Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-96/2022 04.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs X1 iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1988-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Mingəçevir şəhəri, M.Maqomayev küçəsi 14 saylı evin 27-ci mənzilində qeydiyyatda olan və yaşayan, barəsində 21 yanvar 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaqın qənaətinə görə Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədilə 11 yanvar 2022-ci il tarixdə, saat 06:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospekti 76/3 saylı binanın qarşısına gələrək, həmin binanın qarşısında açıq sahədə olan X3 məxsus VAZ 21063 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön qapısını özü ilə gətirdiyi açarla açıb mühərriki işə salaraq avtomobili idarə edib Ağdaş şəhərindən Yevlax rayonu Aran qəsəbəsinə aparmaqla, zərərçəkmiş şəxs Gündüz Baxşalıyevə məxsus xeyli miqdarda ziyan vurmaqla, yəni sonuncunun 6.000 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində göstərdi ki, 11 yanvar 2022-ci il tarixdə, təxminən saat 04:00 radələrində Mingəçevir şəhərində yaşadığı evdən çıxaraq mağazaya getmiş və oradan siqaret və su aldıqdan sonra belə qərara gəlmişdir ki, Ağdaş şəhərinə gələrək şəhər ərazisindən avtomobil oğurlasın və həmin avtomobili ya tam formada, ya da hissələrinə ayırmaqla satıb gəlir əldə etsin. Bu məqsədlə taksi ilə təxminən saat 06:00 radələrində Ağdaş şəhərinə gəlmiş, Ağdaş şəhəri mərkəzi bazarın qarşısında taksidən düşmüş və Ağdaş şəhərini yaxşı tanımadığından piyada küçə ilə hərəkət edərək oğurlamaq üçün avtomobil axtarmışdır. Havanın qaranlıq vaxt olduğundan küçədə heç kim olmamışdır. Mağazaların çox olduğu sıradan keçdikdən sonra beşmərtəbəli binanın olduğunu görmüş və həmin binanın həyətində avtomobil olacağını düşündüyü üçün binanın həyətinə daxil olmuş və binanın qarşısında ağ rəngli VAZ-2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmasını görmüşdür. Oğurluq etmək məqsədilə özü ilə avtomobil açarları gətirmişdir. Beşmərtəbəli binanın qarşısında gördüyü ağ rəngli VAZ-2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra üzərində olan açarla avtomobilin qapısını açmışdır. Avtomobilə əyləşdikdən sonra üzərində olan açarlardan birini seçərək mühərriki işə salmış və avtomobili idarə etməyə başlamışdır. Avtomobili hərəkət etdirərək binanın qarşısından uzaqlaşmış. Ağdaş şəhərini tam tanımadığından ilkin olaraq avtomobil ilə sonu dalan olan küçə ilə hərəkət etmiş, lakin sonra geri qayıdıb, şəhəriçi yollarla əsas küçəyə çıxmış və həmin küçə ilə hərəkət edərək Mingəçevir şəhərinə doğru hərəkət etməyə başlamışdır. Mingəçevir şəhərinin giriş hissəsinə çatdıqda iz buraxmamaq məqsədilə ilkin olaraq Yevlax rayonunun Hacıselli kəndinə, oradan Varvara kəndinə, sonra Balçılı kəndinə, oradan isə Salahlı kəndinə və asfalt yola çıxmadan kəndarası yol ilə Yevlax rayonu Aran qəsəbəsinə doğru hərəkət etmişdir. Aran qəsəbəsinə getməkdə məqsədi tanışı Elçinin yanına getmək olmuşdur. Elçinlə təxminən 1 ay əvvəl görüşən zaman onun yanına avtomobilini təmir üçün gətirmək istədiyini demiş, Elçin də təmir və rəngsazlıq işlərini bacardığından ona avtomobili təmir etməkdə kömək edəcəyini demişdir. O da oğurladığı avtomobili Elçinin yaşadığı Aran qəsəbəsinə gətirmiş və ona zəng edərək küçədə dayandığını demiş, Elçinin evinin qarşısında görüşmüşlər və oğurladığı avtomobili göstərərək həmin avtomobilin özünə məxsus olmasını deyib təmir etməyini xahiş etmişdir. Elçin avtomobilin üzərindəki nömrələrin niyə olmadığnı soruşuqda, o da avtomobilin üzərində cərimələrin olduğuna görə avtomobilin nömrələrini açıb idarə etdiyini demişdir. VAZ 2106 markalı avtomobili Elçinin yaşadığı evin həyətinə sürmüş və saxlamış, Elçindən avtomobildə rənglənməli hissələr olması səbəbindən müəyyən detallarını açmasını və təmirə ehtiyac olan yerləri təmir etməsini, digər rəngsaz və kosmetik işləri də rahatlıqla tələsmədən görməsini xahiş etmişdir. Elçinə avtomobili təmir etdikdən sonra satmaq fikrində olduğunu, satılması alınmazsa avtomobilin hissələrini satmağı planlaşdırdığını demişdir. Elçinin yanına gətirdiyi avtomobilin oğurluq avtomobil olmasından Elçinin məlumatı olmamış, Elçinə avtomobilin özünə məxsus olduğunu demişdir. Avtomobili Elçinin yanına gətirəndə söhbət zamanı Elçin ondan avtomobilin sənədlərini soruşduqda, sənədlərin evdə qaldığını və növbəti dəfə gələn zaman özü ilə gətirəcəyini demişdir. Avtomobili Elçinin yanına apardıqdan sonra onunla bir iki dəfə telefonla danışan zaman avtomobilin təmiri ilə bağlı maraqlanmış və Elçin təmir üçün bəzi alınmalı əşyaların olduğunu və əşyaları alıb verdikdən sonra avtomobilin təmirini edə biləcəyini demişdir. Həmçinin telefon danışıqları zamanı Elçin ondan avtomobilin sənədini də gətirib göstərməyini istəmiş, o da hər dəfəsində müxtəlif bəhanələr gətirərək sənədi gətirəcəyinə söz verib aldatmışdır. Avtomobili Elçinin yanına apardıqdan sonra bir daha Elçinin yanına gəlməmişdir. Avtomobili oğurlamaq öz fikri olub və heç kimlə bu barədə əvvəlcədən danışıb razılıq əldə etməmişdir, avtomobili özü tək oğurlamış və Elçinin yanına avtomobili təmir etmək üçün aparan zaman özünə məxsus olmasını bidirmişdir. Elçinin həmin avtomobili oğurlamağından heç bir məlumatı olmayıb. Avtomobili oğurlamaqda məqsədi ya tam vəziyyətdə ya da detallarına ayırmaqla satıb gəlir əldə etmək olmuşdur. Oğurladığı VAZ- 2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin 6.000 manat qiymətləndirilməsi ilə razılaşmır, hesab edir ki, ekspertin müəyyən etdiyi 3.000 manat daha real qiymətdir, buna görə də hesab edir ki, əməli Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin 2ci hissəsindən 1-ci hissəsinə tövsif edilməlidir. İş üzrə zərərçəkmiş şəxs X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, hazırda işğaldan azad olunan Ağdam rayonunda yol təsərrüfatında fəhlə olaraq işləyir. Ağdaş rayonuna tanışları Bəhman, Müşfiq, Asif və Muxtar ilə birlikdə idarə etdiyi özünə məxsus olan ağ rəngli VAZ 2106 markalı **-BB-*** qeydiyyat nişanlı avtomobil ilə gedib gəlirlər. Həmin avtomobil 2002-ci ildən istifadəsindədir və avtomobilin buraxılış ili isə 1985ci ildir. 10 yanvar 2022-ci il tarixdə, saat 21:00 radələrində iş yoldaşları ilə birlikdə Ağdam rayonundan Ağdaş rayonuna gəlmişlər və hər kəs öz yaşadığı evə getmiş, qabaqcadan aralarında razılaşaraq səhər saat 06:00 radələrində görüşüb idarə etdiyi VAZ 2106 markalı avtomobil ilə Ağdam rayonuna getməyi planlaşdırmışlar. Həmin gün özünə məxsus VAZ 2106 markalı avtomobili yaşadığı Ağdaş şəhəri, H.Əliyev prospekti 76 saylı binanın qarşısındakı həyətdə saxlamışdır. 11 yanvar 2022-ci il tarixdə, saat 06:00 radələrində mobil telefonuna Bəhman zəng edərək “mən yolun kənarındayam məni niyə götürmədin?” demiş, o da evdən indi çıxdığını demiş, Bəhman isə ona VAZ 2106 markalı avtomobilinin onun qarşsından keçdiyini dedikdə, yaşadığı binanın 3-cü mərtəbəsinin eyvan hisəsindən həyətə baxdıqda avtomobilinin saxladığı yerdə olmadığını görmüşdür. Oğlu Oktayın yataq otagına daxil olmuş və guman etmişdir ki, oğlu avtomobili idarə edir. Lakin yataq otağına daxil olduqda Oktayın yatmış olduğunu görmüş və avtomobilinin qaçırıldığını başa düşmüş, dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. 19 yanvar 2022-ci il tarixdə avtomobilin tapılması barədə məlumat verilmiş, avtomobilini 5500-6000 manat dəyərində qiymtələndirir, avtomobili ona oğurlandığı vaxt olduğu vəziyyətə gətirilərək ona qaytarılmışdır, yəni ona vurulmuş ziyan tam olaraq ödənilmişdir, iş üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. İş üzrə şahid X6 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, yaşadığı Yevlax rayon Aran qəsəbəsində Bakı-Qazax avtomobil yolunun kənarında yerləşən avtomobil sexində dəmirci və rəngsaz olaraq işləyir. Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin sonlarından etibarən tanıyır, Məhəmmədi Mingəçevir şəhərində yaşayan tanışı Sənanın vasitəsi ilə tanımış və Məhəmməd ilə bir neçə dəfə görüşmüşdür. Təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində Məhəmməd ilə Mingəçevir şəhərində görüşdükdə söhbət zamanı Məhəmməd özünə məxsus VAZ 2106 markalı avtomobili olduğunu və həmin avtomobili təmir etdirmək istədiyini bildirmiş, o da avtomobilini təmir edə biləcəyini demişdir. Məhəmməd avtomobili harada təmir etdiyini soruşduqda, o da avtomobilləri Yevlax rayonu Aran qəsəbəsində yaşadığı evin həyətində təmir etdiyini demişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 07:00 radələrində Məhəmməd zəng edərək özünə məxsus VAZ 2106 markalı avtomobili təmir etməyi üçün yaşadığı ünvana gətirmək istədiyini, lakin ünvanı tam olaraq bilmədiyini demiş, o da evinin yerləşdiyi yer barəsində məlumatı göndərmiş, bir qədər sonra Məhəmməd evin giriş qapısının yanında ağ rəngli nömrəsi olmayan VAZ 2106 markalı avtomobil ilə gəlmişdir. Məhəmməddən avtomobilin nömrəsinin hansı səbəbdən olmadığını soruşduqda, Məhəmməd həmin nömrələri cərimələri olmasına görə radarlara düşməmək üçün açdığını demişdir. Məhəmməd gətirdiyi avtomobilin özünə məxsus olmasını bildirmiş və avtomobili təmir etməyini, rəngsaz işlərini görməyini xahiş etmişdir. O da avtomobilin Məhəmmədə məxsus olmasına dair sənədlərinin olmasını soruşduqda, Məhəmməd sənədlərin evdə olduğunu və növbəti dəfə gələn zaman gətirəcəyini demiş, o da inanmışdır. Məhəmməd onunla sağollaşdıqdan sonra çıxıb getmişdir. O da avtomobilə baxmış və bir neçə yerində təmir işlərinin və rənglənməli yerlərinin olduğunu aşkar etmiş, təmir etməyə başlamaq üçün avtomobilin bəzi hissələrini çıxarmış və həyətdə saxlamışdır. Təmirə başlamazdan əvvəl Məhəmmədə zəng edərək təmir üçün lazımlı ləvazimatları alıb gətirməsini, həmçinin avtomobilin sənədlərini də gətirməsini demiş, Məhəmməd də ona təmir üçün ləvazimatları tezliklə alacağını, həmçinin avtomobilin sənədlərini də gətirəcəyinə söz vermişdir. Lakin sonradan Məhəmməd onun yanına gəlməmiş və o da avtomobilin təmirini etməmişdir. Daha sonra avtomobil ilə əlaqədar olaraq onu Polis şöbəsindən dəvət edən zaman Məhəmmədin təmir üçün gətirdiyi avtomobilin oğurluq avtomobil olmasını bilmiş və Məhəmmədin ona özünə məxsus olduğunu bildirdiyi ağ rəngli VAZ 2106 markalı avtomobili təmir etmək üçün gətirdiyini və həmin avtomobili yaşadığı evin həyətyanı sahəsində saxlanıldığını demişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/1049 №-li rəyindən görünür ki, 1983-cü il istehsalı VAZ 2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə 2022ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 3.000 manat müəyyən edilir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdulaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən cəzası çəkilmiş hesab edilmişdir, cinayət törətdiyi zaman məhkumluğu ödənilməmişdir, hökm çıxarılan tarixə, yəni 04 oktyabr 2022-ci il tarixə məhkumluğu ödənilmişdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin CM-in 177.2.4-cü maddəsi ilə tövsif edilməsi ilə razılaşmır, məhkəmə iclasında araşdırılmış sübutlara əsaslanaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır, bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci madələrində «xeyli miqdar» dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası CPM-nin 127.1, 127.1.1 və 127.1.2 127.3-cü maddələrinə əsasən ekspertin rəyi onun tərəfindən yazılı şəkildə ifadə edilmiş elm, texnika, incəsənət və ya peşə sahəsində xüsusi biliklərə əsaslanmış, cinayət prosesini həyata keçirən orqanın və ya cinayət prosesi tərəfələrinin ekspert qarşısında qoyduğu suallara, habelə iş materiallarının tədqiqi zamanı ortaya çıxan onun səlahiyyətlərinə aid digər halların araşdırılmasına dair nəticələridir, bu nəticələri əsaslandıran ekspertin apardığı tədqiqatın təsviridir, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/1049 №-li əsaslandırılmış rəyi ilə 1983-cü ildə istehsal edilmiş VAZ-2106 markalı **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobilin 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 3.000 manat müəyyən edildiyi halda ibtidai istintaq orqanı iş üzrə zərərçəkmiş şəxsin hər hansı bir fakta söykənməyən, əsaslandırılmayan ərizəsi əsasında 6.000 manat dəyərində qiymətləndirmiş və əsassız olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. 1983-cü ildə Rusiyada istehsal olunan, 39 il ərzində istismara məruz qalan VAZ-2106 markalı avtomobilin qiymətinin 2022-ci ilin yanvar ayında qiymətinin 6.000 manat olması mümkünsüzdür və reallıqdan tam uzaqdır. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.1ci maddəsinə tövsif edilməlidir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, təqsirini etiraf etməsini, vurulmuş ziyanın ödənilməsini və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4 və 18.4.1-ci maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 83.3 və 83.3.2-ci maddələrinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında cinayətin residivi və məhkumluğun ödənilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki, qüvvədə olan CM yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır və yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyin edilməsinə mane ola bilməz. Məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət-hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yenidən qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda resdivə görə cəza təyin edilməsinə mane olmur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir.Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qimyəti ekspert rəyi ilə müəyyən edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, 19 yanvar 2022-ci il tarixdən 04 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 08 ay 15 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 günə 02 gün hesabı ilə hesablanmaqla, cəmi 01 il 05 ay, təyin edilmiş cəzadan çıxmağı məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, qeydiyyatda olduğu və yaşadığı Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclası zalında həbsdən azad edilməli, hökm qanuni qüvvəsinə minənə qədər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübut olan VAZ- 2106 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxs X3 qaytarılması, vurulmuş ziyanın tam olaraq ödənilməsi nəzərə alınmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdən 04 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı səkkiz ay on beş gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə, cəmi bir il beş ay, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, yeddi ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclası zalında həbsdən azad edilsin, hökm qanuni qüvvəsinə minənə qədər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan VAZ-2106 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxs X3 qaytarılması, vurulmuş ziyanın tam olaraq ödənilməsi nəzərə alınsın. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-96/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-96/2022
04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver