Məhkəmə qərarları › İş №1(015)-20/2024

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-20/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-20/2024 20.02.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1959-cu ildə Tovuz rayonu Əlimərdanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Əlimərdanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 30 iyun 2023-cü il tarixdə təxminən saat 15:40 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ağstafa rayonu Köçəsgər kəndi ərazisindən keçən 452-ci kilometrliyində “X9” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni dönmə zamanı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, eyni zamanda qeyd edilən Qanunun 42-ci maddəsinin 6-cı hissəsinin tələblərini pozaraq, yəni dairəvi hərəkət təşkil olunmuş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalı və bununlada hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək idarə etdiyi VAZ-21063 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili birtərəfli yolun orta zolağı ilə Qazax istiqamətində hərəkət etdirərkən geriyə dönmənin qadağan olduğu yerdə orta zolaqdan sola doğru manevr edərək soldan birinci zolağa daxil olanda arxadan gələn sürücü Şahid3 idarə etdiyi Mercedes-Benz 0403 markalı **-KU-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun qarşısına çıxmaqla toqquşması nəticəsində idarə etdiyi avtomobildə sərnişin olan X2 başın ənsə sümüyünün basılmış sınığı, baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmalar, baş-beyin toxumasının əzilməsi, başın ənsə nahiyəsinin, boynun sağ tərəfinin, sol baldırın ön səthinin əzilmiş-cırılmış yaraları ilə müşayiət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Tovuz rayonunun Əlimərdanlı kəndində yaşamaqla, taksi fəaliyyəti ilə məşğul olmuşdur. 30 iyun 2023-cü ildə, saat 15 radələrində Tovuz rayonunun Cəlilli kəndinə gedərkən, yol kənarında olan 3 nəfər qadın və 1 nəfər oğlan ona saxla işarəsi verərkən avtomobili saxlamış, həmin şəxslər Tovuz rayonu Cırdaxan kəndində yerləşən Şadlıq Sarayına aparılmalarını xahiş etmiş və razılaşma olandan sonra 3 nəfər qadın arxa oturacaqda, oğlan isə ön sağ oturacaqda oturmuşdur. Bundan sonra Cırdaxan kəndinə getmək üçün avtomobili hərəkətə gətirib Bakı-Qazax yolun çıxaraq Qazax istiqamətində hərəkətə başlamış, lakin qarşıda yolun digər tərəfinə keçmək üçün nəzərdə tutulmuş tunel təmir işlərinə görə bağlı olduğundan qarşıda yerləşən “Tərəzi” postunun qarşısından geri dönmək qərarına gəlmiş, buna görə də bir tərəfli yolun orta zolağı ilə Qazax istiqamətində hərəkətə davam etmiş, təxminən 2 kilometr məsafə qət etdikdən sonra “Tərəzi” postuna yaxınlaşanda sola dönmə xarici işıq siqnalı yandırıb orta zolaqdan sola doğru manevr edərək soldan birinci zolağa daxil olanda qəflətən arxadan gələn sərnişin avtobusu ön sol hissəsi ilə idarə etdiyi avtomobilin arxa sol tərəfindən vurmuşdur. Sonradan arxada oturan bir nəfər qadının vəfat etməsini öyrənmişdir. Hadisə baş verən vaxt ayıq olmuş, spirtli içki qəbul etməmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisindən üzr istəmiş, sonuncu da onunla barışmış, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayəti və tələbi yoxdur. Odur ki, qeyd etdiklərini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, mərhum Səringül Abbasova onun anasıdır. 30 iyun 2023-cü il tarixdə qonşusunun Tovuz şəhərində şadlıq sarayında toyu olmuş, o da toya gedəcəyi üçün evdə olarkən artıq gec olduğu üçün əmisi oğlu ona bir yerdə getmələrini, anasının əmisigilnən getməsini bildirmişdir. O da anasına əmisigil ilə toya getməsini demişdir. Toyda olarkən avtoqəza baş verdiyini eşitmiş, sonra isə anasının avtoqəza nəticəsində öldüyünü bilmişdir. Sonradan eşitdiyinə görə anası və digər qonşuları Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə toya gedərkən həmin avtomobilə avtobus dəymiş, nəticədə anası ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 30 iyun 2023-cü il tarixdə saat 14-15 radələrində qonşularının Tovuz şəhərindəki “Qartal” şadlıq sarayında olacaq toyuna getmək üçün sürücü Təqsirləndirilən şəxs əl etmişlər ki hava isti olduğuna görə onları da restorana düşürsün. O da razılaşmışdır. Bundan sonra o, mərhum Abbasova Səringül, Şahid4 və Məmmədova Səxavət maşına oturmuş, Fuad qabaq oturacaqda sürücünün yanında oturmuşdur. Restorana gedərkən keçid yolu bağlı olduğu üçün sürücü başqa yolnan getmiş, tərəzi adlanan posta çatmamış sürücü orta yolnan sol yola keçərək dönərkən, arxa tərəfdən gələn avtobus maşının sol tərəfindən vurmuşdur. Səringül qəza nəticəsində ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və X3 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Mercedes-Benz 0403 markalı **-KU-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun sürücüsü işləyir. 30 iyun 2023-cü il tarixdə, saat 15:40 radələrində Bakı- Qazax yolunda üzü Qazax istiqamətində sol zolaqda hərəkətdə olarkən sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsin idarə etdiyi VAZ-21063 markalı **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobil “Tərəzi” adlanan posta çatmamış sağ zolaqdan birbaşa onun qarşısına çıxaraq geriyə dönmənin qadağan olduğu yerdə dönmə etmək istəmiş, nəticədə onun idarə etdiyi avtobus Təqsirləndirilən şəxs avtomobilinin sol tərəfindən dəymişdir. Hadisə zamanı əyləcdən istifadə etsə də məsafə yaxın olduğu üçün hadisənin baş verməsinin qarşısını ala bilməmişdir. İş materiallarında olan sərxoşluğun təyini aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. İş materiallarında olan 30 iyun 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ağstafa rayonu Köçəsgər kəndi ərazisindən keçən 452-ci km-dir. Hadisə yerində hava təbii işıqlı, yol asfalt örtükülü olmaqla quru və hamardır, yolda eniş-yoxuş yoxdur, düz profillidir, sürücülərin hərəkəti üçün təhlükəsizdir, yol yaşayış məntəqəsinə daxil deyildir, maksimum sürət həddi 110 km/saat sürətdir. Hadisə yerində yol birtəfəli olmaqla 2 hərəkət istiqamətindən ibarətdir, hərəkət istiqamətlərini beton sədd ayırır. Hadisə yolun Qazax istiqamətində baş vermişdir. Həmin istiqamətdə yol 3 zolaqdan ibarətdir,zolaqları qırıq-qırıq xətt ayırır,yolun hər iki kənarında ağ rəngli bütöv xətt var. Hadisə yerində yolun Bakı istiqamətində “Tərəzi” postu yerləşir, həmin “Tərəzi” postu ilə paralel, yolun hərəkət istiqamətlərini ayıran beton sədd götürülmüşdür. Yolun Qazax istiqamətində beton səddin başlandığı yerdə 4.2.1 yol nişanı (maneəni sağdan keçmə) quraşdırılmışdır. Burada yolun hər iki tərəfində ağ rəngli bütöv xətt və qeyd edilən yol nişanı olduğu üçün Qazax istiqamətində hərəkətdə olan nəqliyyat vasitələri üçün beton səddin arasından geriyə dönmək qadağandır. Yolun Qazax istiqamətindəki yolun ümumi eni 10,25,həmin istiqamətindəki yol çiyinin eni isə 3 metdir. Burada Mercedes-Benz 0403 markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtobusla VAZ-21063 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. VAZ-21063 markalı avtomobil toqquşmadan sonra birtərəfli yolun orta hissəsində üzü Bakı istiqamətində dayanmış, arxa hissəsi tamamilə əzilmişdir. Mercedes-Benz markalı avtobus isə toqquşmadan sonra yolun Qazax istiqamətindəki yol kənarında dayanmış, ön sol hissəsi əzilmişdir. Baxış zamanı toqquşma yeri müəyyən edilmişdir. Mercedes-Benz 0403 markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtobusun ön sol hissəsi ilə VAZ-21063 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi yolun Qazax istiqamətindəki hərəkət istiqamətində soldan birinci hərəkət zolağının üzərində soldan sağa doğru 2,25 metr, sağdan sola doğru isə 8,2 metr məsafədə toqquşmuşdur, həmin yerdə asfaltın örtüyün üzərində sürtünməcırılma izləri vardır. Hadisə yerində qeyd edilən avtobusun təkərlərindən ümumi olaraq 73 metr uzunluğunda tormoz izi qalmışdır. Belə ki, həmin tormoz izi yolun Qazax istiqamətindəki hərəkət istiqamətinin soldan birinci zolağının üzərindən başlayaraq avtobusun dayanmış olduğu yerdə başa çatır. Tormoz izinin başlanğıcından toqquşma yerinə qədər 26 metr, toqquşma yerindən avtobusun dayanmış olduğu yerə qədər isə 47 metr məsafə vardır. Hadisədən əvvəl hər iki nəqliyyat vasitəsi Qazax istiqamətində, avtobus soldan birinci zolaqla, VAZ-21063 markalı minik avtomobili isə orta zolaqla hərəkətdə olmuşdur. Mercedes-Benz 0403 markalı **-KU-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Qazax istiqamətində soldan birinci zolaqla hərəkətdə olarkən qarşısı ilə,lakin orta zolaqla eyni istiqamətdə hərəkətdə olaraq sola doğru manevr edib soldan birinci zolağa daxil olan VAZ-2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə toqquşmuşdur. İş materiallarında olan 01 iyul 2023-cü il tarixli video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, bir ədəd “CD” diskdə əks olunan video görüntüdə xx.xx.2023-cü il tarixdə saat 15:40 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ağstafa rayonu Köçəsgər kəndi ərazisindən keçən 452-ci km-də havanın günəşli vaxtında postun qarşısında 1 ədəd Niva və 1 ədəd KİA markalı opartiv nəqliyyat vasitəsi dayanmışdır. Həmin yerdə yolun Qazax istiqamətindəki hərəkət istiqamətində göy rəngi VAZ-2106 markalı avtomobil birtərəfli yolda orta zolaqla, onun arxasınca ağ rəngli minik avtomobili, ağ rəngli minik avtomobilinin arxasınca isə boz rəngli sərnişin avtobusu hərəkətdədir. Boz rəngli sərnişin avtobusu ötmə əməliyyatında olaraq ağ rəngli minik avtomobilini ötəndə orta zolaqla üzü Qazax istiqamətində hərəkətdə olan göy rəngli VAZ-2106 markalı avtomobil geriyə dönmək məqsədi ilə qəflətən sola doğru manevr edərək soldan birinci zolağa daxil olanda həmin zolaqla üzü Qazax istiqamətində hərəkətdə olan boz rəngli sərnişin avtobusu ön hissəsi ilə göy rəngli VAZ-2106 markalı avtomobilin arxa yan hissəsindən toqquşur, toqquşmadan sonra göy rəngli VAZ-2106 markalı avtomobil yerində fırlanaraq üzü Bakı istiqamətində dayanır, avtobus isə düzünə hərəkət edir. Baxışda iştirak edən sürücü Təqsirləndirilən şəxs video görüntüyə baxaraq görüntüdə əks edilən orta zolaqla hərəkətdə olub sola doğru manevr edərək boz rəngli sərnişin avtobusu ilə toqquşan göy rəngi VAZ-2106 markalı avtomobilin ona məxsus olan VAZ-21063 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil və avtomobilin sükanı arxasında özü olduğunu, həmçinin həmin görüntüdə əks olunan hadisənin real olduğunu bildirmişdir.Eyni zamanda baxışda iştirak edən sürücü Şahid3 Məhərəm oğlu video görüntüyə baxaraq görüntüdə əks edilən soldan birinci zolaqla hərəkətdə olaraq yolun orta zolağı ilə hərəkətdə olub sola doğru manevr edərək boz rəngli sərnişin avtobusunun qarşısına çıxmaqla toqquşan həmin boz rəngli avtobusun ona məxsus Mercedes-Benz 0403 markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtobus və avtobusun sükanı arxasında özü olduğunu,həmçinin görüntüdə əks olunan hadisənin real olduğunu bildirmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 05 nömrəli rəyindən görünür ki, X1 meyiti üzərində müəyyən edilmiş xəsarətlər-başın ənsə sümüyünün basılmış sınığı, baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmalar, baş-beyin toxumasının əzilməsi, başın ənsə nahiyəsinin, boynun sağ tərəfinin,sol baldırın ön səthinin əzilmiş-cırılmış yaraları küt əşyaların təsirindən törənmişdir, xx.xx.2023-cü il tarixdə avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, Mərhum S.İ.Abbasovanın ölümünə səbəb ənsə sümüyünün basılmış sınığı nəticəsində törənən baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına,onun mədəciklərinə və qişaları altına qansızma olmuşdur. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2023-cü il tarixi 3-16-16/2-8/2001 nömrəli rəyinə əsasən VAZ-21063 markalı **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X9” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 42-ci maddəsinin 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan DİN Baş Dövlət Yol Polisi İdarəsinin Tovuz RQİ və TB şöbəsindən alınmış 016-318 nömrəli 13 iyul 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək AC- 120355 nömrəli “BC” dərəcəli sürücülük vəsiqəsi verilmiş və adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X7 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxslə barışmış, ondan şikayəti və tələbi yoxdur və ona yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayonunun Əlimərdanlı kəndində yaşamaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X5 xx.xx.1994-cü ildə Beyləqan rayonunda şəhid olmuşdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istntaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmçinin qərarda qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin aşağı olması ona əsas cəza kimi cərimə cəzası əvəzinə sanksiyada nəzərdə tutulan başqa daha ağır cəza növü təyin edilməsi üçün əsas ola bilməz. Habelə qərarda göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə eləməsini, həmin şəxsin ondan şikayətinin olmamasını, qardaşının şəhid olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4cü bəndi). Cəzanın məqsədi məhkumun islah edilməsini, cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtmasını, ümumi yaşayış qaydalarına hörmətlə yanaşmasını və normal cəmiyyətə tamamilə uyğunlaşmasını güdür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 128 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, iş üzrə maddi sübutlar olan “VAZ-21063” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs, “Mercedes-Benz” 0403 markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtobus isə sahibi Şahid3 istifadələrində, 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalı, hökmün icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344- 347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan “VAZ-21063” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs, “Mercedes-Benz” 0403 markalı, **-KU- *** dövlət qeydiyyat nişanlı avtobus isə sahibi Şahid3 istifadəsində, 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmün icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar