Məhkəmə qərarları › İş №1(015)-10/2025

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-10/2025

04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-10/2025 04.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1993-cü ildə Ağstafa rayonu Köçəsgər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 1 uşaq atası, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu Köçəsgər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 17 dekabr 2023-cü il tarixdə saat 18:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla, yəni sərxoş halda və nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi «"VAZ- 2106" markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa-Tovuz avtomobil yolunun Ağstafa rayonu Köçəsgər kəndi ərazisindən keçən hissəsində, Tovuz istiqamətində Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1ci bəndinin tələblərini pozmaqla, yəni yaşayış məntəqəsində 80 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunlara riayət etməyərək, ehtiyatsızlıqdan idarəetməni itirərək qarşı sol hərəkət zolağına çıxaraq idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə əks istiqamətdə, “B” kateqoriyalı sürücülük vəsiqəsinə əsasən, sürücü Zərərçəkmiş şəxs idarə etdiyi "VAZ-2106" markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili qabaq sol tərəfdən vurub toqquşmaqla həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağ diz qapağının içəri yan bağının kəsilməsi, sağ diz oynağında hərəkət məhdudluğu xəsarətləri ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri yetirməklə, yəni yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və idarə etmə hüququ olmayan şəxs tərəfindən pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin az ağır dərəcəli bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, Ağstafa rayonu Köçəsgər kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır, bir azyaşlı övladı var. Hal-hazırda heç bir yerdə işləmir, əvvəllər məhkum olunmamışdır. Həmkəndlisi Zərərçəkmiş şəxs bu hadisədən əvvəl tanımamış, onunla heç bir ədavəti, düşmənçiliyi olmamışdır. Atası Şahid2 özünə məxsus VAZ 2106 markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobili vardır. Özünün avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur, ancaq buna baxmayaraq yaşadığı kəndin ərazisində həmin avtomobili lazım olanda idarə edərək işinin dalınca gedirmiş. xx.xx.2023-cü il tarixdə günorta nahar edərkən yaşadığı evdə dayısı Şahid1la ikisi birlikdə 0,5 litr spirtli içki, araq içmişdir. Bundan sonra dayısı Firuzu evinə aparmaq üçün evdən atasına məxsus həmin avtomobilin açarını götürüb avtomobili idarə edərək getmişdir. Həmin gün, saat saat 18:30 radələri olarmış. O avtomobili idarə edərək döngəni sola dönmüş, Ağstafa-Tovuz avtomobil yoluna çıxmış və avtomobilin sürətini təxminən 80 km/saata qaldırmışdır. Qarşıda, sağ tərəfdə dəmiryolu xəttinin üzərindən keçən döngəyə təxminən 400-500 metr məsafə qalmış sərxoş olduğundan idarə etməni itirmiş və qarşıdan gələn, yəni öz yolu ilə Ağstafa şəhəri istiqamətində hərəkət edən avtomobilin yoluna çıxmışdır. Bu vaxt idarə etdiyi avtomobilin qabaq sol tərəfi qarşıdan gələn avtomobilin qabaq sol tərəfinə dəyərək toqquşmuşdur. Toqquşmadan sonra o bilmişdir ki, onun idarə etdiyi avtomobil həmkəndlisi Zərərçəkmiş şəxs idarə etdiyi ağ rəngli, VAZ 2106 markalı, 60CA310 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində o, dayısı Firuz və digər sürücü Şərafət xəsarət almışlar. Toqquşmadan sonra onları təcili tibbi yardım avtomobili ilə Ağstafa rayon mərkəzi xəstəxanasına aparmışlar və orada onlara tibbi yardım göstərilmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxsdən üzrxahlıq etmiş və ona dəymiş zərəri ödəmişdir. Zərərçəkmiş şəxs onunla barışmışdır. Himayəsində 1 azyaşlı uşağı var. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Ağstafa rayonu Köçəsgər kəndində qeydiyyatda olmaqla yaşayır. Ağstafa RMX PHŞ-də xadiməçi işləyir. İşi növbəli olduğuna görə bəzi vaxtlarda səhər saatlarında, bəzi vaxtlarda isə axşam saatlarında işlədiyi xəstəxanaya gedir. X1 məxsus VAZ-2106 markalı, ** CA *** d.q.n-lı avtomobili vardır. Həmin avtomobili oğlu yaşadığı evdə olmadığına görə özü “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. Eyni zamanda oğlu Tural Hüseynov ona həmin avtomobili sərbəst şəkildə idarə etmək üçün baş etibarnamə vermişdir. 17 dekabr 2023-cü il tarixdə saat 18:30 radələrində VAZ-2106 markalı, ** CA *** d.q.n-lı avtomobili idarə edib Ağstafa RMX-na getmək məqsədilə Ağstafa rayonu Köçəsgər kəndində yerləşən yaşadığı evdən çıxıb Ağstafa şəhərinə yola düşmüşdür. Kəndin mərkəzindən keçən asfalt beton örütklü yolla üzü Ağstafa şəhərinə doğru təxminən 60 km/saat sürətlə hərəkət edirmiş. Həmin vaxt hava artıq qaranlıq olmuşdur. Köçəsgər-Ağstafa avtomobil yolunun Köçəsgər kəndi ərazisindən keçən hissəsində onun qabağı ilə 2-3 tanımadığı avtomobillər keçmişlər. Həmin avtomobillər onun yanından ötüb keçdikdən sonra qarşı hərəkət zolağı ilə tanımadığı qırmızı rəngli VAZ-2106 markalı, ** BJ *** d.q.n-lı avtomobilin gəldiyini görmüşdür. Həmin avtomobilin ona nisbətdə biraz artıq sürətlə gəldiyini hiss etmişdir. Qeyd etdiyi avtomobilin sürücüsü, yəni həmkəndlisi Təqsirləndirilən şəxs ona çatmağa təxminən 10 metr məsafə qalarkən qəfildən rolu fırladıb onun hərəkət etdiyi zolağa çıxmışdır. Həmin avtomobilin onun üstünə gəldiyini görüb sürəti azaltmaq və əyləcdən istifadə edib hadisənin qarşısını almaq istəmışdir. Lakin həmin avtomobilin qabaq sol tərəfi onun idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə onun hərəkət etdiyi zolaqda toqquşmuşdur. Toqquşma nəticəsində idarə etdiyi avtomobil yolun ona nəzərən sağ kənarına doğru arxa istiqamətdə gedib dayanmışdır. Qarşı avtomobil isə toqquşduqdan sonra yolun ortasında qabağı onun avtomobilinə doğru dayanmışdır. Hadisə nəticəsində o, bədəninin müxtəlif nahiyyələrindən xəsarətlər almışdır. O, avtomobilin qapısını açıb çətinliklə avtomobildən düşmüşdür. Avtomobildən düşdükdən sonra qarşı avtomobilin sürücüsünə nəzər saldıqda onun həmin an sərxoş vəziyyətdə olduğunu görmüşdür. Sürücünün dayısı həmkəndlisi Şahid1 da qarşı avtomobildə olmuşdur. Hadisədən sonra tanımadığı şəxslər hadisə yerinə toplaşmışlar və ona kömək edib onu Ağstafa RMX-na aparmışlar. Xəyal ondan üzrxahlıq etmiş, dəymiş ziyanı ödəmişdir, o da təqsirləndirilən şəxslə barışmışdır, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Onun Ağstafa rayonu Vurğun qəsəbəsində yaşayan bacısı X2 adına olsa da onun mülkiyyətində olan VAZ 2106 markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobil vardır. Oğlu Xəyal avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmasa da bəzən yaşadıqları kəndin ərazisində ona məxsus həmin avtomobili idarə etmişdir. xx.xx.2023-cü il tarixdə o, yaşadıqları evdə olmamış, səhhəti ilə əlaqədar Ağstafa Rayon Mərkəzi xəstəxanasında olmuşdur. Axşam saat 19 radələrində ona məlum olmuşdur ki, oğlu Xəyalı yol nəqliyyat hadisəsi törətdiyinə görə xəstəxanaya gətiriblər. Həmçinin oğlunun hadisədən əvvəl yaşadıqları evdə qaynı Firuzla birlikdə spirtli içki araq qəbul etməsi ona məlum olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Abbasov X5 Xəyal Asif oğlu ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Ağstafa-Tovuz yolunun Köçəsgər kəndi ərazisindən keçən hissəsində, Köçəsgər yaşayış məntəqəsində baş vermişdir. Hadisə baş verdiyi yerdə yolun hərəkət hissəsinin eni 7 metr olmaqla iki hərəkət zolağı, yol düz, asfaltbeton örtüklü və quru vəziyyətdə olmuşdur. Yolda ağ düz xətt vardır. Hadisə yerində tormoz izi aşkar edilməmişdir. Toqquşma Tovuz istiqamətində yolun ortasında olan düz ağ xəttdən sola 1 metr məsafədə baş vermişdir. Hadisədən öncə "VAZ-2106" markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil Tovuz rayonu istiqamətinə, "VAZ-2106" markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil isə Ağstafa şəhəri istiqamətində hərəkət etmişdir. Hadisə zamanı "VAZ-2106" markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil 80 km/saat sürətlə, "VAZ-2106" markalı, ** CA *** qeydiyyat nişanlı avtomobil isə 60 km/saat sürətlə hərəkət etmişdir. Hadisə baş verən zaman "VAZ-2106" markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobildə sürücü və 1 sərnişin, "VAZ-2106" markalı, ** CA *** qeydiyyat nişanlı avtomobildə isə tək sürücü olmuşdur. Toqquşmadan sonra avtomobillər idarə etməni itirərək yolun hərəkət hissəsində qarşı-qarşıya dayanmışlar. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 16 yanvar 2024-cü il tarixli 526 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər – sağ diz qapağının içəri yan bağının kəsilməsi, sağ diz oynağında hərəkət məhdudluğu küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 19 mart 2024-cü il tarixli 8/550 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-2106 markalı, 20BJ150 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində icazə verilən 60km/saatdan artıq, yəni 80km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “VAZ-2106” markalı 60CA310 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texnikinöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. İş materiallarında olan nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında alkotestr arayışından göründüyü kimi, Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş (1,954%) vəziyyətdə olmuşdur. İş materiallarında olan Ağstafa RPŞ-nin xx.xx.2024-cü il tarixli 3-13-63/2-6477/24 nömrəli məktubundan görünür ki, Ağstafa rayonu Köçəsgər kənd sakini xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adına DİN-nin X8 Sistemində sürücülük vəsiqəsi yoxdur. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X7 adlı bir azyaşlı uşağı olmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam həcmdə ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı cəmi 02 gün tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 dekabr 2024-cü il tarixdən həbsdədir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istntaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmçinin qərarda qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin aşağı olması ona əsas cəza kimi cərimə cəzası əvəzinə sanksiyada nəzərdə tutulan başqa daha ağır cəza növü təyin edilməsi üçün əsas ola bilməz. Habelə qərarda göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Cəzanın məqsədi məhkumun islah edilməsini, cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtmasını, ümumi yaşayış qaydalarına hörmətlə yanaşmasını və normal cəmiyyətə tamamilə uyğunlaşmasını güdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, o, CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı tutulduğu 02 gün müddət təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 10 dekabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan “VAZ-2106” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs, “VAZ-2106” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, məhkəmə xərcləri, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 85 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344- 347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 10 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan “VAZ-2106” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs, “VAZ-2106” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci - aparılmış ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar