Məhkəmə qərarları › İş №1(015)-24/2023

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-24/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-24/2023 02.02.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, məhkəmə iclas Nərmin Ruslan qızı Həmzəlinin katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə xx.xx.1976-cı ildə Qazax rayonu Köçəsgər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli,3 uşaq atası,əvvəllər məhkum olunmuş, Ağstafa rayonu Köçəsgər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi narkotik vasitə-heroini satış məqsədi olmadan əldə edərək qanunsuz olaraq üzərində gəzdirmiş, xx.xx.2022-ci il tarixdə Ağstafa RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saat 17:50-də Ağstafa rayonu Köçəsgər kəndində, yaşadığı evin yaxınlığında saxlanılaraq saat 18:05 üzərinə baxış keçirilməsi üçün Ağstafa RPŞ-nə gətirilmiş, Ağstafa RPŞ-nin inzibati binasında saat 18:55-dan 19:09-dək şəxsi axtarış zamanı onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd tünd göy rəngli siqaret kağız bükümünün içərisində ümumi təmiz çəkisi 0,680 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CМ-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən tutulmamışdan təxminən 4 gün əvvəl narkotik vasitə olan heroini Bakı şəhərində 20 yanvar ərazisində olan zaman tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. xx.xx.2022-ci il tarixdə saat 17:50 radələrində yaşadığı evin yaxınlığında küçədə mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmış, özlərini polis əməkdaşları kimi təqdim etmiş, onun üzərində qanunsuz olaraq narkotik vasitə əldə etməklə, gəzdirməklə və istehlak etməkdə şübhəli olduğunu bildirmiş, birlikdə Ağstafa RPŞ-nə getmələrini demişlər. Onların tələbinə etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Ağstafa RPŞ-nə getmişdir. Ağstafa RPŞ-nin inzibati binasında ona hüquq və vəzifələrini izah etmişlər, vəkil Mehti Hüseynovun iştirakı ilə narkotik vasitələr gəzdirməkdə şübhəli olduğuna görə üzərində şəxsi axtarış keçirilmişdir. Ona əgər üzərində hər hansı narkotik vasitə və psixotrop maddə varsa könüllü təqdim etməyi təklif olunmuş, o, əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən narkotik vasitə olan heroini çıxarıb təqdim etmiş, üzərindən başqa heç nə aşkar edilməmiş, sonra şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş, o da həmin protokolu imzalamışdır. Üzərindən aşkar edilmiş heroini şəxsi istifadəsi üçün saxlamış, ondan heç kimə satmamış, verməmiş, satmaq fikri olmamış, onda heroin olması barədə heç kimə heç nə deməmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağstafa RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Ağstafa rayon polis şöbəsində olarkən şöbə rəhbərliyindən ona bildirilmişdir ki, əməliyyat tədbiri keçiriləcək, o da həmin tədbirdə iştirak edəcək. Sonra ona məlum olmuşdur ki, Ağstafa rayonu Köçəsgər kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirir və onun ətrafında əməliyyat axtarış keçiriləcək. xx.xx.2022-ci il tarixdə, saat 17:50-də Təqsirləndirilən şəxs Ağstafa rayonu Köçəsgər kəndində yaşadığı evin yaxınlığında, küçədə tək piyada hərəkət edən zaman saxlayaraq üzərinə baxış keçirilməsi üçün Ağstafa RPŞ-nə dəvət etmişlər, Dilqəm razılaşmış, birlikdə yola düşmüş, saat 18:05-də Ağstafa rayon polis şöbəsinə çatmışlar. Polis şöbəsində Dilqəmin vəkilinin də iştirakı videoçəkilişlə ilə şəxsi axtarışı aparılmış, şəxsi axtarışa başlamazdan əvvəl Dilqəm əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd tünd rəngli siqaret kağızı bükümünün içərisində olan narkotik vasitə olan heroinə oxşar kütlə çıxarıb təqdim edərək bükümün içində heroin olmasını, tanımadığı şəxsdən şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş kütlə tərəzidə çəkilmiş, qablaşdırılmış, üzəri möhürlənmiş, sonra şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş, o da həmin protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və Vüsal Vüqaroğlu Şahid2la eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini bir daha təsdiq etmişlər. İş materiallarında olan 08 oktyabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Ağstafa RPŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun təqdim etdiyi 1 ədəd göy rəngli siqaret kağızının içərisində qanunsuz əldə etdiyi narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür, şəxsi axtarış saat 18:55-də başlamış, saat 19:09-da bitmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 16/1179 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs.” sözlər və imzalar olan kağız paketdəki, 1 ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,680 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə”in 1-ci siyahısının İ bəndinə daxildir (0,680 qram heroindən 0,05 qram ekspertiza tədqiqatına sərf edilmiş, 0,630 qram heroin qalmışdır). İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 25 noyabr 2022-ci il tarixli 1801 nömrəli görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən, Ağstafa Rayon Məhkəməsinin hökmünün və qərarın surətlərindən görünür ki, Həsənov X3 Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək üzərində 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarına əsasən onun barəsində “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məslisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə cəzasının cəkilməmiş qalan hissəsi 01 il azaldılmışdır. İş materiallarında olan Ağstafa Rayon İcra və Propasiya şöbəsindən alınmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixə Təqsirləndirilən şəxs 02 ay 28 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 oktyabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü Ema Həsənova, xx.xx.2017-ci il təvəllüdlü Yusif Həsənov və xx.xx.2021-ci il təvəllüdlü Zəhra Həsənova adlı uşaqları olmaqla, o yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən halhazıradək həbsdədir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Ağstafa Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli hökmü çıxarıldıqdan və həmin hökm qanuni qüvvəyə mindikdən sonra törətmişdir. Bu səbəbdən ona Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə ona cəza təyin edilməldir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən, hazırki hökmlə üzərində saxlanılmış azadlıqdan məhrum etmə cəzası, Ağstafa Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 ay 28 günlük hissəsi ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməli, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 27 dekabr 2022-ci il tarixdən hesablanmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 0,630 qram heroin məhv edilməli, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 32,4 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Мəhkəmə qeyd edilənlərə əsasən və Аzərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən, hazırki hökmlə Təqsirləndirilən şəxs üzərində saxlanılmış 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası, Ağstafa Rayon Məhkəməsinin 17 avqust 2021ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) ay 28 (iyirmi səkkiz) günlük hissəsi ilə qismən birləşdirilsin və o, qəti olaraq 01 (bir) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 0,630 qram heroin məhv edilsin. İş üzrə məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar