Məhkəmə qərarları › İş №1(014)-99/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-99/2023

16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-99/2023 16.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Abdulhüseyin oğlunun iştirakları ilə, xx xxxx 1985-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Azəriqaz İB-nin Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində anbardar işləyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edərək üzərində saxlayaraq daşımış və satmışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Ağdaş rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin yaxınlığında X1 məqsədi ilə qanunsuz olaraq 40 (qırx) manat müqabilində ümumi təmiz çəkisi 5,97 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb daşımış, həmin narkotik vasitənin bir hissəsini, yəni 0,50 qramını xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Ağdaş şəhəri, Vaqif küçəsində Şahid3 vasitəsi ilə Şahid4 20 (iyirmi) manat müqabilində satmış, həmin tarixdə saat 18 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid4 Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisində saxlanılaraq Ağdaş RPŞ-yə gətirildikdən sonra, həmin tarixdə saat 19:08-dən 19:20-dək Ağdaş şəhəri M.İsayev küçəsində yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sol arxa cibindən 02 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,29 qram və 0,21 qram ümumi təmiz çəkisi 0,50 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tədbirlərin davamı kimi xx.xx.2023-cü il tarixdə saat 20:50 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev prospektində saxlanılaraq Ağdaş RPŞ-yə gətirildikdən sonra həmin tarixdə saat 21:31-dən 21:52-dək ünvan 2 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 5,47 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilmədiyini, əvvələr narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, lakin son zamanlar narkotik istifadə etmədiyini, əvvəllər məhkum olunmadığını, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində onunla qonşuluqda yaşayan Şahid3 ona zəng edərək qonaq bir şəxsin olduğunu və ona narkotik vasitə qurudulmuş marixuana lazım olduğunu bildirdiyini, həmçinin ona pul müqabilində marixuana tapa bilib-bilməyəcəyini soruşduğunu, onunda Nadirə artıq narkotik vasitələrdən istifadə etmədiyini və heç kimlə əlaqəsinin olmadığını bildirdiyini, həmin günü saat 20:00 radələrində Beynəlxalq Bankın yaxınlığında yolun kənarı ilə piyada yol gedən zaman polis əməkdaşlarının ona yaxınlaşdıqlarını və özlərini təqdim etdiklərini, bundan sonra ona narkotik vasitə satmaqda şübhəli olduğunu bildirdiklərini və onlarla birlikdə Ağdaş rayon Polis şöbəsinə getməli olduğunu söylədiklərini, onun da onlarla etiraz etdiyini və heç kimə narkotik vasitə satmadığını bildirdiyini, polis əməkdaşları zorla onu RPŞ-nə apararaq ilk öncə Ağdaş RPŞ-də olan otaqların birində döyərək və daha sonra təziq göstərərək onun üzərinə narkotik vasitə qoyduqlarını, sonra ona dövlət hesabına müdafiəçi təyin edildiyini, şübhəli şəxs qismində tutulduğunu, daha sonra ona narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamasında və daşımasında Əli və Nadir adlı şəxslərin şübhəli şəxs kimi tutulduğunu, Şahid4 üzərindən aşkar edilmiş narkotik vasitəni Nadirin vasitəsi ilə ondan almasını bildirdiyini, bundan sonra RPŞ-nin inzibati binasında xidməti otaqlardan birində onun üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən açarlar və pul əskinasları, həmin şalvarın sağ arxa cibindən mobil telefon, sol arxa cibindən pul kisəsi, əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən siqaret qutusu, sağ yan cibindən isə 01 ədəd kibrit qutusunun aşkar edildiyini, bundan sonra həmin kibrit qutusu açıldığını və içərisindən yaşıl rəngli, kəskin iyə malik bitki kütləsi aşkar edildiyini, bundan sonra həmin kibrit qutusunda olan bitki kütləsinin elektron tərəzidə çəkildiyini və çəkisinin 7,6 qram olduğunu, daha sonra həmin kibrit qutusunun kağız zərfə qablaşdırılaraq üzərinə möhür vurulduğunu, həmçinin şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş ona məxsus 01 ədəd mobil telefonda kağız zərfdə qablaşdırılaraq üzərinə möhür vurulduğunu, polis əməkdaşının bir daha ona Şahid4 şübhəli şəxs kimi tutularaq üzərində şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş narkotik vasitəni onun xahişi ilə Nadir adlı şəxsin ondan aldığını bildirdiyini, özü də Nadirin ona qonaq olduğunu və onun üçün narkotik vasitə lazım olduğunu bildirdiyini dediyini, ona tapa bilməyəcəyini söylədiyini, heç vaxt heç kimə narkotik vasitə satmadığını ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxsin ifadələri arasında əhəmiyyətli ziddiyyət yarandığından Azərbaycan Respublikası CPM-in 327-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs ilkin ifadəsində özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində hərdən bir narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində onunla qonşuluqda yaşayan Şahid3 ona yaxınlaşaraq qonaq bir şəxsin olduğunu və ona narkotik vasitə qurudulmuş marixuana lazım olduğunu bildirdiyini, həmçinin ondan marixuana tapa bilib-bilməyəcəyini soruşduğunu, özü də Nadirə maraqlanaraq ona bir söz deyəcəyini bildirdiyini, bundan sonra tanışı Firiduna zəng edərək qonağı olduğunu və buna görə də narkotik vasitə qurudulmuş marixuana lazım olduğunu bildirdiyini, Firidunun da maraqlanaraq ona bir söz deyəcəyini bildirdiyini, bundan təxminən 20-25 dəqiqə sonra Firidunun ona zəng edərək “gəlirəm görüşək” deyə söylədiyini, həmin vaxt Ağdaş rayon mərkəzi xəstəxanasının yaxınlığında olduğunu, Firidunun da onun olduğu yerə gəldiyini, Firidunun ona 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana verdiyini və bunun müqabilində ona 40 manat pul verməli olduğunu bildirdiyini, buna görə də cibindən 40 manat pul çıxaraq Firiduna verdiyini, daha sonra yaşadığı ünvana yola düşdüyünü, yolda olan zaman həmin kibrit qutusunu açaraq içərisində olan narkotik vasitənin bir hissəsini 02 ədəd kağız bükümdə qablaşdırdığını, qalan hissəsini isə özü istifadə etmək üçün üzərində saxladığını, binanın qarşısında Nadiri gördüyünü, binanın girişində birinci mərtəbəsinin blokunda cibindən çıxardığı 02 ədəd kağız bükümdə olan qurudulmuş marixuananı Nadirə verdiyini və Nadirin də bunun müqabilində ona 20 manat verdiyini, özü də ona pula ehtiyacının olmadığını bildirdiyini, Nadirin də ona pulu verməsi üçün verdiklərini, bundan sonra işlədiyi Qaz idarəsinə tərəf getdiyini, lakin həmin vaxt iş vaxtı olmadığını, sadəcə olaraq açarı iş yoldaşına verməli olduğunu, Beynəlxalq Bankın yaxınlığında yolun kənarı ilə piyada yol gedən zaman polis əməkdaşlarının ona yaxınlaşdıqlarını və özlərini təqdim etdiklərini, bundan sonra ona narkotik vasitə satmaqda şübhəli olduğunu bildirdiklərini və onlarla birlikdə Ağdaş rayon Polis şöbəsinə getməli olduğunu söylədiklərini, özü də onlarla razılaşdığını və RPŞ-nə gəldiklərini, RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs qismində tutulduğunu, daha sonra ona narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamasında və daşımasında Əli və Nadir adlı şəxslərin şübhəli şəxs kimi tutulduğunu, Şahid4 üzərindən aşkar edilmiş narkotik vasitəni Nadirin vasitəsi ilə ondan almasını bildirdiyini, bundan sonra RPŞ-nin inzibati binasında xidməti otaqlardan birində onun üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən açarlar və pul əskinasları, həmin şalvarın sağ arxa cibindən mobil telefon, sol arxa cibindən pul kisəsi, əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən siqaret qutusu, sağ yan cibindən isə 01 ədəd kibrit qutusunun aşkar edildiyini, bundan sonra həmin kibrit qutusu açıldığını və içərisindən yaşıl rəngli, kəskin iyə malik bitki kütləsi aşkar edildiyini, bundan sonra həmin kibrit qutusunda olan bitki kütləsinin elektron tərəzidə çəkildiyini və çəkisinin 7,6 qram olduğunu, daha sonra həmin kibrit qutusunun kağız zərfə qablaşdırılaraq üzərinə möhür vurulduğunu, həmçinin şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş ona məxsus 01 ədəd mobil telefonda kağız zərfdə qablaşdırılaraq üzərinə möhür vurulduğunu, polis əməkdaşının bir daha ona Şahid4 şübhəli şəxs kimi tutularaq üzərində şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş narkotik vasitəni onun xahişi ilə Nadir adlı şəxsin ondan aldığını bildirdiyini, özü də Nadirin ona qonaq olduğunu və onun üçün narkotik vasitə lazım olduğunu bildirdiyini dediyini, ona tapa biləcəyini söylədiyini, bundan sonra Firdovsi kimi tanıdığı Firidun Yusif oğlundan aldığını və Nadirə verdiyini bildirdiyini, polis əməkdaşının ondan həmin kütlənin nə olmasını soruşduğunu, özü də həmin kütlənin nəşə, yəni qurudulmuş marixuana olmasını bildirdiyini, həmin narkotik vasitəni Firidundan 40 manata satın aldığını, daha sonra üzərindən 02 büküm götürərək 20 manata Nadirə satdığını, üzərindən aşkar edilmiş 15 manat pulun da həmin 20 manatdan qalıq qaldığını bildirdiyini, Nadirdən aldığı 20 manatın 3 manatına siqaret aldığını və 2 manatına isə kontur yüklədiyini bildirdiyini, bundan sonra üzərindən aşkar edilmiş pul əskinaslarının da qablaşdırılaraq götürüldüyünü, bundan bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə onun yaşadığı ünvan 4 ünvanında yerləşən evə baxış keçirildiyini, baxış zamanı onun yaşadığı evdən qanunsuz olaraq saxlanılmış hər hansı əşya və predmet aşkar edilmədiyini və ya götürülmədiyini, narkotik vasitə satmadığını, sadəcə olaraq Nadirin ondan narkotik vasitə təşkil edə bilib-bilməyəcəyini soruşduğunu, özü də ona təşkil edəcəyini bildirdiyini, narkotik vasitəni Nadirə verən zaman Nadirin ona 20 manat pul verdiyini, üzərində ***-***-**-** saylı mobil nömrə olan mobil telefondan istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ağdaş RPŞ-nin PPXB-nın polis nəfəri işlədiyini, xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatının daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işlərinin aparıldığını, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə Ağdaş şəhəri H.Əliyev prospektində hərəkətdə olan zaman Muradın piyada hərəkətdə olmasını gördüklərini, həmin zaman ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitələrinin saxlaması, qəbul etməsi və satması barədə məlumatın daxil olduğunu bildirdiklərini, bundan sonra Muradı RPŞ-nə dəvət etdiklərini, Muradın da onlarla birlikdə Ağdaş RPŞ-nə gəldiyini, RPŞ-də Murada dövlət hesabına müdafiəçi təyin edildiyini və onu şübhəli şəxs kimi tutulduğunu, bundan sonra müdafiəçinin də iştirakı ilə RPŞ-nin növbətçi hissəsində Muradın üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Muradın əynində olan göy rəngli cins şalvarın sol yan cibindən açarlar və pul əskinasları, həmin şalvarın sağ arxa cibindən mobil telefon, sol arxa cibindən pul kisəsi, əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən siqaret qutusu, sağ yan cibindən isə 01 ədəd kibrit qutusunun aşkar edildiyini, bundan sonra həmin kibrit qutusunun açıldığını və içərisindən yaşıl rəngli, kəskin iyə malik bitki kütləsinin aşkar edildiyini, həmin kibrit qutusunda olan bitki kütləsinin elektron tərəzidə çəkildiyini və çəkisinin 7,6 qram olduğunu, daha sonra həmin kibrit qutusunun kağız zərfdə qablaşdırılaraq üzərinə möhür vurulduğunu, həmçinin şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş 01 ədəd mobil telefonun da kağız zərfdə qablaşdırılaraq üzərinə möhür vurulduğunu, şəxsi axtarış zamanı Nadirin ona qonaq olduğunu və onun üçün narkotik vasitə lazım olduğunu bildirdiyini, Nadirə tapa biləcəyini söylədiyini, bundan sonra Firdovsi kimi tanıdığı Firidun Yusif oğlundan aldığını və Nadirə verdiyini bildirdiyini, üzərindən aşkar edilmiş həmin kütlənin “nəşə”, yəni qurudulmuş marixuana olmasını, həmin narkotik vasitəni Firidundan 40 manata satın aldığını, daha sonra üzərindən 02 büküm götürərək 20 manata Nadirə satdığını, üzərindən aşkar edilmiş 15 manat pulun da həmin 20 manatdan qalıq qaldığını bildirdiyini, bundan sonra aşkar edilmiş pul əskinaslarının da qablaşdırılaraq götürüldüyünü, şəxsi axtarışın aparılmasına dair protokol tərtib edildiyini və tərtib edilmiş protokolun imzalarla təsdiq edildiyini, daha sonra, yəni xx.xx.2023-cü il tarixdə Muradın yaşadığı ünvan 4 ünvanında yerləşən evinə baxış keçirildiyini, baxış zamanı onun yaşadığı evdən qanunsuz olaraq saxlanılmış hər hansı əşya və predmetin aşkar edilmədiyini və ya götürülmədiyini, baxışın aparılmasına dair protokol tərtib edildiyini və tərtib edilmiş protokolun imzalarla təsdiq edildiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə RPŞ-nə məlumat daxil olsa da həmin məlumatları realizə etmək mümkün olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, hərdən bir narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə narkotik vasitə istifadə etmək istədiyini, lakin onun narkotik vasitəsi olmadığını, buna görə də narkotik vasitə almaq qərarına gəldiyini, həmçinin onunla qonşuluqda yaşayan Murad adlı şəxsin narkotik vasitə marixuanadan istifadə etdiyini bildiyini, Muradda qurudulmuş marixuana olacağını düşündüyünü, lakin onun Muradla salam-sağolu olsa da onunla bir o qədər də səmimi münasibəti olmadığını, buna görə də onunla qonşuluqda yaşayan Nadirin vasitəsi ilə Muraddan narkotik vasitə ala biləcəyini düşündüyünü, bundan bir neçə gün əvvəl fəhlə işləyərək 20 manat əldə etdiyini və həmin pulun da üzərində olduğunu, xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində yaşadığı binanın qarşısında olan Nadirin də orada olduğunu görərək ona yaxınlaşdığını, Nadirdən onun üçün Muraddan narkotik vasitə almasını xahiş etdiyini, həmçinin cibindən çıxardığı 20 manatı da Nadirə verdiyini, Nadirin əvvəlcə buna etiraz etsə də onun xahişlərindən sonra onunla razılaşdığını, bundan sonra binanın digər tərəfinə keçərək Nadiri gözlədiyini, təxminən 30 dəqiqə sonra Nadirin onun yanına gələrək 02 ədəd ağ rəngli kağız bükümdə ona narkotik vasitə qurudulmuş marixuana verdiyini, bundan sonra Nadirlə sağollaşaraq oradan çıxıb getdiyini, həmin gün təxminən saat 18 radələrində Ağdaş rayonu Ləki qəsəbəsində Ləki Store mağazasının qarşısında olan zaman Ağdaş rayon polis şöbəsinin əməkdaşlarının ona yaxınlaşaraq özlərini təqdim etdiklərini, həmçinin polis əməkdaşının ona üzərində narkotik vasitə saxlamaqda, daşımaqda və istifadə etməkdə şübhəli olduğunu bildirdiyini və onu polis şöbəsinə dəvət etdiyini, özünün də başqa bir çıxış yolu olmadığı üçün polis əməkdaşı ilə razılaşdığını və onlarla birlikdə RPŞ-nə gəldiyini, RPŞ-də onun maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin edildiyini və şübhəli şəxs qismində tutulduğunu, şübhəli şəxs kimi tutulduqdan sonra RPŞ-nin inzibati binasında videoçəkiliş vasitə ilə üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış başladıqdan dərhal sonra polis əməkdaşının ona hüquqlarını izah etdiyini, daha sonra üzərində narkotik vasitələri saxlamaqda, daşımaqda və istifadə etməkdə şübhəli olduğu üçün tutulduğunun bildirildiyini və üzərində olan əşyaları bir-bir masanın üzərinə qoymağını tələb etdiyini, özünün də polis əməkdaşının göstərişindən sonra üzərində olan əşyaları bir-bir masanın üzərinə qoyduğunu, əvvəlcə əynində olan boz rəngli cins şalvarın sol arxa cibindən 02 ədəd kağız büküm, sonra həmin şalvarın sağ yan cibindən 01 qutu “Pirima” markalı siqaret qutusunu və həmin şalvarın sol yan cibindən “nakolka”- döymə yazan cihazın matorunu çıxaraq masanın üzərinə qoyduğunu, bundan sonra polis əməkdaşının onun üzərinə şəxsi axtarışı apardığını və başqa hər hansı bir əşyanın aşkar edilmədiyini, daha sonra siqaret qutusunun açıldığını və içərisindən siqaret dənələrinin olduğunun müəyyən edildiyini, bundan sonra üzərindən aşkar edilmiş kağız bükümlərin açıldığını və onların hər ikisinin içərisindən yaşıl rəngli, kəskin iyə malik bitki kütləsinin aşkar edildiyini, polis əməkdaşının həmin bitki kütləsinin nə olmasını, haradan əldə etdiyini və nəyə görə üzərində saxladığını ondan soruşduğunu, özünün də polis əməkdaşına həmin bitki kütləsinin nəşə, yəni qurudulmuş marixuana olmasını, xx.xx.2023-cü il tarixdə Nadir adlı tanışının vasitəsi ilə Murad adlı şəxsdən 20 manata satın aldığını bildirdiyini, daha sonra həmin kağız bükümlərin elektron tərəzidə çəkildiyini və çəkilərinin mavafiq olaraq 0,4 qram və 0,5 qram olduğunu, bundan sonra polis əməkdaşının həmin bükümlərdəki bitki kütləsinin məhkəməbioloji ekspertizasına təqdim edilməsi üçün qablaşdırılaraq götürüləcəyini bildirdiyini və həmin kağız bükümlərin boş kağız zərfdə qablaşdırdığını və üzərinə möhür vurulduğunu, bununla da şəxsi axtarışın başa çatdığını, şəxsi axtarışın aparılmasına dair protokol tərtib edildiyini, üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Nadir adlı tanışının vasitəsi ilə Murad adlı şəxsdən 20 manat müqabilində satın aldığını, Nadirin ona narkotik vasitə tapmasında heç bir məqsədi və ya istəyi olmadığını, Nadirin sadəcə olaraq ondan xahiş etdiyi üçün Muraddan narkotik vasitə aldığını, Muradın narkotik vasitələrin satışı ilə məşğul olmasını bilmədiyini və ya ondan əvvəllər narkotik vasitə almadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hərdən bir narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində Ağdaş şəhəri, Vaqif küçəsində yerləşən yaşadığı binanın qarşısında olan zaman onunla qonşuluqda yaşayan və tanışı olan Şahid4 ona yaxınlaşaraq 20 manat pul verdiyini və həmin pul ilə Murad adlı şəxsdən ona narkotik vasitə qurudulmuş marixuana almağını tapşırdığını, özü də ona Muradla əlaqəsi olmadığını və onun narkotik vasitə satmasını bilmədiyini, Əli də ona Murada yaxınlaşmağını və narkotik vasitə istəməyini söylədiyini, həmçinin Muradın “nəşə”, yəni qurudulmuş marixuana satdığını bildirdiyini, buna görə də Əlinin ona verdiyi 20 manatı ondan götürdüyünü, bundan təxminən 15-20 dəqiqə sonra Muradın binanın qarşısına gəlməsini gördüyünü, buna görə də ona yaxınlaşdığını, binanın girişində Murada salam verdiyini və 2 büküm nəşə təşkil edə bilib-bilməyəcəyini soruşduğunu, Muradın da ona əgər özü üçün istəyirsə verə biləcəyini dediyini, buna görə də Əlinin ona verdiyi 20 manatı Murada verdiyini, bundan sonra Muradın Ağdaş şəhəri istiqamətində getdiyini, Muradın da bundan təxminən 20-25 də sonra yenidən binanın qarşısına gəldiyini, binanın girişində olduğunu gördüyü üçün Muradın yanına getdiyini və birlikdə bloka daxil olduqlarını, binanın blokunda olan zaman Muradın cibindən 02 ədəd ağ rəngli kağız büküm verdiyini, özü də həmin bükümləri götürərək cibinə qoyduğunu, bundan sonra onu binanın digər tərəfində gözləyən Əliyə verdiyini, bundan sonra isə yaşadığı evə getdiyini, evə getdikdən sonra mağazaya qayıtdığını, mağazanın qarşısında olan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq özlərini təqdim etdiklərini, daha sonra onlarla birlikdə Ağdaş rayon Polis şöbəsinə getməli olduğunu bildirdiklərini, özü də polis əməkdaşlarına heç bir etiraz etmədiyini və onlarla birlikdə Ağdaş rayon Polis şöbəsinə gəldiyini, RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs qismində tutulduğunu, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə RPŞ-nin inzibati binasında şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı üzərindən qanunsuz olaraq saxlanılmış hər hansı əşya və ya predmet aşkar edilmədiyini, şəxsi axtarış zamanı polis əməkdaşının ona üzərində narkotik vasitə saxlamasında, daşımasında və istifadə etməsində şübhəli şəxs kimi tutulmuş Şahid4 üzərindən aşkar edilmiş narkotik vasitəni onun vasitəsi ilə Murad adlı şəxsdən aldığını, polis əməkdaşına həqiqətəndə onun Əlinin xahişi ilə ona verdiyi 20 manat müqabilində Muraddan narkotik vasitə alaraq Əliyə verdiyini söylədiyini, narkotik vasitəni Muraddan alaraq Əliyə verməsində heç bir məqsədinin olmadığını, sadəcə olaraq Şahid4 ondan çox xahiş etdiyi üçün Muraddan narkotik vasitəni alaraq Əliyə verdiyini, əvvəllər heç vaxt Təqsirləndirilən şəxs narkotik vasitə almadığını bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatının daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işlərinin aparıldığını, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Ağdaş RPŞnin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə Ağdaş şəhəri H.Əliyev prospektində hərəkətdə olan zaman Muradın piyada hərəkətdə olmasını gördüklərini, həmin zaman ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitələrinin saxlaması, qəbul etməsi və satması barədə məlumatın daxil olduğunu bildirdiklərini, bundan sonra Muradı RPŞ-nə dəvət etdiklərini, Muradın da onlarla birlikdə Ağdaş RPŞ-nə gəldiyini, RPŞ-də Murada dövlət hesabına müdafiəçi təyin edildiyini və onu şübhəli şəxs kimi tutulduğunu, bundan sonra müdafiəçinin də iştirakı ilə RPŞ-nin növbətçi hissəsində Muradın üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Muradın əynində olan göy rəngli cins şalvarın sol yan cibindən açarlar və pul əskinasları, həmin şalvarın sağ arxa cibindən mobil telefon, sol arxa cibindən pul kisəsi, əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən siqaret qutusu, sağ yan cibindən isə 01 ədəd kibrit qutusunun aşkar edildiyini, bundan sonra həmin kibrit qutusunun açıldığını və içərisindən yaşıl rəngli, kəskin iyə malik bitki kütləsinin aşkar edildiyini, həmin kibrit qutusunda olan bitki kütləsinin elektron tərəzidə çəkildiyini və çəkisinin 7,6 qram olduğunu, daha sonra həmin kibrit qutusunun kağız zərfdə qablaşdırılaraq üzərinə möhür vurulduğunu, həmçinin şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş 01 ədəd mobil telefonun da kağız zərfdə qablaşdırılaraq üzərinə möhür vurulduğunu, şəxsi axtarış zamanı Nadirin ona qonaq olduğunu və onun üçün narkotik vasitə lazım olduğunu bildirdiyini, Nadirə tapa biləcəyini söylədiyini, bundan sonra Firdovsi kimi tanıdığı Firidun Yusif oğlundan aldığını və Nadirə verdiyini bildirdiyini, üzərindən aşkar edilmiş həmin kütlənin “nəşə”, yəni qurudulmuş marixuana olmasını, həmin narkotik vasitəni Firidundan 40 manata satın aldığını, daha sonra üzərindən 02 büküm götürərək 20 manata Nadirə satdığını, üzərindən aşkar edilmiş 15 manat pulun da həmin 20 manatdan qalıq qaldığını bildirdiyini, bundan sonra aşkar edilmiş pul əskinaslarının da qablaşdırılaraq götürüldüyünü, şəxsi axtarışın aparılmasına dair protokol tərtib edildiyini və tərtib edilmiş protokolun imzalarla təsdiq edildiyini, daha sonra, yəni xx.xx.2023-cü il tarixdə Muradın yaşadığı ünvan 4 ünvanında yerləşən evinə baxış keçirildiyini, baxış zamanı onun yaşadığı evdən qanunsuz olaraq saxlanılmış hər hansı əşya və predmetin aşkar edilmədiyini və ya götürülmədiyini, baxışın aparılmasına dair protokol tərtib edildiyini və tərtib edilmiş protokolun imzalarla təsdiq edildiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə RPŞ-nə məlumat daxil olsa da həmin məlumatları realizə etmək mümkün olmadığını bildirmişdir. İşin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-də müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyataxtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən açarlar və pul əskinasları, həmin şalvarın sağ arxa cibindən mobil telefon, sol arxa cibindən pul kisəsi, əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən siqaret qutusu, sağ yan cibindən isə 01 ədəd kibrit qutusunun aşkar edilmiş, bundan sonra həmin kibrit qutusu açılmış və içərisindən yaşıl rəngli, kəskin iyə malik bitki kütləsi aşkar edilmiş, həmin kibrit qutusunda olan bitki kütləsinin elektron tərəzidə çəkilmiş və çəkisi 7,6 qram olmuş, sonra həmin kibrit qutuları kağız zərfə qablaşdırılmış, üzəri möhürlənərək təhqiqatçı tərəfindən iştirakçılara imzalatdırılmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin xx.xx.2023-cü il tarixli, 17/211 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şahid4 üzərindən aşkar edilmiş 02 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,29 qram və 0,21 qram, ümumi təmiz çəkisi 0,50 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin xx.xx.2023-cü il tarixli, 17/212 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,47 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotikvasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd kibrit qutusu” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01(bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuana ilə üzərində “02(iki) ədəd bükümdə qurudulmuş marixuana Şahid4 oğ” yazısı olan 01(bir) ədəd MEM-nə məxsus kağız paketin içərisindəi 02(iki) ədəd kağız bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 792 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannbinoidlərdən istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli PHŞ-6-22/2- 340/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəlikləri üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 03 mart 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heş bir yazılı və ya şifahi olaraq ərizə, şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 03 mart 2023-cü il arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşamaqla, aşağıdakı tərkibdə ailə üzvləri vardır: xx.xx.1953-cü il təvəllüdlü X4, xx.xx.1961-ci il təvəllüdlü X5, xx.xx.1987-ci il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X6 (ölüb), xx.xx.2017-ci il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X8. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 23 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 21:20də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 25 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 18:00-da tanış edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməməsini bildirməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı fərqli ifadələr verməsinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşır, həmin ifadəni cinayət məsuliyyətindən yayınmaq cəhdi, özünü müdafiə üçün gətirdiyi dəlillər olaraq qəbul edir və hesab edir ki, sonuncunun ibtidai istintaq zamanı verdiyi ilkin ifadə daha inandırıcıdır, həmçinin istintaq zamanı toplanmış digər ifadələrin məcmusu və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. İşin bütün halları ilə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə üst-üstə düşür. Belə ki, iş üzrə ibtidai istintaq zamanı dindirilmiş 3 nəfər şahidin hər biri təqsirləndirilən şəxsin məhkəmə istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə vermişlər. Həmçinin, Şahid3 məhkəmədə də birbaşa Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, ondan 20 manat müqabilində narkotik vasitə almışdır. Qeyd olunanlarla yanaşı Təqsirləndirilən şəxs ifadəsində saxlanılarkən döyülməsi ilə bağlı məsələyə məhkəmə qiymət verərək bildirir ki, Təqsirləndirilən şəxs saxlanılmasından artıq 5 aydan artıq müddət keçmiş, hazırda üzərində heç bir xəsarət yoxdur, saxlanılarkən döyülməsi barədə vəkilinə bildirməmiş, özü də bununla bağlı heç bir orqana şikayət etməmiş və bununla bağlı müvafiq prosessual hərəkət aparmamışdır. Həmçinin, üzərinə baxış keçirilməsinə dair videoçəkilişə də məhkəmə iclasında baxış keçirilərkən onun üzərində hər hansı xəsarətin olması aşkar edilməmişdir. Belə olan halda isə onun həqiqətən də döyülməsinə dair hər hansı ağlabatan və əsaslı şübhə mövcud deyil. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Təqsirləndirilən şəxs evli olması, himayəsində iki azyaşlı uşağının olması, əvvəllər məhkum olunmaması və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını məhkəmə onun cəzasının yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdən 25 fevral 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılmalı və qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli 16 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 5,45 qram və 0,42 qram narkotik maddə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 4 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd 10 manatlıq və 1 ədəd 5 manatlıq pul əsginası dövlət nəfinə müsadirə olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 70 manat 52 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdən 25 fevral 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 70,52 (yetmiş manat, əlli iki qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 5,45 qram və 0,42 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd 10 manatlıq və 1 ədəd 5 manatlıq pul əsginası dövlət nəfinə müsadirə olunsun. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 4 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar