Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-21/2024 15.02.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas Nağıyev Sənan Tahir oğlunun katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx.xx.1979-cu il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Daş Salahlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə saat 23 radələrində Ağstafa rayonu, Ceyrançöl qış otlaq sahəsində yerləşən Zərərçəkmiş şəxs işlədiyi heyvandarlıq fermasındakı tikilinin qarşısında Zərərçəkmiş şəxs onun barəsində müxtəlif yerlərdə qeyri etik söz-söhbət yayması səbəbindən, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona sağ gözün konyuktiva qişasına qansızma, sağ göz qapağının qançırı və sağ kürəkaltı nahiyənin sıyrığı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Ağstafa rayonu, Ceyrançöl qış otlaq ərazisindəki fermalardan birində çoban işləyir, Zərərçəkmiş şəxs də həmin ərazidə onlarla qonşuluqda yerləşən fermada işləyir, orada heyvan saxlayır. Əvvəllər Nəsiblə aralarında heç bir narazılıq olmasa da sonradan Nəsibin onun haqqında xoşagəlməz söhbətlər etdiyini, onu arvadı ilə Nəsibin tanış eləyib evləndirdiyini danışdığını eşitmişdir. Buna görə 01 iyul 2023-cü il tarixdə, saat 23 radələrində yeznəsi Rövşəni də götürüb Nəsibin fermasına getmiş, Rövşən maşında qalmış, o, yerə düşüb Nəsibi bayıra çağırmış, orada onun və ailəsinin barəsində niyə görə artıq-əskik danışdığının səbəbini Nəsibdən soruşmuş, ailəsi barədə qeyri etik söz-söhbət yamasına görə ona irad tutmuş, bununla bağlı aralarında mübahisə olmuş, o da əsəbləşərək əli ilə Nəsibi vurmuş, bu vaxt yeznəsi Rövşən yalarına gəlib onlarıaralamış, sonra ikis də oradan çıxıb getmişlər. Nəsibdən üzrxahlıq etməmişdir, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Qazax rayonu, Kəmərli kəndind sakinidir, Ağstafa rayonu Ceyrançöl ərazisindəki qış otlaq sahəsindəki fermalardan birində işləyir və orada yaşayır. Təqsirləndirilən şəxs da Ceyrançöl ərazisində, başqa fermada heyvan saxlayır. 01 iyul 2023-cü il tarixdə, saat 23 radələrində fermadakı tikilidə yatdığı vaxt həyətdə avtomobil səsi gəldiyi üçün qalxıb bayıra çıxmış, Təqsirləndirilən şəxs “Niva” markalı avtomobillə ora gəldiyini görmüş, İlqarın yeznəsi Rövşən də orada olmuş, İlqar ona yaxınlaşıb nə üçün ailəsi haqqında danışdığını soruşmuş, mübahisə edərək onu əli ilə vurmuşdur. Daha sonra İlqar və Rövşən çıxıb getmişlər. Əslində o, İlqarın arvadı haqqında pis heç nə danışmamış, sadəcə olaraq həmin qadını İlqarın onun vasitəsi ilə aldığını bildirmişdir. İlqar ondan üzr istəmədiyi üçün o, təqsirləndirilən şəxslə barışmır, ona cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qaynıdır. O, İlqarla birlikdə Ceyrançöl ərazisindəki fermalardan birində çobanlıq edir, həm özlərinin həm də ferma sahibinin heyvanlarını saxlayırlar. Zərərçəkmiş şəxs də digər fermada heyvan saxlayır. 01 iyul 2023-cü il tarixdə, saat 23 radələrində İlqarla o, İlqarın “Niva” markalı avtomobili ilə Nəsibini işlədiyi fermaya getmişlər, orada- Nəsibin yaşadığı tikilinin qarşısında İlqar özünü arvadı ilə güya onun evləndirməsi barədə danışdığı üçün Nəsibə irad tutmuş, sonra İlqarla Nəsibin arasında dava baş vermiş, İlqar Nəsibi əli ilə vurmuş, bunu gördükdə o, dərhal yaxınlaşıb İlqarla Nəsibi aralamış, sonra hər ikisi Nəsibin işlədiyi fermadan çıxıb getmişlər. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 183 №-li nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ gözün konyuktiva qişasına qansızma, sağ göz qapağının qançırı və sağ kürəkaltı nahiyənin sıyrığı xəsarətləri var, həmin xəsarətlər küt əşyanın təsirindən törənmişdir, xx.xx.2023-cü il tarixdə döyülmə nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur, onun həmin cinayəti törətməsi məhkəmə istintaqı zamanı sübut olunur, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün əsas yoxdur və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə tötəməyən cinayət törətməsini, törətdiyi əməli səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə cəzasını ağırlaşdarn hal olmamasını nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344- 347, 349, 351-353, 356, 357, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 10 % məbləğində pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq
Məhkəmə qərarları › İş №1(015)-21/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-21/2024
15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver