Məhkəmə qərarları › İş №1(014)-97/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-97/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-97/2023 04.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakları ilə xx.xx.1996-cı ildə Ağdaş şəhərində аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi 7,50 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb, daşımış, xx.xx.2023-cü il tarixdə saat 18:25 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, Ş.Şamil küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra, həmin tarixdə saat 18:54-dən 19:09dək ünvan 2 ünvanında yerləşən RPŞ-nin inzibati binasında, xidməti otaqda üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd sellofan bükümdə təmiz çəkiləri müvafiq olaraq 4,14 qram və 3,36 qram olmaqla ümumi təmiz çəkisi 7,50 qram eynitərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində ailəsi ilə birlikdə yaşadığını, anasının onkoloji xəstə olduğunu, mütəmadi olaraq anasını xəstəliyi ilə əlaqədar Mingeçevir şəhər mərkəzi xəstəxanasına aparıb gətirdiyini, təxminən 3-4 ilə yaxındır ki, “nəşə” adlandırdığı narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, lakin narkotik vasitələrdən asılı vəziyyətdə olmadığını, 18 mart 2023-cü il tarixdə təxminən saat 14-15 radələrində yaşadığı Ağdaş şəhəri, Ş.Şamil küçəsi 20 ünvanında yerləşən evdən çıxaraq üzü Ağdaş şəhəri istiqamətində getdiyini, həmin vaxt özündə saxladığı 2 ədəd sellofan bükümdə olan narkotik vasitəni də özü ilə götürdüyünü, yaşadığı evdə valideyinləri olduğu üçün evdə narkotik vasitə qəbul edə bilmədiyini, buna görə də özündə olan narkotik vasitəni də bayırda bir yer tapıb istifadə etmək üçün götürdüyünü, həmin gün təxminən saat 18 radələrində Ağdaş şəhəri, Ş.Şamil küçəsində olan zaman sonradan polis əməkdaşları olmasını bildiyi şəxslərin ona yaxınlaşdıqlarını, onların özlərini təqdim edərək Ağdaş RPŞnin əməkdaşları olduqlarını bildirdiklərini, həmçinin ona üzərində narkotik vasitə saxlamağı və istifadə etməyi barədə onlarda məlumat olmasını bildirdiklərini, buna görə də onlarla birlikdə Ağdaş rayon Polis şöbəsinə getməli olduğunu söylədiklərini, həmin vaxt polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-yə gəldiyini, RPŞ-yə gəldikdən sonra ona dövlət hesabına müdafiəçi ilə təmin edilmək hüququnun izah edildiyini, özü də maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmək istədiyini bildirdiyini, bundan sonra ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs qismində tutulduğunu, bundan dərhal sonra RPŞ-nin inzibati otaqlarından birində videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış başlamazdan əvvəl videoçəkiliş davam edən zaman ona qanunla müəyyən edilmiş hüquqları izah edildiyini və bu barədə bildiriş aldığını,bundan sonra polis əməkdaşının onun üzərində narkotik vasitə saxlamağı və istifadə etməyi barəsində onlarda məlumat olmasını bildirdiyini, həmçinin polis əməkdaşının ona üzərində olan əşyaları bir-bir masanın üzərinə qoyaraq təqdim etməyi təklif etdiyini, buna görə də həmin vaxt əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan iki ədəd sellofan bükümü masanın üzərinə qoyduğunu, bundan sonra polis əməkdaşının üzərində şəxsi axtarış apardığını, lakin bundan başqa heç bir əşya aşkar edilmədiyini və götürülmədiyini, daha sonra polis əməkdaşının onun üzərindən götürülmüş sellofan bükümləri açdığını, hər iki sellofan bükümün içərisindən xüsusi iyə malik, bitki kütləsi aşkar edildiyini, polis əməkdaşının ondan həmin bitki kütləsinin hansı mənşəli olmasını, haradan və nə vaxt əldə etdiyini, həmçinin nəyə görə üzərində saxladığını soruşduğunu, özü də həmin bitki kütlələrinin “nəşə” yəni narkotik vasitə olan qurudulmuş marixuana olmasını, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Ağdaş rayonu, Türyançay qəsəbəsi yaxınlığında çayın kənarından tapdığını bildirdiyini, daha sonra hər iki sellofan büküm içərisində olan bitki kütləsi ilə birlikdə elektron tərəzidə çəkildiyini və çəkilərinin müvafiq olaraq 3,6 qram və 4,3 qram olduğunu, bundan sonra həmin sellofan bükümlər kağız zərfdə qablaşdırılaraq üzərinə möhür vurulduğunu, həmin zərfin üzərinə imza etdiklərini, şəxsi axtarışın aparılmasına dair protokol tərtib edildiyini və ucadan oxunduğunu, heç bir etirazları olmadığı üçün şəxsi axtarış protokoluna imza etdiklərini, heç vaxt heç kimə narkotik vasitə satmadığını və heç kimdən narkotik vasitə almadığını, üzərində ***-***-**-** saylı mobil nömrə olan mobil telefonlardan istifadə etdiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində Ağdaş RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri, Ş.Şamil küçəsi 20 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə Ağdaş şəhəri Ş.Şamil küçəsində olan zaman Babanın piyada hərəkətdə olmasını gördüklərini, həmin zaman ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu bildirdiklərini, bundan sonra Babanı RPŞ-yə dəvət etdiklərini, Baba da onlarla birlikdə Ağdaş RPŞ-yə gəldiyini, RPŞ-də Babaya dövlət hesabına müdafiəçi təyin edildiyini və o, şübhəli şəxs kimi tutulduğunu, bundan sonra müdafiəçinin də iştirakı ilə RPŞ-nin növbətçi hissəsində Babanın üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Babanın əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan iki ədəd sellofan büküm aşkar edildiyini, bundan sonra aşkar edilmiş sellofan bükümlər açıldığını və hər iki sellofan bükümün içərisindən xüsusi iyə malik, bitki kütləsi aşkar edildiyini, Babanın həmin bitki kütlələrinin “nəşə” yəni narkotik vasitə olan qurudulmuş marixuana olmasını, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Ağdaş rayonu, Türyançay qəsəbəsi yaxınlığında çayın kənarından tapdığını bildirdiyini, daha sonra hər iki sellofan büküm içərisində olan bitki kütləsi ilə birlikdə elektron tərəzidə çəkildiyini və çəkilərinin müvafiq olaraq 3,6 qram və 4,3 qram olduğunu, bundan sonra həmin sellofan bükümlər kağız zərfdə qablaşdırılaraq üzərinə möhür vurulduğunu, bundan sonra şəxsi axtarış başa çatdığını, şəxsi axtraışın aparılmasına dair protokol tərtib edildiyini, ıniştirakçılar heç bir etiraz olmadığı üçün həmin protokola imza etdiklərini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını barədə RPŞ-yə məlumat daxil olmadığını, Təqsirləndirilən şəxs tutulan zaman özü və ya başqa hər hansı bir polis əməkdaşı tərəfindən heç bir güc, zor və ya təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə iclasında şahid Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edən analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin Növbətçi Hissəsində polis əməkdaşları və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan iki ədəd sellofan bükümü aşkar edilmiş, bundan sonra aşkar edilmiş sellofan bükümlər açılmış və hər iki sellofan bükümün içərisindən xüsusi iyə malik, bitki kütləsi aşkar edilmiş, Baba həmin bitki kütlələrinin “nəşə” yəni narkotik vasitə olan qurudulmuş marixuana olmasını, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Ağdaş rayonu, Türyançay qəsəbəsi yaxınlığında çayın kənarından tapdığını bildirmiş, daha sonra hər iki sellofan büküm içərisində olan bitki kütləsi ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkiləri müvafiq olaraq 3,6 qram və 4,3 qram olmuş, sonra həmin bükümlər kağız zərfə qablaşdırılmış və üzərinə möhür vurulmuş, şəxsi axtarış videokamera vasitəsilə videoqeydə alınmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/269 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd sellofan bükümlərdə ayrı ayrılıqda təmiz çəkiləri – 3,36 qram və 4,14 qram, ümumi təmiz çəkisi – 7,50 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, 2 (iki) ədəd sellofan bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli 798 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X11 xx.xx.2023-cü il tarixli PHŞ/6-22/2-537/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində ruhiəsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 30 mart 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 30 mart 2023-cü il tarixli, 509 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri Ş.Şamil küçəsi 20 nömrəli evdə yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: atası - 1965-ci il təvəllüdlü X4; anası – 1970-ci il təvəllüdlü X3 və bacısı - 1993cü il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 18 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 18:40da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 20 mart 2023-cü il tarixli, 4(014)-26/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 20 gün həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 18 mart 2023-cü il tarixdən hesablanmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 4(014)-28/2023 saylı qərarından görünür ki, Ağdaş Rayon Məhkəməsinin 20 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 20 (iyirmi) gün həddində, yəni 18 mart 2023-cü il tarixdən 07 aprel 2023-cü il tarixə qədər seçilmiş həbs qətimkan tədbiri 27 mart 2023-cü il tarixdən 07 aprel 2023-cü il tarixə qədər ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 07 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 18:00-da tanış olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Külli miqdar (təmiz halda qramlarla) qurudulmuş marixuana aşağı həddi 500 qram (daxil olmaqla) olduqda təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş, Yevlax rayonlarının və Mingəçevir şəhərinin ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 7,40 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 manat 97 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 18 mart 2023-cü il tarixdən 20 mart 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı, 20 mart 2023-cü il tarixdən 27 mart 2023-cü il tarixədək həbsdə olduğu, 27 mart 2023-cü il tarixdən 07 aprel 2023-cü il tarixədək ev dustaqlığında olduğu cəmi 20 (iyirmi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 1 (bir) ay 10 (on) gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 4 (dörd) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş, Yevlax rayonlarının və Mingəçevir şəhərinin ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 7,40 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar