyini müəyyən etmək üçün yazışdığını, hətta “Whatsapp” proqramı vasitəsilə zəng etdiyini, lakin cavab verilmədiyini, sonradan Ruslana mobil nömrə vasitəsilə zəng edərək bu məsələni aydınlaşdırdığını, Ruslan isə hazırda özünün sadə mobil telefon istifadə etdiyini, telefonu satarkən yaddaşında olan proqramları, o cümlədən “Whatsapp” proqramını silmədiyini və hazırda işlətdiyi telefonda “Whatsapp” proqramının olmadığını bildirmişdir. Müdafiəçinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində Təqsirləndirilən şəxs tanımadığını, sözügedən telefonu 2022-ci ilin mart ayında 80 manata aldığını, 3 gün işlətdiyini, sonra həmin telefonu Natiq adlı şəxsə satdığını, telefonu aldıqdan sonra qısa müddət işlətdiyindən “Whatsapp” proqramının olubolmamasına diqqət etmədiyini bildirmişdir. Müdafiəçinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində Təqsirləndirilən şəxs tanımadığını, sözügedən telefonu 1 il əvvəl mağazadan aldığını, telefonu alarkən ikinci əl olduğunu bildiyini, lakin telefonun yadaşı təmizləndiyindən heç bir əlavə proqramı olmadığını, özünün sonradan proqramlar yazdırdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yerin və nəqliyyat vasitəsinin müşahidə aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə polis orqanına gətirilməsi və üzərinə şəxsi axtarış aparılması, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə və yaşayış yerinə baxış keçirilməsi qərara alınmışdır. “Şəxsi axtarış keçirilməsi haqqında” 15 fevral 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 20:07-dən başlamış və 20:27-də başa çatmış şəxsi axtarış Ağdaş rayon Polis şöbəsinin inzibati binasında aparılmış, Təqsirləndirilən şəxs hüquqları izah edilmiş, Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol ön cibindən 1 ədəd “Nokia” markalı mobil telefon, sağ ön cibindən siqaret qutusu, həmin şalvarın sağ ön tərəfindəki kiçik cibdən 1 ədəd qızılı rəngli kağız büküm aşkar olunmuşdur. Aşkar olunmuş kağız büküm açılmış və içərisində qəhvəyi rəngli toz halında narkotik vasitəyə bənzər maddə olması məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra həmin maddəni Ağdaş şəhəri 42-ci məhəllə adlanan yerdən su arxının kənarından tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kağız büküm və mobil telefon kağız zərfdə qablaşdırılaraq üzərinə DİN-in 111 saylı möhürü vurulmuş və götürülmüşdür. “Şübhəli şəxsin dindirilməsi haqqında” 15 fevral 2023-cü il tarixli protokoldan və “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 17 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən heç kimə narkotik vasitə satmadığını bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/183 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd kağız büküm” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 1,299 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 580 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X20 06 mart 2023-cü il tarixli, PHŞ-6-22/2-339/2023 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəlikləri üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 03 mart 2023-cü il tarixli, 30 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şəhər icra nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər İnzibati Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 mart 2023-cü il tarixli, 395 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 №-li evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: arvadı – X2; oğlu – xx.xx.2011-ci il təvəllüdlü X5, oğlu – xx.xx.2017-ci il təvəllüdlü X7. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 15 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 19:55də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qətimkan tədbiri seçilməsi haqqında 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MSYdən azad edilmişdir. Məhkəmənin qərarı əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMCdən əldə edilmiş məlumatlar məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər ***-***-**-** saylı mobil nömrəni istifadə etdiyi telefonda həqiqətən də xx.xx.2022-ci il tarixdən sonra başqa telefon nömrələri istifadə olunmuşdur. Məhkəmə tərəfindən müəyyənləşdirilmişdir ki, həmin mobil telefonda istifadə olunmuş digər mobil nömrələrinin istifadəçiləri X4 və X8r və həmin şəxslər məhkəmə iclasına əlavə şahid qismində dəvət olunaraq dindirilmişlər. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0.15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş heroinin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və «cinayətin bilavasitə obyekti» adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üstüstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, daha dəqiq sonuncunun əməlinin CM-in 234.2-ci maddəsi ilə tövsif olunması ilə bağlı gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs qarşı CM-in 234.2-ci maddəsi ilə ittiham sürülmüşdür ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 1,299 qram kustar üsulla hazırlanmış narkotik vasitəni heroini əldə edərək üzərində saxlayıb, daşımış, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Ağdaş rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, Azadlıq küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra, həmin tarixdə saat 20:07-dən 20:27-dək ünvan 2 ünvanında yerləşən rayon polis şöbəsinin inzibati binasında, xidməti otaqda üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 1 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 1,299 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 234.2-ci maddəsi ilə ittihamın irəli sürülməsi sonuncunun üzərindən aşkar olunan narkotik maddə olan heroin çəkisinin şəxsi istehlak miqdarından çox olması, yəni 1,299 qram olması, habelə X9 telefonunda olan “Whatsapp” proqramı vasitəsi ilə ***-***-**-** saylı mobil nömrə istifadəçisi olan və kontakda adı “Ruslan Trnajor” kim qeyd edilmiş Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə əlaqəli mətnlərinin məzmunu ilə bağlı olmuşdur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürsə də, irəli sürülən ittihamın əsaslılığını yuxarıda qeyd olunandan əlavə heç bir sübut növü ilə təsdiq edə bilməmiş, yalnız aşkar olunan narkotik maddəninin çəkisinə və X9 telefonunda olan “Whatsapp” proqramı vasitəsi ilə ***-***-**-** saylı mobil nömrə istifadəçisi olan və kontakda adı “Ruslan Trnajor” kim qeyd edilmiş Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə əlaqəli mətnlərə görə, yəni ehtimala əsasən Təqsirləndirilən şəxs narkotik maddə olan heroini məhz satış məqsədi ilə əldə edib saxlaması və özü ilə daşıması qənaətinə gəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökümdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn möhtəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-in 28.5-ci maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında həmçinin göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik maddələrin satışını həyata keçirərkən, bilavasitə realizə edərkən saxlanılmamış, barəsində narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olduğu üçün 15 fevral 2023-cü il tarixdə ünvan 4 ünvanda yerləşən Ağdaş rayon Polis şöbəsinin inzibati binasında şəxsi axtarış zamanı ittihamda qeyd edilən narkotik vasitə aşkar olunmuşdur. Habelə, şahid ifadələrindən və Ağdaş rayon Polis şöbəsinə yazılmış raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün əsas narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi barədə daxil olmuş məlumatdır, onun tərəfindən narkotik vasitənin alqı-satqısının həyata keçirilməsi ilə bağlı hər hansı əməliyyat məlumatı əməliyyat qurumunda rəsmiləşdirilməmişdir. Sözügedən maddənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən aşkar olunan narkotik maddənin miqdarı, digər tərəfdən təqsirləndirilən şəxsin özünün narkotik maddə olan heroindən əvvəllər istifadə hallarının olması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan narkotik maddə satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Göründüyü kimi, ibtidai istintaq orqanı məhz narkotik maddənin çoxluğunu, Azərbaycan Respubilkasının CM-in 234.2-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs X9 istifadəsində olan “Samsung A10S” markalı mobil telefona baxış keçirən zaman X9 telefonunda olan “Whatsapp” proqramı vasitəsi ilə ***- ***-**-** saylı mobil nömrə istifadəçisi olan və kontakda adı “Ruslan Trnajor” kim qeyd edilmiş Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə əlaqəli mesaj mətnlərini nəzərə alaraq əlavə sübut toplamadan, “Whatsapp” proqramı vasitəsi ilə İlham Məmmədova yazılmış mətnlərin Təqsirləndirilən şəxs tərəfindən yazılmasını realizə etmədən, real satış həyata keçirilərkən Təqsirləndirilən şəxs saxlamadan, digər əməliyyat tədbirləri keçirmədən, yalnız ehtimala əsaslanmaqla ona qarşı CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürmüşdür. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamı təsdiq edən ən əsas sübut kimi iş üzrə əldə edilmiş təqsirləndirilən şəxsin X9 telefonunda olan “Whatsapp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə əlaqəli mesaj olmuşdur. Həmin “Whatsapp” proqramı vasitəsi ilə yazılmış mətnlərin məzmunu təqsirləndirilən şəxs və şahidlər tərəfindən məhkəmə iclasında araşdırılmış, yazışmaların Təqsirləndirilən şəxs tərəfindən yazılması öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, hətta “Whatsapp” proqramı vasitəsi ilə həmin mətnlər Təqsirləndirilən şəxs tərəfindən yazılmış olsaydı belə, bu onun barəsində şübhələrin yaranmasına əsas olsa da, bu da birmənalı olaraq narkotik vasitənin satış niyyəti ilə şəxsin üzərində saxlanılması kimi qiymətləndirilə bilməzdi. Bu məlumat əsasında əməliyyat orqanı tərəfindən müvafiq əməliyyat təşkil olunmaqla faktı aşkar etmək üçün heç bir addım atılmamış, hətta raportdan da göründüyü kimi əməliyyat orqanında ümumiyyətlə Təqsirləndirilən şəxs narkotik vasitələri satması barədə məlumat olmamışdır. Təqsirləndirilən şəxs isə birmənalı olaraq həm də şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Hazırkı iş üzrə nə ibtidai araşdırma zamanı, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin İlham Məmmədov adlı şəxsə narkotik vasitənin alqı-satqısı barədə “Whatsapp” proqramı vasitəsi ilə yazılmış mətnlərlə qabaqcadan razılığa gəlməsi, onların bu məqsədlə görüşməsi, təqsirləndirilən şəxsin narkotik vasitənin satışından mənfəət əldə etməsi digər hər hansı sübutla öz təsdiqini tapmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, həmin “Whatsapp” proqramı vasitəsi ilə yazılmış mətnlərinin məzmunu tam realizə edilməmişdir. X1 telefonunda olan “Whatsapp” proqramı vasitəsi ilə ***-***-**-** saylı mobil nömrə istifadəçisi olan və kontakda adı “Ruslan Trnajor” kimi qeyd edilmiş Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə əlaqəli mesaj mətnlərinə əsasən maddələrin satış məqsədilə əldə edilməsi iş materiallarında olan heç bir mötəbər sübutla öz təsdiqini tapmayan ehtimallar əsasında irəli sürülmüş, təqsirləndirilən şəxsdə narkotik vasitənin qablaşdırılması üçün hər hansı bir cihaz və ya avadanlıq da aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirsizlik prezumpsiyasını nəzərə alaraq, təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət işinə baxarkən ədalətli məhkəmə araşdırmasını təmin etmək üçün Azərbaycan Respublikasının Konstitusiyası, Qanunları və digər normativ-hüquqi aktları ilə yanaşı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməlidir. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa Məhkəməsi qeyd edir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Korbely Macarıstana qarşı” iş üzrə 19 sentyabr 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət hüquqi normaların geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər həmin maddə özündə daha ümumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən qanun cinayətin tərkibini və buna görə cəzanı müəyyən etməklə yanaşı, o cümlədən ittiham olunan şəxsin ziyanına cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Beləliklə, məhkəmə məhkəmə istintaqının yekununda belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 1,299 qram kustar üsulla hazırlanmış narkotik vasitəni heroini əldə edərək üzərində saxlayıb, daşımış, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, Azadlıq küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra, həmin tarixdə saat 20:07-dən 20:27-dək ünvan 2 ünvanında yerləşən RPŞ-nin inzibati binasında, xidməti otaqda üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 1 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 1,299 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertizaların rəyləri və işə aid biri-digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini təqsirli olduğu hissədə boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələrin qoyulmasını zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 1,249 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə maddi sübut qismində tanınmış 2 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 69,10 (altmış doqquz manat on qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 1,249 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 69,10 (altmış doqquz manat on qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-94/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-94/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver