Məhkəmə qərarları › İş №1(014)-97/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-97/2022

27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-97/2022 27.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1986-cı ildə Ağdaş rayonu, Qolqəti kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Qolqəti kəndində qeydiyyatda olan və yaşayan, barəsində 10 avqust 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 aprel 2022-ci il tarixdə, saat 14:00 radələrində qardaşı Ağdaş rayonu, Qolqəti kənd sakini, xx.xx.1989-cu il təvəllüdlü Şahid2 ilə birlikdə Ağdaş şəhəri, H.Əliyev prospekti 42/85 ünvanında yerləşən Şahid1 məxsus yaşayış evinə gələrək şəxsi münasibətlər zəminində arvadı Zərərçəkmiş şəxs baş və bədənin müxtəlif nahiyələrindən bir neçə dəfə təpik və yumuruqla qəsdən vuraraq ona həyat üçün təhlükəli olmayan sağlamlığın uzun müddətə pozulmasına və ümimi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olan burun sümüyünün yerdəyişən sınığı, sağ burun dəliyindən tənəffüsün əhəmiyyətli dərəcədə (10%) pozulması, sağ gözaltı nahiyənin, sağ kürəkaltı nahiyənin, döş qəfəsinin sağ arxa qoltuqaltı xətt üzrə Vİ-İX qabırğarası sahənin, döş qəfəsinin arxa sağ nahiyəsinin İİ-İV qabırğarası sahənin, sol bel nahiyəsinin qançırları, sağ diz oynağının əzilməsi, ön səthinin sıyrığı, sağ baldırın yuxarı 1/3-nin ön səthinin sıyrığı kimi qəsdən sağlamlığına az ağır zərər vuran xəsarətlər yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi və ifadəsində Zərərçəkmiş şəxs onun arvadı olduğunu, Zərərçəkmiş şəxs ilə 2008-ci il 27 aprel tarixində ailə həyatı qurduğunu, onların birgə nikahlarından 3 qız övladlarının olduğunu, hazırda qızlarından Mətanətin 11, Məryəmin 9 və Mədinənin+ isə 6 yaşlarında olduqlarını, onunla arvadı Türkanə arasında təxminən 7-8 ildir ki, münasibətlərin yaxşı olmadığını, belə ki, arvadı Türkanənin bir neçə dəfə ona yalan danışaraq Yevlax rayonuna getdiyini bildirsə də, lakin həmin vaxtlarda Yevlax rayonuna getmədiyini, bundan sonra arvadı Türkanənin ona xəyanət etməsindən şübhələnməyə başladığını, buna görə də aralarında tez-tez mübahisələrin baş verdiyini, belə ki, Türkənənin günün çox hissəsini mobil telefonla danışaraq keçirdiyini və tez-tez evlərdə xadimə işləməsini bəhanə edərək evdən çıxıb getdiyini, 25 aprel 2022-ci il tarixdə, saat 07:00 radələrində yaşadığı evdən çıxaraq işə getmək üçün yola düşən zaman arvadı Türkanənin ondan evə nə vaxt qayıdacağını soruşduğunu, Türkanəyə işə getdiyini və nə vaxt gələcəyini bilməməsini söylədiyini, bundan sonra isə işə deyil anasıgilə getdiyini, daha sonra Türkanənin bir neçə dəfə ona zəng edərək harada olmasını soruşduğunu, Türkanəyə Bakı şəhərinə alça satmağa aparmasını bildirdiyini, lakin Türkanənin yenə də ona zənglər etməyə başladığını və harada olmasını soruşduğunu, yenə də Türkanəyə Bakı şəhərinə getməsini bildirdiyini, həmçinin Türkanənin xx.xx.2022-ci il tarixdə ona təmizlik işləri apardığı evin sahibinin ona zəng edərək qızıl bilərziyini tapmadığını və həmin bilərziyi gəlib birlikdə axtarmağı xahiş etməsini söylədiyini, xx.xx.2022-ci il tarixdə, təxminən saat 11:00 radələrində Türkanəyə zəng edərək harada olmasını soruşduğunu, bu zaman Türkanənin ona uşaqları məktəbə apardıqdan sonra dünən təmizlik işləri apardığı evə gedəcəyini bildirdiyini, Türkanənin bundan sonra uşaqları məktəbə qoyaraq həmin evə getdiyini, bundan sonra Türkanəni izlədiyini və onun hansı evə getməsini gördüyünü, Türkanənin Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən binalardan birinin 3-cü mərtəbəsində yerləşən mənzilə daxil olmasını, bundan təxminən 15 dəqiqə sonra onun və qardaşı Ayaz həmin mənzildən iki mərtəbə yuxarıda yerləşən mənzilin qarşısında durub gözlədiklərini, təxminən 15-20 dəqiqə sonra Türkanənin daxil olduğu mənzilin qapısının açıldığını gördüklərini, lakin içəridən çıxan şəxsi görmədiklərini, daha sonra onların tələsik həmin mənzilə gəldiklərini, mənzilin qapısı açıq olduğundan içəri daxil olduqlarını, həmin vaxt mənzildə Türkanəni axtardıqlarını, lakin Türkanəni otaqlardan heç birində tapa bilmədiklərini, daha sonra hamam otağının qapısının bağlı olmasını gördüyünü, buna görə də hamam otağının qapısını dartaraq açdığını, bu zaman arvadı Türkanənin hamam otağında duş qəbul etməsini, Türkanədən burada nə axtardığını və padruqasının evinin bura olub-olmamasını soruşduğunu, bundan sonra Türkanəni qardaşı Ayazın mobil telefonla videoya çəkməyə başladığını, Türkanənin hərəkətlərindən əsəbiləşərək onu bir neçə dəfə vurduğunu, həmin vaxt evdə olan evin sahibi Natiq adlı şəxsin də onlardan bir neçə dəfə kim olduqlarını soruşduğunu, daha sonra oradan çıxıb getdiklərini, bundan bir neçə saat sonra Türkanənin ondan və qardaşından şikayət etməsi barədə məlumat aldığını bildirdi. İş üzrə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində 2014-cü ilin payız ayında Ağdaş rayonunun Qolqəti kənd sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurduğunu, Təqsirləndirilən şəxsla birgə nikahlarından 3 övladının olduğunu, ailə həyatı qurduqdan sonra əvvəl vaxtlarda Təqsirləndirilən şəxsla münasibətlərinin yaxşı olduğunu, son 2-3 il ərzində onun ərim Təqsirləndirilən şəxsla münasibətlərinin pisləşdiyini, belə ki, mütəmadi olaraq müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs onu heç bir səbəb olmadan xəyanətdə ittiham edərək döyərək nalayiq ifadələrlə təhqir etdiyini, lakin, Təqsirləndirilən şəxs ailəni dolandıra bilmədiyi üçün onun Ağdaş şəhərində evlərdə təmizlik işləri aparıb pul alaraq ailəsini dolandırmağa çalışdığını, 25 aprel 2022-ci il tarixdə saat təxminən 14 radələrində xadimə işlədiyi Ağdaş şəhəri Heydər Əliyev prospekti ünvanında yerləşən Şahid1 adlı şəxsin mənzilində olarkən Natiqin evini təmizləyib qurtardıqdan sonra onun hamamında yuyunduğunu, Şahid1 həmin vaxt evdə olmadığını, təmizlədiyi evin qapısının isə açıq olduğunu, hamamda olarkən Şahid1 yaşadığı evə gəldiyini, lakin, həmin vaxt Natiqin arxası ilə qaynı Şahid2 və əri Təqsirləndirilən şəxs da Şahid1 yaşadığı evə daxil olduqlarını, daha sonra isə onlar evdə hamam otağının qapısını açıb içəri daxil olduqlarını və onu telefona çəkərək pozğunluq etdiyini bildirdiklərini, onlara pozğunluq etmədiyini və evi təmizlədikdən sonra tərlədiyinə görə hamamda yuyunduğunu söylədiyini, lakin Ayaz və Azadın onun sözlərinə məhəl qoymadıqlarını və onun ünvanına nalayiq ifadə işlətdiklərini, buna görə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı əri Azadın bir dəfə yumruqla onun sağ göz nahiyəsindən, sonra bir dəfə də, yumruqla burun nahiyəsindən zərbə ilə vurduğunu və nəticədə yerə yıxıldığını, o, yerə yıxıldıqdan sonra isə qaynı Ayazın isə bir dəfə baltanın sapı ilə onun kürək nahiyəsindən vurduğunu, bu zaman əri Azadın Ayaza çəkilişə davam etməsini söylədiyini, yumruq və təpiklə sağ ayaq nahiyəsindən, böyür nahiyəsindən və baş nahiyəsindən bir neçə dəfə zərbə ilə vurduğunu, həmin vaxt huşunu itirdiyini, daha sonra isə qaynı Ayaz və əri Azadın çıxıb getdiklərini, ayağa qalxdıqdan sonra əynini geyinib pilləkəndən düşən zaman qaynı Ayazı və əri Azadı blokda gördüyünü, həmin vaxt Ayazın təpiklə iki dəfə onun kürək nahiyəsindən blokda vurub əlavə olaraq onu sözlə öldürəcəyi ilə hədələdiyini, həmin vaxt yerə yıxıldığını, əri Azad və qaynı Ayazın isə oradan çıxıb getdiklərini, daha sonra isə ayağa qalxdığını və taksi maşını tapıb tanımadığı sürücüdən onu Mingəçevir şəhərinə aparmasını xahiş etdiyini, həmin şəxsin də onu Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən Ləki marketin qarşısına apardığını və orada onu maşından düşürdərək onu bura qədər gətirə biləcəyini söylədiyini, daha sonra isə həmin tanımadığı qırmızı rəngli avtomobilin sürücüsünün çıxıb getdiyini, həmin gün DİN-nin 102 xidmətinə zəng edərək baş verənlər barədə məlumat verdiyini, Təqsirləndirilən şəxs və Şahid2 vurmadığını və onlara heç bir xəsarət yetirmədiyini, onların arasındakı mübahisə və dava-dalaşın təxminən 3-5 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa Şahid1 olduğunu, ona burun sümüyünün yerdəyişən sınığı, sağ burun dəliyindən tənəffüsün əhəmiyyətli dərəcədə (10%) pozulması ilə nəticələnən sağlamlığa az ağır zərər vuran xəsarəti əri Azadın onun burun nahiyəsindən yumruqla qəsdən vuraraq yetirdiyini, hazırda iş üzrə Təqsirləndirilən şəxsla barışmadığını və ona qarşı şikayətçi olduğunu bildirdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs arvadı olduğunu, qardaşı Azad ilə Türkanənin təxminən 14 ildir ailəli olduqlarını, onların birgə nikahlarından 3 qız övladlarının olduğunu, qardaşı Azad ilə arvadı Türkanənin arasında son 4-5 ildir ki münasibətlərin yaxşı olmadığını, belə ki, onların arasında tez-tez mübahisələrin baş verdiyini, buna səbəb Türkanənin özünü sərbəst aparaması, vaxtlı-vatxsız evdən çıxması, evə gec saatlarda qayıtması, övladlarına baxmaması və s. bu kimi halların olduğunu, xx.xx.2022-ci il tarixdə təxminən saat 11 radələrində Ağdaş şəhərində olan zaman qardaşı Azad ona zəng edərək harada olmasını soruşduğunu, qardaşı Azada şəhərdə olmasını söylədiyini, bu zaman Azadın ona Türkanənin evdən çıxmasını bildirdiyini, daha sonra Azadın ona şəhərə gəlməsini söylədiyini, bundan təxminən 10-15 dəqiqə sonra Azadın da Ağdaş şəhərinə gəldiyini, Azadla beşmərtəbə deyilən yerdə görüşdüklərini, həmin vaxt Azadın ona Türkanənin yaxınlıqda olan binalardan birində olduğunu söylədiyini və daha sonra həmin binaya tərəf getdiklərini, Azadın qeyd etdiyi binaya çıxdıqlarını, Azadın ona Türkanənin həmin 3-cü mərtəbədə yerləşən mənzildə olmasını bildirdiyini, lakin həmin vaxt binanın 3-cü mərtəbəsində iki nəfər başqa qadının olmasını gördükləri üçün 4-cü mərtəbəyə qalxaraq orada gözlədiklərini, bundan təxminən 15-20 dəqiqə sonra həmin mənzilin qapısının açıldığını gördüklərini və dərhal aşağıya doğru düşdüklərini, bu zaman həmin mənzildən bir nəfər şəxsin çıxaraq qaçdığını, onların isə mənzilə daxil olduqlarını, həmin vaxt evdə mənzilin sahibi Natiq adlı şəxsin də olduğunu, Natiq adlı şəxsin onlardan kim olduqlarını soruşduğunu, həmin şəxsə Azadı işarə edərək arvadını axtarmasını söylədiyini, Azadın isə Türkanəni axtarmağa başladığını, lakin Türkanəni otaqlardan heç birində tapa bilmədiyini, Azadın hamam otağının qapısının bağlı olduğunu gördüyü üçün ora doğru getdiyini, Azadın hamam otağının qapısını açan zaman arvadı Türkanənin hamamda duş qəbul etməsini gördü, daha sonra Azadın Türkanənin qolundan yapışaraq hamamdan çıxardığını və ondan burada nə işinin olduğunu soruşduğunu, Türkanənin isə cavabında heç nə demədiyini, bundan sonra Türkanənin mətbəxtə tərəf keçdiyini, lakin onun məbəxtə hansı səbəblə keçməsini bilmədiyini, həmin vaxt evin sahibi Şahid1 da “az sənə deyirdim bura gəlmə” deyərək bir neçə dəfə təkrar etdiyini, daha sonra Azada məxsus mobil telefon ilə Türkanənin videosunu çəkdiyini, qardaşı Azadın Türkanənin arxa nahiyəsində sillə izlərinin olmasını gördüyünü və bir dəfə də Azadın sillə ilə Türanənin həmin nahiyəsindən vuraraq həmin izlərin nə olmasını soruşduğunu, bundan başqa qardaşı Azadın Türkanəni vurmadığını və ona hər hansı bir xəsarət yetirmədiyini, bundan sonra oradan çıxıb getdiklərini, onun Zərərçəkmiş şəxs vurmadığını və ona heç bir xəsarət yetirmədiyini, həmin vaxt əlində balta sapı və ya hər hansı başqa bir əşyanın olmadığını, qardaşı Azadın Şahid1 da vurmadığını və ona heç bir xəsarət yetirmədiyini bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində subay olduğunu və tək yaşadığını, Zərərçəkmiş şəxs tanıdığını, bir neçə dəfə onun yaşadığı evə gələrək həmin evdə təmizlik işləri gördüyünü, bunun müqabilində Türkanəyə hər dəfə 15-20 manat pul verdiyini, xx.xx.2022-ci il tarixdə bir dəfə Türkanəyə zəng edərək yuyulası paltarlarının olmasını bildirdiyini, bundan sonra Türkanənin ardıcıllıqla 2 dəfə ona zəng edərək yolda olmasını söylədiyini, həmin gün təxminən saat 12 radələrində Türkanənin onun yaşadığı evə gəldiyini, həmin vaxt evdə olduğunu, bundan sonra Türkanənin çay hazırladığını və bilikdə çay içdiklərini, daha sonra Türkanənin ondan hansı paltarları yuyacağını soruşduğunu, bundan sonra Türkanəyə yuyulmalı olan bütün qış geyimlərini göstərdiyini, daha sonra Türkanənin paltarları yumaq üçün isti su hazırlamağa başladığını, bundan təxminən bir saat sonra xiyar almaq üçün bazara getdiyini və 40 dəqiqə sonra geri qayıtdığını, evdən çıxmaq istəyən zaman Türkanənin hamamda yuyunmaq üçün ondan icazə istədiyini, Türkanəyə hamamda yuyunması üçün icazə verdiyini, bazardan qayıdaraq yaşadığı evə daxil olduğunu, bu zaman evin qapısının döyülməsini eşitdiyi üçün geri qayıdaraq qapını açdığını, həmin vaxt iki nəfər şəxsin onun yaşadığı evə daxil olaraq “hanı o, haradadır” deyərək onun evinə daxil olduqlarını və evi axtarmağa başladıqlarını, daha sonra həmin şəxslərin Türkanəni hamamdan çıxaraq mətbəxtə apardıqlarını və ərinin Türkanəni orada döyməyə başladığını, həmin vaxt orada olan sonradan adının Ayaz olduğunu bildiyi şəxs isə baş verənləri mobil telefonla videoya çəkdiyini, daha sonra həmin şəxslərin təxminən 2-3 dəqiqə sonra oradan çıxıb getdiklərini, həmin vaxt sonradan adının Azad olmasını və Türkanənin əri olduğunu bildiyi şəxsin onu bir dəfə yumuruqla vurduğunu, lakin həmin vaxt heç bir xəsarət almadığını, Ayazın Türkanəni balta sapı və ya digər alətlə vurmasını görmədiyini bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının 25 aprel 2022-ci il tarixli 275 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər-burun sümüyünü yerdəyişən sınığı, sağ burun dəliyindən tənəffüsün əhəmiyyətli dərəcədə (10%) pozulması, sağ gözaltı nahiyənin, sağ kürəkaltı nahiyənin, döş qəfəsinin sağ arxa qoltuqaltı xətt üzrə Vİ-İX qabırğaarası sahənin, döş qəfəsinin arxa nahiyəsinin İİ-İV qabırğa arası sahənin, sol bel nahiyəsinin qançırları, sağ diz oynağının əzilməsi, ön səthinin sıyrığı, sağ baldırın yuxarı 1/3-nin ön səthinin sıyrığı, küt alət (ola bilsin yumruq və təpik)təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarından birlikdə sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər. Ayrı-ayrılıqda sağ burun dəliyindən tənəffüsün əhəmiyyətli dərəcədə (10%) pozulması ilə müşayət olunan yerdəyişən sınığı, ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olduğundan sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddir. Sağ gözaltı nahiyənin, sağ kürəkaltı nahiyənin, döş qəfəsinin sağ arxa qoltuqaltı xətt üzrə Vİ-İX qabırğaarası sahənin, döş qəfəsinin arxa nahiyəsinin İİ-İV qabırğa arası sahənin, sol bel nahiyəsinin qançırları, sağ diz oynağının əzilməsi, ön səthinin sıyrığı, sağ baldırın yuxarı 1/3-nin ön səthinin sıyrığı sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cinayəti zərərçəkmiş şəxsin ailə dəyərlərinə və əxlaqa zidd hərəkətlərinin təsiri altına törətməsini, təqsirini etiraf etməsini, himayəsində üç yetkinlik yaşına çatmamış uşaqların olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur, mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar