Məhkəmə qərarları › İş №1(014)-97/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-97/2021

29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-97/2021 29.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə xx.xx.1996-cı ildə Ağdaş şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, məcburi köçkün kimi hal-hazırda Ağdaş şəhəri, H.Əliyev prospekti 67 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, 28.04.2021-ci il tarixdə Ağdaş rayonu mərkəzi bazarın qarşısında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs məxsus “VAZ 21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq qapısını açaraq avtomobilin solundakı günlüyün arxasında içərisində 248 manat pul olan "xxxx" ASC tərəfindən verilmiş maaş kartını ələ keçirib elektron məlumat daşıyıcısı olan Zərərçəkmiş şəxs məxsus maaş kartının təhlükəsizlik şifrəsinin üzərində olmasından sui-istifadə edib plastik kartda Zərərçəkmiş şəxs məxsus pulu gizli yolla talama məqsədi ilə həmin gün saat 22:00-da Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin Ağdaş filialının qarşısında olan ATM-dən istifadə edərək plastik kartda olan 248 (iki yüz qırx səkkiz) manat pulunu çıxarıb, gizli yolla talamaqla Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində ailəsi ilə bir yerdə yaşadığını, subay olduğunu və heç bir yerdə işləmədiyini, əvvəllər məhkum olunduğunu, heç bir psixoloji və narkoloji xəstəlikdən əzab çəkmədiyini və qeydiyyatda olmadığını, 20.05.2021-ci il tarixdə Ağdaş Rayon Məhkəmsi tərəfindən ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası verildiyini, məcburi köçkün olaraq ailə üzvləri ilə birlikdə Ağdam rayonundan 1993-cü ildən Ağdaş şəhərində məskunlaşdıqlarını, ailədə üç qardaş olduqlarını və özünün ailənin ikinci övladı olduğunu, Zərərçəkmiş şəxs tanıdığını, onunla bir müddət “X10” MMC-də işlədiyini, 28.04.2021-ci il tarixdə saat təxminən 21:00 radələrində Ağdaş rayon mərkəzi bazarın yaxınlığında Kamil ilə bir yerdə olduqlarını, həmin vaxt Kamilin torbaya “klyonka” yığdığını, bir az Kamilin yanında durduqdan sonra gedib onun yaxınlıqda saxladığı maşının sağ tərəfdən qabaq oturacağında əyləşdiyini, həmin vaxt avtomobilin günlük hissəsinin baxarkən orada Kamilə məxsus "xxxx" ASC tərəfindən verilmiş maaş kartı olmasını gördüyünü, kartın üstündə şifrəsinin yazıldığını, özünün də pula ehtiyacı olduğunu, ona görə də, Kamilə məxsus həmin maaş kartını götürdüyünü, daha sonra isə Kamil ilə sağollaşıb yaşadığı evə getdiyini, aradan təxminən bir saat keçdikdən sonra isə "xxxx" ASC-nin Ağdaş rayon filialında olan bankomatından Zərərçəkmiş şəxs məxsus maaş kartından, həmin kartda olan bütün pulları, yəni 248 manat pulu çıxardığını, daha sonra isə yaşadığı evə getdiyini, həmin puldan 11 manatını özünün şəxsi tələbatları üçün xərclədiyini, 200 manat pulu təqdim etdikdən sonra sonradan 37 manat pulu sağ ayağındakı corabdan çıxararaq İstintaq qrupuna təqdim etdiyini, Zərərçəkmiş şəxs məxsus kartı oğurlayan zaman onu heç kimin görmədiyini, ona ifadəsini alınmasında hər hansı bir təzyiq və zorakılıq hərəkətləri edilmədiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində ailəsi ilə birlikdə yaşadığını, hazırda evli olduğunu və himayəsində iki övladı olduğunu, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıdığını, hazırda Ağdaş rayon Kommunal Müəssiləri Kombinatı idarəsində fəhlə vəzifəsində işlədiyini, Elmir ilə bir müddət iş yoldaşı olduqlarını, 28.04.2021-ci il tarixdə saat təxminən 21:00 radələrində Ağdaş rayon mərkəzi bazarın yaxınlığında idarə etdiyi özünə məxsus “VAZ 21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxladığını, maşından yerə düşən zaman Təqsirləndirilən şəxs ilə rastlaşdığını, Elmirin həmin vaxt ondan “mənə 20 qəpik pul ver siqaret alacağam” deyə söylədiyini, özünün də Elmirə 20 qəpik pul verdiyini, Elmirin pulu götürüb getdiyini, özünün də həmin vaxt torbaya yera atılmış tullantı sellofan “klyonka” yığdığını, daha sonra Elmirin onun yanından keçərək geri qayıtdığını, özünün də həmin vaxt yaxınlıqdakı dükana getdiyini, geri maşınına qayıdan zaman avtomobilinə yaxınlaşdığını və həmin vaxt avtomobilinin günlüyünün açıq olmasını gördüyünü, günlüyə baxarkən orada saxladığı "xxxx" ASC tərəfindən verilmiş maaş kartının yerində olmadığını, digər sənədlərin isə yerində olduğunu gördüyünü, belə ki, su kartı ilə işıq kartının yerində olduğunu, həmin vaxt maaş kartının oğurlanmasını başa düşdüyünü və dərhal DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat verdiyini, ona məxsus avtomobilin qapısının açıq vəziyyətdə olduğunu, DİN-in 102 xidmətinə məlumat verdikdə dərhal hadisə yerinə polis əməkdaşlarının gəldiklərini, polis əməkdaşlarına baş vermiş hadisə barədə məlumat verdiyini, ona məxsus maaş kartının üzərinə qırmızı rəqəmlərlə kartın pin kodunu yadından çıxmaması səbəbindən yazdığını və kartda 248 manat pul olmasını bildiyini, həmin pulu bankomatdan çıxararaq kreditlərini ödəməli olduğunu, kartı yerində görmədikdə ilkin olaraq şübhələndiyi şəxsin Elmir olduğunu, Elmirin əvvələr də oğurluq etdiyini və buna görə məhkum olunduğunu bildiyi səbəbindən ondan şübhələndiyini, eyni zamanda həmin vaxt orada, yəni onun yanında yalnız Elmirin olduğunu, kartının hesabında 248 manat pul olduğunu, səhəri gün özü kartdan çıxarış etdirdiyini və ona həqiqətən kartda olan 248 manat pulun naməlum şəxs tərəfindən çıxarılması məlum olduğunu, sonradan "xxxx" ASC-nin Ağdaş rayon filialına müraciət etdikdə ona kartın hesabında 248 manat pul olmaması məlum olduğunu bildirmişdir. Hazırda ona dəymiş zərərin tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayətinin olmamasını bildirərək Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Ağdaş rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 28.04.2021-ci il tarixdə Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs polis şöbəsinə zəng edərək ona məxsus maaş kartının oğurlanması barədə məlumat verdiyini, həmin hadisənin necə və hansı şəraitdə baş verməsini soruşduqda Kamil adlı şəxsin, həmin hadisədən əvvəl yəni onun idarə etdiyi avtomobilin yanında əvvəllər məhkum olunmuş Elmir adlı, “Emiş” ləqəbli şəxsin olduğunu bildirdiyini, dərhal həmin şəxsin müəyyən olunması məqsədi ilə onun axtarışına başladığını, Elmir adlı şəxsi yaşadığı evin yaxınlığında gördüyünü və ona yaxınlaşaraq onun polis şöbəsinə getməsini bildirdiyini, Elmirin onunla birlikdə polis şöbəsinə gəldiyini və polis şöbəsində Elmirin öz əməlini etiraf edərək Kamilə məxsus maaş kartından 248 manat pulu çıxarmasını bildirdiyini, bundan sonra onun üzərinə şəxsi axtarış keçirərkən üzərindən 200 manat, yəni 2 ədəd 100 manatlıq və onun corabından isə 37 manat pul aşkar edilərək götürüldüyünü bildirmişdir. Məhkəmə iclasında Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 28.04.2021-ci il tarixdə saat 22:40 dəqiqədə "xxxx" ASCnin Ağdaş rayon filialında olan ATM-dən Zərərçəkmiş şəxs məxsus maaş kartından istifadə etməklə, həmin kartda olan bütün pulları, yəni 248 manat pulu ATM A0178042 saylı bankomatdan çıxararkən 8 ədəd görünüşlü foto görüntüsü müşahidə kamerasının yaddaşına düşmüşdür. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" ASC-nin 29.04.2021-ci il tarixli ödəniş kartı üzrə çıxarışından görünür ki, Zərərçəkmiş şəxs məxsus olan kartda 28.04.2021-ci il tarixdə 248,82 manat pul olmuşdur. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20.05.2021-ci il tarixli tələbnamədən və Ağdaş Rayon Məhkəməsinin 10 mart 2015-ci il tarixli, 1(014)-23/2015 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 10 mart 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının on beş faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 1(014)-9/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(014)-58/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanın çəkilmə müddətinin başlanğıcı 20 may 2021-ci il tarixdən hesablanmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 22 iyul 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsinin Ağdaş-Kürdəmir rayonları böməsindən verilmiş 07 may 2021-ci il tarixli, 233 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev prospekti 67 saylı evdə yaşamaqla ailə tərkibi X2, X4 və X3 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 29 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 14:35-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 01 may 2021-ci il tarixli, 4(014)- 33/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 iyun 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 29 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 -ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Ağdaş Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 1(014)-58/2021 saylı hökmünə əsasən ona təyin edilmiş 2 (bir) il müddətinə azadlıqdan məhrum cəzasının çəkilməmiş 1 (bir) il 9 (doqquz) ay 21 (iyirmi bir) gün hissəsi Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 29.04.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar