Məhkəmə qərarları › İş №1(015)-12/2023

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-12/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-12/2023 22.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ağstafa şəhəri 20 yanvar küçəsi ev 4-də qeydiyyatda olan, Ağstafa şəhəri M.Ə.Rəsulzadə küçəsi 5 saylı kommunal binada yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Ximətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3- 2-ci maddəsi ilə təqsirli bilinərək məhkəmə məsuliyyətinə verilmişdir. İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 7 nömrəli X5nin Ağstafa stansiyasının ərazisində istismara yararlı vəziyyətdə olan 01 ədəd çərçivə rels başmağının orta bazar qiyməti təxminən 31.0 manat, 07 ədədi 217.0 manat müəyyən edilən, ümumi qiyməti 217 manat olan 07 ədəd çərçivə rels başmaqlarını gizli yolla talamaqla ələ keçirmək istəyərkən Gəncə st. XPŞ-in, Ağstafa XPB-in əməkdaşları tərəfindən saxlanılan zaman gizli şəkildə talamaq istədiyi ümumi qiyməti 217 manat olan 07 ədəd çərçivə rels başmaqlarını hadisə yerində qoyub qaçaraq öz iradəsindən aslı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyib həmin yerdən qaçaraq oğurluğa cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CМ-nin 29, 177.2.3-2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, 19 may 2022-ci il tarixdə saat 21 radələrində piyada evinə gedərkən Ağstafa stansiyasının yaxınlığında Böyük- Kəsik istiqamətinə görə yolun sağ tərəfində dəmir yolu xəttinin kənarına 7 ədəd çərçivə rels başmaqlarının yığıldığını görmüşdür. Həmin başmaqların dəmir yolu idarəsinə aid olduğunu bilməmiş, maddi vəziyyəti çətin olduğundan onları götürüb satmaq qərarına gəlmişdir. Həmin vaxt qonşusu olan taksi sürücüsü Şahid3 özünə məxsus VAZ-21074 markalı, **-CA-*** nömrəli avtomobili idarə edərək dəmir yolunun kənarı ilə Ağstafa rayonu Qobu qəsəbəsindən Ağstafa staniyasına doğru hərəkətdə olduğunu görərək qaranlıqda Şahid3 qabağına qaçaraq əl edib Şahid3 maşınını saxlatmışdır. Elmanı aldadaraq yalandan çərçivə rels başmaqları olduğunu, həmin başmaqların ona dəmir yolu idarəsindən verildiyini, həmin başmaqları maşının yük yerinə yükləyib Ağstafa şəhərinin kənarında Ağstafa–Köçəsgər avtomobil yolundakı körpünün yanında olan metal qəbulu məntəqəsinə təhvil vermək istədiyini demişdir. Elman da maşınını onun göstərdiyi yerə sürmüşdür. Həmin yerdə o, Elmana 7 ədəd çərçivə rels başmaqlarının özünə məxsus olduğunu, onları maşına yükləməyi təklif edib maşına yükləyərkən tək olmuş, ona heç kəs köməklik etməmişdir. Həmin rels başmaqlarının Azərbaycan Dəmir yollarına aid olduğunu bilməmiş, həmin vaxt maddi vəziyyəti pis olduğundan həmin 7 ədəd rels başmaqlarını götürmüşdür. Şahid3 taksi fəaliyyəti üçün ödəniş ödəyəcəyini demiş, onunla əvvəlcədən heç bir razılaşması olmamışdır. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Yol xidmətinin 7 nömrəli X5ndə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyir. Ona "xxxx" QSC tərəfindən hazırki cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində prosesdə iştirak etmək həvalə edilmişdir. Baş vermiş hadisədən sonra polislər məlumat verdi ki, xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Yol xidmətinin 7 nömrəli X5nə məxsus 07 ədəd çərçivə rels başmağı oğurlanmışdır. Sonradan ona məlum olmuşdur ki, onları oğurlamağa cəhd edən şəxs Ağstafa şəhər sakini Təqsirləndirilən şəxsdur. Onun 07 ədəd çərçivə rels başmaqlarının nə vaxt və hansı səbəbdən dəyişdirilməsi, onların istismar müddətinin keçib-keçməməsi, həmçinin istifadəyə yararlı və ya yararsız olması barədə məlumatı yoxdur. Həmin məlumatı "xxxx" QSC-nin İnfrastruktur Departamentindən əldə etmək mümkündür. Eyni zamanda Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19 may 2022-ci il tarixdə saat 21 radələrində Ağstafa dəmir yolu stansiyasında xidmətdə olarkən Ağstafa stansiyasından Poylu stansiyası istiqamətində, 1-ci posta yaxın dəmir yolunun alt tərəfində “VAZ 21074” markalı avtomobil dayandığı və həmin avtomobilə bir nəfər şəxsin əşya yüklədiyini görmüşdür. Həmin şəxsin "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Ağstafa 7 nömrəli Yol təmiri sahəsinə məxsus əmlakları oğurlamasından şübhələnib tez həmkarını, onunla birlikdə xidmətdə olan polis serjantı Şahid2 telefonla zəng edib sonuncunu yanına çağırmış və həmin avtomobil tərəfə getmişdir. Həmin avtomobilə yaxınlaşan zaman orada olan şəxsin əvvəllər tanıdığı Ağstafa şəhəri dəmir yolu binasında yaşayan Təqsirləndirilən şəxs olduğunu və Təqsirləndirilən şəxs yanında isə sürücü Şahid3 olduğunu görmüşdür. Bundan sonra həmin avtomobili saxlatmış və sürücü Şahid3 avtomobilin yük yerini açmasını demişdir. Bu vaxt post yoldaşı Şahid2 yanlarına yaxınlaşmış və Təqsirləndirilən şəxs Şahid2 yaxınlaşmasını görüb qaçaraq oradan uzaqlaşmışdır. Daha sonra Şahid3 idarə etdiyi “VAZ 21074” markalı, **-CA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yük yerinə baxan zaman orada 7 ədəd dəmir yoluna aid çərçivə rels başmaqlarının olduğunu görmüş və sürücü Şahid3 polis bölməsinə dəvət etmişdir. Şahid3 onlarla birlikdə Ağstafa st.XPB-nə həmin avtomobil ilə birlikdə gəlmişdir. VAZ 21074 markalı **-CA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yük yerində aşkar edilmiş 7 ədəd çərçivə rels barmaqları ilə bağlı raportla Ağstafa st.XPB-nin rəisinə məruzə etmişlər. Bundan sonra raport aidiyyəti üzrə araşdırılması üçün TQ-nin təhqiqatçısına həvalə edilmişdir. Avtomobilin yük yerinə baxış keçirilmiş və 7 ədəd dəmir yoluna aid çərçivə rels başmaqları götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 göstərmiş olduğu xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 ifadəsindən görünür ki, o, özünə məxsus “VAZ-21074” markalı, **-CA- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2022-i il tarixdə saat 21 radələrində özünə məxsus həmin avtomobil ilə Ağstafa rayonu Qobu qəsəbəsindən Ağstafa stansiyası istiqamətində dəmir yolunun kənarı ilə hərəkətdə olan zaman qəflətən qarşısına qonşusu Təqsirləndirilən şəxs çıxaraq idarə etdiyi avtomobili saxlatmış və dəmir yolunun kənarında bir sıra dəmir hissələrinin olduğunu və həmin dəmir hissələrini onun avtomobili vasitəsilə Ağstafa-Köçəsgər avtomobil yolunda olan metal qəbulu məntəqəsinə aparmağını və bunun müqabilində taksi fəaliyyəti üçün ödəniş edəcəyini demişdir. Bundan sonra Elçin həmin dəmir hissələrini gətirən zaman o, həmin dəmir hissələrinin dəmir yollarına məxsus rels başmaqları olduğunu görmüşdür. O, Elçindən həmin rels başmaqlarını haradan əldə etdiyini soruşduqda Elçin ona həmin rels başmaqlarını dəmir yolu işçilərindən aldığını bildirmişdir. O, Elçindən dəfələrlə həmin rels başmaqlarının özünə məxsus olduğunu soruşduqda Elçin hər dəfə özünə məxsus olduğunu və heç bir problem olmayacağını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin rels başmaqlarını ona məxsus avtomobilin yük yerinə yükləmişdir. Daha sonra həmin yerə polis əməkdaşarı gəlmişdirlər. Polis əməkdaşları gəldikdən sonra Təqsirləndirilən şəxs həmin yerdən qaçaraq uzaqlaşmışdır. Bundan sonra polis əməkdaşları ona avtomobilin yük yerini açmağını demişdirlər. O özünə məxsus avtomobilin yük yerini açmış və orada olan Elçin yüklədiyi 7 ədəd rels başmaqlarını təqdim etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Gəncə st. XPŞ-in, Ağstafa st. XPB-in, TQ-in təhqiqatçısı, polis mayoru X3 tərəfindən Şahid3 məxsus “VAZ-21074” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və həmin avtomobilin yük yerindən 07 ədəd çərçivə rels başmaqları aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/3982 №-li, 14 iyun 2022-ci il tarixli rəyinə əsasən “Azərbaycan Dəmir Yolları QSC İnfrastruktur Departamenintin 7 nömrəli X5” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 13 nömrəli və “Azərbaycan Dəmir Yolları QSC” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 182361 nömrəli arayışlardan istifadə edilməklə, ekspertiza tədqiqatına təqdim edilən istismara yararlı vəziyyətdə olan 01 ədəd çərçivə rels başmağının orta bazar qiyməti təxminən 31 manat 07 ədədi 217 manat müəyyən edilir. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Niyazov X1 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadalıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi olan 01 ay 24 gün azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Niyazov X2 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 bir il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3cü maddəsinə əsasən üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli 07 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Qazax rayon Psixiatriya xəxtəxanasından təqdim edilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan "xxxx" QSC-nin İnfrastruktur Departamentinin rəisi Elçin Zülfüqarovun Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğu məktubuna cavab olaraq göndərdiyi xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 7 nömrəli X5nin Ağstafa stansiyasının ərazisindən oğurlanmış 07 ədəd çərçivə rels başmaqları 2021-ci ildən istismar edilməyə başlanılmış, xx.xx.2022-ci il tarixində həmin rels başmaqlarında yeyilmələr olduğu səbəbindən sökülmüşdür. Sözügedən rels başmaqlarından metallom kimi istifadəsi nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" QSC-in İnfrastruktur Departamentinin rəisi Elçin Zülfüqarovun sonradan öz təşəbbüsü ilə göndərdiyi xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-in İnfrastruktur Departamentinin 7 nömrəli X5nin Ağstafa stansiyasının ərazisindən oğurlanmış 07 ədəd çərçivə rels başmaqları istismara yararlı olmuş və həmin rels başmaqlarının sökülməsi nəticəsində qeyd edilən istiqamətdə qatarların hərəkətinə maneə yaranmışdır. Мəhkəmə işdə olan mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Аzərbaycan Respublikası CM-nin 29, 177.2.3-2-ci maddəsinin tərkib əlamətlərinin olması sübuta yetirilmir. Belə ki, məhkəmə tərəfindən işin araşdırılmış hallarından məlum olmuşdur ki, hazırkı cinayət işi üzrə aparılmış ibtidai istintaq nəticəsində əldə edilmiş sübutlar təqsirləndirilən şəxsin yuxarıda qeyd edilən cinayət əməlinin törədilməsində ittiham etmək üçün yetərli deyildir. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 7 nömrəli X5nin Ağstafa stansiyasının ərazisindən oğurlama cəhd etdiyi 07 ədəd çərçivə rels başmaqları 2021-ci ildən istismar edilməyə başlanılmış, xx.xx.2022-ci il tarixində həmin rels başmaqlarında yeyilmələr olduğu səbəbindən sökülmüşdür. Sözügedən rels başmaqlarından metallom kimi istifadəsi nəzərdə tutulmuşdur. Yəni, həmin rels başmaqları istifadəyə yararsız olmuş, onlar dövlət və ya ictimai əhəmiyyətli olmamışdır. Həmin fakt, "xxxx" QSC-in İnfrastruktur Departamentinin rəisi Elçin Zülfüqarovun Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğu məktubuna cavab olaraq göndərdiyi xx.xx.2023-cü il tarixli məktubunda və məhkəmə istintaqı zamanı öz təsdini tapmışdır. Bundan başqa, zidiyyətli məqamlardan biridə ondan ibarətdir ki, iş üzrə "xxxx" QSC-nin İnfrastruktur Departamentinin rəisi Elçin Zülfüqarovun sonradan öz təşəbbüsü ilə göndərdiyi xx.xx.2023-cü il tarixli məktubda Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 7 nömrəli X5nin Ağstafa stansiyasının ərazisindən oğurlanmış 07 ədəd çərçivə rels başmaqlarının istismara yararlı olmasını, həmin rels başmaqlarının sökülməsi nəticəsində qeyd edilən istiqamətdə qatarların hərəkətinə maneə yaranmasını qeyd etsə də, Məhkəmənin “həmin rels başmaqlarının nə vaxt və hansı səbəbdən dəyişdirilməsi, onların istismar müddətinin keçib-keçməməsi, həmçinin istifadəyə yararlı və ya yararsız olması barədə” verdiyi xx.xx.2023-cü il tarixli sorğu məktubuna cavab olaraq göndərdiyi xx.xx.2023-cü il tarixli məktubda həmin rels başmaqlarının 2021-ci ildən istismar edilməyə başlanılmasını, xx.xx.2022-ci il tarixində həmin rels başmaqlarında yeyilmələr olduğu səbəbindən sökülməsini, sözügedən rels başmaqlarından metallom kimi istifadəsi nəzərdə tutulmasını qeyd etmişdir. Məhkəmə "xxxx" QSC-nin İnfrastruktur Departamentinin rəisi Elçin Zülfüqarovun sonradan öz təşəbbüsü ilə göndərdiyi xx.xx.2023-cü il tarixli məktubu mötəbər və inandırıcı hesab etmir. Məhkəmə iclasında təqsirləndirilən şəxs törədilən cinayətdə özünü təqsirli bilməmiş və rels başmaqlarının dəmir yolundan çıxarılaraq kənara yığılmasını, hadisədən 2 gün sonra onu hadisə yerinə apararaq fotoşəkillər çəkilməsini bildirmişdir. İş materiallarında hadisə yerinə baxış zamanı çəkilmiş fotoşəkillərdən də görünür ki, Təqsirləndirilən şəxs rels başmaqları götürdüyü yer dəmiryolu nəqliyyatından kənarda yerləşir və onların yerləşdiyi yer qatarların hərəkət etdiyi ərazidə deyildir. Həmin fotoşəkillərdə rels başmaqlarının sökülməsi nəticəsində qeyd edilən istiqamətdə qatarların hərəkətinə maneə yaranması öz təsdiqini tapmır. Həmçinin, "xxxx" QSC-nin ikinci məktubunda, təqsirləndirilən şəxsin oğurlamaq istədiyi 07 ədəd rels başmaqlarını sökməsi qeyd olunmuşdur ki, ittihamda reys başmaqlarının sökülməsi öz əksini tapmır. "xxxx" QSC-nin ikinci məktubu daxil olduqdan sonra dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə istintaqı təzələnmiş və rels başmaqlarının sökməsi halı araşdırılmışdır. Müəyyən olunmuşdur ki, rels başmaqları dəmir yolunun əməkdaşları tərəfindən təmir zamanı sökülmüş və dəmir yolu xəttindən kənara yığılmışdır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs da ona verilmiş suallara cavabında Təqsirləndirilən şəxs oğurlamağa cəhd etdiyi rels başmaqlarını tək çıxara bilməməsini, başmaqları çıxartmaq üçün ilkin olaraq çərçivə relsinin çıxmasını, həmin başmaqları çıxartmaq üçün müvafiq alətlərin lazım olmasını, həmin alətlərin köməyi ilə və bir neçə şəxsin iştirakı ilə onları qatarın altından çıxarıla biləcəyini, rels başmaqlarının isə Təqsirləndirilən şəxs deyil, hadisədən əvvəl "xxxx" QSC-nin işçilərinin çıxarmalarını qeyd etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində dövlət qeydiyyatına alınmış yüklərin və insanların daşınma vasitələri olan dəmir yolu xətlərinə münasibətdə cinayət törədilməsi faktı öz təsdiqini tapmır. Məlumdur ki, dəmir yolları dövlət (ictimai) əhəmiyyətli fuksiyaları yerinə yetirən qurum hesab olunur. Dəmir yollarının fəaliyyətinə, qatarların hərəkətinə mane olan, yüklərin daşınmasını iflic vəziyyətə salınmasına səbəb olan oğurluq fakti CM-nin 177.2.3-2-ci maddəsinin təsiri altına düşür. Hazırki cinayət hadisəsində oğurlanması cəht olunan rels başmaqları dəmir yolunun əməkdaşları tərəfindən təmir zamanı sökülmüş və dəmir yolu xəttindən kənara yığılmışdır. Yeyilmələr olduğundan dəmir yol xəttindən sökülərək kənara yığılmış rels başmaqlarının oğurlanması dəmir yollarının fəaliyyətinə heç cür təsir etmir, onun fəaliyyətinin həyata keçirilməsinə mane olmur. Hadisə yerinin fotoşəkilindən də görünür ki, dəmir yolunun əməkdaşları tərəfindən rels başmaqlarının çıxarıldığı dəmir yolu xəttinin üzərində qatarlar hərəkətini davam etdirir (i.v.27-28). Eyni zamanda, ibtidia istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 7 nömrəli X5nin Ağstafa stansiyasının ərazisindən oğurlanmış 07 ədəd çərçivə rels başmaqlarının istismara yararlı olmasını, həmin rels başmaqlarının nə vaxt və hansı səbəbdən dəyişdirilməsi, onların istismar müddətinin keçib-keçməməsi, həmçinin istifadəyə yararlı və ya yararsız olması barədə ekspert və ya mütəxəssis cəlb edilməmiş, həmin hallara dair heç bir araşdırılma aparmamışdır. Bütün yuxarıda sadalanan təkzibolunmaz şübhələr olduğundan təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsinin təsdiq edilməsi üçün yetərli hesab etmək olmaz. Belə ki, şəxsin əməlində cinayət tərkibinin olması üçün cinayət tərkibinin əlamətləri (cinayətin obyekti, cinayətin subyekti, cinayətin törədilməsinə psixi münasibət olan subyektiv cəhət və nəhayət cinayəti törətməyə yönəlmiş konkret hərəkəti, hərəkətsizliyi, zamanı, məkanı və.s. faktorları özündə birləşdirən obyektiv cəhət) tam formada mövcud olmalıdır. Ona görə də cinayət işi üzrə əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməsini şübhə altına almaqla həmin şəxsin təqsirləndirilməsi üçün yetərli deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 28.4-cü maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatını həyata keçirərkən, məhkəmələr şübhəli və ya təqsirləndirilən şəxsi ifşa edən, həm də ona bəraət verən halları nəzərə almaq vəzifəsini yerinə yetirməlidirlər. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Təqsirsizlik prezumpsiyasının rəhbər tutulması, şəxsin təqsirliliyinin ona qarşı irəli sürülən ittihama CPM-nin qaydalarına riayət edilməklə məhkəmədə baxılmasının nəticələri ilə əsaslandırılması, şəxsin təqsirliliyinin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslandırılması, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə şərh edilməsi şəxsin təqsirliliyinin sübut edilməsini şərtləndirir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində də təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Qeyd edilən maddənin İİ hissəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, o cümlədən şahidlərin, təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin məhkəmə istintaqı zamanı verdiyi ifadələri Təqsirləndirilən şəxs dövlət və ya ictimai əhəmiyyətli dəmir yolu xətlərinə münasibətdə oğurluq cinayətini törətməsinin sübuta yetirilməsi qənaətinə gəlməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Göründüyü kimi, hazırki vəziyyətdə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi mövcud deyildir və cinayət təqibini istisna edən hallar mövcuddur. Lakin dövlət ittihamçısı məhkəmədə təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməmiş, onun barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur. Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində cinayət hadisəsi, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Məhkəmə tədqiq olunmuş hazırkı işin bütün hallarını və Cinayət prosessual qanunvericiliyin normalarını əsas tutaraq qeyd edir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll etdiyindən bu səbəbdən məhkəmənin hökmünün qanuni və əsaslı olması qanunvericiliyin tələbidir. Əks yanaşma yuxarıda qeyd edilən hüquq normalarını özündə əks etdirən hüquq sistemini əhəmiyyətsiz edə, təqsiri olmayan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə, cinayəti törədən şəxslərin isə məsuliyyətdən kənar qalmasına şərait yarada bilər, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası CPM-nın 145.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin araşdırılması zamanı yol verilən kobud qanun pozuntuları, sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittihamın sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 29, 177.2.3-2-ci maddəsi ilə elan olunan ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün həmin maddə ilə ona bəraət verilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs dövlət və ya ictimai əhəmiyyətli dəmir yolu xətlərinə münasibətdə oğurluq cinayətini törətməsinin sübuta yetirilməsə də onun mülkiyyət əleyhinə olan inzibati xəta hesab edilən xırda talama (İXM-nin 227-ci maddəsi) xətasını törətməsi sübut olunur. Belə ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Göründüyü kimi, cinayət işi üzrə alınmış məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/3982 №-li, 14 iyun 2022-ci il tarixli rəyinə əsasən 01 ədəd çərçivə rels başmağının orta bazar qiyməti təxminən 31 manat olmaqla, 07 ədədi 217 manat müəyyən edilmişdir. Əmlakın mülkiyyətçisinə beş yüz manatdan aşağı məbləğdə ziyan vurulduğundan, Təqsirləndirilən şəxs əməli cinayət deyil, inzibati xəta kimi qiymətləndirilməlidir. Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-nin 227-ci maddəsi “mülkiyyət əleyhinə olan inzibati xətalar” fəslinə aid olmaqla həmin inzibati xəta xx.xx.2022-ci il tarixdə törədilmişdir və həmin xətanın törədilməsindən bir ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə görə, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Qeyd edilən 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs inzibati tənbeh vermə müddəti başa çatdığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci mаddəsi ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunmalıdır. Azərbaycan Respublikası CPM-nın 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə maddi sübut olan 07 ədəd çərçivə rels başmaqlıqlarının "xxxx" QSC-nə təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ekspertə ödənilməli olan 50 manat məhkəmə məsrəflərinə aid edildiyindən, təqsirləndirilən şəxsin barəsində isə ittiham hökmü çıxarılmadığından qeyd edilən məbləğ Təqsirləndirilən şəxs tutula bilməz. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Мəhkəmə qeyd edilənlərə əsasən və Аzərbaycan Respublikası CPM-nin 344- 347, 349-350, 352-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edəcək sübutlar yetərli olmadığından ona bəraət verilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən onun qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan 07 ədəd çərçivə rels başmaqlıqlarının "xxxx" QSC-nə təhvil verilməsi nəzərə alınsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin apardığı ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat dövlət hesabına aid edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar