Məhkəmə qərarları › İş №1(015)-29/2024

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-29/2024

07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-29/2024 07.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X7 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx.xx.1983-cü ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, 3 uşaq anası, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Tovuz rayonu Qazqulu kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1964-cü ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ağstafa rayonu Xətai kəndində qeydiyyatda olmaqla yaşamış, Ağstafa Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli hökmü ilə üzərində 01 il 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Ximətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 11 sentyabr 2023-cü il tarixdə saat 18:30 radələrində Ağstafa rayonun Xətai kəndində Təqsirləndirilən şəxs2, sonuncunun yaşadığı evin qarşısında 30 manata alıb qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,520 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərək, qanunsuz olaraq üstündə saxlamış, xx.xx.2023-cü il tarixdə saat 18:45-də Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən Ağstafa rayonu Xətai kəndi ərazisində sərnişin kimi olduğu taksi kimi fəaliyyət göstərən avtomomobillə saxlanılaraq Ağstafa Rayon Polis Şöbəsinə gətirilmiş, həmin psixotrop maddə metamfetamin Ağstafa rayon polis şöbəsinin inzibati binasında, həmin gün saat 19:50-dən 20:03-dək müddətdə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı polietilen sellofanın içərisindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə 0,91 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamış, həmin psixotrop maddənin 0,520 qramını 11 sentyabr 2023-cü il tarixdə saat 18:30 radələrində yaşadığı Ağstafa rayonu Xətai kəndində yerləşən evlərinin qarşısında 30 manata Təqsirləndirilən şəxs1 satmış, 11 sentyabr 2023cü il tarixdə saat 22:30-da Ağstafa RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı yaşadığı Ağstafa rayonu Xətai kəndində saxlanılmış və həmin gün saat 23:40-dan 23:58-dək müddətdə Ağstafa RPŞ-nin inzibati binasında keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 satdığı psixotrop maddə ilə kiməvi tərkibinə görə eynilik təşkil edən 0,390 qram çəkidə psixotrop maddə olan metamfetamin Təqsirləndirilən şəxs2 əynində olan qış gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasına videokonfrans əlaqə sistemi vasitəsilə qoşulmuş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Tovuz rayon sakinidir. 11 sentyabr 2023-cü il tarixdə yaşadığı yerdən taksi avtomobili ilə Ağstafa rayonunun Xətai kəndinə gedərək Təqsirləndirilən şəxs2la əvvəldən telefonla danışıb razılaşdıqları üçün həmin gün saat 18:30 radələrində Təqsirləndirilən şəxs2 sonuncunun yaşadığı Ağstafa rayonu Xətai kəndində yerləşən evinin yaxınlığında 30 manat müqabilində “patı” deyilən psixotrop maddə olan metamfetamin almış, taksiylə Tovuz rayonu istiqamətdə qayıtmaq istədikləri vaxt yolda polis əməkdaşları tərəfindən o tutulmuş və Ağstafa RPŞ-nə aparılmışdır. Ağstafa RPŞ-də olan zaman onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və üzərindən həmin psixotrop maddə metamfetamin aşkar edilmişdir. Polis əməkdaşlarına həmin psixotrop maddəni Təqsirləndirilən şəxs2 adlı şəxsdən almasını bildirmişdir. Əməlindən peşmandır, himayəsində 3 azyaşlı uşağı var. Qeyd etdiklərinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, həbs edilməmişdən əvvəl narkotik vasitə alüdəçisi olmuşdur. Təqsirləndirilən şəxs1 əvvəldən tanımış, lakin onun narkotik vasitə aludəçisi olmasını bilməmişdir. Bir neçə dəfə Təqsirləndirilən şəxs1 evində də olmuşdur. 11 sentyabr 2023-cü il tarixdə evdə olarkən Təqsirləndirilən şəxs1 onun yaşadığı evə gələrək onu çağırmış, o, da evdən çıxaraq ona niyə onun yaşadığı evə gəlməsini və ona yaşadığı evə getməsini, daha sonra özünün də gələcəyini bildirmişdir. Həmin gün, saat 23 radələrində Ağstafa RPŞ-nin Azad, Siracəddin və Əli adlı polis əməkdaşları onu yaşadığı Ağstafa rayonu Xətai kəndində yerləşən evinin yaxınlığında tutaraq Ağstafa RPŞ-nə aparmışlar. RPŞ-də olarkən onun üzərindən narkotik vasitə aşkar edilməmişdir. Üzərindən 40 manat pul, şpris və limon duzu aşkar edilmişdir. Belə ki, Ağstafa RPŞ-nin CAB-nin rəisi Araz müəllim ona bildirmişdir ki, onlar Aygünü azad edəcəklər, o, da ona görə narkotik vasitəni öz üzərinə götürmüşdür. O, Aygün adlı şəxsə narkotik vasitə satmamışdır. Ona görə qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Ağstafa RPŞ Köçvəlili polis bölməsinin rəisi vəzifəsində işləyir. 11 sentyabr 2023-cü il tarixdə, axşam saatlarında şöbədə olarkən Ağstafa RPŞ-nin sabiq CAB-nin rəisi Araz müəllim onları çağıraraq bildirmişdir ki, bir nəfər Tovuz sakini qadın tutulub və onda narkotik vasitə aşkar edilmiş və həmin qadın ifadəsində narkotik vasitəni Təqsirləndirilən şəxs2 almasını bildirmişdir. Daha sonra o, xidmət yoldaşları Şahid5 və Şahid3 ilə birlikdə həmin gün axşam saatlarında Ağstafa rayonu Xətai kəndinə gedərək Təqsirləndirilən şəxs2 yaşadığı evin yaxınlığında saxlayaraq özlərini təqdim etdikdən sonra onu Ağstafa RPŞ-nə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs2 müdafiəçi ilə təmin edilmiş və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, Elçinin üzərindən metamfetamin aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Ağstafa RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində əməliyyat məlumatı daxil olmuşdur ki, Tovuz rayon sakini Təqsirləndirilən şəxs1 adlı şəxsə narkotik vasitə satmaqda şübhəli bilinən şəxs Təqsirləndirilən şəxs2 Ağstafa rayonu Xətai kəndi ərazisindədir. Dərhal iş yoldaşları Şahid7 və Şahid3la birlikdə Xətai kəndinə gedərək Təqsirləndirilən şəxs2 yaşadığı evin yaxınlığında saxlayaraq Ağstafa RPŞ-nə gətirib Təhqiqat bölməsinə təhvil vermişlər, orada müdafiəçisinin də iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, sonuncunun üzərindən siqaret qutusunda 3 ədəd şpris, ampula və Təqsirləndirilən şəxs2 özünün deməsinə görə limon duzu aşkar edilmiş, həmin kütlələr qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Ağstafa RPŞ-nin NQMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 sentyabr 2023-cü il tarixdə Tovuz rayon sakini Təqsirləndirilən şəxs1 tutulmuş, bu zaman onun üzərindən psixotrop maddə aşkar edilmiş, Aygün psixotrop maddəni Təqsirləndirilən şəxs2 30 manat müqabilində aldığını bildirmişdir. Daha sonra o, iş yoldaşları Şahid7 və Şahid5 ilə birlikdə 11 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı Ağstafa rayonu Xətai kəndində yerləşən evinin yaxınlığında saxlayaraq RPŞ-nə aparımışlar. Şöbədə Təqsirləndirilən şəxs2 müdafiəçi ilə təmin edilmiş və videoçəkilişlə üzərinədə şəxsi axtarış keçirilmiş, onun üzərindən limon duzuna bənzər kütlə və flakon aşkar edilmişdir. Həmin vaxt orada Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 psixotrop maddə satmasını etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Ağstafa RPŞ-nin KKQT-nin baş inspektor-kriminalisti vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində gündəlik xidmətdə olduğu zaman Təqsirləndirilən şəxs1 adlı şəxsin gətirildiyini, üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olmasını və üzərinə şəxsi axtarış keçiriləcəyini demişlər. Təhqiqatçının otağında videogörüntünün onun qeydə alması bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 adlı şəxsə üzərində qanunla qadağan olunan hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmiş və o, üzərindən 01 ədəd metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmiş, kütlə tərəzidə çəkilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 qeyd olunan kütləni elə həmin günü Elçin adlı şəxsdən 30 manat müqabilində almasını bildirmişdir. Daha sonra həmin gün saat 23 radələrində Təqsirləndirilən şəxs2 Ağstafa RPŞ-nə gətirilmiş və onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Elçinin üzərindən şpris, ilk baxışda limon duzuna oxşar kütlə və pambıq aşkar edilmişdir. İş üzrə şahid olan Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Tovuz rayonu Aşağı Öysüzlü kəndində yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Etibarnamə əsasında idarə etdiyi “VAZ-2107” markalı ** BZ *** qeydiyat nişanlı avtomobillə taksi sürücüsü işləyir. Təqsirləndirilən şəxs1 tanıyır, onunla heç bir ədavəti və düşmənçəliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində Tovuz şəhərində olarkən Aygün telefonuna zəng edərək taksi kimi Ağstafa rayonuna aparmağını bildirmişdir. O da gedib Aygünü Tovuz rayonun Qazqulu kəndindən götürüb Ağstafa rayonuna gəlmiş, Aygün avtomobildə qabaqda oturmuşdu. Aygün Ağstafa rayonunda işi olduğunu demiş, Ağstafa şəhərinə çatanda kiməsə zəng etmiş və telefonda bildirmişdir ki, Ağstafa şəhərinə çatmışdır. Aygünün tərif etdiyi yolla Xətai kəndinə gəlmişlər. Xətai kəndində bir evin qarşısında onu saxlatmış, evin qarşısında bir nəfər şəxs durmuş, həmin şəxs Aygün tərəfdən gəlib avtomobilin arxa qapısını açmış və arxada oturub Aygünlə salamlaşmışdı. Aygün əlini arxaya aparıb həmin şəxlə əllə görüşmüş, sonra həmin şəxs avtomobildən düşmüşdü. Aygün də bildirmişdir ki, sür gedək. O, geri qayıdıb Tovuz rayonu istiqamətində hərəkət etməyə başlamış, təxminən bir neçə kilometr getdikdən sonra Ağstafa rayonu ərazisində polis əməkdaşları öz şəxsi avtomobilləri ilə onları saxlamışlar və onları Ağstafa RPŞ-yə dəvət etmişlər. RPŞ-də bilmişdir ki, Aygünün üstünə şəxsi axtarış keçirilən zaman üzərindən psixotrop maddə aşkar olunmuşdur. Polis şəbəsində avtomobilinə də baxış keçirilmiş və avtomobildən hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Aygünün nə səbəbə Ağstafaya gəlməsini bilməmişdi. Onlar heç bir söhbət etməmişlər. Aygünlə görüşüb həmin şəxs avtomobildən düşmüşdü. Sonradan bilmişdir ki, həmin şəxsin adı Elçindir və həmin şəxs Aygünə 30 manata psixotrop maddə satmışdır. İş üzrə şahid olan Şahid2 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Ağstafa RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı xüsusi rütbəsindədir. Tovuz rayon sakini Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, həmin şəxslə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2023cü il tarixdə saat 18 radələrində Ağstafa RPŞ-da gündəlik xidmətində olan zaman əməliyyat məlumatı daxil olmuşdur ki, Tovuz rayon sakini Aygün adlı qadın Ağstafa rayonu Xətai kəndi ərazisində psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğuldur. Odur ki, daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə olunandan sonra onun əməlinin ifşa olunaraq cinayət başında maddi sübutla birlikdə saxlanılması üçün o, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X5 və PPXB-nin polis nəfəri, polis sıravisi Şahid4 birlikdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs1 Ağstafa rayonu Xətai kəndi ərazisinda taksidə saxlamışlar və özlərini təqdim etdikdən sonra onun psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, istehlakında və daşınmasında şübhəli olduğunu bildirərək onlarla birlikdə Ağstafa RPŞ-nə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs1 etiraz etməmiş və sərnişini olduğu, sürücüsü sonradan ona məlum olan Şahid1 idarə etdiyi VAZ-2107 markalı avtomobillə birlikdə Ağstafa RPŞ-nə gəlmişdir. Polis şöbəsində təhqiqatçıya təhvil vermişlər və təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunduqdan sonra psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində və daşınmasında şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Vəkillərin siyahasına dair protokol ona təqdim olunduqdan sonra o, dövlət hesabına müdafiəçi X4 təyin olunmasını xahiş etmişdir. Bundan sonra ona üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi, üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması, əgər vardırsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf polietilen sellofana bükülmüş psixotrop maddə metamfetminə bənzər kütləni təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisindən kiristal formalı, ağ rəngli kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzi vasitəsilə çəkilmiş, ümumi çəkisinin 0,56 qram olduğu müəyyən olunmuşdur. Aşkar edilmiş kütlə tərkibinin və miqdarının dəqiq müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdırılmaqla götürülmüş və üzəri RPŞ-nin 88 nömrəli möhür əks ilə möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin günü, yəni xx.xx.2023-cü il tarixdə Ağstafa rayonu ərazisində Elçin adlı şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin həmin kütlədən bu günə qədər heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən heç bir narkotik vasitə və ya onun prekursorları aşkar edilməmişdir. Daha sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, o da həmin protokola imza etmişdir. Bundan sonra Şahid1 idarə etdiyi VAZ- 2107 markalı avtomobilə onun özünün razılığı və iştirakı ilə baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyətli ola biləcək heç bir əşya aşkar edilməmiş və götürülməmişdir. Bu barədə də protokol tərtib edilmiş və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş üzrə şahid olan Şahid4 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da Şahid2la eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 11 sentyabr 2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman onun əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf polietilen sellofana bükülmüş 0,56 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış 11 sentyabr 2023-cü il tarixdə saat 19:50-də başlamış, həmin gün saat saat 20:03-də bitmişdir. İş materiallarında olan 11 sentyabr 2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman onun əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd kağıza bükülmüş 0,72 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış 11 sentyabr 2023-cü il tarixdə saat 23:40-da başlamış, həmin gün saat saat 23:58-də bitmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 12 sentyabr 2023-cü il tarixli, 16/907 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2” yazı və imzalar olan kağız paketi açdıqda, içərisindəki 1(bir) ədəd Rothmans markalı siqaret qutusunda: 1 (bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,390 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,132 qram olan maddənin tərkibində narkotik vasitə və psixotrop maddə yoxdur. 03 (üç) ədəd 2 ml-lik istifadə olunmuş birdəfəlik şprislərin, 1 (bir) ədəd tamlığı pozulmuş birdəfəlik şprisin içərisində narkotik vasitə və psixotrop maddə izləri yoxdur. 1 (bir) ədəd içərisində qəhvəyi izləri və pambıq hissələri olan sınıq şüşə flakonda narkotik vasitə olan heroin izləri aşkar edildi. Heroin iz şəkilində olduğundan quru maddənin təmiz çəkisini müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,520 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş təmiz çəkiləri 0,390 qram və 0,520 qram olan metamfetaminlər kimyəvi tərkiblərinə görə eynidirlər. (0,390 qram və 0,520 qram metamfetaminin hər birindən 0,05 qram ekspertiza tədqiqatına sərf edilmiş, 0,340 qram və 0,470 qram metamfetamin qalmışdır). İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 21 noyabr 2023-cü il tarixli 1898 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 21 noyabr 2023-cü il tarixli 1927 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ********** nömrəsinə müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 051 ******* nömərəsindən mesajlar və zənglər olmuşdur. 11 sentyabr 2023-cü il tarixdə 11:09-da 36 saniyə, 16:59-da 38 saniyə, 17:11-də 16 saniyə 051 ******* nömərəsindən ********** nömrəsinə, həmin tarixdə saat 16:28-də 19 saniyə ********** nömrəsindən ********** nömrəsinə danışıqlar aparılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli diskə baxış protokolundan görünür ki, Yaqubov X6 rayonunun Xətai kəndində yaşadığı evinin qarşısınqda dayanan vaxt Ağstafa rayonun Göycəli kəndin istiqamətindən gələn “VAZ-2107” markalı ** BZ *** qeydiyyat nişanlı avtomobil üzü Ağstafa şəhəri istiqamətində dayandıqdan sonra Təqsirləndirilən şəxs2 həmin avtomobilin arxa sol qapısını açıb həmin avtomobildə arxadada oturub bir neçə saniyədən sonra avtomobildən düşərək evləri istiqamətində gedir. Avtomobil isə geri dönərək gəldiyi istiqamətə qayıdır. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən və Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 aprel 2007-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə edilməməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən o, qəti olaraq əmlakı müsadirə edilməməklə 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilərək CMnin 178.2.1-ci maddəsi ilə cəza təyin edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası 03 il 06 ay müddətə endirilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən o, qəti olaraq 11 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, o, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli 1(015)-11/2024 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün müddət təyin olunmuş 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 il 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 mart 2024-cü il tarixdən hesablanmalı olması müəyyən edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 11 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 13 sentyabr 2023-cü il tarixdə azad edilməklə cəmi 02 gün tutulmuşdur. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, onun həbsdə saxlanmasının əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Ağstafa Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli qərarı ilə axtarış elan edilərək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, xx.xx.2024-cü il tarixdə tutularaq Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasına təhvil verilmiş, 12 aprel 2024-cü il tarixdə PX-nin 2 saylı İstintaq təcridxanasından "xxxx" diaqnozu ilə X2 Müalicə Müəssisəsinə daxil olmuş, həmin vaxtdan da X1 saxlanılmaqla orada müalicə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2012-ci il təvəllüdülü Ayan, 2017-ci il təvəllüdlü Dəniz və 2019-cu il təvəllüdlü Sultanəli adlı 3 azyaşlı uşaqları olmaqla o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilməməsini, Təqsirləndirilən şəxs1 narkotik vasitə satmamasını bildirmişdir. Lakin qeyd edilənlər həm Təqsirləndirilən şəxs1 özünün ifadəsi, həm digər şahidlərin ifadələri, eləcə də digər istintaq hərəkətləri ilə inkar edildiyindən məhkəmə Təqsirləndirilən şəxs2 ifadəsinə tənqidi yanaşmaqla onu özünümüdafiə kimi qiymətləndirir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hal, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilmələrinə əsas yoxdur, Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 isə CM-nin 234.2ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.3.4.-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 06 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 ona qəti olaraq təyin edilmiş 11 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasını xx.xx.2018-ci il tarixdə cəkib qurtarmış, lakin, cəzasını çəkib qurtardığı gündən 06 il müddət keçmədən və məhkumluq müddəti məhkəmə tərəfindən vaxtından əvvəl onun üzərindən götürülmədən 11 sentyabr 2023-cü il tarixdə az ağır cinayət olan CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir, bu da cinayətlərin residivi hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində üç azyaşlı uşağının olmasını, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, səhhətində problemlər olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Yuxarıda göstərilənlərə əssasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası, Təqsirləndirilən şəxs2 isə CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişdirsə, o, azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun tutulduğu və həbsdə saxlanıldığı 04 ay 12 gün müddət təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onun yaşayış yerini saat 22:00dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Tovuz rayonu, həmçinin Ağstafa və Şəmkir rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 22:00-dan saat 06:00-dək yaşadığı Tovuz rayonu, həmçinin Ağstafa və Şəmkir rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal saxlanıldığı Penitensiar Xidmətin X1n azad edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, ona münasibətdə hökmün icrası Tovuz Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hazırki hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası Ağstafa Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli hökmü ilə onun üzərində saxlanılmış 01 il 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, o, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan, Ağstafa RPŞnin saxlanc anbarında saxlanılan 0,470 qram və 0,340 qram metamfetamin, 04 ədəd birdəfəlik şpris və 01 ədəd flakon məhv edilməli, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60,80 manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı 04 (dörd) ay 12 (on iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün çıxılaraq üzərində 09 (doqquz) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 yaşayış yerini saat 22:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Tovuz rayonu, həmçinin Ağstafa və Şəmkir rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 22:00-dan saat 06:00-dək və yaşadığı Tovuz rayonu, həmçinin Ağstafa və Şəmkir rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1n azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 münasibətdə hökmün icrası Tovuz Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Ağstafa Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 1(015)-11/2024 saylı hökmü ilə onun üzərində saxlanılmış 01 il 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla o, qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 0,470 qram və 0,340 qram metamfetamin, 04 ədəd birdəfəlik şpris və 01 ədəd flakon məhv edilsin. İş üzrə məhkəmə xərcləri - aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar