Məhkəmə qərarları › İş №1(015)-17/2025

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-17/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-17/2025 18.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Qazax rayonu Kalininkənd qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu Vurğun qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2018-ci il tarixindən başlayaraq xx.xx.2016-cı ildə anadan olmuş Aylin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154,00 manat məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs (Hava) Yusif qızına verilməsinə dair Ağstafa Rayon Məhkəməsinin 2(015)-1050/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Ağstafa Rayon Məhkəməsinin 3(015)-41/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə 15 gün, 3(015)-217/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə 20 gün, 3(015)-424/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə 30 gün, 3(015)-616/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə isə 8 gün müddətinə inzibati qaydada həbs edilmiş, bundan sonra icra üçün yeni müddət təyin edilmiş və ondan aliment borcunun ödənilməsinə dair məhkəmə qətnaməsini könüllü icra etməsi tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında sonuncu dəfə xx.xx.2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 22 aprel 2024-cü il tarixədək 10460,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs (Hava) Yusif qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, 2015-ci ildə Zərərçəkmiş şəxs (Hava) Yusif qızı ilə el adətilə ailə qurmuşdur. Nikah qeydi xx.xx.2016-cı ildə rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2016-cı il tarixdə Aylin adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət ailə münasibətləri yaxşı olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışdır. Ayrılarkən uşaq anasının himayəsində qalmışdır. Artıq bir ailə kimi yaşamaqları da mümkünsüz olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Ağstafa Rayon Məhkəməsi nikahın pozulması, həmçinin ondan 22 iyun 2018-ci il tarixdən başlayaraq xx.xx.2016-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs (Hava) Yusif qızına verilməsinə dair 31 oktyabr 2018-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamə üzrə verilmiş icra sənədi xx.xx.2018-ci il tarixdə Ağstafa rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq bildirişlə birlikdə onun ünvanına göndərilmişdir. Maddi imkanı olmadığına görə o, məhkəmə qətnaməsinin icrasını təmin edə bilməmişdir. Buna görədə Ağstafa Rayon Məhkəməsinin qərarı ilə ölkədən getmə hüququ müvvəqəti olaraq məhdudlaşdırılmaqla ayrı-ayrı vaxtlarda 4 dəfə inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdən sonrada icra məmuru tərəfindən ona yenidən vaxt verilərək yaranmış aliment borcunun ödənilməsi ondan tələb edilmişdir. İcra məmuru tərəfindən ona dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir. Lakin maddi imkanı zəif olduğuna görə yaranmış aliment borcunu ödəyə bilməmişdir. Aqlay ustası kimi fəaliyyət göstərir. Əməlindən peşmandır, ümumi borcdan məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsə 4000 manat pul ödəmişdir. Qalan borcunu da hər ay 50 manat, həmçinin hər ay aliment ödənişlərini də stabil olaraq ödəyəcəkdir. Ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2015-ci ildə Təqsirləndirilən şəxs ilə el adətilə ailə qurmuşdur. Nikah qeydi xx.xx.2016-cı ildə rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2016-cı il tarixdə Aylin adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan Arifdən ayrılmışdır. Ayrılarkən uşaq onun himayəsində qalmasına baxmayaraq Arif uşaqla maraqlanmamış və onun saxlanılmasına maddi köməklik göstərməmişdir. Həmçinin artıq bir ailə kimi yaşamaqları da mümkünsüz olmuşdur. Aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ağstafa Rayon Məhkəməsi nikahın pozulması, həmçinin Təqsirləndirilən şəxs 22 iyun 2018-ci il tarixdən başlayaraq 28 avqust 2016-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair 31 oktyabr 2018-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamənin çıxarılmasından beş ildən çox müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinə məhəl qoymamış və ötən müddətdə müəyyən edilmiş aliment məbləğini vaxtı-vaxtında və tam olaraq ödəməmişdir. Halbuki, Arif fərdi qaydada işləyir və onun alimenti ödəməyə maddi imkanı vardır. Buna baxmayaraq o, qərəzli olaraq alimenti ödəmir. Uşaq böyüdüyündən onun maddi tələbatı da xeyli artmışdır. Təkbaşına uşağın zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. Buna görə də müəyyən edilmiş aliment məbləğinə ehtiyacı çoxdur. Alimenti ala bilmədiyinə görə dəfələrlə icra məmurlarına da müraciət etmişdir. İcra məmurları tərəfindən zəruri tədbirlər görülsə də, Arif yenə də alimenti vaxtı-vaxtında ödəmir. Borclu Təqsirləndirilən şəxs Ağstafa Rayon Məhkəməsinin müvafiq qərarları ilə 4 dəfə inzibati qaydada həbs olunmasına və ölkədən getmə hüququnun məhdudlaşdırılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməkdən boyun qaçırır. Təqsirləndirilən şəxs müxtəlif rayon və şəhərlərdə fərdi qaydada aqlay ustası kimi işləyir və kifayət qədər qazanc əldə edir. Təqsirləndirilən şəxs maddi imkanı olmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməkdən boyun qaçırır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 10460 manat puldan ayrıayrılıqda 2000 manat olmaqla, ümumilikdə 4000 manat pul ödəmişdir. Lakin o, pulun tam həcmdə ödənilməsini tələb edir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir, onunla barışmamışdır. Ona azadlıqdan məhrum etmə növündə cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ağstafa Rayon Məhkəməsinin 2(015)-1050/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixindən başlayaraq xx.xx.2016-cı ildə anadan olmuş Aylin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154,00 manat məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs (Hava) Yusif qızına verilməsi qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə xx.xx.2018-ci il tarixli qərarla icraata başlanılaraq tələbin icrası barədə borcluya bildiriş verilmişdir. Məcburi icra tədbirləri çərçivəsində borclunun adına tələbin yönəldilə biləcək əmlakının və gəlirlərinin olub-olmaması öyrənilmiş, nəticədə borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi heç bir əmlakı aşkar olunmamışdır. Həmçinin icra müddətində borclu dəfələrlə icra şöbəsinə çağırılaraq icra sənədinin mahiyyəti ona izah edilmiş, alimentin ödənilməsi tələb olunmuş və məsuliyyəti barədə xəbərdarlıq olunmuşdur. Lakin xeyli müddətin keçməsinə baxmayaraq ödəniş etməmiş, eyni zamanda görülümüş icra tədbirləri nəticəsində olduğu yeri müəyyən etmək mümkün olmamışdır. xx.xx.2019-cu il tarixli qərarla borclu barəsində axtarış elan edilmişdir. xx.xx.2019-cu il tarixdə borclu Təqsirləndirilən şəxs Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq icra və probasiya şöbəsinə gətirilməsi təmin edilmişdir. İcra şöbəsində borcludan yaranmış aliment borcunun ödənilməsi bir daha tələb olunmuş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Borclu maddi imkanının olmadığını əsas gətirərək ödəniş etməkdən yayınmışdır. Borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdən sonra da Təqsirləndirilən şəxs öz əməllərini davam etdirdiyinə görə onun barəsində dəfələrlə inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəməyə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 20 gün, xx.xx.2022-ci il tarixli qərarı ilə 30 gün və xx.xx.2024-cü il tarixli qərarı ilə 8 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İnzibati məsuliyyətə cəlb edildikdən sonra yeni icra müddəti təyin edilərək qətnamənin icrası borcludan tələb olunmuş, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar verilmişdir. Eyni zamanda icra sənədinin icrası ilə bağlı borclu ilə fərdi söhbətlər aparılmış, məsuliyyəti şəxsən diqqətinə çatdırılmışdır. Lakin görülmüş icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs hərəkətlərində dönüş yaratmamış və xx.xx.2018-ci il tarixdən başlayarq cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixə kimi ödəməli olduğu 10780,00 manat aliment borcundan icra müddətində cəmi 320,00 manat ödəniş etmiş, lakin ödənilməmiş 10460,00 manat aliment borcunu qəsdən ödəməmişdir. Göründüyü kimi borclu Təqsirləndirilən şəxs yaranmış aliment borcunu ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayınmışdır. Ümumiyyətlə icra müddətində Təqsirləndirilən şəxs icra sənədinin icrasına etinasız yanaşmış, aliment borcunu ödəyəcəyi barədə vədlər versə də, sonradan vədinə əməl etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 2(015)-1050/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, borclu Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixindən başlayaraq xx.xx.2016-cı ildə anadan olmuş Aylin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154,00 manat məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs (Hava) Yusif qızına verilməsi qət edilmiş və müvafiq icra vərəqi verilərək həmin qətnamə icraya yönəldilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(015)-1050/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. İş materiallarına əlavə edilmiş Ağstafa Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli 3(015)-41/2019 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs olunmuşdur. İş materiallarına əlavə edilmiş Ağstafa Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 3(015)-217/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs olunmuşdur. İş materiallarına əlavə edilmiş Ağstafa Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 3(015)-424/2022 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 30 (otuz) gün müddətə inzibati qaydada həbs olunmuşdur. İş materiallarına əlavə edilmiş Ağstafa Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli 3(015)-616/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs olunmuşdur. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 8(015)-17/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs məsuliyyət barədə xəbərdarlıq olunmasına, həmçinin məhkəmə qərarlarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati qaydada həbs edilməsinə baxmayaraq o, öz hərəkətlərini davam etdirərək Ağstafa Rayon Məhkəməsinin 2(015)-1050/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan Tovuz regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş şəhadətnamədən görünür ki, Ağstafa Rayon Məhkəməsinin 2(015)- 1050/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsində iddiaçı kimi tanınmış X4 adı öz arzusu ilə dəyişdirilərək Zərərçəkmiş şəxs kimi qeyd olunmuşdur. Belə olan halda cinayət işi üzrə zərərçəkmiş şəxsin adı cinayət işinin bütün materiallarında “Hava” əvəzinə “Həvva” kimi oxunulmalıdır. İş materiallarında olan X2 X1 Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) 4 may 2020-ci il tarixdən işsiz kimi qeydiyyata alınmışdır. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ittiham aktı üzrə 10460 manat borcundan ona hazırki günə kimi 4000 manat pul ödəmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, sübutların toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun təqsiri əməlini etiraf etməsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın bir hissəsini ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə, yuxarıdakılara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 306.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onun yaşayış yerini saat 22:00-dan saat 06:00dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 22:00-dan saat 06:00-dək yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri, xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Ağstafa Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar