Məhkəmə qərarları › İş №1(014)-98/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-98/2022

28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-98/2022 28.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1997-ci ildə Ağdaş şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, əvvələr məhkum olunmuş, Ağdaş şəhəri M.İsayev küçəsi 12 ünvanında qeydiyyatda olan ünvan 1timkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən və şəraitdə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,849 qram olan psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, üzərində saxlayaraq daşımış və həmin psixotrop maddə xx.xx.2022-ci il tarixdə saat 12:11də ünvan 2 ünvanda yerləşən Ağdaş rayon Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində narkotik vasitələrin istifadəçisi olduğunu, xx.xx.2022-ci il tarixdə təxminən saat 11:25 radələrində Ağdaş şəhər Vaqif küçəsi ilə piyada gedən zaman polis əməkdaşlarının yaxınlaşaraq üzərində narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və Ağdaş RPŞ-yə dəvət etdiklərini, Ağdaş RPŞ-də dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd çəhrayı rəngdə plastik qabın aşkar edildiyini, daha sonra plastik qabın açıldığını və içərisindən 1 ədəd sellofan büküm, 1 ədəd şpris və 1 ədəd şüşə qabın aşkar edildiyini, üzərindən aşkar edilmiş sellofan büküm açılan zaman içərisindən ağ rəngli, kristal halında maddənin aşkar olunduğunu, həmin maddənin narkotik maddə olduğunu və özünün istifadə etmək üçün üzərində saxladığını dediyini, bundan sonra aşkar olunmuş həmin narkotik maddənin elektron tərəzidə çəkildiyini, çəkisinin 1,24 qram olduğunu, sonra həmin sellofan bükümün zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, protokol tərtib olunduğunu, özünün və digər proses iştirakçıların heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, həmin narkotik vasitəni özünün istifadə etməsi üçün üzərində saxladığını, həmin narkotik maddəni 2-3 gün bundan əvvəl Bakı şəhərindən yerdən tapdığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını və heç kimdən narkotik vasitə almadığını, başqa heç yerdə narkotik vasitəsinin olmadığını, telefondan istifadə etmədiyini bildirmişdir. Əməlindən peşmandır. Nikahını rəsmi qeydiyyata aldırmasa da, faktiki olaraq nikahdadır və 2 azyaşlı övladı var. Valideynləri olmadığı üçün Bakıda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbində böyümüşdür. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri M.İsayev küçəsi 12-də qeydiyyatda olan, Ağdaş şəhəri Vaqif küçəsi ev 26-da yaşayan xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə RPŞ-yə məlumat daxil olduğunu, həmin məlumat əsasında xx.xx.2022-ci il tarixdə raportla rəhbərliyə məruzə olunduqdan sonra müvafiq sənədləşmə işlərinin aparıldığını, xx.xx.2022-ci il tarixdə saat təxminən 11:25 radələrində Ağdaş rayon Polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Ağdaş şəhəri Vaqif küçəsində olan zaman Təqsirləndirilən şəxs yolun kənarı ilə piyada getməsini gördüklərini, bundan sonra Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək ona narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə onlarda məlumat daxil olmasını bildirdiklərini, bundan sonra Təqsirləndirilən şəxs RPŞ-yə dəvət etdiklərini, Fəridin də onlarla birlikdə Ağdaş RPŞ-yə gəldiyini, RPŞ-də Fəridə dövlət hesabına müdafiəçinin təyin edildiyini və onun şübhəli şəxs kimi tutulduğunu, bundan sonra müdafiəçinin iştirakı ilə RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd çəhrayı rəngdə plastik qabın aşkar edildiyini, daha sonra plastik qabın açıldığını və içərisindən 1 sellofan büküm, 1 ədəd şpris və 1 ədəd şüşə qabın aşkar edildiyini, aşkar edilmiş sellofan büküm açılan zaman içərisindən ağ rəngli, kristal halında maddənin aşkar olunduğunu, Fəridin həmin maddənin narkotik maddə olduğunu və özünün istifadə etməsi üçün üzərində saxladığım dediyini, bundan sonra aşkar olunmuş həmin narkotik maddənin elektron tərəzidə çəkildiyini, çəkisinin 1,24 qram olduğunu, sonra həmin sellofan bükümün zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarışın video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu, Fəridin və digər proses iştirakçılarının heç bir şikayəti olmadığından protokola imza etdiklərini, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni özünün istifadə etməsi üçün üzərində saxladığını və həmin narkotik maddəni 2-3 gün bundan əvvəl Bakı şəhərindən yerdən tapdığını Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini, həmin vaxt orada müdafiəçinin və polis əməkdaşlarının olduğunu, həmçinin şəxsi axtarışın və baxışın videoçəkilişlə aparıldığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 da iş üzrə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis işçilərinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd çəhrayı rəngdə plastik qab aşkar edilmiş, daha sonra plastik qab açılmış və içərisindən 1 sellofan büküm, 1 ədəd şpris və 1 ədəd şüşə qab aşkar edilmiş, aşkar edilmiş sellofan büküm açılan zaman içərisindən ağ rəngli, kristal halında maddə aşkar olunmuş, Fərid həmin maddənin narkotik maddə olduğunu və özü istifadə etməsi üçün üzərində saxladığını demiş, bundan sonra aşkar olunmuş həmin narkotik maddə elektron tərəzidə çəkilmiş, çəkisi 1,24 qram olmuş, sonra həmin sellofan büküm, şpris və şüşə qab zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, iştirakçılar həmin zərfə imza etmişlər, şəxsi axtarış video çəkilişlə aparılmış, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni özünün istifadə etməsi üçün üzərində saxladığını və həmin narkotik maddəni 2-3 gün bundan əvvəl Bakı şəhərindən yerdən tapdığını bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2022-ci il tarixli, 17/277 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri və imzalar yazılmış zərfin içərisindəki: - 1 (bir ) ədəd kağız bükümdə, təmiz çəkisi – 0,849 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 1 (bir) ədəd şprisdən və 1 (bir) ədəd şüşə flakondan aşkar edilmiş cüzi miqdarda maddə hissəcikləri, narkotik vasitə heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkilərini müəyyən etmək mümkün olmamışdır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-сi il tarixli, 1217 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə Nəsimi rayon Polis idarəsi tərəfindən CM-in 177.3.2-ci maddəsi ilə məhsuliyyətə cəlb edilib, həmin tarixdə CPM-in 39.1.4-cü maddəsi ilə işə xitam verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 29-cu, 177.2.3-cü,177.2.4-cü, 180.1-ci maddələri ilə təqsirli bilinib, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 19 avqust 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 19 avqust 2022-ci il tarixli, 1671 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.P.Vaqif küçəsində yaşayır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 29 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 11:55də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 31 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 18 iyun 2022-ci il tarixli, 4(014)-78/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17 iyun 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0,15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş metamfetaminin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs 29 mart 2022-ci il tarixdən 31 mart 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin müddətinin əvvəli, tutulduğu 17 iyun 2022-ci il tarixdən tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 0,799 qram psixotrop maddə olan metamfetamin, 1 ədəd şpris, 1 ədəd şüşə flakon məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71 manat 94 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 29 mart 2022-ci il tarixdən 31 mart 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli, tutulduğu 17 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 0,799 qram psixotrop maddə olan metamfetamin, 1 ədəd şpris, 1 ədəd şüşə flakon məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar