Məhkəmə qərarları › İş №1(015)-24/2025

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-24/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-24/2025 28.01.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X7 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:20 radələrində ünvan 2 ünvanda yerləşən Ağstafa rayon Dəmiryolu Vağzalının peronunda olan “Körpü” kafenin yaxınlığında ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan qəsdən əl zərbələri ilə vurmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid edilən sağ tərəfli travmatik orta otit, yevstatix xəsarətini yetirərək zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, ot biçməklə məşğul olaraq ailəsini dolandırır. Zərərçəkmiş şəxs həmyerlisidir, onunla münasibətləri normal olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 19:20 radələrində Ağstafa şəhəri Dəmiryolu vağzalında olan çayxanaların birində tanışı Turanın başqa şəxslə əyləşərək çay içdiyini görmüş və Turanın əyləşdiyi masaya yaxınlaşaraq söhbət etmək üçün kənara çağırmış, “Körpü” kafenin yan tərəfində Turana özünün işi olduğu zaman ona iş verməsini, lakin iş olan zaman Turanın ona iş barədə məlumat verməməsini bildirib irad tutmuş, Turan ehtiyacı olduğu üçün iş olan zaman tək getmək üçün ona xəbər etmədiyini bildirmişdir. Bundan sonra əsəbləşmiş və əlinin arxası ilə Turanın üz nahiyəsinə bir dəfə vurmuş, sonra həmin yerdən uzaqlaşıb getmişdir. Sonradan Turandan üzrxahlıq etmiş, barışmışlar. Əməlindən peşmandır, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, Ağstafa rayonu, Qırılı kəndində ailəsi ilə birlikdə yaşayır. Ağstafa Mənzil Kommunal X1 fəhlə işləyir. Təqsirləndirilən şəxslə münasibətləri normal olmuş, əvvəllər aralarında hər hansı ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 19:20 radələrində Ağstafa şəhərindəki Dəmir yolu vağzalında yerləşən çayxanaların birində tanışı Ruslan ilə birlikdə çay içən zaman digər tanışı Təqsirləndirilən şəxs həmin çayxanaya gəlmiş, Samir onların əyləşdikləri masaya yaxınlaşaraq onu çağırmış və onlar söhbət edərək “Körpü” kafenin yan tərəfinə getmişdirlər. Onlar həmin yerdə olan zaman Samir ona nə üçün iş olduğu zaman ona iş vermədiyini bildirmiş, o da ehtiyacı olduğu üçün işə özünün tək getməsini demişdir. Bu zaman aralarında mübahisə yaranmış və mübahisə zamanı o, Samirə uzaq olmasını deyərək sonuncunu itələmiş, Samir əlinin arxası ilə onun üz nahiyəsinə zərbə vurmuşdur. Bundan sonra onlar aralaşmış və o da polisə Samirdən şikayət etmişdir. Hazırda Samir ondan üzrxahlıq etdiyi üçün o da Samirlə barışmışdır. Təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Ağstafa rayonu, Xətai kəndində ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində tanışı Turan ilə birlikdə X2 yerləşən çayxanaların birində əyləşərək çay içərək söhbət edib. Bir müddət sonra Turanın tanışı Samir onların əyləşdikləri masaya yaxınlaşmış və Turanı söhbət etmək üçün çağırmışdır. Turan Samir ilə birlikdə söhbət edərək vağzalda yerləşən “Körpü” kafenin yan tərəfinə getmişdirlər. Samirin Turanı vurmasını görməmiş, sonradan bu barədə eşitmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 229 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ tərəfli travmatik orta otit, yevstaxit küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əllə, yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Ambulator Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024cü il tarixli 845 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU XTB-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyindən əziyyət çəkmişdir, hal-hazırda da həmin xəstəlikdən əziyyət çəkir. Təqsirləndirilən şəxs EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU XTB-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri kompensasiya (yaxşılaşma) mərhələsində olması səbəbindən o, hadisə zamanı öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax Psixiatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli 1893 nömrəli məktubundan görünür ki, ünvan 5 ünvanda yaşayan xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2008-ci ildən Qazax Psixiatrik xəstəxanasında (D-Z: F 60.3- Şəxsiyyətin emosional pozuntusu) qeydiyyatdadır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik hüquqi şəxsin “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin xx.xx.2024cü il tarixli 18-1-24/2-611/2024 nömrəli məktubundan görünür ki, Babayev X6 RMX PHŞ-in Poliklinika şöbəsinin psixiatr və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı iki yetkinlik yaşına çatmayan uşaqları olmaqla, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Onun əməli cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsdən üzrxahlıq edərək etməsini, zərərçəkmiş şəxsə barışıq əldə eləməsini, səhhətində problem olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin qərarda qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin aşağı olması ona əsas cəza kimi cərimə cəzası əvəzinə sanksiyada nəzərdə tutulan başqa daha ağır cəza növü təyin edilməsi üçün əsas ola bilməz. Habelə qərarda göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41- ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Cəzanın məqsədi məhkumun islah edilməsini, cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtmasını, ümumi yaşayış qaydalarına hörmətlə yanaşmasını və normal cəmiyyətə tamamilə uyğunlaşmasını güdür. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Ağstafa Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Аzərbaycan Respublikası CPM-nin 344- 347-ci, 349-cu, 351-353-cü, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 20 % məbləğində dövlət nəfinə pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Ağstafa Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar