Məhkəmə qərarları › İş №1(014)-98/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-98/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-98/2024 14.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1967-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkum olunmamış, Ağdaş şəhəri, H.Əliyev prospekti 73 qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarından artıq miqdarda əldə edib, saxlayıb daşımışdır. Belə ki, şəxsi istifadəsi üçün, xeyli miqdarda, yəni 13,71 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı evdə saxlamış, xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı Ağdaş şəhəri, H.Əliyev prospekti, 73 ünvanında yerləşən evə həmin tarixdə saat 18:08-dən saat 18:30-dək keçirilmiş baxış zamanı yataq otağında olan dolabın içərisindəki ağ rəngli qutudan 1 ədəd sellofan paketdə təmiz çəkisi 13,71 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində təxminən 3-4 ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan hərdən-bir istifadə etdiyini, tutulmazdan təxminən iki gün əvvəl Ağdaş şəhəri, İ.Qaradağlı küçəsində yerləşən “Qaradağlı” qəbiristanlığında ölmüş yaxın qohumlarının qəbirlərinin üzərini təmizləyən zaman yerdə sellofan olmasını və içərisində də bitki kütləsi olmasını gördüyünü, həmin sellofan paketin onun diqqətini çəkdiyini və həmin paketi götürmək qərarına gəldiyini bildirmişdir. Buna görə də əvvəlcə kənara baxdığını və ətrafda heç kimin olmamasına əmin olduqdan sonra sellofan paketi yerdən götürdüyünü, daha sonra həmin paketi açdığını və içərisində yaşıl rəngli, qurudulmuş bitki kütləsinin olmasını gördüyünü, əvvəllər də narkotik vasitə istifadə etdiyi üçün həmin bitki kütləsinin də qurudulmuş marixuana olmasını bildiyini, özü narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyi üçün həmin sellofan paketdə olan qurudulmuş marixuananı istifadə etmək üçün cibinə qoyduğunu və yaşadığı evə gətirdiyini bildirmişdir. Hal-hazırda tək yaşadığını, belə ki, həyat yoldaşının Rusiya Federasiyasında, oğlunun isə ailəsi ilə birlikdə Bakı şəhərində olduğunu qeyd etmişdir. Buna görə də həmin sellofan paketi yaşadığı evin özünə məxsus yataq otağında dolabın içərisində olan mobil telefon qutusunun içərisinə qoyduğunu, lakin həmin narkotik vasitədən istifadə edə bilmədiyini, belə ki, son zamanlar mədəsi ilə bağlı səhhətində problemlər olduğunu qeyd etmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 18 radələrində yaşadığı evdə olan zaman evinin yerləşdiyi həyətin dəmir giriş qapısından onu kiminsə səslədiyini eşitdiyini, lakin həmin şəxsin kim olmasını bilmədiyini, buna görə də dəmir qapını açaraq küçəyə çıxdığını, bu zaman küçədə polis formasında və mülki formada olan bir neçə şəxs gördüyünü bildirmişdir. Həmin şəxslər ona Ağdaş rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirdiklərini, daha sonra təhiqatçı olmasını bildiyi şəxsin ona Ağdaş rayon Məhkəməsinin qərarını təqdim etdiyini və onun yaşadığı evin həyətinə, həyətdə olan bütün tikililərə və yaşadığı evə baxış keçirilməsi haqqında məhkəmənin qərarını oxuduğunu, bundan sonra o da heç bir etiraz etmədiyini, həmçinin polis əməkdaşları ona narkotik vasitə istifadə etməyi, narkotik vasitəni əldə edərək yaşadığı evə saxlamağı barədə polis əməkdaşlarında məlumat olmasını izah etdiklərini və ondan narkotik vasitə olub-olmadığını soruşduqlarını bildirmişdir. O də artıq polis əməkdaşları tərəfindən ifşa olunduğunu və başqa bir çıxış yolunun olmadığını başa düşdüyü üçün polis əməkdaşlarına yaşadığı evdə yerdən tapdığı narkotik vasitə qurudulmuş marixuana saxladığını etiraf etdiyini, bundan sonra ona yaşadığı evə videoçəkilişlə baxış keçiriləcəklərini izah etdiklərini bildirmişdir. O da buna heç bir etiraz etmədiyini, daha sonra çəkilişlə evinə baxış keçirilməyə başlanıldığını, onun özünə mxəsus yataq otağında giriş qapısıının sağ tərəfində yerləşən dolabın içərisində olan mobil telefon qutusunun içərisində gizlətdiyi 1 ədəd sellofan paketdə olan narkotik vasitəni təqdim etdiyini, polis əməkdaşı həmin sellofan paketi açdığını və slelofan paketin içərisində yaşıl rəngli, xüsusi iyə malik qurudulmuş bitki kütləsinin olmasını gördüyünü daha sonra həmin sellofan paketin elektron tərəzidə çəkildiyini və çəkisinin 14,40 qram olduğunu qeyd etmişdir. Həmçinin sellofan paketin zərfdə qablaşdırıldığını və üzərinə möhür vurulduğunu, bundan başqa yaşadığı evədən heç bir əşya və ya predmet aşkar edilmədiyini, daha sonra onun polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-yə gəldiyini, RPŞ-də ona müdafiəçi təyin edildiyini, daha sonra şübhəli şəxs qismində tutulduğunu və ona hüquq və vəzifələrinin izah edildiyini, bundan sonra isə üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarışın videokamera vasitəsi ilə qeydə alındığını bildirmişdir. Şəxsi axtarış zamanı o əynində olan tünd boz rəngli şalvarın sağ ön cibindən 3 ədəd beş manatlıq, 3 ədəd bir manatlıq pul əsginasları, 3 ədəd 20 qəpik, 1 ədəd 10 qəpik dəmir pulu, həmin şalvarın sol cibindən üzərinə “Samsung” yazılmış mobil telefonu təqdim etdiyini, bundan başqa üzərindən heçnə aşkar edilmədiyini, mobil telefonunun kağız zərfdə qablaşdırılaraq götürüldüyünü bildirmişdir.Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, Ağdaş şəhəri, H.Əliyev prospekti-73 ünvanında qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs şəhər sakini kimi tanıdığını, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində və yaşadığı ünvanda saxlaması barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edildiyini və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirildiyini bildirmişdir.Bundan sonra şəxsin yaşadığı evinə və həyətinə baxış keçirilməsi üçün vəsatətlə Ağdaş rayon prokuroruna müraciət etdiklərini, Ağdaş rayon prokuroru Anar Əliyevin vəsatəti təsdiq etdikdən sonra təqdimatla Ağdaş rayon məhkəməsinə müraciət etdiyini bildirmişdir. Daha sonra Ağdaş rayon məhkəməsinin vəsatəti təmin edərək müvafiq qərar qəbul etdiyini, xx.xx.2024-cü il tarixində yaşayış sahəsinə, hasarlanmış tikinti obyektlərinə və torpaq sahələrinə baxış keçirilməsi üçün Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən polis əməkdaşları ilə birgə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getdiklərini, Təqsirləndirilən şəxs qərarla tanış olduğunu, ondan yaşadığı evdə narkotik vasitə olub-olmamsı soruşulduğunu və onun, Ağdaş şəhəri, H.Əliyev prospekti 73 ünvanında yaşadığı evdə narkotik vasitə olduğunu, həmin narkotik vasitəni göstərə biləcəyini, daha sonra təhqiqatçı X3 rayon məhkəməsinin qərarını oxuyaraq ondan hər hansı bir etiazı olub-olmamasını soruşduqdan sonra evə baxış keçirməyə başladıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq özü istifadə etmək üçün yaşadığı evdə narkotik vasitə saxladığını, evinə baxış keçirilməsinə heç bir etirazı olmadığını, bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi yolla hərəkətə başladıqlarını, həyətə daxil olduqda həyət qapısı ilə üzbəüz bir mərtəbəli fərdi yaşayış evinin yerləşdiyini, hərəkətə davam etdiklərini, evin sol tərəfində həyətyanı sahə yerləşdiyini, yaşıl rəngli qapıdan keçib pilləkənlə Təqsirləndirilən şəxs yaşadığı evə çıxdıqlarını, daha sonra yataq otağına daxil olduqlarını, evin yataq otağındakı dolabda olan ağ rəngli qutunun içərisindən 1 ədəd sellofan torbada çəkisi 14,40 qram narkotik vasitəyə bənzər bitki kütələsi aşkar olunduğunu, 1 ədəd sellofan torbada çəkisi 14,40 qram narkotik vasitəyə bənzər bitki kütələrinin 1 ədəd içi boş zərfə qablaşdırıldığını, üzərinin iştirakçılar tərəfindən imzalandığını və DİN-in zərflər üçün 111 saylı möhürü olan kağız parçaları vurulduğunu qeyd etmişdir. Daha sonra evin və həyətyanı torpaq sahəsinə baxıldığını, evin və həyətin hər hansı hissəsindən hər hansı narkotik vasitə aşkar olunmadığını, şifahi qaydada Təqsirləndirilən şəxs ilə sorğu-sual aparıldığını onun narkotik vasitənin ona məxsus olmasını bildirdiyini, istifadə etmək üçün yaşadığı evdə saxladığını, narkotik vasitəni uzun müddətdir ki, istifadə etdiyini, bundan sonra videoçəkilişin hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib olunmasını, Təqsirləndirilən şəxs Ağdaş RPŞ-yə aparılaraq şübhəli şəxs qismində tutulması üçün sonlandırıldığını, Təqsirləndirilən şəxs Ağdaş RPŞ-də şübhəli şəxs qismində tutulduğunu, müdafiəçi təyin edildiyini və şəxsi axtarışa başlanıldığını, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sağön cibindən 3 ədəd beş manatlıq, 3 ədəd bir manatlıq pul əsginasları, 3 ədəd 20 qəpik, 1 ədəd 10 qəpik dəmir pulu, həmin şalvarın sol cibindən üzərinə “Samsung” yazılmış mobil telefonu çıxararaq təqdim etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan boz rəngli qış gödəkçəsinin sol ön cibindən 1 ədəd siqaret qutusu, 1 ədəd istifadə olunmuş lotoreya, 1 ədəd zərf, həmin gödəkçənin sağ ön cibindən 1 ədəd siqaret qutusu və açarları çıxararaq təqdim etdiyini, daha sonra isə əynindəki qolsuz gödəkçənin sağ iç cibindən “Aziqaza” məxsus plastik kartı və 1 ədəd qəbzi çıxararaq təqdim etdiyini bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparıldığını, üzərində hər hansı əşya aşkar olunmadığını, üzərindən aşkar olunmuş 1 ədəd mobil telefonun kağız zərfə qablaşdırılıb, üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçaları vurulduğunu zərf, şübhəli şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalandığını, bundan sonra digər əşyaların, yəni 3 ədəd 20 qəpik, 1 ədəd 10 qəpik dəmir pul, 02 ədəd siqaret qutusu, 1 ədəd istifadə olunmuş lotoreya, 1 ədəd zərf və açarların iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarıldığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 18:08 radələrində Ağdaş şəhəri H.Əliyev pr-73 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı ev və həyətyanı sahəsinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq özü istifadə etmək üçün yaşadığı evdə narkotik vasitə saxladığını, evinə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi yolla hərəkətə başlanılmışdır. Həyətə daxil olduqda həyət qapısı ilə üzbəüz bir mərtəbəli fərdi yaşayış evinin sol tərəfində həyətyanı sahədə yaşıl rəngli qapıdan keçib pilləkənlə Təqsirləndirilən şəxs yaşadığı evə çıxılmış, sonra yataq otağına daxil olunmuşdur. Evin yataq otağındakı dolabda olan ağ rəngli qutunun içərisindən 1 ədəd sellofan torbada çəkisi 14,40 qram narkotik vasitəyə bənzər bitki kütələsi aşkar olunmuşdur. 1 ədəd sellofan torbada çəkisi 14,40 qram narkotik vasitəyə bənzər bitki kütələsi 1 ədəd içi boş zərfə qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və üzərinə DİN-in zərflər üçün 111 saylı möhürü olan kağız parçaları vurulmuşdur. Daha sonra evə və həyətyanı torpaq sahəsinə baxılmış, evin və həyətin hər hansı hissəsindən hər hansı narkotik vasitə aşkar olunmamışdır. Şifahi qaydada Təqsirləndirilən şəxs ilə sorğu-sual aparılan zaman o narkotik vasitənin ona məxsus olduğunu, istifadə etmək üçün yaşadığını evdə saxladığını, narkotik vasitəni uzun müddətdir ki, istifadə etdiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2023-cü il tarixli HK-1/197 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs üzərindən Təqsirləndirilən şəxsyaşadığı evin yataq otağından aşkar olunmuş narkotik”sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd kiçik sellofan paketdə, təmiz çəkisi - 13,71 qram olan bitki mənşəli kütlə tərbkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 182 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Narkotik vasitə olan kannabinoiddən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli PHŞ-18-1-22/2-235/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 13 fevral 2024-cü il tarixli, 28 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 13 fevral 2024-cü il tarixli,18-1-22/2-235/2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev prospekti, 73 saylı üvanında yaşamaqla ailə tərkibi aşağıdakı şəxsdən ibarətdir: arvadı - xx.xx.1975-ci il təvəllüdlü X1r. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 02 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 18:43də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 03 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onun şəxsiyyətini mənfi səciyyələndirən hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 4 (dörd) gün ona təyin edilən cəzadan çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 13,66 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 fevral 2024-cü il tarixdən 03 fevral 2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 13,66 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar