Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-98/2023 17.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1995-ci ildə Ağdaş şəhərində аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq ümumi təmiz çəkisi 7,56 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb, daşımış, xx.xx.2023-cü il tarixdə saat 16:40 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra, həmin tarixdə saat 17:19-dan 17:37-dək ünvan 2 ünvanında yerləşən RPŞ-nin inzibati binasında, xidməti otaqda üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 2 ədəd kibrit qutusunda təmiz çəkiləri müvafiq olaraq 4,07 qram və 3,49 qram olmaqla ümumi təmiz çəkisi 7,56 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilən ittihamda təqsirli bilərək ifadəsində təxminən iki ilə yaxındır ki, “nəşə” adlandırdığı narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Lakin narkotik vasitələrdən asılı vəziyyətdə deyil. 18 mart 2023-cü il tarixdə təxminən saat 13 radələrində yaşadığı Ağdaş şəhəri, Ş.Şamil küçəsindən çıxaraq Ağdaş şəhəri istiqamətində getmişdir. Həmin vaxt üzərində iki ədəd kibrit qutusunda qurudulmuş marixuana da olmuş, həmin narkotik vasitəni üzərində saxlamaqda məqsədinin həmin narkotik vasitədən istifadə etmək, həmçinin valideyinlərinin evdə görməməsi olmuşdur. Həmin gün təxminən saat 16 radələrində Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsində piyada yol gedən zaman sonradan polis əməkdaşları olmasını bildiyi şəxslər ona yaxınlaşmışlar, onların özlərini təqdim edərək Ağdaş RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmçinin ona üzərində narkotik vasitə saxlamağı və istifadə etməyi barədə onlarda məlumat olmasını bildirmişlər. Buna görə də onlarla birlikdə Ağdaş rayon polis şöbəsinə getməli olduğunu söyləmişlər. Həmin vaxt oradan başqa bir çıxış yolu tapa bilmədiyi üçün polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-yə gəlmiş, RPŞ-yə gəldikdən sonra ona dövlət hesabına müdafiəçi ilə təmin edilmək hüquq izah edilmişdir. Özü də maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmək istədiyini bildirmişdir. Bundan sonra ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan dərhal sonra RPŞnin inzibati otaqlarından birində videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış başlamazdan əvvəl videoçəkiliş davam edən zaman ona qanunla müəyyən edilmiş hüquqları izah edilmiş və bu barədə bildiriş almışdır. Bundan sonra polis əməkdaşları onun üzərində narkotik vasitə saxlamağı və istifadə etməyi barəsində onlarda məlumat olmasını bildirmiş, həmçinin polis əməkdaşları ona üzərində olan əşyaları bir-bir masanın üzərində qoyaraq təqdim etməyi təklif etmişdir. Buna görə də həmin vaxt əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 2 ədəd kibrit qutusunu, həmin gödəkcənin sol iç cibindən özünə məxsus olan “Samsung A10” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsini, həmin gödəkcənin sol yan cibindən 1 ədəd sarı rəngli alışqan, həmin gödəkcənin sol döş ön cibindən qara rəngli tibbi maskanı, əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən cib dəsmalını masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşları onun üzərində şəxsi axtarış aparmış, lakin qeyd edilən əşyalardan başqa heç bir əşya aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar edilmiş hər iki kibrit qutusu açılmış və içərisindən yaşıl rəngli, xüsusi iyə malik bitki kütləsi aşkar edilmişdir. Hər iki kibrit qutusu ayarı-ayrılıqda elektron tərəzidə çəkilmiş və çəkiləri müvafiq olaraq 5,6 qram və 6,3 qram olmuşdur. Hər iki kibrit qutusu kağız zərfdə qablaşdırılmış və üzərinə möhür vurulmuşdur. Onun üzərindən aşkar edilmiş mobil telefon da qablaşdırılmış və üzərinə möhür vurulmuşdur. Şəxsi axtarış zamanı polis əməkdaşları ondan üzərindən aşkar edilmiş kibrit qutularının içərisindəki bitki kütləsinin nə olmasını və haradan əldə edtiyini soruşmuş, özü də polis əməkdaşına həmin bitki kütləsinin “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin kibrit qutularını içərisindəki bitki kütləsini 2022-ci ilin iyul ayında Türyançay çayından balıq tutan zaman çayın kənarından yığmışdır. Belə ki, narkotik vasitə qəbul etdiyindən həmin bitkinin narkotik tərkibli bitki olmasını bilirdi və daha sonra istifadə etmək üçün onun yarpaqlarını yığaraq qurutmaq qərarına gəlmiş, buna görə də həmin bitkinin yarpaqlarını yığaraq özü ilə aparmışdır. Şəxsi axtarış başa çatmış, şəxsi axtraışın aparılmasına dair protokol tərtib edilmiş, özü və digər iştirakçılar heç bir etirazları olmadığı üçün həmin protokola imza etmişdlər. Üzərindən aşkar edilmiş narkotik vasitəni 2022-ci ilin iyul ayında Türyançay çayından balıq tutan zaman çayın kənarından yığmış, həmin narkotik vasitə 04 ədəd kibrit qutusunda olmuşdur. 2 qutunu özü istifadə etmişdir. Narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyi üçün yığdığı narkotik vasitəni istifadə etmək üçün üzərində saxlamışdır. Heç vaxt heç kimə narkotik vasitə satmamış və heç kimdən narkotik vasitə almamışdır. Üzərində ***-***-**-** saylı mobil nömrə olan mobil telefondan istifadə edir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri Ş.Şamil küçəsi 5-də qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparılmış, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsində hərəkətdə olan zaman Camalın piyada hərəkətdə olmasını görmüşlər. Həmin vaxt ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu bildirmişlər. Bundan sonra Camalı RPŞ-yə dəvət etmişlər. Camal da onlarla birlikdə Ağdaş RPŞ-yə gəlmış, RPŞ-də Camala dövlət hesabına müdafiəçi təyin edilmış və o, şübhəli şəxs kimi tutulmuşdur. Bundan sonra müdafiəçinin də iştirakı ilə RPŞ-nin növbətçi hissəsində Camalın üzərinə şəxsi axtarış keçirilmiş. Şəxsi axtarış zamanı Camalın əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 2 ədəd kibrit qutusu, həmin gödəkcənin sol yan cibindən 1 ədəd sarı rəngli alışqan, həmin gödəkcənin sol iç cibindən özünə məxsus olan “Samsung A10” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi, həmin gödəkcənin sol döş ön cibindən qara rəngli tibbi maska, əynində olan göy rəngli cins şalvarın arxa cibindən əl yaylığı aşkar edilmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş hər 2 ədəd kibrit qutusu açılmış və içərisindən yaşıl rəngli, xüsusi iyə malik bitki kütləsi aşkar edilmişdir. Bundan başqa hər iki kibrit qutusu ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və çəkiləri müvafiq olaraq 5,6 qram və 6,3 qram olmuşdur. Daha sonra hər iki kibrit qutusu kağız zərfdə qablaşdırılmış, üzərinə möhür vurulmuşdur. Həmçinin üzərindən aşkar edilmiş mobil telefon da zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuşdur. Şəxsi axtarış zamanı Camal üzərindən aşkar edilmiş həmin bitki kütləsinin “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin kibrit qutularını içərisndəki bitki kütləsini 2022-ci ilin iyul ayında Türyançay çayından balıq tutan zaman çayın kənarından yığdığını bildirmişdir. Bundan sonra şəxsi axtarış başa çatmış, şəxsi axtarışın aparılmasına dair protokol tərtib edilmiş, iştirakçılar heç bir etiraz olmadığı üçün həmin protokola imza etmişlər. Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını barədə RPŞyə məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs tutulan zaman özü və ya başqa hər hansı bir polis əməkdaşı tərəfindən heç bir güc, zor və ya təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdirlər. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Şəxsi axtarış keçirilməsi haqqında” 18 mart 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 17:19-dan saat 17:37-dək Ağdaş RPŞnin inzibati binasında Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 2 ədəd kibrit qutusu, sol iç cibindən 1 ədəd “Samsung A10” markalı mobil telefon aşkar edilmiş, bundan sonra aşkar edilmiş hər iki kibrit qutusu açıldığını və içərisindən yaşıl rəngli, xüsusi iyə malik bitki kütləsi aşkar edilmiş, bundan başqa hər iki kibrit qutusu ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və çəkiləri müvafiq olaraq 5,6 qram və 6,3 qram olmuş, sonra həmin kibrit qutuları kağız zərfə qablaşdırılmış, üzəri möhürlənərək təhqiqatçı tərəfindən iştirakçılara imzalatdırılmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/268 ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusunda ayrı ayrılıqda təmiz çəkiləri – 4,07 qram və 3,49 qram, ümumi təmiz çəkisi – 7,56 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 2 (iki) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli 800 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli PHŞ/6-22/2-462/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMXnin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 30 mart 2023-cü il tarixli, 42 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və ya şifahi ərizə daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 20 mart 2023-cü il tarixli, 508 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Ş.Şamil küçəsi 5 nömrəli evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: xx.xx.1961-ci il təvəllüdlü X2, xx.xx.1966-cı il təvəllüdlü X1r. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 18 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 17:05də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 20 mart 2023-cü il tarixli, 4(014)-27/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 1 (bir) ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 18 mart 2023-cü tarixdən saat 17:05-dən hesablanmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 18 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 17:00-da tanış edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onun şəxsiyyətini mənfi səciyyələndirən hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 7,46 qram çəkidə marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 manat 97 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Cinayət işi üzrə maddi sübur kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 18 mart 2023-cü il tarixdən 20 mart 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı, 18 mart 2023-cü il tarixdən 18 aprel 2023-cü il tarixədək həbsdə olduğu, cəmi 1 (bir) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 2 (iki) ay müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 7,46 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat, doxsan yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-98/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-98/2023
17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver