Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-18/2024 15.02.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas Nağıyev Sənan Tahir oğlunun katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Rusiya Federasiyanının Rostov vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, bir uşaq atası, Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, Ağstafa şəhəri, R. Əsədov küçəsi, ev 48-də qeydiyyatda olmaqla rayonu, Qazax rayonu, İkinci Şıxlı kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 0l ədəd bükümdə, təmiz çəkisi 26,708 qram təşkil edən narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranını əldə edərək, əynində olan cins şalvarın sağ yan cibində qanunsuz olaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 11:37-də Ağstafa RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri 27-ci məhəllədə piyada hərəkətdə olan zaman saxlanılaraq Ağstafa rayon polis şöbəsinə gətirilmiş, həmin narkotik vasitə həşiş qətranı Ağstafa rayon polis şöbəsinin inzibati binasında, həmin gün saat 13:11-dən 13:20-dək müddətdə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Ağstafa şəhəri, R. Əsədov küçəsi, ev 48-də qeydiyyatda olsa da Qazax rayonunun İkinci Şıxlı kəndində yaşamışdır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Ağstafa şəhəri 27-ci məhəllədə piyada hərəkətdə olarkən polis əməkdaşları yaxınlaşıb narkotik vasitələrin qanunsuz əldə edilməsində, istehlakında və daşınmasında şübhəli olduğunu bildirərək onlarla birlikdə Ağstafa RPŞ-nə getməli olduğunu bildirmişlər. O da etiraz etməmiş və polislərlə birlikdə Ağstafa RPŞnə getmişdir. Polis şöbəsində müdafiəçi ilə təmin olunmuş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, əvvəlcə ona üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olubolmaması, əgər vardırsa təqdim etməyi təklif olunmuşdur. O, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindəki 0l ədəd ağ rəngli sellofan bükülü təqdim etmiş, içindəkinin tiryək olduğunu, Bakı şəhərində tanımadığı şəxsdən aldığını demişdir. Ondan aşkar edilmiş həşiş qətranı elektron tərəzidə çəkilmiş, qablaşdırılııb götürülmüşdür. Daha sonra üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin başqa heç bir narkotik vasitə və ya onun prekursorları aşkar edilməmişdir. Əslində onda aşkar edilmiş tiryəki tutulmamışdan bir müddət əvvəl Qazax rayonu, İkinci Şıxlı kəndi ərazisindən tapmış, şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ağstafa RPŞ-də kriminalist işləyir. 10 may 2023-cü il tarixdə, saat 13:11-dən 13:20-dək Ağstafa RPŞdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman o, videoçəkiliş aparmış, orada təqsirləndirilən şəxsin müdaifəçisi də iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd büküm, bükümün içərisində də maddə aşkar edilmiş, Elmuraz həmin maddənin tiryək olmasını demişdir. Daha sonra şəxsi axtarış davam etdirilsə də iş üçün hər hansı əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Ağstafa RPŞ-nin CAB-nin rəisi vəzifəsində işləyir, polis polkovnik-leytenantıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Ağstafa RPŞ-də gündəlik xidmətində olan zaman əməliyyat məlumatı daxil olmuşdur ki, Qazax rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur və hal hazırda Ağstafa şəhəri ərazisindədir. Odur ki, daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə olunandan sonra onun əməlinin ifşa olunaraq cinayət başında maddi sübutla birlikdə saxlanılması üçün o, Köçvəlili polis bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə şöbədən çıxaraq Təqsirləndirilən şəxs Ağstafa şəhəri, 27-ci məhəllədə hərəkətdə olarkən saxlamışlar və özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, istehlakında və daşınmasında şübhəli olduğunu bildirərək onlarla birlikdə Ağstafa RPŞ-yə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə Ağstafa RPŞ-nə gəlmişdir. Polis şöbəsində təhqiqatçıya təhvil vermişlər və təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunduqdan sonra narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində və daşınmasında şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Vəkillərin siyahasına dair protokol ona təqdim olunduqdan sonra o, dövlət hesabına müdafiəçi X3 təyin olunmasını xahiş etmişdir. Bundan sonra ona üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi, üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması, əgər vardırsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan torbada bükülü halda olan kütləni təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisindən tünd qəhvəyi rəngli, kəskin iyili kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzi vasitəsilə çəkilmiş, ümumi çəkisinin 27.27 qram olduğu müəyyən olunmuşdur. Aşkar edilmiş kütlə tərkibinin və miqdarının dəqiq müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdırılmaqla götürülmüş və üzəri RPŞ-nin 88 nömrəli möhür əks ilə möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə həşiş olduğunu, tutulmamışdan bir neçə gün qabaq Bakı şəhərində tanımadığı şəxsdən 150 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin həmin kütlədən bu günə qədər heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən heç bir narkotik vasitə və ya onun prekursorları aşkar edilməmişdir. Daha sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, o da həmin protokola imza etmişdir. İş üzrə şahid olan Şahid2 Hail oğlunun ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, o da yuxarıda göstərilənlərlə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Ağstafa rayon polis şöbəsinin inzibati həmin gün saat 13:11-dən saat 13:20-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və əynindəki şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülü vəziyyətdə olan 27,27 qram həşiş qətranına oxşar kütlə aşkar edilib götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 16/492 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 27,27 qram çəkidə ilkin baxışdan tiryəkə bənzər kütlə...” yazıları və imzalar olan kağız paketdəki 01 ədəd ağ rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 26,708 qram olan maddə (bitki tərkibli kütlə), narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranıdır (26,708 qram həşiş qətranından 0,1 qram ekspertiza tədiqatına sərf edilmiş, 26,608 qram həşiş qətranı qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1150 №-li nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və həşişdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müaylicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsili bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində 02 il 05 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü Ülviyyə Orucova adlı qızı var, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək o, RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən halhazıradək həbsdə saxlanılır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur, onun həmin cinayəti törətməsi məhkəmə istintaqı zamanı sübut olunur, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün əsas yoxdur və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1.-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmış, cəzasını çəkib qurtardığı gündən 02 il müddət keçmədən və məhkumluq müddəti məhkəmə tərəfindən vaxtından əvvəl onun üzərindən götürülmədən CM-nin 234.1-ci maddələrində nəzərdə tutulmuş, az ağır hesab edilən cinayət əməlini törətmişdir, bu da cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, himayəsində azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişdirsə, o, azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 14 dekabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Ağstafa RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 26,608 qram həşiş qətranı məhv edilməli, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 32,4 manat məbləğində pul ondan tutulub X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 357, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəsası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 14 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ağstafa RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 26,608 qram həşiş qətranı məhv edilsin. İş üzrə məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №1(015)-18/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-18/2024
15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver