Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-17/2024 18.01.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu ildə Qazax rayonunun Eynallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu Eynallı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötrü ki, o, 18 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Ağstafa rayonu Eynallı kəndində, yaşadığı evin yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı, qayınatası Zərərçəkmiş şəxs yaxın qohumlarının gözü qarşısında, onlara əzab verdiyini dərk edərək yumruq və təpik zərbələri ilə qəsdən sonuncunun bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona sağ kürəkaltı nahiyyədə qançır və döş qəfəsinin sağ tərəfli Xİ qabırğanın sınığı ilə nəticələnən, zərərçəkmiş Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə sağlamlığına xüsusi amansızlıqla qəsdən az-ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CМ-nin 127.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Ağstafa rayon Eynallı kəndində yaşayır. Zərərçəkmiş şəxs onun keçmiş qaynatasıdır. Onunla münasibətləri normal olmuş və hər zaman bir böyük kimi onun hörmətini saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 4-5 radələrində onun idarə etdiyi “Hyundai” markalı avtomobil ilə bacısı, keçmiş həyat yoldaşı Gülnar və qonşuları Ceyhun ilə birlikdə keçmiş həyat yoldaşı Gülnarı işlədiyi məktəbdən evə gətirərkən, evə çatan zaman Gülnar uşağı da götürərək yola tərəf qaçmış, bu zaman həyat yoldaşının anası və xalası uzaqdan onlara tərəf gəlməsini görmüşdür. Həmin vaxt qaynatası onlardan aralıda olmuşdur. Onlar birinci bacısını vurub yerə yıxmışlar və qonşuları Ceyhun gəlib aralamışdır. Zərərçəkmiş şəxs ona tərəf gələrək onu hədələmiş və ona yumruq atmış, lakin yumruq ona dəyməmiş, o da zərərçəkmişin boğazından tutaraq yavaşca itələmişdir. Bu zaman o, arxaya gedərək yıxılmışdır. Həyat yoldaşı ilə münasibətləri normal olmuş, lakin qaynanası hər zaman onların ailə münasibətlərinə müdaxilə etmişdir. Həyat yoldaşı aralarında baş verən hər məsələni anasına danışdığı üçün onu telefon işlətməyə qoymamışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışığa cəhd etsə də sonuncu qəbul etməmiş, zərərçəkmiş şəxsdən üzr istəmişdir. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Ağstafa rayonu Göycəli kəndində yaşayır. Gülnar onun qızı, Elçin isə onun keçmiş kürəkənidir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında o həyatyanı torpaq sahəsində işləyərkən, həyat yoldaşı zəng edərək bildirmişdir ki, təcili evə gəlsin. O da evə gəlmişdir. Həyat yoldaşı ona demişdir ki, qızları müəllimələrin telefonundan zəng edərək bildirmişdir ki, gəlib onu aparmasalar o özünü öldürəcəkdir. Taksi sifariş edərək bacısı, baldızı və həyat yoldaşı ilə birlikdə Elçingilin yaşadığı Eynallı kəndinə getmişlər. Onlar maşından düşərkən qızları anasına tərəf qaçan kimi, təqsirləndirilən şəxs də qızına doğru qaçmış və qızını qucağında uşaqla yerə, daşın üstünə yıxmışdır. Sonra da həyat yoldaşının üzərinə hücum çəkmişlər. Bütün hər şey Elçingilin evlərinin kamerasına yazılmışdır. Elçin onun qolundan və boynundan tutaraq yumruqla təpiklə sağ və sol yanlarına vurmuşdur. O, Elçinin ünvanına nalayiq ifadə işlətməmişdir. Uşağı götürüb maşına əyləşən kimi yanından istilik gəlməsini və nəfəs almaqda çətinlik çəkməsini hiss etmişdir. 102 xidmətinə zəng etdikdə ona sabahı gün ekspertizaya getməsini və rentgen olunmasını bildirmişlər. Qızı ailə qurduqdan sonra 3-4 ay sonra onun həyat yoldaşı ilə münasibətləri soyumuşdur. Lakin o, qızına ailəsini dağıtmamasını və səbrli olarsa hər şeyin düzələcəyini bildirmişdir. Lakin Elçin və onun bacısı qızları ailə qurduqdan sonra onu və həyat yoldaşını evlərinə qoymamışlar. O, davadan əvvəl sonuncu dəfə qızını 2022-ci ilin 8 martında görmüşdür. Hal-hazırda da Elçin uşağı ilə maraqlanmır. Təqsirləndirilən şəxslə barışmamış və ondan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 22 mart 2020 ci ildə ailə quraraq, Ağstafa rayon Eynallı kəndinə gəlin köçmüşdür. Evdə o, Elçin, baldızı və onun uşaqları yaşamışlar. Onların birgə nikahdan 2021 ci il noyabrın 18-də bir övladları olmuşdur. Ailə münasibətləri ilk vaxtlarda soyumağa başlamışdır. Belə ki, ilk vaxtlarda Elçin onun anasını və atasını evlərinə gəlməyə qoymamışdır. Hətta uşaqları olduqda onun valideynlərini gəlməyə qoymamışlar. Ondan sonra aralarında davalar başlamış, Elçin onu boş bir şeylərin üstündə döyməyə və təhqir etməyə başlamış, telefonunu qırmışdır. 18 yanvar 2023-cü ildə səhər 7-də Elçin onu “Hyundai” markalı avtomobillə məktəbə apararkən döymüş, döymə səbəbi kimi də onun evə cadu gətirməsini bildirmişdir. Ona görə maşında onu başından və qolundan dəfələrlə vurmuş, qışqıraraq maşının qapısını açmasını də düşəcəyini bildirdikdə o, maşını saxlamamışdır. Ağlaya-ağlaya arxa oturacağa keçmiş və qayıdanda onu atasıgilin evlərinə düşürməsini və münasibətlərinin bitdiyini bildirmişdir. Daha sonra məktəbə getmişlər. Məktəbdə olarkən müəllimlərin birinin telefonundan anasına zəng edərək gəlib məsələni aydınlaşdırmalarını bildirmişdir. Məktəbdən evə qayıdarkən yol üstü baldızını, qonşularını və uşaqlarını bağcadan götürmüşlər. Evə qayıdarkən görmüşdür ki, atasıgil gəlirlər, onlar heç içəri girməmiş, söz-söhbət yolda, qapının çölündə baş vermişdir. O anasına tərəf gedərkən Elçin onu qucağında uşaqla başından vurmuş, uşaqla birlikdə o, yerə yıxılmışdır. Sonra anası araya qarışaraq, onu niyə vurduğunu bildirdikdə Elçin anasına da bir təpik vurmuş, anası yerə yıxılmışdır. Daha sonra atası qaça-qaça gəldikdə söz-söhbət daha da böyümüş, bir-birini vurmağa başlamışlar. Sonra səs-küyə qonşular gəlmişdir. Görmüşdür ki, Elçinin bacısı oğlu atasını tutmuş, Elçin də atasını sağ və sol yanlarında təpiklə və yumruqla vurur. Daha sonra uşağını almasınlar deyə uşağı da götürərək maşına tərəf qaçmış, atasını da götürərək evə qayıtmışlar. Həmin gün atasında ağrılar olmağa başlamış və polisə zəng edərək məlumat vermişlər, sonra atasını xəstəxanaya aparmışlar, rentgenə düşdükdə atasının 13-cü qabırğasının sındığını öyrənmişlər. Hadisədən sonra Elçin gəlib üzr istəməmiş, əgər üzr istəsəydi hadisə bu qədər böyüməzdi. Hətta Elçin hadisədən 2 həftə əvvəl onu döymüş, o böyük bir travma keçirmişdir. Hətta Elçin sürdüyü maşını onun adına kredit götürüb almışdır. Ailə münasibətlərinin dağılmasına səbəb Elçinin onu dəfələrlə döyməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Gülnarın anası, zərəçəkmiş şəxsin həyat yoldaşıdır. 18 yanvar 2023-cü il tarixdə qızı ona zəng edərək səhər saatlarında yoldaşının onu maşında söyməsini, vurmasını, artıq o evdə yaşaya bilməməsini və onu evdən götürməsini bildirmişdir. Onlar da məsələni aydınlaşdırmaq üçün baldızı Şahid3, bacısı Şahid4 və həyat yoldaşı ilə birlikdə taksi ilə qızının yaşadığı evə getmişlər. Həmin ünvana çataraq qızının gəlməsini gözləmiş, qızı maşından düşərək qucağında uşaqla ona tərəf gəldikdə arxası ilə qaçıb qızının kürəyinin arxasından bir yumruq vurmuş, qızı qucağında uşaqla ağzı üstə yerə yıxılmışdır. Elçinə tərəf gedərək qızını niyə vurduğunu bildirərkən Elçin ona da bir təpik vurmuş və bu zaman o, ağzıüstə yerə yıxılmışdır. Daha sonra yoldaşı gələrək onları niyə vurduğunu bildirdikdə o yoldaşını tutaraq yumruqla döyməyə başlamış, o yoldaşına tərəf getdikdə baldızı onu tutaraq o tərəfə getməyə qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Elçin qonşusudur. 2023-cü il yanvarın 18-i günorta saatlarında işdən çıxan vaxt Elçin onu da avtomobil ilə yoldan götürmüş, daha sonra bacısını götürmüşdür. Elçin idarə etdiyi avtomobil ilə kəndə gəldikdən sonra avtomobildən düşdükdə qəbiristanlıq tərəfdən 5-6 nəfərin gəldiyini, yanlarında da “VAZ 2107” markalı avtomobilin dayandığını görmüşdür. Həmin şəxslərin qəbiristanlığa gəldiklərini zənn edib telefonuna baxa-baxa evə getmişdir. Evə çatanda arxadan qışqırıq səslərinin gəldiyini eşitmiş, geri qayıtdıqda Elçinin bacısı Mətanətin yerdə olmasını, Elçinin onu qaldırmasını, Elçinin həyat yoldaşının da qucağında uşaqla körpünün üstünə tərəf getməsini, orada isə qaynanası və 3 qadının qalmasını, qaynatasının isə körpünün üstündə Elçinə qarşı nalayiq ifadələr işlətməsini görmüşdür. Daha sonra qaynatası Elçinin üstünə hücum çəkdikdə, Elçin onun boğazından tutaraq saxlamışdır. Elçinin orada kimisə vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Elçin onun qardaşıdır. 18 yanvar 2023-cü il tarixdə işdən evə çatan kimi maşının qapısını açıb, evə daxil olduqda, Gülnar maşının qapısı açılan kimi qucağında uşaqla maşından düşüb qaçmışdır. İlk dəfə nə olduğunu anlamamış, sonra görmüşdür ki, Gülnarın anası, xalası və bibisi yoldan onlara tərəf gəlirlər. Gülnar qucağında uşaqla getmiş, anası, xalası və bibisi qardaşı ilə danışmağa başlamışlar. Həmin vaxt Zərərçəkmiş şəxs körpünün üstündə olmuşdur. O, Elçingili aralamağa getdikdə, Tariyel gəlib onu itələmiş, Elçinin də boğazından tutmuşdur. Kiminsə kimisə vurmasını görməmişdir. Elçinin həyat yoldaşı Gülnarla səhər davasını bilməmiş, o qardaşının uşağını götürərək səhər saatlarında bağçaya yola salmış, özü də işlədiyi məktəbə işə getmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs ifadəsində göstərmiş olduğu xüsusatları tam təsdiq etmişlər. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 19 yanvar 2023-cü il tarixli 40 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər – sağ kürəkaltı nahiyyədə qançır və döş qəfəsinin sağ tərəfli Xİ qabırğanın sınığı– bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əllə, təpiklə və daşla vurma nəticəsində əmələ gələ bilərdi, qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 19 yanvar 2023-cü il tarixli 39 nömrəli rəyində göstərilmişdir ki, Şahid2 bədənində müəyyən edilmiş xəsarətlər-Solsağ dizin alt səthində sıyrıqlar küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əllə, təpiklə vurma nəticəsində əmələ gələ bilərdi, qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 19 yanvar 2023-cü il tarixli 41 nömrəli rəyində göstərilmişdir ki, Şahid1 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. İş materiallarında olan Qazax rayon Psixiatriya xəxtəxanasından təqdim edilmiş xx.xx.2023-cü il tarixli 1176 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qazax Psixiatriya xəstəxanasında qeydiyyatda yoxdur. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 gün tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində təsbit olunmuş prinsipə əsasən, hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə tərəfindən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıla bilər. Məlumdur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “şəxsiyyət əleyhinə olan cinayətlər” adı altında xüsusi fəslə daxil edilən normaları ilə insanın həyatı müdafiə altına alınır və insanın həyatı əleyhinə yönəlmiş ictimai təhlükəli əməllərə görə cinayət məsuliyyəti və cəza nəzərdə tutulur. Şəxsiyyət əleyhinə olan cinayətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bir neçə kateqoriya üzrə bölünmüşdür. Bunlar həyat və sağlamlıq əleyhinə olan cinayətlər, şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər, insan və vətəndaşın Konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan cinayətlər və şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərdir. Həyat və sağlamlıq əleyhinə olan cinayətlərdən biri də qəsdən sağlamlığa az ağır zərər vurmadır. Bu cinayətin anlayışı zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmaqdır. Təqsirləndirilən şəxs verilmiş ittiham isə həmin növ cinayətin xüsusi amansızlıqla törədilməsi faktı ilə verilmişdir. Lakin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini xüsusi amansızlıqla törətməmişdir. Belə ki, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il 3 saylı Qərarında izah edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diridiri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Göründüyü kimi, Ali Məhkəmənin Plenumun adıçəkilən qərarında xüsusi amansızlıq anlayışının həm qətlin üsulu ilə, həm də təqsirkarın xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olmasından başqa, həmçinin təqsirkarın qəsdinin istiqaməti də qeyd edilir. Nəzərə almaq lazımdır ki, xüsusi amansızlıqda söhbət hər hansı istənilən amansızlıqdan deyil, yalnız xüsusi amansızlıqdan gedir. Çünki qəsdən sağlamlığa az ağır zərər vurulması özü-özlüyündə təqsirkarın müəyyən amansızlığını ifadə edir. Həmin cinayətin törədilməsi məhz təqsirkarın qəsdi ilə əhatə olunmalıdır. Bu zaman qəsdin forması barədə hər hansı göstərişin olmaması ona dəlalər edir ki, bu zaman təqsirkar istər birbaşa, istərsə də dolayı qəsdlə hərəkət edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 25-ci maddəsinə görə, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Hazırki vəziyyətdə Təqsirləndirilən şəxs əməli zərərçəkmiş şəxsin məhz xüsusi amansızlıqla qəsdən sağlamlığına az ağır zərər vurulmasına yönəldilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs əməlində Zərərçəkmiş şəxs əzab, işgəncə vermək, onun şəxsiyyətinin ələ salmaq, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilmək halları mövcud deyildir. İş üzrə Təqsirləndirilən şəxs verilmiş ittihamda onun zərərçəkmiş şəxsin yaxın qohumlarının gözü qarşısında, onlara əzab verdiyini dərk edərək sonuncuya xəsarət yetirməsi əsas gətirlərək onun törətmiş olduğu əməl CM-nin 127.2.2-ci maddəsi ilə ittiham olunmuşdur. Həmin faktlar isə məhkəmə iclasında öz təsdiqini tapmamış və bu barədə hər hansı bir sübut mövcud deyildir. Həmin hallar təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və sonuncunun yaxın qohumlarının məhkəmə iclasında verdikləri sərbəst ifadələri ilə də öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs o, 18 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Ağstafa rayonu Eynallı kəndində, yaşadığı evin yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı, qayınatası Zərərçəkmiş şəxs yumruq və təpik zərbələri ilə qəsdən sonuncunun bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona sağ kürəkaltı nahiyyədə qançır və döş qəfəsinin sağ tərəfli Xİ qabırğanın sınığı ilə nəticələnən, zərərçəkmiş Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə sağlamlığına qəsdən az-ağır zərər vurmuşdur. İşin bu halları məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri və işin digər faktiki halları ilə təsdiq olunur. Təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verilməsi, zərərçəkmiş şəxsin yaxın qohumlarının gözü qarşısında, onlara əzab verdiyini dərk edərək sonuncuya xəsarət yetirməsi ilə müşayiət olunan hərəkətlərə aid deyildir. Hadisə məhz zərərçəkmiş şəxsin kürəkəni Təqsirləndirilən şəxsla qızı Şahid2 arasında baş vermiş ailə münaqişəsi zəmnində zərərçəkmiş şəxsin bacısı, baldızı və həyat yoldaşı ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getdikdən sonra baş vermişdir. Orada isə qohumlar arasında qarşılıqlı mübahisə olmuş və mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruq və təpik zərbələri vuraraq sonuncunun sağlamlığına dərəcəsinə görə qəsdən az-ağır zərər xəsarəti yetirmişdir. Yəni, Təqsirləndirilən şəxs niyyəti və hərəkətləri Zərərçəkmiş şəxs yaxın qohumlarının gözü qarşısında, onlara əzab verdiyini dərk edərək sonuncuya xəsarət yetirilməsi ilə bağlı olmamış, həmin hallar təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və sonuncunun yaxın qohumlarının məhkəmə iclasında verdikləri sərbəst ifadələri ilə də öz təsdiqini tapmamışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs törətdiyi əməl CM-nin 127.1-ci maddəsi ilə tam əhatə olunduğundan, onun əməli CM-nin 127.2.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədilməsi halının olmaması qənaətinə gəldiyindən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 127.2.2-ci maddəsi kimi qiymətləndirilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl CM-nin 127.2.2-ci maddəsindən CM-nin 127.1-ci maddəsinə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahid ifadələri, onu tamamlayan və bir-birinə uyğun gələn cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı). Cinayət Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 25.3-cü maddəsinə müvafiq olaraq, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmaya səbəb olan xəsarətlər yetirdiyindən onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsindən CM-nin 127.1-ci maddəsinə tövsif olunmalı, həmin maddə ilə isə onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq hadisələrin təsadüfi axarı zəminində böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, məhkəmə prosesində zərərçəkmiş şəxsdən üzr istəməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, həmçinin zərərçəkmiş şəxslə barışması üçün kifayət qədər səy göstərməməsini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin gələcəkdə islah olunmasını nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun ibtidai istintaq zamanı tutulduğu 02 gün təyin ediləcək cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Мəhkəmə qeyd edilənlərə əsasən və Аzərbaycan Respublikası CPM-nin 344- 347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsindən CM-nin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-17/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-17/2024
18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver