Məhkəmə qərarları › İş №1(015)-28/2024

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-28/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-28/2024 23.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1963-cü ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,263 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, qanunsuz olaraq əynindəki boz rəngli şalvarın sağ yan cibində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Ağstafa RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri N. Nərimanov küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Ağstafa rayon polis şöbəsinə gətirilmiş, təmiz çəkisi 0,263 qram olan həmin narkotik vasitə heroin həmin gün saat 12:10-dən 12:18-dək olan müddət ərzində Ağstafa rayon polis şöbəsinin inzibati binasında şəxsi axtarışı zamanı 01 ədəd qızılı rəngli kağız bükümdə əynində olan boz rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, Ağstafa şəhəri, E.Poladov küçəsi, ev 41 ünvanında yaşayır. 11 sentyabr 2023-cü il tarixdə Ağstafa şəhər qəbiristanlığına yaxınlarının qəbrini ziyarət etməyə getmiş, oradan qayıtdıqdan sonra, həmin gün, saat 11 radələrində Ağstafa şəhəri, N.Nərimanov küçəsində piyada hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Ağstafa rayon polis şöbəsinə aparılmış, polis şöbəsində olarkən müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin də iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızı bükümündə heroin aşkar edilmişdir. Həmin heroini tutulmamışdan təxminən 5-6 gün əvvəl Bakı şəhərində olarkən tanımadığı şəxsdən 20 manata almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Törətdiyi əməldən pеşmandır. Sonradan bir daha narkotik vasitə istifadə etməmişdir, bundan sonra da etməyəcək. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ağstafa RPŞ-nin NQMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində vəzifəsində işləyir. 11 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşı Şahid1 ilə birlikdə Ağstafa şəhəri N. Nərimanov küçəsində piyada hərəkətdə olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Ağstafa RPŞ-nə aparmışlar. Ağstafa RPŞ-də müdafiəçisinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman onun əynindəki şalvarın sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş heroinəbənzər kütlə aşkar edilmişdir. Firdovsi həmin kütlənin heroin olduğunu, qəbiristanlıq ərazisindən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Firdovsinin üzərindən aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş, müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən başqa hansısa qanunsuz əşya aşkar edilməmişdir. Bununla bağlı sonda protokol tərtib edilmiş, özü və orada iştirak edən şəxslər protokolu imzalamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı elan edilmiş Şahid1 ifadələrindən görünür ki, onlar da Şahid2la eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini bir daha təsdiq etmişlər. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 16/906 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd qızılı kağız bükümdə təmiz çəkisi 0, 263 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (0,263 qram heroindən 0,05 qram ekspertiza tədqiqatına sərf edilmiş, 0,213 qram heroin qalmışdır). İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1948 №li rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 11 sentyabr 2023-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Ağstafa RPŞ-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən əynindəki tünd boz rəngli parça şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümündə 0,42 qram çəkidə narkotik vasitə heroinəbənzər kütlə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış 11 sentyabr 2023-cü il tarixdə saat 12:10-da başlamış, həmin gün saat saat 12:18-də bitmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən və Ağstafa Rayon MƏhkəməsinin 10 may 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağstafa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasını cəkib qurtarmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Ağstafa RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hal, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, 61 yaşının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə, yuxarıdakılara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onun yaşayış yerini saat 22:00-dan saat 06:00dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 22:00-dan saat 06:00-dək yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 0,213 qram heroin məhv edilməli, məhkəmə xərcləri - aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30,4 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, hökmün icrası Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 0,213 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmün icrası Ağstafa Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar