Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-12/2025 16.01.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X10 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Ağstafa rayonu Saloğlu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 6 uşaq atası, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu Saloğlu qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Ağstafa rayonu Poylu qəsəbəsində yaşayan həmkəndlisi Zərərçəkmiş şəxs ilə Ağstafa rayonu Poylu kəndində yerləşən “Şirlər” kafesində aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən yumruqla vuraraq əyləşdiyi stulla bərarbər yerə yıxdıqdan sonra yerdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs sifət nahiyyəsinə yumruq və təpiklə bir neçə dəfə zərbə vuraraq sonuncuya alt çənə sümüyünün sol şaxəsinin yerdəyişən sınığı ilə müşayiət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən az ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında qardaşı oğlu Şahid1 onun yaşadığı evə qonaq gəlmiş, sonra o və Aləm yaşadığı evdən birlikdə küçəyə siqaret almağa çıxmışlar. Küçədə olarkən həmkəndlisi Zərərçəkmiş şəxslə görüşmüşlər, Yusif onları yaşadıqları evə qonaq çağırmış, birlikdə Yusifin yaşadığı evə getmiş, evdə oturub üçü birlikdə yemək yeyib spirtli içki qəbul etmişlər. Sonra isə Yusifgilin yaşadıqları evdən çıxıb birlikdə Ağstafa rayonu Poylu kəndində yerləşən “Şirlər” kafesinə pivə içməyə getmişlər. Kafedə əyləşib 3 bakal olmaqla hərəsinə bir bakal pivə içmişlər. Həmin gün, saat 22 radələrində Zərərçəkmiş şəxslə Şahid1 sərxoş olduqlarına görə aralarında mübahisə yaranmış, nə qədər Yusifgili sakitləşdirmək istəsə də xeyri olmamışdır. Zərərçəkmiş şəxslə Şahid1 artıq dalaşmaq həddinə çatdıqlarını görmüş, ona görə də yerindən qalxıb birinci qardaşı oğlu Aləmin üz nahiyyəsinə iki dəfə şillə vurub stolda otuzduraraq sakitləşməsini demiş, Aləm sakitləşib stolda oturmuş, lakin Zərərçəkmiş şəxs sakitləşməmiş, Aləmin üstünə qaçıb onu vurmaq istəmiş, sərxoş halda olan Yusifi bir dəfə sillə ilə vurub özünə gəlməsini və sakitləşməsini demiş, Yusif isə bu dəfə ona da söydüyü və onu vurmaq istədiyi üçün o, Yusifi yumruqla vurmuş, Yusif yıxılmış və stul aşmış, yerdə də Yusifi yumruq və təpiklə bir-iki dəfə vurmuş, sonra isə kafedən çıxıb getmişlər. Hadisə baş verən vaxt kafedə oranı işlədən və özlərindən-Yusif, Aləm və ondan başqa heç kim olmamış, onun Yusiflə dava-dalaşı bir neçə dəqiqə ərzində baş verib qurtarmışdır. Sonradan Yusifin ondan şikayət etməsini bilmişdir. Əməlindən peşmandır, Yusifdən üzrxahlıq etmiş, sonuncu da onunla barışmışdır. Məhkəmədən ona yüngül cəza təyin olıunmasını xahiş edir. İş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan olunmuş ifadəsindən görünür ki, ailəlidir, 2 qızı var, heç bir yerdə işləmir, hazırda Ağstafa rayonu Poylu qəsəbəsində qeydiyyatda olsa da, Cəlilabad rayonu Qarazəncir kəndində yaşayır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir, qohumudurlar. Saqif ilə münasibəti normaldır, aralarında heç bir ədavət və düşmənçillik yoxdur. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Ağstafa rayonu Poylu qəsəbəsində yerləşən yaşadığı küçədə Saqif ilə rastlaşmış, onunla biraz söhbət etmiş, həmin vaxt Saqifin yanında qardaşı oğlu Aləm də var imiş. Onlarla söhbət etməmişdən qabaq yaşadığı evdə olarkən spirtli içki qəbul etmişdir. Bir qədər söhbət etdikdən sonra Saqifə və yanında olan Aləmə onun evinə gedib birlikdə yemək yeyib biraz araq içməyi təklif etmişdir. Onlar da razılaşmışlar və üçü birlikdə yaşadığı evə yemək yeməyə getmişlər. Həmin vaxt onun yaşadığı evdə heç kim yox imiş. Yemək yeyən zaman yarım butulka arağı evdən gətirib stolun üstünə qoymuşdur, üçü birlikdə həmin arağı içmişlər. Sonra çıxıb Poylu qəsəbəsi ərazisində bir qədər gəzişdikdən sonra həmin gün saat təxminən 22 radələrində birlikdə Ağstafa rayonu Poylu kəndinin ərazisində yerləşən Şirlər adlanan kafeyə getmişlər. Hava isti olduğuna görə kafenin həyətində olan stollardan birində əyləşmişlər. Əyləşdikdən sonra hərəsinə 2-3 bakal pivə içmişlər. Saqif, o və qardaşı oğlu Aləm pivə içdikdən sonra üçü də sərxoş vəziyyətə düşmüşlər. Üçü birlikdə sərxoş vəziyyətdə deyib gülüb zarafatlaşırmışlar. Biraz sonra Saqif stoldan durub onlardan bir qədər kənara çəkilib telefonla danışırmış. Sonra Saqif gəlib yenidən stola əyləşmişlər. Saqif onun sol tərəfində, Aləm isə qarşısında əyləşmişdir. Saqif sərxoş olduğu üçün onunla zarafat edib gülməyə başlamışdır. Bu zaman Aləm qəfildən əli ilə əyləşdiyi plastik stolun üzərinə bir dəfə zərbə endirib, öz özünə nəisə söyüş söymüşdür. Aləmin bu hərəkətinə görə Saqif əsəbləşmiş və ayağa qalxıb Aləmi yumruqla vurmağa başlamışdır. Saqif Aləmi vurduqdan sonra Aləm yerə yıxılmış, Aləm sərxoş olduğuna görə onun halı yox imiş. O da əyləşdiyi yerdən Saqifin üstünə qışqırıb ona irad bildirərək, “eləmə camaatın uşağını döyüb öldürdün” demişdir. Onun bu sözündən sonra Saqif əsəbi şəkildə ona çönüb “sən kimsən mənə irad bildirisən” deyib ona qarşı nalayiq söyüşlər söyməklə üstünə gəlmişdir. Saqif üstünə gələndə əyləşdiyi stuldan qalxmaq istəyərkən Saqif ona imkan verməmişdir, yumruqla onun sifətinin sol tərəfindən zərbə endirmişdir. Həmin zərbənin təsirindən əyləşdiyi stul ilə birlikdə yana doğru yıxılmışdır. Yerdə olarkən isə Saqif yenə də onun üstünə gəlib təpiklə və yumruqla bir neçə dəfə sifətinə zərbələr endirmişdir. Zərbələrin təsirindən çənəsində və sifət nahiyyəsində güclü ağrılar hiss etmişdir. O sərxoş olduğuna görə ona heç bir müqavimət göstərməmişdir. Saqif onu yerdə döydükdən sonra yerdə uzanıqlı vəziyyətdə olan Aləmin yanına getmişdir. Həmin vaxt kafedə onlardan başqa heç kim yox imiş. Kafe sahibi isə kafenin içərisində nə isə iş görürmüş. Saqifin ondan kənarlaşdığını görüb birtəhər ayağa qalxmış və kafenin arxa tərəfi olan sahəliklərə doğru qaçmışdır. Kafedən qaçarkən isə təxminən 1 metr olan dəmir torun üzərindən atlayan zaman ayağı setkaya ilişmiş və yıxılmışdır, dizi yaralanmışdır. Həmin vaxt artıq hava qaralmışdır. Sahəliklərlə yeriyib Poylu kəndindən keçən asfalt yola çıxmış, oradan da tanımadığı avtomobillərin biri ilə Ağstafa RPŞ-nə gəlmişdir. Polis şöbəsində isə onu qarşılayıb ərizəsini aldıqdan sonra Ağstafa RMX-na aparmışlar, orada ilkin tibbi yardım göstərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyun ayının əvvələrində Ağstafa rayonu Poylu kəndində yerləşən “Şirlər” kafesini götürüb işlədir. Kafedə ondan başqa ofsiant yox imiş, özü kafedə həm də ofsiant kimi işləyir. 2023-cü il ilin sentyabr ayının 19-da saat 20 radələrində Ağstafa rayonu Poylu qəsəbəsində yaşayan Saqif yanında iki nəfər şəxslə birlikdə işlədiyi “Şirlər” kafesinə gəlmişlər. Onlar kafenin həyətində olan stollarda əyləşib pivə içmişlər. Həmin gün, saat 22 radələrində Saqifin yanında olan, sonradan adlarının Aləm və Yusif olmasını bildiyi şəxslər mübahisə etməyə başlamışlar, Saqif onları sakitləşdirmək istəmiş, əvvəlcə Aləmi sillə ilə vurmuş, Yusif yenidən Aləmin üzərinə getmək istəyəndə Saqif Yusifi sillə ilə vurmuş, sonra Yusif oturduğu yerdə söyüş söydüyü üçün Saqif yenidən Yusifi vurub oturduğu stuldan yıxmış, stul aşmış, Saqif də yerdə Yusifi vurmuşdur. Sonra isə onlar çıxıb getmişlər. Həmin vaxtı artıq gec olduğu üçün kafedə özündən,Yusif, Saqif və Aləmdən başqa heç kim olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 da eyni məzmunlu ifadə verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 06 oktyabr 2023-cü il tarixli 438 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənin müəyyən edilmiş xəsarətlər – alt çənə sümüyünün sol şaxəsinin yerdəyişən sınığı küt əşyanın təsirindən törəmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə təpiklə vurma nəticəsində əmələ gələ bilərdi, qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində X4, X2, X1, X6, X5 və X3 adlı yetkinlik yaşına çatmayan uşaqları var. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, lakin, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3 və CM-nin 73.2-ci maddəsinin tələblərinə əsasən barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 gün tutulmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə göndərdiyi teleqramnan görünür ki, o, Təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir, onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xx.xx.2023-cü il tarixdə zərərçəkmiş şəxslə barışdığından xitam verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslə barışması əsası ilə xitam verilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməməli, o, CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində azyaşlı uşaqlarının olmasını, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsdən üzrxahlıq edərək onunla barışıq əldə etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə, yuxarıdakılara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onun yaşayış yerini saat 22:00-dan saat 06:00dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 22:00-dan saat 06:00-dək yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Ağstafa Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri, xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Ağstafa Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-12/2025
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-12/2025
16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver