Məhkəmə qərarları › İş №1(015)-23/2024

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-23/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-23/2024 06.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs-xx.xx.2001-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, təhsilsiz, subay, məhkumluğu olmayan, Yevlax şəhəri Nizami küçəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına qanunsuz olaraq gəlmək məqsədi ilə 20 iyun 2022-ci il tarixdə saat 00:30-da Azərbaycan Respublikası vətəndaşı X3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Ağstafa rayonunda yerləşən 15-ci sərhəd zastavasının xidməti ərazisindən Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçdikdən sonra sərhəd naryadı tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, Yevlax şəhərində anadan olmuş, kiçik yaşlarında ailəsi ilə birlikdə Gürcüstana getmiş, orada yaşamışdır. Dövlət sərhədini pozduğu üçün Ağstafa rayon Məhkəməsi tərəfindən 1000 manat cərimə edilmi. Həmin cəriməni ödəmişdir. 2019-cu ildə o, yenidən Gürcüstana getmiş, orada olarkən şəxsiyyət vəsiqəsini itirmiş, Azərbaycan Respublikasına gəlib özünə şəxsiyyət vəsiqəsi almaq istəmişdir. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında xalası oğlu Səlim Bədirovla birlikdə sərhədi qanunsuz yolla keçmək məqsədi ilə Gürcüstan-Azərbaycan Respublikası sərhədinə gəlmişlər. 20 iyun 2022-ci il tarixdə, saat 00-00:10 radələrində özü və xalası oğlu Səlim sərhədi Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz keçmişlər. Həmin gün, saat 00:30 radələrində sərhədçilər onları saxlamışlar. Hal-hazırda əməlindən peşmandır. Ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. İş üzrə şahid olan Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən gğrünür ki, o, DSX-nin N nömrəli hərbi hissənin 15-cı sərhəd zastavasında qrup komandirinin müavini işləyir. xx.xx.2022-ci il tarixdə saat 20:45dən xx.xx.2022-ci il saat 00:45-dək əsgər Şahid2 ilə birlikdə 15-cı sərhəd zastavasının 3-4-cü sahələrində sərhəd naryad xidmətini təşkil etmək üçün dövlət sərhədinin mühafizəsinə dair əmir aldıqdan sonra növbətçinin nəzarəti altında silahlara baxış keçirdikdən sonra təyin olunduğum sahəyə doğru hərəkət etmişəm. Xidmətdə olduğumuz zaman saat 00:10-da zastava rəisi Suliddin Zamanov tərəfindən rabitə vasitəsi ilə zastavanın 6-7-ci sahələrində şüphəli şəxslərin olması və həmin istiqamətində hərəkət etmələri barədə göstəriş verilmiş, onlar dərhal qeyd olunan sahələrə hərəkət etmiş, ərazidə iki nəfər şübhəli şəxs görmüşlər. Dərhal bu barədə zastava rəisinə məruzə edərək həmin şəxslərə dayan komandası verib onları saxlamışlar. Bir neçə dəqiqə sonra “həyəcan” qrupu əraziyə gələrək saxlanılan şəxsləri sərhəd zastavasına aparmışlar. İş üzrə şahid olan Şahid2 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin komandiri polkovnik Zaur Qasımovun xx.xx.2022-ci il tarixli 16/1322 №-li məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 00 radələrində Təqsirləndirilən şəxs və X3 N saylı hərbi hissənin N -ci sərhəd zastavasının xidməti sahəsindən qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına keçmiş və DSX-nın hərbi qulluqçuları tərəfindən saxlanmışlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, hadisə yerinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs və X1 Azərbaycan Respublikası istiqamətində qanunsuz olaraq keçdikləri ərazi N saylı hərbi hissənin 15-ci sərhəd zastavasının 6-cı sahəsidir. İş materiallarında olan DSX-nin ƏABİ-nın sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə dövlət sərhədini qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına keçdikdən sonra saxlanılmışdır. Bundan başqa X3 xx.xx.2014-cü il tarixdə dövlət sərhədini qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına keçdikdən sonra saxlanılmışdır. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və Ağstafa Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 1000 manat miqdarda cərimə cəzası saxlanılmış, həmin cəriməni ödəmişdir. İş materiallarında olan 06 sentyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən hazırki cinayət işindən X3 barəsində Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə cinayət işi ayrılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 gün tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixdən hal-hazıradək həbsdə saxlanılır. İş matariallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, sübutların toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək, olduğu cinayət əməlini Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini düzgün tövsif etmişdir. Onun təqsiri əməlini etiraf etməsini, şahid ifadələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi cinayət əməlini etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın məqsədi məhkumun islah edilməsini, cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtmasını, ümumi yaşayış qaydalarına hörmətlə yanaşmasını və normal cəmiyyətə tamamilə uyğunlaşmasını güdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri onun cəzaçəkmə müddətinin sonuna qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri, xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344- 347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri onun cəzaçəkmə müddətinin sonuna qədər dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu (məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar