Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-95/2023 04.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1997-ci ildə Ağdaş şəhərində аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, M.P.Vaqif küçəsi, ev 13-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə, habelə binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə saat 13 radələrində və 2022-ci ilin dekabr ayından 2023-cü ilin fevral aynın 14-dək olan müddət ərzində istintaqa məlum olmayan vaxtda vahid niyyətlə dayısı Zərərçəkmiş şəxs Ağdaş rayonu, Kotanarx kəndində yerləşən evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, ordan da həyətdəki köhnə tikili olan evin qonaq otağına daxil olub 1 ədəd rus istehsalı yataq hissəsi setkadan olan 100 manat dəyərində dəmir çarpayını, 1 ədəd alüminium 1 metr diametrli 20 sm hündürlüyündə rus istehsalı olan 80 manat dəyərində tiyanı, 3 ədəd 50 sm diametrli 50 sm hündürlüyündə rus istehsalı olan, hər birinin qiyməti 60 manat olmaqla ümumilikdə 180 manat dəyərində qazanları, 1 ədəd capsella firmasına məxsus 6 m uzunluğundan 2.60 m enində 80 manat dəyərində olan tül pərdəni, həyətdə olan yeni tikili evin zirzəmisindən isə 1 ədəd 1 metr uzunluğunda 0.5 metr enində 5 mm qalınlığında rus istehsalı olan dəmir, 90 manat dəyərində odun sobasını gizli yolla talayıb zərərçəkmişə 530 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs onun doğma dayısı olduğunu, xx.xx.2023-cü il tarixdə anası Şəfa ilə Ağdaş rayonu, Kotanarx kəndinə gedib qəbirstanlığı ziyarət etməyi və bundan sonra anasının dayısı Fəqangilə getməsini qərara aldıqlarını, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan sinif yoldaşı Şahid1 zəng edib onları kəndə aparmasını dediyini, lakin pulunun az olduğunu, ona 3 manat verəcəyini bildirdiyini, Muradın onunla razılaşdığını təxminən saat 12 radələrində Muradın idarə etdiyi VAZ-21011 markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onları gəlib yaşadıqları evdən götürdüyünü və birlikdə kənd qəbirstalığına getdiklərini, yolda gedən zaman pul olmadığı üçün pul əldə etmək barədə fikirləşdiyini, həmin vaxt hazırda dayısı Eşqinin yaşayış olmayan evindən oğurluq etmək qərarına gəldiyini, kəndə çatdıqdan sonra anasını aparıb Fəqan adlı dayısının evinə düşürdüyünü, özünün isə düşmədiyini, anasına gəlib onu götürəcəyini dediyini, bundan sonra Muradın avtomobilinə əyləşdiyini, dayısı Eşqinin evində bir neçə çarpayı və soba (peç) olduğunu bildiyini, Murada dayısı Eşqinin, yəni nənəsigilin evində çarpayı və soba olduğunu, onları ordan götürməli olduğunu, avtomobili onların qapısına sürməyini dediyini və avtomobili onların qapısına sürdürdüyünü, saat təxminən 13 radələri olduğunu, darvazada qıfıl olduğunu, Murada avtomobildə oturmasını və özünün qıfılın açarını dayısından götürməyi unutduğunu dediyini, hasardan həyətə daxil olub 5-10 dəqiqəyə qayıdacağını dediyini, hasardan dayısı Eşqinin həyətinə tullandığını, bundan sonra evə doğru hərəkət etdiyini, kənarları açıq vəziyyətdə olan eyvana çıxdığını və otaqlardan birinin qapısının bir qədər aralı olmasını gördüyünü, buna görə də həmin otağa tərəf getdiyini, bu zaman həmin taxta qapının qıfılla bağlı olduğunu, lakin qıfılın yuxarı hissəsi dəmirlə qapıya bərkidildiyini gördüyünü, həmin dəmiri dartıb çıxardığını, sonra otağa daxil olduğunu, həmin otaqda olan 1 (bir) ədəd dəmir çarpayını götürüb həyətə gətirib qoyduğunu, bundan sonra həyətdə olan yeni tikilinin aşağı hissəsində olan 1 ədəd odun sobasını (peçi) götürüb həyətə qoyduğunu, bundan sonra gedib darvazanı arxa hissədən açdığını, dəmir çarpayını gətirib avtomobilə yerləşdirdiyini, belə ki, həmin çarpayının hissələrə ayrılırdığını, bundan sonra gedib odun sobasını gətirib avtomobilə qoyduğunu, geri qayıdıb darvazanı bağlayıb hasardan tullanıb avtomobilə gəlib oturduğunu, bundan sonra isə həmin avtomobil ilə Ağdaş şəhərinə gəldiyini, avtomobillə Ağdaş şəhərində metal alqı-satqısı ilə məşğul olan Həsən adlı şəxsin ünvanına gəldiklərini, Həsənə dəmir çarpayı və odun sobasının özünə məxsus olduğunu və satmaq istədiyini bildirdiyini, Həsən adlı şəxsin də ona satmaq istədyi dəmir çarpayı və odun sobasını tərəzidə çəkdiyini və çəkisinin 69 kiloqram olduğunu, bunun əvəzində Həsənin ona 25 manat pul verdiyini, bundan sonra Muradın avtomobili ilə kəndə qayıdıb anasının götürüb yenidən Ağdaş şəhərinə qayıtdıqlarını, Murada 7 manat yol pulu verdiyini, qalan pul isə onun özündə qaldığını və xərclədiyini, oğurluq edən zaman bütün qapıların qıfılla bağlı olduğunu, oğurluğa dair başqa iz olmadığını, dayısının yalan danışdığını, yəqin ki, onlardan çox pul almaq istədiyini, taksi sürücüsünün onun avtomobili ilə apardığı əşyaların oğurluq olduğunu bilmədiyini, ona bu barədə demədiyini, Həsən adlı şəxsə də satdığı əşyaların özünə məxsus olmasını bildirdiyini, başqa heç bir yerdə heç bir cinayət hadisəsi törətmədiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, maddi sübutların götürülməsi protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində 3 ay əvvəl Ağdaş rayon mərkəzində kirayə ev tutub anası ilə birgə orada yaşadığını, Ağdaş rayonu, Kotanarx kəndində olan evində isə hazırda heç kim yaşamadığını, 3 ay ərzində də yaşadığı evə getmədiyini, arvadından boşanandan sonra işi ilə əlaqədar kənddəki evində qalmadığını,xx.xx.2023-cü il tarixdə həmin evinə baş çəkib qayıtmaq üçün getdiyini, evə çatanda evin otaqlarının qapısının qıfıl bağlanan hissəsi yuxarıdan qoparıldığını gördüyünü, qonaq otağına daxil olanda orada olan dəmir çarpayılardan birinin, 1 ədəd tiyan, 3 ədəd qazan, 1 ədəd tül pərdəninin yerində olmadığını gördüyünü, sonra həyətə düşəndə həyətdə yeni tikilməkdə olan evin aşağı hissəsinə baxdığını, orada saxladığı odun sobasının yerində olmadığını gördüyünü, bundan sonra kirayə qaldığı evə qayıtdığını, axşam saatlarında anasına bu barədə dediyini və həmin əşyaları kiməsə verib-vermədiyini soruşduğunu, anasının da heç kimə heç bir əşya vermədiyini dediyini, bundan sonra evdən oğurluq olduğunu başa düşdüyünü, ona görə də, Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edib bu barədə məlumat verdiyini və Ağdaş RPŞ-yə ərizə ilə müraciət etdiyini, evdən 1 ədəd odun sobası- 1 metr uzunluğunda, 0.5 metr enində, 5 mm qalınlığında, 20 illik rus istehsalı dəmirdən, 1 ədəd çarpayı- 30 illik rus istehsalı, yataq hissəsi setkadan, 1 ədəd tiyan- alüminium, 1 metr diametrli, 20 sm hündürlüyündə, 20 illik rus istehsalı, 3 ədəd qazan 50 sm diametrli, 50 sm hündürlüyündə, 20 illik rus istehsalı, 1 ədəd tül pərdə- capsella firmasına məxsus, 10 il əvvəl alınmış, 6 m uzunluğundan, 2.60 m enində oğurlandığını, 1 ədəd odun sobasının qiyməti 90 manat, 1 ədəd çarpayının qiyməti 100, 1 ədəd tiyanın qiyməti 80, 3 ədəd qazanların hər biri 60 manat ümumi 180 manat, 1 ədəd tül pərdənin qiyməti 80 manat olduğunu, ümumlikdə ona 530 manat maddi ziyan dəydiyini, qeyd olunan əşyaları pul yığaraq müxtəlif vaxtlarda özü aldığını, əşyaların ona məxsus olduğunu, Təqsirləndirilən şəxs yalan danışdığını, həmin əşyaları onun oğurladığını, indiyə qədər onun evinə oğurluğa girən olmadığını, əşyaların da həmin vaxt oğurlandığını, həmçinin Bəhrəmın onun evdə dəqiq harda nə olduğunu bildiyini, Bəhrəmın onun evinə girməyə nə icazəsi, nə də ki, səlahiyyəti olmadığını, onların evinin ayrı, özlərinin evinin ayrı olduğunu, əvvəllər sadəcə orda yaşayan zaman ora qonaq gəldiyini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş zərəri ödəyib, onun tutulmasını istəmədiyini, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə qardaşı olduğunu, qardaşının Ağdaş rayonu, Kotanarx kəndində yerləşən evi olsa da, anası ilə birlikdə Ağdaş şəhərində kirayə evdə yaşadığını, xx.xx.2023-cü il tarixdə oğlu Bəhrəmlə birlikdə Kotanarx kəndinə gedərək atasının qəbrini ziyarət etmək qərarına gəldiklərini, oğlunun sinif yoldaşı Muradın idarə etdiyi avtomobillə kəndə getdiklərini, qəbristanlığı ziyarət etdikdən sonra onu gətirib digər qardaşı Fəqanın evində düşürdüklərini, təxminən bir neçə saatdan sonra gəlib onu yenidən avtomobillə götürdüklərini və evə qayıtdıqlarını, oğlu Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs evindən həmin tarixdə oğurluq etməsindən məlumatı olmadığını, oğlunun da bu barədə ona demədiyini, polislər tərəfindən oğlu saxlanıldıqdan sonra bu barədə məlumatı olduğunu, qardaşı Eşqindən oğlunun etdiyi əmələ görə üzrxahlıq etdiyini, oğlunu bağışlamasını istədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində etibarnamə ilə idarə etdiyi **-ET-*** dövlət qeydiyyat nişanlı, VAZ-21011 markalı minik avtomobili olduğunu, həmin avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olduğunu, Təqsirləndirilən şəxs tanıdığını, onun sinif yoldaşı olduğunu, onunla münasibətlərinin yaxşı olduğunu, xx.xx.2023-cü il tarixdə Bəhrəmin ona zəng edərək anasını kəndə aparmalı olduqlarını bildirdiyini, həmçinin ona pulunun az olduğunu yol pulu olaraq 3 manat verəcəyini bildirdiyini, özünün də onunla razılaşdığını, bundan sonra həmin gün təxminən saat 12 radələrində Bəhrəm və anasını onun yaşadığı evin yerləşdiyi küçədən götürdüyünü, bundan sonra Ağdaş rayonu, Kotanarx kəndində olan qəbirstanlığa getdiklərini, Bəhrəmın və anasının düşüb ziyarət edib geri qayıtdıqlarını, Bəhrəmin anasını həmin kənddə tanımadığı bir evdə düşdüyünü, sonradan həmin evin Bəhrəmın dayısı Fəqanın evi olduğunu bildiyini, bundan sonra Bəhrəmin ona həmin kənddə hazırda yaşayış olmayan babasına məxsus ev olduğunu, həmin evdən özünə məxsus dəmir çarpayı və dəmir soba götürəcəyini bildirdiyini, avtomobili həmin evə doğru sürdüyünü, həmin evin yerləşdiyi küçəyə çatdıqlarını və avtomobili həmin evin dəmir giriş qapısının qarşısında saxladığını, Bəhrəmin onu orada gözləməyi tapşırdığını, darvazanın qıfılla bağlı olduğunu, ona qapının açarını götürməyini unutduğunu deyərək hasardan həyətə tullandığını, təxminən 10 dəqiqə sonra Bəhrəmin darvazanı arxadan açdığını, növbə ilə dəmir çarpayını, daha sonra isə dəmir odun sobasını gətirərək ona məxsus avtomobilə qoyduğunu, Bəhrəmin ona götürdüyü əşyaları aparıb Ağdaş şəhərində metal qəbuluna verərək yenidən həmin kəndə qayıdacaqlarını və onun anasını da götürüb evə aparacağını bildirdiyini, bunun müqabilində ondan nə qədər pul istədiyini soruşanda da Bəhərəmə ona ümumilikdə 7 manat pul verməli olduğunu bildirdiyini, Bəhrəmin də onunla razılaşdığını, bundan sonra Ağdaş şəhərinə gəldiklərini, Ağdaş şəhərində Bəhrəmin ona yolları göstərdiyini və metal qəbulu ilə məşğul olan Həsən adlı şəxsin yaşadığı evin qarşısında getdiklərini, bundan sonra Bəhrəmin dəmir çarpayı və dəmir sobanı həmin şəxsə satdığını və ona 7 manat pul verdiyini, bundan sonra isə yenidən Ağdaş rayonu Kotanarx kəndinə qayıtdıqlarını və Bəhrəmin anasını götürərək Ağdaş şəhərində yerləşən evlərinə apardığını, həmin əşyaların oğurluq olmasını bilmədiyini, Bəhrəmin ona həmin evin onun babasına məxsus olduğunu, həmin evdə böyüdüyünü, hazırda isə heç kimin evdə yaşamadığını bildirdiyini, Bəhrəmin həmin əşyaları neçəyə satmasını dəqiq olaraq bilmədiyini, lakin Bəhrəmin ona yol pulu olaraq 7 manat pul verdiyini, bundan başqa Həsənlə Bəhrəmın arasında olan söhbətdən məlumatsız olduğunu, həmin evdən avtomobili ilə soba və çarpayı apardığını, başqa heç nə aparmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində yaşadığı evin həyətində metal qəbulu məntəqəsinin olduğunu, həmin məntəqədə dəmir metal qəbul etdiyini və onları satdığını, xx.xx.2023-cü il tarixdə günorta saatlarında VAZ-21011 markalı avtomobildə 2 nəfər şəxsin gəldiyini, sərnişinin onun yanına gələrək ona dəmir soba və dəmir çarpayı olduğunu, onları satmaq istədiyini, həmin şəxsin ona adının Bəhrəm olmasını dediyini, ondan həmin əşyaların kimə məxsus olmasını soruşduğunu, ona həmin əşyaların özünə məxsus olmasını bildirdiyini, bundan sonra soba və dəmir çarpayını çəkdiyini onların birlikdə kilosunun 69 kiloqram olmasını müəyyən etdiyini və bunun qarşılığında ona 25 manat pul verdiyini, Bəhrəmdan aldığı dəmir sobanı artıq satdığını, dəmir çarpayını isə saxladığını, həmin şəxslərin gəldiyi maşının qeydiyyatını apardığını, həmin maşının VAZ-21011 markalı olduğunu, dövət qeydiyyat nişanı isə **-ET-*** olduğunu, bundan əlavə metal qəbulu məntəqəsində onun nəzarət kamerası da olduğunu, bütün proseslərin həmin kameranın qarşısında həyata keçirildiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 138 saylı məktubundan görünür ki, aşağıda adları göstərilən əmlakların 2023-cü ilin fevral ayının 14-nə olan orta bazar qiymətləri: - 1 ədəd odun sobası 80 manat - 1 ədəd çarpayı 90 manat Digər əmlakların 2022-ci ilin dekabr ayından 2023-cü ilin fevral ayının 14-nə olan orta bazar qiymətləri: - 1 ədəd tiyan 70 manat - 3 ədəd qazanların hər biri 50 manat - 1 ədəd tül pərdə 70 manat müəyyən olunur. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum edilməmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 11 may 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 11 may 2023-cü il tarixli, № 1209 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri Vaqif küçəsi 13 nömrəli evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: atası – X2 (1970-ci il təvəllüdlü); anası – Şahid3 Sərda qızı (1977-ci il təvəllüdlü); qardaşı – X1 (2000-ci il təvəllüdlü). İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X6 06 mart 2023-cü il PHŞ-6-22/2-338 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 16 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 18:30da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ziyanın ödənilməsini və zərərçəkən şəxslə barışmasını, əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut 1 ədəd dəmir çarpayının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi iki gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 1 ədəd dəmir çarpayının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-95/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-95/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver