Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-11/2024 15.03.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X7 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə xx.xx.1996-cı ildə Ağstafa rayonu Xətai kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək üzərində 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hazırda cəza çəkən, Ağstafa rayonu Xətai kəndində qeydiyyatda olmaqla və yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Ximətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx.xx.1964-cü ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ağstafa rayonu Xətai kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, başqa iş üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Ximətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 0,475 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib qanunsuz olaraq əynində olan şalvarın sol yan cibində saxlamış, 31 oktyabr 2022-ci il tarixdə saat 18:30da Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tərbirləri zamanı yaşadığı Ağstafa rayonu Xətai kəndində yerləşən evlərinin giriş darvazasının qarşısında saxlanılmış və həmin gün saat 19:40-dan 19:52-dək müddətdə Ağstafa RPŞ-nin inzibati binasında keçirilən şəxsi axtarış zamanı 0,475 qram çəkidə narkotik vasitə olan heroin Təqsirləndirilən şəxs1 şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 0,960 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib qanunsuz olaraq əynində olan şalvarının sağ arxa cibində saxlamış, 31 oktyabr 2022-ci il tarixdə saat 18:30-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tərbirləri zamanı yaşadığı Ağstafa rayonunun Xətai kəndində yerləşən evlərinin giriş darvazasının qarşısında saxlanılmış və həmin gün saat 21:20-dən 21:35-dək müddətdə Ağstafa RPŞ-nin inzibati binasında keçirilən şəxsi axtarış zamanı 0,960 qram çəkidə narkotik vasitə olan heroin Təqsirləndirilən şəxs2 şalvarının sağ arxa cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, 31 oktyabr 2022-ci il tarixdə atası ilə evdə və məhlədə biraz iş gördükdən sonra yemək yeyib uzanmışdır. Bir saat yarım keçmiş, axşam saatlarında, qapının açılmasının səsini eşitmiş, görmüşdür ki, evdə iki nəfər var, biri başının üstündə digəri isə kənardan ona baxır. O, işığı yandırmış, həmin şəxslər içəri girmişdir. Əlini telefona uzatmaq istəyən zaman onu vurmuşlar. O da həmin şəxslərə onu niyə vurmaqlarını bildirmişdir. Daha sonra həmin şəxslər onun atasının yatdığı otağa keçib onu durğuzmuş, sonra onu da atasının yanına gətirmişlər. Atası paltarını geyinmiş, sonra üzərlərinə axtarış keçirmişlər. Onlar qapıdan girərkən onun digər qardaşını axtarmışlar və onun gəlməsini bildirmişlər. Daha sonra Aslan gəlmiş, qardaşı Elşadı çağırmış, sonra onu da içəri salmışlar. Onu və atasını da polis şöbəsinə gətirmiş, o, razılaşdıqdan sonra üzərində axtarış keçirilmiş, videoçəkiliş aparılmışdır. O, polis əməkdaşları ilə razılaşmışdır ki, narkotik vasitənin onun olmasını etiraf etsin. Həmin şəxslər Ağstafa RPŞ-nin əməkdaşları olmamışdır. Ona razılaşmadığı təqdirdə onu külli miqdarda narkotik vasitə ilə şərləyəcəklərini bildirmişlər. Onun cibinə narkotik vasitəni Qurban müəllimin otağında Hacı adlı şəxs qoymuşdur. O, həmin şəxslərlə razılaşmışdır ki, onu külli miqdarda narkotik vasitə ilə şərləməsinlər. Həmin gün narkotik vasitə istifadə etməmiş, lakin əvvəllər narkotik vasitə heroin və marixuanadan istifadə etmişdir. Ona görə qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, 31 oktyabr 2022-ci il tarixdə o, oğlu İrşadla birlikdə bağda işlədikdən sonra hava soyuq olduğundan günortadan sonra evdə uzanmışlar. Oyananda görmüşdür ki, evə mülki geyimdə 3-4 nəfər adamlar girmişdir. Həmin şəxslər onun üzərinə gəlib qalxmasını bildirdikdə o da, qalxmışdır. O, nə baş verdiyini soruşduqda həmin şəxslər Gəncədən Baş İdarədən gəldiklərini bildirmişlər. Ondan oğlu Elşadın harada olmasını soruşduqda, Elşadın buralarda olmasını bildirmişdir. Təxminən 5 dəqiqə sonra həyətdə Famil adlı oğlan gəlmiş, onu salıb içəri ona bir iki şapalaq vurmuşlar. O da həmin şəxslərə onu niyə vurduqlarını bildirdikdə ona sakit olmasını bildirmişlər. Yarım saat keçmiş, çöldə qonşuları Aslan adlı şəxs Elşada “Xuruş” deyərək çağırmış, bir nəfər çıxıb onu içəri otağa salan kimi ona bir şapalaq vurmuş, İrşad qışqırmışdır ki, onu vurmasınlar, başı plastmasdandı, xəstədir. O sakit durmağa başlamışdır. Daha sonra polislər biraz gözləmiş, sonra onları maşına mindirib şöbəyə aparmışlar. Polis əməkdaşları onları şöbəyə apararkən Aslanı yoldan buraxmışlar. Onları gecə saatlarına kimi saxlamış, oğlu İrşada qarşı təzyiq tətbiq etmişlər. Onları üzərinə az miqdarda narkotik vasitə qoyacaqlarını və sabah çıxıb evlərinə gedəcəklərini, əks təqdirdə Gəncəyə aparacaqlarını bildirmişlər. Onun cibindən axtarış zamanı narkotik vasitə aşkar edilməmiş, həmin şəxslər onun cibinə narkotik vasitəni qoymuşlar. İlkin ifadəsində qorxduğu üçün narkotik vasitənin ona aid olmasını bildirmişdir. Onu incitmələri barədə müstəntiqə, vəkilə, ibtidai istintaqa rəhbərlik edən prokurora məlumat verməmişdir. Onları tutan zaman üzərlərinə baxış keçirilməmiş, baxış yalnız Gəncədən müstəntiq gəldikdən sonra şöbədə olmuşdur. Ona görə qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, DİN-nin QBRŞ-nin dəftərxana müdiri vəzifəsində işləyir. Hadisənin üzərindən uzun müddət keçdiyi üçün tam dəqiq xatırlamır. Belə ki, təqsirləndirilən şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və həmin qrupa Şahid2, Şahid1 və o daxil edilmişdir. Əməliyyat qrupuna Şahid1 rəhbərlik etmişdir. Daha sonra onlar 2022-ci ilin oktyabr ayında Ağstafa rayonunun Xətai kəndinə gəlmiş, təqsirləndirilən şəxsləri yaşadıqları evlərinin qapılarının qarşısından çağırmış, lakin evə daxil olmamışlar. Evin həyətindən 1 metr içəri girmiş onların paltarlarını geyinmələrini gözləmiş, onlar da heç bir narazılıq etmədən onlarla birgə polis şöbəsinə gəlmişlər. Ağstafa rayon polis şöbəsində təqsirləndirilən şəxslərin üzərinə müdəfiəçilərin iştirakı ilə baxış keçirilərkən üzərlərindən narkotik vasitə aşkar edilmişdir. Onların üzərinə evdə baxış keçirilməmiş, baxış yalnız Ağstafa RPŞ-də keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, DİNnin QBRŞ-nin məsul növbətçisi vəzifəsində işləyir. 2022-ci ilin oktyabr aylarında şöbəyə məlumat daxil olmuş, şöbədə kollektiv az olduğundan, başqa tədbirlər də olduğundan, həmin tədbirə onları cəlb etmişlər. Əməliyyat qrupu yaradılmış və həmin qrupa o, Şahid3 və Şahid1 daxil olmuş, qrupa rəhbərliyi Şahid1 etmişdir. Həmin tədbirlə əlaqədar Ağstafa rayonuna Elçin ilə İrşadın yaşadığı evin qarşısına gəlmişlər. Həmin zaman təqsirləndirilən şəxslər qapının qarşısında olmuş, evin qarşısında kimisə yola salırmışlar. Həmin şəxsi yola saldıqdan sonra təqsirləndirilən şəxslərə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onlarla birlikdə Ağstafa RPŞ-nə getməli olduqlarını bildirmişlər. Onlar da heç bir narazılıq etməmişlər. Əməliyyat qrupundan bir nəfər darvazadan biraz içəri daxil olmuşdur ki, həmin şəxslər evin içərisində paltarlarını geyinsinlər. Daha sonra İrşadla Elçin onlarla birlikdə Ağstafa RPŞ-nə getmişlər. Orada müdafiəçinin iştirakı ilə videoçəkiliş ilə üzərlərinə baxış keçirilmişdir. Baxış zamanı İrşadın üzərindən 0,5 qram, Elçinin isə təxminən 1 qrama yaxın narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş, həmin kütlə möhürlənib, sənədləşdirilərək ekspertizaya göndərilmişdir. Daha sonra həmin kütlənin narkotik vasitə heroin olduğunu öyrənmişdir. Həmin şəxslər narkotik vasitəni Dəmir yolundan tapdıqlarını bildirmişlər. Şahid1 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram göndərərək işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini məhkəmə iclasında elan etmişdir. İş üzrə şahid olan Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, DİN-nin QBRŞ-in baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis polkovnik-leytenantı xüsusi rütbəsindədir. Ağstafa rayonu Xətai kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 31 oktyabr 2022-ci il tarixdə saat 18:00 radələrində QBRŞ-da gündəlik xidmətində olan zaman əməliyyat məlumatı daxil olmuşdur ki, Ağstafa rayonu Xətai kənd sakinləri İrşad və atası Elçin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğuldur. Daxil olmuş məlumat əsasında onun, QBRŞ-nin məsul növbətçisi, polis mayoru Şahid2 Şamil oğlu və QBRŞ-nin dəftəxana müdri, polis baş serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və adları sonradan ona məlum olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ağstafa rayonu Xətai kəndində yaşadıqları evin qarşısında saxlayıb xidməti vəsiqələrini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirib barələrində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla onları tanış edərək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib onları Ağstafa RPŞ-nin inzibati binasına dəvət etmişlər, polis şöbəsinin inzibati binasında əvvəlcə Təqsirləndirilən şəxs1 təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona dövlət hesabına vəkil X6 müdafiəçi təyin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə müdafiəçisinin iştirakı və videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməmişdən qabaq ona üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşyası varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmiş, içərisində olan kütlənin narkotik vasitə heroin olduğunu, həmin kütləni bir qədər əvvəl Ağstafa şəhərində, Dəmiryolu vağzalının qarşısında olan heykəlin yanında, yerdə olan Sobranie markalı siqaret qutusunun içərisindən tapdığını, həmin kütləni özü istifadə məqsədi ilə üzərində saxladığını, həmin kütlədən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Sonra həmin kütlə sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,56 qram olmuşdur. Daha sonra həmin kütlə 1 ədəd zərfə qoyularaq qablaşdırılmış və gələcəkdə ekspertizaya təqdim etmək üçün müvafiq qaydada möhürlənib götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, hadisə baş verən zaman Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsində təhqiqatçı vəzifəsində işləmişdir. Həmin zaman təhqiqatçı kimi əməliyyat qrupuna daxil olduğuna görə o, Ağstafa RPŞ-nə dəvət olunmuşdur. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldığı şöbəyə gəlmiş, şöbədə onun tərəfindən təqsirləndirilən şəxslərin üzərinə müdafiəçinin iştirakı ilə növbə ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onların hər birinin üzərindən bir bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Ekspertizada məlum olmuşdur ki, həmin kütlələr narkotik vasitə heroindir. Onlar narkotik vasitəni tapdıqlarını bildirmişlər. Həmin şəxslər tutulmaları ilə bağlı heç bir narazılıqlarını bildirməmiş, əməllərini səmimi etiraf etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o 2022-ci ilin oktyabr ayında saat 4-5 radələrində İrşadla Elçinin yaşadığı evə gələrək, İrşadın qardaşı Elşadı çağırmış, mülki formada bir nəfər ona evə gəlməsini, Elşadın evdə olmasını bildirmişdir. O, da içəri daxil olmuş, görmüşdür ki, İrşadla Elçini tutmuş, əllərinə qandal vurmuşlar. Eyni zamanda onlarla birlikdə tanımadığı bir nəfər şəxs də tutulmuşdur. Daha sonra onun da əlinə qandal vuraraq üzərini yoxlamış və ona bir şapalaq vurmuşlar. Həmçinin təqsirləndirilən şəxslərin də üzərinə baxış keçirilmişdir. Sonra polis şöbəsinə çatdıqda onu sərbəst buraxmışlar. İş materiallarında olan 31 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman onun əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş 0,56 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış 31 oktyabr 2022-ci il tarixdə saat 19:55-də başlamış, həmin gün saat saat 20:30-da bitmişdir. İş materiallarında olan 31 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman onun əynindəki qara rəngli şalvarın arxa sağ cibindən 01 ədəd falqa kağıza bükülmüş 1,11 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış 31 oktyabr 2022-ci il tarixdə saat 21:35-də başlamış, həmin gün saat saat 22:15-də bitmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 01 noyabr 2022-ci il tarixli, 16/1242 saylı rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə..” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,475 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (0,475 qram heroindən 0,1 qram ekspertiza tədqiqatına sərf edilmiş, 0,375 qram heroin qalmışdır). İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 01 noyabr 2022-ci il tarixli, 16/1243 saylı rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə..” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd qızılı kağız bükümdə təmiz çəkisi 0,960 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (0,960 qram heroindən 0,1 qram ekspertiza tədqiqatına sərf edilmiş, 0,860 qram heroin qalmışdır). İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 1865 №-li 08 dekabr 2022-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 1864 №-li 08 dekabr 2022-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, Yaqubov X5 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(015)-25/2024 saylı hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin hökmlə ona təyin edimiş 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, onun Ağstafa Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli hökmü ilə üzərində saxlanılmış 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 03 ay 26 günlük hissəsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesabı ilə hesablanmaqla qismən birləşdirilərək, o, qəti olaraq 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona qəti olaraq təyin edilmiş 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəsası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmışdır. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən və Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, əmlakı müsadirə edilməməklə, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən ona Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə təyin edilmiş 09 il müddətə azadlıqdan məhrum etmə cəzası, xx.xx.2007-ci il tarixli hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış və o, üzərində qəti olaraq əmlakı müsadirə edilməməklə 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilərək 178.2.1ci maddə ilə təyin edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası 03 il 06 ay müddətə endirilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə təyin edilmiş 09 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla qəti olaraq 11 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, o, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən barəsində olan başqa cinayət işi üzrə həbsdədir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda göstərilən cinayət əməlini törətməkdə özlərini təqsirli bilmədiklərini, 31 oktyabr 2022-ci il tarixdə Ağstafa RPŞ-də şəxsi axtarış zamanı üzərlərindən aşkar edilmiş narkotik vasitə olan heroinin onlara məxsus olmadığını, Hacı adlı polis əməkdaşının onlara verməsini, əks təqdirdə onları külli miqdarda narkotik vasitə ilə şərləyəcəklərini bildirmişlər. Lakin cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı özlərini tam təqsirli bilməklə yanaşı, cinayət işinin materiallarında olan onların barələrində olan pressual hərəkətlərlə bağlı bütün zəruri sənədləri imzalamışlar. Həmçinin cinayət işinin materiallarında olan diskə baxış zamanı onların müdafiəçinin iştirakı ilə videoçəkilişlə narkotik vasitəni ciblərindən çıxararaq polis əməkdaşına təhvil vermələri də əks olunmuşdur. Qeyd edilənlər şahid ifadələri, işdə olan digər sənədlərlə, eləcə də digər istintaq hərəkətləri ilə inkar edildiyindən məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinə tənqidi yanaşmaqla onu özünümüdafiə kimi qiymətləndirir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onların Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onların əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilmələrinə əsas yoxdur, onlar həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.3.4.-cü maddəsinə əsasən isə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 ona qəti olaraq təyin edilmiş 11 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasını xx.xx.2018-ci il tarixdə cəkib qurtarmış, lakin, cəzasını çəkib qurtardığı gündən 06 il müddət keçmədən və məhkumluq müddəti məhkəmə tərəfindən vaxtından əvvəl onun üzərindən götürülmədən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətmişdir, bu da cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1.-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişdirsə, o, azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, cəzasının ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzası Ağstafa Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli hökmü ilə onun üzərində saxlanılmış 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, onun hazırda başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, həmçinin Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 15 mart 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, onun hazırda başqa cinayət işi üzrə həbsdə olması nəzərə alınmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar olan, Ağstafa RPŞ-nin anbarında saxlanılan, 0,375 qram və 0,860 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60,80 manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344- 347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası Ağstafa Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 1(015)-25/2024 saylı hökmü ilə onun üzərində saxlanılmış 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla o, qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1in tutulduğu 02 (iki) gün müddət ona qəti olaraq təyin olunmuş 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, onun hazırda başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 15 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, onun hazırda başqa cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 0,375 qram və 0,860 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60,80 manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-11/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-11/2024
15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver