Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-19/2024 25.07.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1971-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, Ağstafa rayonu, Poylu qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdə saat 15 radələrində ictimai yerdə, Ağstafa şəhəri Heydər Əliyev prospektində yerləşən Ağstafa rayon prokurorluğunun və Rayon Məhkəməsinin inzibati binasının qarşısında, nəqliyyatın intensiv hərəkətdə olduğu mərkəzi yolun hərəkət hissəsində ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, hərəkətdə olan nəqliyyat vasitələrinin dayanmasına, orada olan şəxslərin gözü qarşısında, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı qərəzli surətdə laqeydlik və etinasızlıq göstərərək aralarında olan narazılığı bəhanə edib heç bir əsaslı səbəb olmadan qardaşı oğlu Zərərçəkmiş şəxs ilə mübahisə edib, əlində olan istintaqa məlum olmayan dəmir alətlə onun baş və bədən nahiyyələrinə qəsdən vuraraq Zərərçəkmiş şəxs sağ ön təpə nahiyyəsində, sağ orta təpə nahiyyəsində, sol orta təpə nahiyyəsində və sağ əlin 3-cü barmağının əzilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər yetirib silah qismində istifadə olunan əşyadan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağstafa rayonu, Poylu qəsəbəsində yaşayır. 13 may 2023-cü il tarixdə evdə olarkən anası ilə bacısı ona bildirmişlər ki, qardaşı oğlanları Camal və Məhəmməd yaşadıqları evə gələrək onları döymüşlər. Səbəb Camalın uşağı öldürülən zaman onun oğlunun da orada olması olmuşdur. O, anasını özünə məxsus olan avtomobillə həkimə apardığı vaxt, Ağstafa rayon prokurorluğunun qarşısından keçən zaman anası ona bildirmişdir ki, maşını saxlasın, o, gedib rayon prokurorluğuna bu barədə məlumat verəcəkdir. Maşından düşüb yolu prokurorluğun binasına tərəf getdikdə Camalın və Məhəmmədin, həmçinin onların ailəsinin də orada olmasını görmüşlər. 15 may 2023-cü il tarixdə, saat 15 radələrində Camal və Məhəmməd, həmçinin onların ailə üzvləri onlara hücum etmişlər. Mübahisə zamanı Məhəmməd onun oğlunu bıçaqlamış, həmçinin yaşlı anası da döyülmüşdür. O da idarə etdiyi avtomobilin yük yerində olan tozsoranın dəmir hissəsi ilə Camalın başına vurmuşdur. Dava-dalaş zamanı avtomobillərin hərəkəti dayanmış, ətrafa çoxlu adamlar toplaşmışdır. O, Camalı vurduğu dəmir parçasını harasa tullamışdır, lakin tulladığı yeri xatırlamır. Sonradan əməlindən peşman olmuş, Camaldan üzrxahlıq etmiş, Camal da onunla barışmışdır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisidir. Onun əmisi ilə münasibətləri həmişə yaxşı olmuşdur. 13 may 2023-cü il tarixdə, günortadan sonra o, uşağının öldürülməsi ilə bağlı olan cinayət işi üzrə Ağstafa rayon prokurorluğuna çağırılmışdır. Həmin vaxt özündən başqa bir neçə qohumları onunla birlikdə rayon prokurorlluğunun qarşısına getmişlər. Saat 15 radələrində əmisi Təqsirləndirilən şəxs və sonuncunun anası rayon prokurorluğunun qarşısına, onların yanına gəlmişlər. Orada aralarında narazılıq olmuş, sonra mübahisə davaya çevrilmiş, əmisi Elşən dəmir parçası ilə onu vurmuşdur. Orada olan şəxslər onları aralamışlar. Dava-dalaş nəticəsində ətrafa insanlar toplaşmış, mərkəzi yolda avtomobillərin hərəkəti dayanmışdır. Sonradan Elşən ondan üzrxahlıq etmiş, o da Elşənlə barışmışdır, təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Onun nəvəsini bıçaqla vurub öldürən zaman digər nəvəsi, Elşənin oğlu da hadisə zamanı orada olmuş və mübahisə zamanı onları ayırmışdır. 13 may 2023-cü il tarixdə evdə çay içən zaman Camal ilə Məhəmməd onların yaşadıqları evə gəlmişlər. Onlar evə girib qab-qaşığı sındırmış, həmçinin onu da vurmuşlar. Halı pisləşdiyi üçün oğlu Elşənin evinə getmiş və onu həkimə aparmasını bildirmişdir. Həmin gün, saat 15 rqadələrində Ağstafa rayon prokurorluğunun qarşısından keçən zaman oğluna maşını saxlamasını və gedib rayon prokurorluğuna şikayət edəcəyini bildirmişdir. Maşından düşüb prokurorluğun binasına tərəf yolu əks istiqamətə keçən zaman Camal ilə Məhəmməd və onların ailə üzvləri onlara tərəf gəlmişlər. Camalın arvadı onu vurmuş və o, yerə yıxılmışdır. Daha sonra nəvəsi Məhəmməd digər Elşənin oğlu Elbrusu vurmuşdur. Elşən də avtomobilinin yük yerində olan tozsoranın dəmir hissəsi ilə Camalı vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və X1 Şahid2 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs onun əri, Təqsirləndirilən şəxs isə Camalın əmisidir. Hazırki hadisədən bir müddət əvvəl Yusif adlı oğlu öldürülmüşdür. 13 may 2023-cü il tarixdə, saat 15 radələrində həmin cinayət işi ilə bağlı Ağstafa şəhəri, H. Əliyev prospektində yerləşən rayon prokurorluğunun inzibati binasının qarşısında olarkən Elşən, anası, arvadı dayanlarına gəlmiş, orada Camalla və Məhəmmədlə Elşənin qohumları və özü arasında mübahisə düşmüş, dava-dalaş nəticəsində əri Camal da xəsarət almışdır. Camal əmisi Təqsirləndirilən şəxs dəmir parçası ilə vurub ona xəsarət yetirməsini bildirmişdir. İş üzrə şahid olan Şahid7 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Ağstafa şəhəri Füzuli küçəsi ev 14-də yaşayır. Marşrut sürücüsü işləyir. İcarə əsasında etibarnamə ilə «Mersedes Benz 208» markalı **-BM-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu idarə edir. Həmin mikroavtobusla Ağstafa şəhərindən Tatlı və Köhnəqışlaq kəndlərinə və həmin kəndlərdən Ağstafa şəhərinə sərnişin daşıyır. Ağstafa rayonu Poylu qəsəbə sakinləri Təqsirləndirilən şəxs, Şahid4, Zərərçəkmiş şəxs və Şahid5 əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamış, heç biri ilə düşmənçiliyi, ədavəti yoxdur. Baş vermiş hadisə ilə əlaqədar olaraq bildirir ki, 13 may 2023-cü il tarixdə saat 15 radələrində «Mersedes Benz 208» markalı **-BM-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Ağstafa rayonu Köhnəqışlaq kəndindən Ağstafa şəhərinə sərnişin gətirən vaxt, Ağstafa şəhəri Heydər Əliyev prospektində hərəkətdə olarkən rayon prokurorluğun qarşısından keçəndə yolun ortasında bir neçə nəfər şəxsin bir-biri ilə dalaşdıqlarını görmüş, narahat olub mikroavtobusu saxlamış, lakin düşməmişdir. Baxanda görmüşdür ki, həmin şəxslərdən biri, təxminən 50-55 yaşlarında olan kişi dalaşdığı təxminən 30-35 yaşlarında olan digər şəxsi yerə yıxaraq əlində olan dəmir parçası ilə onun baş nahiyyəsinə bir neçə dəfə vuraraq xəsarət yetirir. Xəsarət alan şəxs də yerdən durub qaçıb rayon prokurorluğunun inzibati binasına girmişdir. Həmin vaxt başqa şəxslərdə bir-biri ilə əlbəyaxa olub dalaşmışlar. Onların arasında qadınlar da var idi. Qadınlar dalaşanları aralamağa çalışmışlar. Lakin həmin vaxt onlardan kimin kimi vurub xəsarət yetirdiyini görməmişdir. Dalaşan şəslər yolun hərəkət hissəsindən aralanıb gedəndən sonra mikroavtobusu sürüb yoluna davam etmişdir. Həmin vaxt prospektdən keçən bir neçə avtomobillərin sürücüləri də dava-dalaşı görüb avtomobillərini saxlayıb dayanmışlar və dalaşanlara tamaşa etmişlər. Həmin vaxt idarə etdiyi mikroavtobusda əyləşmiş tanımadığı sərnişinlər də dava-dalaşı görüb narahat olmuşlar. İş üzrə şahid olan Şahid8 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, X4 Şöbəsinin mühafizəçisi vəzifəsində işləyir. Xidməti iş yeri Ağstafa rayon məhkəməsidir. Ağstafa rayonu Poylu qəsəbə sakinləri Təqsirləndirilən şəxs, Şahid4, Zərərçəkmiş şəxs və Şahid5 əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamış, onların heç biri ilə düşmənçiliyi, ədavəti yoxdur. Baş vermiş hadisə ilə əlaqədar olaraq bildirir ki, 13 may 2023-cü il tarixdə saat 15 radələrində Ağstafa rayon məhkəməsinin inzibati binasında xidməti işində olan vaxt məhkəmə ilə üz-üzə, Ağstafa şəhəri Heydər Əliyev prospektində yerləşən Ağstafa rayon prokurorluğun qarşısından qışqırtı səsləri eşidib çölə çıxmış, məhkəmənin qarşısından baxanda görmüşdür ki, rayon prokurorluğunun qarşısında bir neçə nəfər kişi və qadın bir-biri ilə dalaşırlar.Prokurorluqda xidmət edən mühafizə polisi Şahid9 da onları aralamağa çalışır. Ətrafa da yolnan keçən bir neçə nəfər şəxs toplaşmışdı. O, yaxına getməmiş, məhkəməyə qayıdıb mobil telefonu ilə komandiri İlyas Allahverdiyevə bu barədə məlumat vermişdir. O, məhkəmənin qarşısında durub baxmışdır. Uzaqdan bir neçə nəfərin dalaşdıqlarını görmüşdür. Hadisəni konkret görməmişdir. Ona sonradan məlum olmuşdur ki, həmin hadisə vaxtı Ağstafa rayonu Poylu qəsəbə sakinlərindən olan bir nəfər şəxs öz əmisi oğlunu bıçaqla vurub xəsarət yetirmiş, başqa bir nəfər şəxs isə qardaşı oğlunun baş nahiyyəsinə dəmirlə vurub xəsarət yetirmişdir. İş üzrə şahid olan Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan olunmuş ifadəsindən görünür ki, Ağstafa rayonu Poylu qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Özünə məxsus “Vaz 21011” markalı avtomobili ilə taksilik edib ailəsini dolandırır. Zərərçəkmiş şəxs doğma qardaşıdır. Təqsirləndirilən şəxs əmisidir. Şahid4 əmisi oğludur. Onlarla əvvəllər münasibəti yaxşı olmuş, lakin son zamanlar aralarında mübahisələr olmuş, narazılıq yaranmışdır. Belə ki, 29 mart 2023-cü il tarixdə həmkəndlisi X2 bıçaqla vurub qardaşı oğlu Cavanşiri qətlə yetirmişdir. Həmin faktla bağlı Ağstafa rayon prokurorluğunda cinayət işinin istintaqı aparılır. Qardaşı oğlu qətlə yetirilərkən orada olmuş şahid əmisi oğlu X3 gəlib bu barədə onlara gec məlumat vermiş, Cavanşir də qanaxmadan vəfat etmişdir. Əgər əmisi oğlu Elcan gəlib onlara vaxtında məlumat versə idi bəlkədə qardaşı oğlu indi sağ idi. Həmçinin Elcan ilk öncə yanlış məlumat vermişdi. Hadisənin şahidi ola-ola qardaşı oğlunun tanımadığı bir şəxs tərəfindən vurulduğunu demişdi. Qardaşı da bu barədə rayon prokurorluğuna şikayət etmişdi. Həmin vaxtdan əmisi gillə münasibətləri pozulmuşdur. 12 may 2023-cü il tarixdə qardaşı Camalın “Mersedes” markalı avtomobilini sürüb evlərinə gətirmişdi. 13 may 2023-cü il tarixdə saat 13 radələrində qardaşı Camal gəlib evlərinin həyətində olan “Mersedes” markalı avtomobilini sürüb getmək istəyərkən, onunla qonşuluqda yaşayan kiçik əmisi Eldənizin evinə qonaq gəlmiş bibisi Aişə Camalı görüb qardaşı oğlu Elcanla bağlı şikayət etməsinə görə onun və vəfat etmiş oğlu Cavanşirin ünvanına nalayiq sözlər deməyə başlamış, həmin vaxt nənəsi Bənövşə də bibisinə qoşulub onlara nalayiq sözlər demişdi. Bununla bağlı aralarında mübahisə olmuşdur. Mübahisə zamanı bibisi Aişə demişdir ki, qardaşı oğlu Cavanşiri haqlı olaraq öldürmüşlər, Elcanla bağlı şikayət etdiyinə görə əmisi Elşən də qardaşını öldürəcək. O da onlara bu barədə iradını bildirmiş, qardaşı da bu barədə gedib polis şöbəsinə şikayət edəcəyini demişdir. Bibisi də gedib bu barədə əmisi gilə deyəcəyini bildirmişdir. Bundan sonra qardaşı Camal avtomobilini sürüb getmişdir. Bir qədər sonra eşitmişdir ki, nənəsi gil 102 xidmətinə zəng edib onların barəsində şikayət etmişdir. O da zəng edib bu barədə qardaşına demişdir. Camal da demişdir ki, gedib onun arvadı İlhaməni də götürüb rayon polis şöbəsinə gəlsin. Bundan sonra o, “Vaz 21011” markalı avtomobili ilə qardaşı arvadı İlhaməni evlərindən götürüb Ağstafa şəhərinə getmişdir. İlhaməni polis şöbəsinə düşürdükdən sonra o, avtomobilini sürüb kəndə getmək istəmiş, bir qədər getmişdi ki, əmisi Elşənin “BMV” markalı avtomobili ilə arxasınca gəldiyini görmüşdür. Əmisi işarə edib ona avtomobilini saxlamağını bildirmişdir. Bu zaman qardaşı Camal avtomobili ilə gəlib onu ötmüş və pəncərəni aşağı endirib qışqıraraq ona rayon prokurorluğunun qarşısına gəlməyini bildirmişdir. Özü də ora getmişdir. Qardaşı avtomobilini prokurorluğun qarşısında saxlamış və arvadı ilə birlikdə avtomobildən düşmüşlər. O da avtomobilini saxlayıb düşmüşdür. Arxalarınca gələn əmisi Elşən də oğlu Elbrusla birlikdə avtomobildən düşüb üzərinə gəlmişlər. Həmin vaxt nənəsi Bənövşə, bibisi Aişə, əmisi arvadı Zərqələm də piyada prokurorluğun qarşısına gəlmişlər. Əmisi Elşən və oğlu Elbrus qardaşı ilə onun üzərinə cummuşlar. Əmisinin əlində bıçaq, oğlu Elbrusun əlində dəmir parçası olmuşdur. Bunu görüb avtomobilindən qatlanan kəpənək formasında olan cib bıçağını götürmüşdür. Əmisi Elşən nalayiq sözlər deyərək qardaşının üzərinə cumub əlində olan bıçaqla onun baş nahiyyəsinə zərbə vuraraq xəsarət yetirmişdir. Qardaşı onun əlindən qaçıb prokurorluğun binasına daxil olmuşdur. Daha sonra əmisi Elşən onun üzərinə cumub bıçaqla onu vurmaq istəmiş, o da kənara çəkilmiş və bıçaq əynində olan gödəkcənin sol tərəfini kəsmişdir. Bu zaman əmisi oğlu Elbrus araya keçib əlində olan dəmir parçası ilə onun sol qoluna və qabırğasına vurmuşdur. O da əsəbləşərək əlində olan cib bıçağı ilə Elbrusun qarın nahiyyəsinə bir dəfə zərbə vurmuşdur. Qadınların qışqıraraq üzərinə gəldiyini görüb qaçıb oradan uzaqlaşmışdır. O, Ağstafa şəhərində yerləşən köhnə avtobazanın həyətinə getmiş, orada bir xeyli müddət qaldıqdan sonra polis şöbəsinə gəlib təslim olmuşdur. O, avtomobilindən götürdüyü kəpənək formasında olan qatlanan cib bıçağı ilə əmisi oğlu Elbrusun qarın nahiyyəsinə vuraraq xəsarət yetirmişdir. Əmisi Elşənin əlində olan bıçaqla qardaşı Camalın baş nahiyyəsinə vurub xəsarət yetirdiyini görmüşdür. Hadisə təxminən 10 dəqiqə çəkmişdir. Hadisə zamanı orada qardaşı arvadı Şahid6, nənəsi Şahid2, bibisi Aişə Camal qızı, əmisi arvadı Zərqələm Həsən qızı olmuş və hadisəni onlar görmüşlər. Hadisə zamanı prokurorluqda və məhkəmədə xidmət aparan adını bilmədiyi polis əməkdaşları səs-küyü eşidib yaxınlaşmışlar. Bundan başqa oradan keçən avtomobillərin sürücüləri hadisəni görüb dayanmışlar. Ətrafa xeyli sayda adam toplaşmışdır. Baş vermiş hadisə həmin şəxslərin narahatçılığına səbəb olmuşdur. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 15 may 2023-cü il tarixli 208 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ ön təpə nahiyəsində, sağ orta təpə nahiyəsində, sol orta təpə nahiyəsində və sağ əlin 3-cü barmağının əzilmiş yaraları xəsarətləri olmuşdur, xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə dəmirlə vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli informasiya daşıyıcısı olan “CD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, münaqişə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyyəsinə əlindəki dəmir əşya ilə bir neçə dəfə vuraraq ona xəsarət yetirmişdir. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın əvvəli 13 may 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir, o, hal-hazıradək ev dustaqlığındadır. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Məhkəmənin xx.xx.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsinə əsasən 03 il sınaq müddəti müəyyən ediməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ondan şikayəti yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayonu Poylu qəsəbəsində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu Şahid4 2-ci Qarabağ müharibəsində iştirak etmiş, döyüşlərdə yaralanmış və döyüşlərdə fərqləndiyinə görə “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hal, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayətinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, oğlunun Vətən müharibəsində iştirak edərək “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4cü bəndi). Cəzanın məqsədi məhkumun islah edilməsini, cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtmasını, ümumi yaşayış qaydalarına hörmətlə yanaşmasını və normal cəmiyyətə tamamilə uyğunlaşmasını güdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri, bundan başqa, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini, qohumluq münasibətlərində olduğu zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, oğlunun Vətən müharibəsi iştirakçısı, müharibə veteranı olmasını və yüngülləşdirən halların məcmusunu, cəzasını ağırlaşdıran halın olmamasını, habelə, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün sayıb ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq olunmasını məqsədmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, onun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerlərini dəyişməmək vəzifəsi qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, hökmün icrası Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344- 347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 08 (səkkiz) ay sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-19/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-19/2024
25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver