Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-19/2025 29.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1974-cü ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Ağstafa rayonu, Köçəsgər kəndində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Ağstafa rayonunun Köçəsgər kəndində yerləşən, yaşadığı evin həyətyanı torpaq sahəsində yabanı halda bitmiş, 6(altı) ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkilərinə 24 iyun 2024-cü il tarixədək aqrotexniki qaydada qulluq göstərməklə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli müqdarda kultivasiya etmiş və 24 iyun 2024-cü il tarixdə saat 13:35-dən 15:33-dək Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı həmin evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən aqrotexniki qaydada qulluq edilmiş, ümumi təmiz çəkisi 250 qram, uzunluğu 36 santimetrdən 130 santimetrədək olan 6 ədəd narkotik tərkibli çətənə(kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Ağstafa rayonu Köçəsgər kəndində yaşayır. Təxminən 2 ay əvvəl Ağstafa rayonu Köçəsgər kəndi ərazisində yerləşən mərhum atasına məxsus yaşayış evinin həyətində 06 ədəd narkotik xassəli bitkilərin təbii bitdiyini görmüşdür. Bağ sahəsini sulayarkən həmin narkotik tərkibli bitkiləri də sulamışdır ki, gələcəkdə özü istifadə edə bilsin. 24 iyun 2024-cü il tarixdə təxminən saat 10-11 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları ona yaxınlaşmışlar və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. O da onlara heç bir etiraz etməmiş və birlikdə evin həyətinə daxil olmuşlar. Polis əməkdaşları onun iştirakı ilə yaşadığı evə, evin həyətyanı sahəsinə və yardımçı tikililərə baxış keçirmişlər. Evin həyətində sağ tərəfdə yerləşən yardımçı tikiliyə baxış zamanı otaqda sol tərəfdə yerləşən taxta yeşiklərin üzərindəki sarı rəngli kiçik ölçülü çaydanın içərisindən öz istifadəsi üçün saxladığı narkotik vasitə qurudulmuş “marixuana” aşkar etmişlər. Həmin qurudulmuş marixuananı qulluq etdiyi çətənə kollarından yığıb qurudaraq öz istifadəsi üçün saxladığını bildirmişdir. Daha sonra onun iştirakı ilə evin həyətyanı sahəsinə baxış davam etdirilmişdir, baxış zamanı müxtəlif yerlərdən ümumilikdə 06 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilməklə götürülmüşdür. Həmin bitkilərə qulluq etməkdə məqsədi onlardan öz şəxsi istifadəsi üçün istifadə etmək olmuşdur. Yaşadığı evindən aşkar edilmiş 06 ədəd narkotik tərkibli çətənə bitkilərinin hər birinə yetişməsi üçün ayrı-ayrılıqda qulluq etmiş, narkotik vasitənin alqı-satqısı ilə məşğul olmamış, yaşadığı evindən aşkar edilmiş narkotik tərkibli bitkiləri becərməkdə məqsədi özü üçün şəxsi istifadə etmək olmuş, həmin bitkilərdən topladığı qurudulmuş marixuanadan heç kimə satmamış, satmaq fikri olmamışdır. Törətdiyi əməldən peşmandır. Himayəsində 2 azyaşlı uşağı var. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Ağstafa RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayoru rütbəsindədir. 24 iyun 2024-cü il tarixdə saat 12 radələrində ona əməliyyat məlumatı daxil olmuşdur ki, Ağstafa rayonu Köçəsgər kəndində yaşayan Təqsirləndirilən şəxs həmin kənddə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə kollarının kultivasiyası ilə məşğuldur. Bu barədə polis şöbəsində zəruri sənədləşmə işləri aparıldıqdan sonra həmin gün saat 13:30 radələrində özü, Ağstafa RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, əməliyyat müvəkkili, polis leytenantı Şahid5, KTQ-nun baş inspektor-kriminalisti, polis baş leytenantı Şahid6 ibarət yaradılmış əməliyyat qrupu və ƏİÜ rəis müavini, polis polkovnikleytenantı Şahid2 birlikdə Təqsirləndirilən şəxs Ağstafa rayonu Köçəsgər kəndində yerləşən yaşadığı evə getmişlər. Sonuncunu həmin yaşayış evində saxlamışlar. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması, yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik xassəli çətənə bitkiləri əkib becərməkdə şübhəli olması və buna görə yaşadığı evə, evin həyətyanı torpaq sahəsinə və digər tikililərə baxış keçirilməsi barədə çıxarılmış qərarla tanış etdikdən sonra sonuncu yaşadığı evə, evin həyətyanı sahəsinə və digər tikililərə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs yaşadığı evə, yardımçı tikililərə baxış keçirilmişdir. Baxış zamanı evin həyətinə daxil olduqda sağ tərəfdə yerləşən yardımçı tikilinin otağında, sol tərəfdə olan taxta yeşiklərin üzərindəki çaydanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs evin hətəyində ayrı-ayrı yerlərdə əkilmiş olan 06 ədəd narkotik tərkibli çətənə bitkilərini onlara göstərmişdir. O, həmin bitkiləri özü istifadə üçün əkdiyini bildirmişdir. Daha sonra həmin bitkilər götürülərək qablaşdırılmış və möhürlənmişdir. Həmin yerə baxış keçirilməsi ilə əlaqədar ƏİÜ rəis müavini, polis polkovnik-leytenantı Şahid2 tərəfindən protokol tərtib edilmişdir, protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs RPŞ-ya dəvət edilmişdir və polis şöbəsində təhqiqatçıya təhvil verilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçi Sozalı Vəliyev tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqları izah edilmiş, üzərinə müdafiəçisinin iştirakı və video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən qanunla saxlanılması qadağan edilmiş və dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı bir əməliyyat məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Ağstafa RPŞ-nin KTQ-nun baş ekspert kriminalisti vəzifəsində işləyir. 24 iyun 2024-cü il tarixdə gündəlik xidmətdə olduğu zaman Köçəsgər kəndindən bir nəfərin narkotik əkib becərməsində şübhəli olması və onun həyətinə baxış keçiriləcəyi bildirilmişdir. Daha sonra həmin yerə getmişlər. Onlar vətəndaşın evinə baxış keçirən zaman evin sağ tərəfində yerləşən yarımtikiliyə baxış keçirən zaman bir büküm narkotik vasitəyə bənzər kütlə aşkar etmişlər. Vətəndaşdan həmin kütləni haradan əldə etdiyi soruşduqda özünün əkdiyini bildirmişdir. Bundan sonra onun həyətyanı sahəsinə də baxış keçirmişlər. Bu zaman 6 ədəd narkotik vasitəyə bənzər çətənə kolu aşkar etmişlər. Həmin bitkilər tərəflərindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra vətəndaşla birlikdə Ağstafa RPŞ-nə gəlmişlər. Polis şöbəsində olan zaman təhqiqatçının otağında müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirilmiş və onun üzərindən hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Ağstafa RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 iyun 2024-cü il tarixində saat 12-13 radələrində Narkotiklərlə mübarizə qrupunun rəhbəri Şahid3 məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Ağstafa rayonu Köçəsgər kəndinə getmişlər. Köçəsgər kəndində Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman 6 ədəd narkotik vasitəyə bənzər çətənə kolu aşkar etmişlər. Əlavə olaraq həyətdə olan yarımtikilidə bir qədər qurudulmuş marixuana aşkar edilmişdir. İş üzrə şahid olan Şahid2 və Şahid5 ibtidai istintaq zamanı verdikləri, məhkəmə istintaqında elan olunmuş ifadələrindən görünür ki, onlar da şahid qismində dindirilmiş Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə şahid olan Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan olunmuş ifadəsindən görünür ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Özü ixtisasca alimaqronomdur, rəsmi olaraq Ağstafa DAİM-də bitkiçilik sektorunun müdiri vəzifəsində işləyir. Ağstafa rayonu Köçəsgər kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 24 iyun 2024-cü il tarixdə saat 13 radələrində Ağstafa DAİM-də gündəlik işində olan zaman Ağstafa RPŞ-nin əməkdaşları ona bildirmişlər ki, bir nəfər həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilərin əkib-becərməsi ilə məşğuldur və həmin yerə baxış keçirilməsində onunda aqronom kimi iştirak etməyini xahiş etmişlər. O da polis əməkdaşları ilə birlikdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs həmin kənddə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirmişlər. Ondan əvvəl evin yardımçı tikilisinə baxış keçirərkən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə polis əməkdaşları tərəfindən kağız zərfə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə onun iştirakı ilə baxış davam etdirilərkən hasarın yanından iki ədəd narkotik xassəli çətənə bitkiləri aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, təxminən iki ay əvvəl həyətində,bir az aralıda yabanı halda bitdiyi yerdən çıxararaq aşkar olunan həmin yerə gətirib əkdiyini və özünün istifadəsi üçün aqrotexniki qaydada qulluq edərək becərdiyini bildirmişdir. O həmin bitkilərə baxıb onların çətənə bitkiləri olduğunu, diblərinin yumşaldılaraq suvarıldığına görə həmin bitkilərə aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. Həmin bitkilərin uzunluğu ölçülərkən birinin 75 sm, digərinin isə 74 sm olduğu müəyyən edilmişdir. Həmin bitkilər ağ rəngli polietilen kisəyə yerləşdirilib götürülmüşdür. Bundan sonra baxış davam etdirilərkən həyətyanı sahənin aşağı tərəfində, kolluğun kənarından iki ədəd narkotik xassəli çətənə bitkiləri aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin də narkotik tərkibli çətənə bitkiləri olduğunu, həmin bitkiləri də həyətində, bir az aralıda yabanı halda bitdiyi yerdən çıxararaq gətirib aşkar olunan həmin yerə əkdiyini və hər iki bitkiyə özünün istifadəsi üçün aqrotexniki qaydada qulluq edərək becərdiyini bildirmişdir. O həmin bitkilərə baxıb onların çətənə bitkiləri olduğunu, diblərinin yumşaldılaraq suvarıldığına görə həmin bitkilərə aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. Həmin bitkilərin uzunluğu ölçülərkən birinin 36 sm, digərinin isə 97 sm olduğu müəyyən edilmişdir. Həmin bitkilər də həmin ağ rəngli polietilen kisəyə yerləşdirilib götürülmüşdür. Bundan sonra baxış davam etdirilərkən həyətyanı sahədə olan sanitar qovşaq otağının arxasından, setka hasarın yanından bir-birindən bir neçə metr aralı iki ədəd narkotik xassəli çətənə bitkiləri aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin də narkotik tərkibli çətənə bitkiləri olduğunu, həmin bitkilərdən birini həyətində, bir az aralıda yabanı halda bitdiyi yerdən çıxararaq gətirib aşkar olunan həmin yerə əkdiyini və hər iki bitkiyə özünün istifadəsi üçün aqrotexniki qaydada qulluq edərək becərdiyini bildirmişdir. O həmin bitkilərə baxıb onların çətənə bitkiləri olduğunu, diblərinin yumşaldılaraq suvarıldığına görə həmin bitkilərə aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. Həmin bitkilərin uzunluğu ölçülərkən birinin 83 sm, digərinin isə 130 sm olduğu müəyyən edilmişdir. Həmin bitkilər də əvvəl götürülmüş dörd ədəd bitkilərin olduğu həmin ağ rəngli polietilen kisəyə yerləşdirilmişdir. Kisə elektron tərəzi vasitəsilə çəkilərək kütləsinin 520 qram olduğu müəyyən edilmişdir. Sonra kisənin ağzı bağlanıb möhürlənərək götürülmüşdür. Həmin yerə baxış keçirilməsi ilə əlaqədar ƏİÜ rəis müavini, polis polkovnik-leytenantı Şahid2 tərəfindən protokol tərtib edilmişdir, protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Həmin yerə baxış keçirilməsi və altı ədəd narkotik tərkibli çətənə kollarına aqrotexniki qaydada qulluq olunması ilə əlaqədar tərəfindən rəy tərtib edilib Ağstafa rayon polis şöbəsinin əməkdaşlarına təqdim edilmişdir. İş materiallarında olan 24 iyun 2024-cü il tarixli mütəxəssis arayışından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı, Ağstafa rayonu Köçəsgər kəndində yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman həmin evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş 6(altı) ədəd, uzunluğu 36 santimetrdən 130 santimetrədək olan çətənə bitkilərinin hər birinə aqrotexniki qaydada qulluq göstərilməklə kultivasiya edilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 25 iyun 2024-cü il tarixli, 16/742 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar olunmuş 6 ədəd çətənə kolu” sözləri və imzalar olan sintetik kisədəki, ümumi sayı 6(altı) ədəd, ümumi təmiz çəkisi 250 qram olan bitki nümunələri eyni olub, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Aqronom (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin yardımçı tikilisindən aşkar olunmuş kütlə” sözləri və imzalar olan kağız paketdəki təmiz çəkisi 4,05 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Çətənə(kannabis) bitkisində olan və həmin növ bitkidən hazırlanan marixuanada kannabinoidli komponentlər eynidirlər. (250 qram çətənə bitkisindən 0,12 qram ekspertiza tədqiqatına sərf edilmiş, 249,88 qram çətənə bitkisi qalmışdır). İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 20 avqust 2024-ci il tarixli, 1409 №li rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 24 iyun 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı, Ağstafa rayonu Köçəsgər kəndində yerləşən yaşayış evinə, evin həyətyanı torpaq sahəsinə və həyətyanı torpaq sahəsində olan tikililərə baxış keçirilən zamanı evin yardımçı tikilisindən qablaşdırma ilə birlikdə ümumi çəkisi 4,30 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, həmin evin həyətyanı torpaq sahəsində müxtəlif yerlərdən isə kultivasiya edilmiş 6(altı) ədəd, uzunluğu 36 santimetrdən 130 santimetrədək, ümumi çəkisi 520 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Baxış 24 iyun 2025-ci il tarixdə saat 15:35-da başlamış, həmin gün saat saat 15:33-də bitmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 adlı iki uşağı var, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə CM-nin 234.1 və 237.1-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Ağstafa RPŞ-nin MSY-dən azad edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hal, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə, yuxarıdakılara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 237.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onun yaşayış yerini saat 22:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 22:00dan saat 06:00-dək yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 249,88 qram çəkidə 06 ədəd çətənə (kannabis) bitkiləri məhv edilməli, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60,80 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, hökmün icrası Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 249,88 qram çəkidə 06 ədəd çətənə (kannabis) bitkiləri məhv edilsin. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmün icrası Ağstafa Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-19/2025
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-19/2025
29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver